Azərbaycan Respublikaının Prezidenti Heydər Əliyevin ABŞ-ın Ticarət Nazirliyində Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxışı - Vaşinqton, 31 iyul 1997-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli cənab Yan Kalitski!

Hörmətli səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi ürəkdən salamlayıram və bu gün belə bir işgüzar görüşün keçirilməsini çox qiymətləndirirəm.

Bir neçə gündür ki, mən Amerika Birləşmiş Ştatlarındayam. Bildiyiniz kimi, buraya Amerikanın prezidenti cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Bir çox görüşlər olub, sazişlər imzalanıbdır. Hesab edirəm ki, bunların hamısı səmərəli, məhsuldar, əhəmiyyətli olubdur. Ən mühüm cəhət ondan ibarətdir ki, biz Nyu-York şəhərinə gələndən indiyə qədər hər yerdə xüsusi mehribanlıqla qarşılanmışıq, bizə çox böyük qayğı, diqqət, qonaqpərvərlik göstərilir. Mən hər yerdə Amerika Birləşmiş Ştatlarının Azərbaycana böyük marağını və rəğbətini hiss edirəm. Bunların hamısı bizi sevindirir, ruhlandırır, bundan sonra da sıx əlaqələr saxlamaq, əməkdaşlığımızı genişləndirmək üçün çox gözəl şərait və yaxşı əsas yaradır.

Bizim əlaqələrimizdə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Bu sahədə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında son illərdə ciddi addımlar atılmışdı. Ancaq öncədən demək istəyirəm ki, çox rəngarəng, cürbəcür - böyük, kiçik və orta şirkətlərə malik Amerika Birləşmiş Ştatları kimi böyük bir ölkənin Azərbaycanda mövcudluğunu, iştirakını biz daha da çox görmək istəyirik.

Şübhəsiz ki, üç-dörd il bundan əvvəlki zamanla indiki vəziyyəti müqayisə etsək, dəyişikliklər çoxdur, hədsizdir. ABŞ Azərbaycanda iqtisadi cəhətdən heç vaxt bu qədər təmsil olunmayıbdır. Ancaq Amerikanın böyük imkanlarını və Azərbaycanın Amerikaya dostluq münasibətlərini nəzərə alaraq və Amerikanın Azərbaycana çox və güclü gəlməsinə bizim böyük arzumuzun olmasını nəzərə alaraq, hesab edirik ki, indiyə qədər görülən işlər hələ yetərli deyildir.

Birinci növbədə, Amerika Birləşmiş Ştatları şirkətlərinin Azərbaycanın neft və qaz yataqlarının, enerji ehtiyatlarının, o cümlədən Xəzər dənizinin enerji ehtiyatlarının istismar olunmasında və istifadə edilməsində iştirakı mühüm yer tutur. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 1994-cü ilin sentyabr ayında imzalanmış ilk böyük neft müqaviləsində "Əsrin müqaviləsi" adlandırılmış müqavilədə ABŞ-ın çox böyük bir hissəsi var. Amerikanın "AMOKO", "Pennzoyl", "Yunokal", "Makdermott" şirkətləri bu konsorsiumun əsasını təşkil edirlər. Sonra bu konsorsiuma "Eksson" şirkəti də qoşulmuşdur. Beləliklə, konsorsiumda olan şirkətlərin əksəriyyətini Amerika şirkətləri təşkil edirlər.

Ancaq ondan sonra da Amerikanın şirkətləri ilə yeni müqavilələr imzalanmışdır. "Pennzoyl" şirkəti ilə ikinci müqavilə imzalanmışdır, "AMOKO" şirkəti ilə "Dan ulduzu" və "Əşrəfi" neft yatağında dördüncü (bizim hesabımızla dördüncü, amma Amerikanın hesabı ilə, Amerika şirkətləri ilə üçüncü) müqavilə imzalanmışdır.

Nəhayət, bir neçə müqavilə də işlənib hazırlanıbdır və güman edirəm ki, onlar sabah imzalanacaqdır. Bu, Amerikanın "Şevron" şirkəti ilə, "Eksson" şirkəti ilə və "Mobil" şirkəti ilə hazırlanmış müqavilələrdir və bununla bərabər Amerikanın "AMOKO" şirkəti ilə müştərək iş görmək üçün hazırlanmış yeni müqavilədir.

Ümidvaram ki, bunlar da imzalanacaqdır. İmzalanması nəzərdə tutulan bu müqavilələrin əsasında Azərbaycana Amerika şirkətləri tərəfindən 8 milyard dollar məbləğində investisiya qoyulması nəzərdə tutulur. Azərbaycanın bütün müqavilələri üzrə, hamısı birlikdə təxminən 30 milyard dollar miqdarında investisiya qoyulması nəzərdə tutulur.

Mən məmnuniyyətlə demək istəyirəm ki, bu müqavilələr artıq əməli surətdə həyata keçirilir və birinci müqavilənin nəticələrini bu ilin sentyabr ayında görəcəyik - o vaxt ilkin neftin alınması gözlənilir. Bu neftin ixrac olunması üçün iki neft kəmərinin tikilməsinə başlanıbdır. Bir neft kəməri - Bakıdan Rusiya ərazisi vasitəsilə Qara dənizin Novorossiysk limanına qədər - artıq hazırlanıbdır. Rusiyanın Çeçenistan ərazisində bəzi problemlər var idi. Mən iyulun əvvəllərində Moskvada olarkən orada apardığım danışıqlar, Çeçenistan və Rusiya nümayəndələrinin Bakıda bizimlə apardığı danışıqlar nəticəsində bu problemləri biz həll etdik. Güman edirəm, bir ayın içində bu neft kəməri hazır olacaq və biz ilkin nefti ixrac edəcəyik.

İkinci neft kəmərini Qərb istiqamətində - Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına çəkirik. O, gələn ilin sentyabr-oktyabr aylarına qədər hazır olacaqdır.

Ancaq bunlar yetərli deyildir. Çünki böyük neftin dünya bazarlarına - Qərbə ixrac edilməsi üçün böyük neft kəmərinin yaradılması lazımdır. Bu, bizim konsorsiumun müqaviləsində öz əksini tapmışdır, artıq bu barədə təkliflər hazırdır. Güman edirəm ki, yaxın vaxtlarda bir neçə müzakirələrdən sonra, ola bilsin, tender keçiriləcək, bu boru xəttinin də çəkilməsinə başlanacaqdır. Bu böyük boru kəməri Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Aralıq dənizinin Ceyhan limanına getməlidir.

Biz eyni zamanda Mərkəzi Asiyanın da neftinin Azərbaycandan Türkiyəyə və Qərbə çatdırılması üçün tədbirlər görürük. İyun ayında Qazaxıstanda rəsmi səfərdə olarkən prezident Nazarbayev və mən Qazaxıstanın "Tengiz" neft yatağında "Şevron" şirkəti ilə bərabər hasil etdiyi neftin Azərbaycan ərazisindən Türkiyəyə, boruların isə Aralıq dənizinə qədər çəkilməsi haqqında saziş imzaladıq. Bu sazişə əsasən Qazaxıstan ərazisindən Xəzər dənizinin dibi ilə Bakıya neft boru kəməri çəkiləcəkdir və bu vasitə ilə "Tengiz" - "Şevron" nefti Bakıya gələcək, bizim o böyük neft kəməri ilə Türkiyəyə, oradan isə Aralıq dənizinə çıxarılacaqdır.

Ancaq bu kəmər çəkilənə qədər, "Şevron" şirkətinin xahişini nəzərə alaraq, biz Qazaxıstanın "Tengiz" yatağından hasil olunan neftin bir hissəsini tankerlər vasitəsilə Bakı limanına gətiririk, sonra onu dəmir yolu vasitəsilə Gürcüstanın Qara dənizdəki Batumi limanına çatdırırıq, oradan isə neft Qərbə aparılır. Son üç ay müddətində 300 min ton neft bu marşrutla, bu vəziyyətdə ixrac olunubdur. Bizim müştərək planlarımız belədir ki, gələn il bu yol ilə Qazaxıstandan, "Tengiz"dən "Şevron şirkətinin təxminən 3 milyon, yaxud 4 milyon ton nefti Qərbə ixrac olunacaqdır. Bunun üçün bizim ərazimizdə bir qısa, yəni 45-50 kilometrlik boru xətti çəkilməsi məsləhət görülür. Bu işləri biz görmüşük və görürük. Bunlar hamısı Xəzər dənizinin nə qədər böyük imkanlara malik olduğunu, Xəzər dənizindən hasil olunan neftin dünya bazarlarına - Qərbə çıxarılması sahəsində bizim işlərimizi göstərir.

Bunlarla bərabər, Azərbaycanın çoxsahəli iqtisadiyyatı var, imkanları da çoxdur. Buna görə də Amerikanın şirkətləri, iş adamları yalnız neft-qaz sənayesində deyil, iqtisadiyyatın başqa sahələrinə də maraq göstərməlidirlər. Məlumdur ki, bu müqavilələrin həyata keçirilməsi ilə əlaqədar neft şirkətləri ilə bərabər, ABŞ-ın bir çox digər şirkətləri də bu işə cəlb olunubdur. Bu, çox gözəldir. Son illərdə Azərbaycanda işləyən Amerika şirkətlərinin sayı bir neçə dəfə artıbdır. Bunu da bildirmək istəyirəm ki, Azərbaycanda olan bütün xarici ölkələrin şirkətlərinin miqdarına nisbətən Amerika Birləşmiş Ştatları cəmisi 45 faiz təşkil edir. Güman edirəm ki, Amerika kimi böyük bir dövlət üçün Azərbaycanda cəmisi 45 faiz yer tutmaq məqsədəuyğun deyildir.

Bu görüşdə mən istəyirəm ki, sizə Azərbaycanın imkanları haqqında daha geniş məlumat verim. Bizim sənayemizdə bu imkanlar çoxdur. Məsələn, kimya, maşınqayırma, kənd təsərrüfatı məhsulları istehsalı, toxuculuq, metallurgiya sahəsində və bir çox başqa sahələrdə iş görmək olar. İnfrastrukturda, telekommunikasiya, nəqliyyat sahəsində çox işlər görülməlidir. Bunların hamısında Amerika Birləşmiş Ştatlarının şirkətləri işləyə bilərlər. Bilməlisiniz ki, xarici investisiyanın Azərbaycana güclü gəlməsi, Azərbaycanda faydalı fəaliyyət göstərməsi və mənfəət götürməsi üçün biz bir çox yaxşı qərarlar, qanunlar qəbul etmişik. Mənim verdiyim fərmanlar və normativ aktlar nəticəsində Azərbaycanda iqtisadiyyat sahəsində ciddi və böyük dəyişikliklər gedir. Bilirsiniz ki, biz iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə aparırıq. Özəlləşdirmə proqramı geniş şəkildə həyata keçirilir. Torpaq islahatını da həyata keçiririk.

Bütün mülkiyyətin özəlləşdirilməsi nəzərdə tutulubdur. Bu özəlləşdirmə Azərbaycan vətəndaşları, müəssisələri ilə eyni hüquqda bütün xarici ölkələrin vətəndaşları da iştirak edirlər. Bu, böyük bir imkandır. Biz xarici ticarəti və gömrük siyasətini çox liberallaşdırmışıq. Həyata keçirdiyimiz iqtisadi islahatlar nəticəsində bizdə birinci dəfə olaraq iqtisadiyyatın aşağı düşməsi dayandırılıb. Son illərdə bizdə ümumi daxili məhsulun həcmi hər il təxminən 18-20 faiz azalırdı, aşağı düşürdü. Sənaye istehsalının həcmi hər il təxminən 25 faiz aşağı düşürdü. Kənd təsərrüfatı istehsalı sahəsində də belə idi.

1996-cı ildə biz bu vəziyyəti dəyişdirdik. Beləliklə, nəinki aşağı düşmənin qarşısını almışıq, hətta müəyyən inkişafa nail olmuşuq. Bu ilin birinci altı ayında bizdə ümumi daxili məhsulun həcmi 5,2 faiz, habelə sənaye istehsalı artıbdır. Kənd təsərrüfatı istehsalı 3 faiz, xarici ticarət 40 faiz artıbdır. İdxal-ixrac sahəsində biz ilk dəfə olaraq müsbət saldo əldə etmişik. Əgər keçən il idxal ixracdan təxminən 150 milyon dollar artıq olmuşdusa, bu ilin altı ayında ixrac idxaldan 30 milyon dollar çoxdur.

Bəli, ilk dəfədir ki, biz müsbət saldo əldə etmişik. Gömrük siyasətində də böyük liberallaşdırma əmələ gətirmişik. Bizdə ən aşağı, ən az gömrük rüsumları nəzərdə tutulubdur - 15 faizdən aşağıdır. Xarici investisiyanın Azərbaycana gəlməsi üçün xarici investisiyaların qorunması haqqında qanun qəbul etmişik. Mən bir çox fərmanlar vermişəm. Bu qanunların əsas mənası ondan ibarətdir ki, xarici investisiyanın qorunması, investorların investisiyaların immuniteti müəyyən olunubdur. Bu da o deməkdir ki, Azərbaycanda hər hansı bir qanunun, qanunvericilik aktının genişləndirilməsindən asılı olmayaraq, xarici investorlar investisiya qoyduqları gündən on il müddətində o dəyişikliklərə tabe olmurlar və investisiya qoyulan zaman qəbul edilmiş şərtlər on il müddətində fəaliyyət göstərə bilərlər. Yaxud da investisiyanın qorunması haqqında qəbul etdiyimiz qanunda gəlir departizasiya edilməsi barədə xüsusi maddələr vardır. Yəni xarici investorlar gəlirlərini maneəsiz öz ölkələrinə köçürə bilərlər.

Bizim başqa qanunlarımız da var. Xarici investisiyaya şərait yaratmaq üçün qapılarımızı açmışıq, özəlləşdirmədə hər bir xarici investor iştirak edə bilər, bəziləri artıq iştirak edirlər, yaxşı nəticələr də var. Məsələn, bizim gil-torpaq zavodumuz var - alüminium məhsulu istehsal edən bir zavoddur, - onu tamamilə xarici şirkətin idarəsinə vermişik. Yaxud da, tütün istehsal edən fabrikimiz var, onu Amerika şirkətinin idarəsinə vermişik, müştərək müəssisə yaratmışıq. Bunların yolları çoxdur. Bizdə indi tam xarici kapitalı olan müəssisələr, müştərək müəssisələr, yarı-yarı kapitalı olan müəssisələr də var. Onlar çox yaxşı gəlir götürürlər, yaxşı nəticələr də əldə ediblər. Bunların hamısı bizim dünya iqtisadiyyatına inteqrasiya olunmağımız üçün atdığımız addımlardır.

Yenə də deyirəm, iqtisadiyyatımızı, qapılarımızı xarici investorlar üçün açmışıq. O cümlədən, birinci növbədə, Amerika Birləşmiş Ştatları investorları üçün açmışıq. Ona görə də mən sizi Azərbaycana dəvət edirəm. Azərbaycana bir il bundan qabaq gələn adamlar indi böyük dəyişiklikləri hiss edirlər. İki il bundan qabaq gəlmiş adamlar Azərbaycanda, xüsusən də Bakıda vəziyyətin tamamilə dəyişdiyini görürlər. Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir, insanlar rahat yaşayırlar. Azərbaycanda xarici ölkələrin həddindən artıq vətəndaşları vardır. Həmin bu konsorsiumlarda, şirkətlərdə nə qədər xarici ölkə vətəndaşları, o cümlədən ABŞ-ın vətəndaşları çalışırlar, ölkəmizdə yaşayırlar və Azərbaycanda yaşamaqlarından çox razıdırlar. Biz istəyirik, bu, daha da çox olsun və bunun üçün bütün imkanları da yaradırıq.

Azərbaycanın iqlimi də çox yaxşıdır, insanları da çox qonaqpərvərdir, qonaqlara çox hörmət edən insanlardır. Bakı da çox gözəl şəhərdir, dünya miqyasında inkişaf etmiş şəhərlərdən biridir. Bunlar hamısı həm işləmək, həm də yaşamaq üçün yaxşı şərait yaradır. Buna görə də mən sizi Azərbaycana dəvət edirəm.

Mən belə başa düşdüm ki, burada mənə suallar olmalıdır. Vaxtınızı almaq istəmirəm, suallarınıza cavab verməyə hazıram.

Yan Kalitski: Cənab prezident, çox dəyərli, məzmunlu çıxışınıza görə Sizə təşəkkür edirəm. Azərbaycandakı ticarət və investisiya imkanları barədə söylədiyiniz fikirlər bizim üçün çox maraqlı oldu. Sizin çıxışınızı davam etdirərək, icazənizlə, indi görüşümüzün sual-cavab hissəsinə başlayaq.

Birinci sualımız özəlləşdirmə barədədir. Azərbaycanda özəlləşdirmə prosesi necə gedir və Amerika şirkətlərinin Azərbaycanda özəlləşdirmədə iştirak etməsi üçün hansı şərait yaradılmışdır?

Cavab: Mən bildirdim ki, Azərbaycandakı özəlləşdirmədə hər bir xarici fiziki, yaxud hüquqi şəxs iştirak edə bilər. Bunun üçün heç bir maneçilik yoxdur. Kim istəyirsə gəlib Azərbaycanda özəlləşdirmədə iştirak edə bilər. Bunun üçün əlavə izahat lazımdır, yoxsa yox? Mənə elə gəlir ki, bundan artıq heç bir şey demək mümkün deyildir. Azərbaycanda bütün qanunlarımız vardır və özəlləşdirmə proqramında, bununla əlaqədar qəbul etdiyimiz qanunda bütün bunlar nəzərdə tutulubdur.

Sual: Cənab prezident, Azərbaycanda rabitə və telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsinə güclü dəstək verdiyiniz hamıya bəllidir. Azərbaycanda "Aztelekom" və Dövlət Televiziya və Radio Verilişləri Şirkəti kimi telekommunikasiya xidmətləri göstərən dövlət şirkətlərinin özəlləşdirilməsi perspektivləri barədə nə deyə bilərsiniz?

Cavab: Bu sahədə artıq bir neçə müştərək müəssisə yaranıbdır. O cümlədən ABŞ-ın "Motorola" Şirkəti ilə bizim bir müştərək işimiz vardır. Türkiyənin şirkətləri, "Eriksson" şirkəti ilə, Rusiyanın "LUKoyl" şirkəti ilə də bizim bir neçə müştərək müəssisələrimiz fəaliyyət göstərir. Ancaq mən bildirmək istəyirəm ki, dövlət şirkətləri də özəlləşdiriləcəkdir. Onların nə vaxt özəlləşdiriləcəyini deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, biz bunları yaxın vaxtlarda özəlləşdirəcəyik. Bu, uzaq vaxtda olmayacaq. Əgər vaxtını bilmək istəyirsinizsə, biz həmin özəlləşdirməyə bu il başlayacağıq.

Sual: Cənab prezident, siz Azərbaycanda bu infrastrukturun inkişaf etdirilməsi üçün hansı xüsusi planları həyata keçirməyi nəzərdə tutursunuz? Məsələn, Azərbaycanda milli televiziyanın rəqəmli sistemə keçirilməsi, ölkənizdə internet şəbəkəsinin qurulması barədə planlarınız vardırmı?

Cavab: Bilirsiniz, belə planlar var, ancaq onların həyata keçirilməsi vəsait tələb edir. Biz bunları özümüz dövlət vəsaiti hesabına qısa müddətdə edə bilmərik. Ona görə də əgər bu sahədə əməkdaşlıq barədə bizə hər hansı bir təkliflə müraciət edilsə, biz bu təklifi qəbul edərik və müştərək iş görərik.

Sual: Cənab prezident, növbəti bir neçə sual Azərbaycanda xarici sərmayələrin qorunması və imzalanmış müqavilələrin həyata keçirilməsi ilə bağlıdır. Bilmək istərdik ki, bu sahədə işlər necədir? Ümumiyyətlə, Azərbaycan biznes münaqişələrinin Beynəlxalq Arbitraj Məhkəməsi yolu ilə tənzimlənməsi barədə Nyu-Yorkda imzalanmış konvensiyaya qoşulmaq niyyətindədirmi?

Cavab: Bilirsiniz, mən qeyd etdim, xarici investisiyanı qorumaq haqqında Azərbaycanda qəbul olunmuş qanun xarici investisiyanın tam qorunmasını təmin edir. Mən izah etdim ki, Azərbaycanda xarici sərmayədarlar üçün, o cümlədən immunitet nəzərdə tutulubdur. Bir daha qeyd edirəm, yəni Azərbaycanın qanunlarının on il müddətində dəyişilib-dəyişilməməsindən asılı olmayaraq, əgər bu qanunlar dəyişilərkən onlar investisiya qoymuş sərmayədarlara zərər gətirə bilərsə, həmin qanunlar bu investorlara tətbiq edilmir. Onlar on il müddətində yalnız sərmayə qoyduqları zaman razılaşdıqları şərait əsasında fəaliyyət göstərib öz mənfəətlərini götürəcəklər. Mən hesab edirəm ki, bu, çox əlverişli şəraitdir.

Burada siz xarici investisiyaların Azərbaycana gəlməsi üçün bir beynəlxalq arbitraj yaradılması məsələsindən danışdınız. Doğrusu, bu, mənim üçün yeni bir şeydir. Mən bunu heç vaxt eşitməmişəm. Ona görə də mən bu suala cavab verməmişdən əvvəl öyrənməliyəm ki, bu, nədir. Burada mənə məlumat verirlər ki, biz Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna üzvlüyə daxil olarkən elan etmişik, yəni öz üzərimizə öhdəlik götürmüşük ki, bütün işlərimizi beynəlxalq qanunlar əsasında görəcəyik və beynəlxalq qanunlar respublikamıza tamamilə tətbiq olunur.

Yan Kalitski: Cənab prezident, mənə həddindən çox suallar gəlir. Təəssüf ki, bunların hamısına cavab verməyə vaxtınız yoxdur. Amma mənə elə gəlir ki, iki suala cavab verməyə vaxt ayıracaqsınız.

Bir neçə sual enerji sektoru haqqındadır, xüsusilə Azərbaycanda təbii qaz sənayesinin inkişaf etdirilməsi ilə bağlıdır. Cənab prezident, xahiş edirəm, Azərbaycanda təbii qazın istehsalı, nəqli, toplanması və ixrac olunması imkanları barədə fikirlərinizi bizimlə bölüşəsiniz.

Heydər Əliyev: Azərbaycanda, o cümlədən Xəzərin Azərbaycan sektorunda zəngin təbii qaz yataqları çoxdur. Biz "Şahdəniz" yatağının birgə işlənməsi barədə müqavilə imzalamışıq. "Britiş Petroleum", "Statoyl", "Elf agiten" və başqa şirkətlərlə bağladığımız bu müqavilədə Amerika Birləşmiş Ştatlarının şirkəti iştirak etmir. Həmin neft yatağında 450 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Ancaq hesab edirik ki, o yataqda qaz bundan da çoxdur.

ABŞ-ın "Eksson" şirkəti Azərbaycanda qaz yataqlarının öyrənilməsi sahəsində çox yaxşı axtarışlar aparır. "Eksson" şirkətinin nümayəndələri mənimlə görüşüblər və mənə bildiriblər ki, Xəzər dənizində suyun dərin olduğu yerlərdə olduqca zəngin qaz yataqları vardır. Onlar öz təkliflərini yaxın vaxtlarda mənə təqdim edəcəklərinə söz veriblər. Mən bu təklifi qəbul etmişəm və "Eksson" şirkətinin işlərinin tamamlanmasını gözləyirəm. Güman edirəm ki, bu, bizim də alimlərimizin, geoloqlarımızın fikirləri ilə üst-üstə düşür. Belə olan halda biz yeni böyük qaz yataqlarının işlənməsinə başlaya bilərik. Şübhəsiz ki, bunlar hamısı Azərbaycanda olduqca çox təbii qaz əldə etmək imkanları yaradacaqdır.

Azərbaycan öz daxili tələbatını ödəməlidir. Respublikamızın qaza tələbatı ildə təxminən 11-12 milyard kubmetrdir. Ancaq biz bundan artıq istehsal olunan qazın hamısını ixrac etməliyik. Hesab edirəm ki, biz bundan xeyli artıq qaz əldə edə biləcəyik və onu xarici bazarlara ixrac edəcəyik. Bir halda ki, bizim yolumuz Qərbədir, demək həmin qazı Qərb ölkələrinə ixrac edəcəyik.

Əgər biz "Eksson" şirkəti ilə bu işə başlaya bilsək, yəqin onun şərtləri də "Eksson" şirkəti ilə müəyyən olunacaqdır.

Sual: Cənab prezident, sonuncu sual Qafqazda sülh prosesi ilə bağlıdır. Ermənistan ilə sülh danışıqlarından müsbət nəticələr gözləyirsinizmi? Ümumiyyətlə, ticarət və investisiyalar sülhün əldə olunmasına necə kömək göstərə bilər?

Cavab: Birincisi, mən sizə bildirmək istəyirəm ki, Ermənistan ilə Azərbaycan arasında olan hərbi münaqişə üç ildir ki, dayandırılıbdır. Biz 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalamışıq və bu sazişi qoruyub saxlayırıq, bundan sonra da qoruyub saxlayacağıq. Atəşkəs haqqında məhz bu saziş imzalanandan və Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti sabitləşdirəndən sonra biz 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə birinci müqaviləni imzaladıq. Bundan sonrakı üç il müddətində Azərbaycana çox güclü xarici investisiyalar gəldi. Demək istəyirəm ki, bu hərbi münaqişə hazırda Azərbaycana xarici sərmayələrin gəlməsinə maneçilik törətmir. Amma eyni zamanda hesab edirəm ki, bu münaqişə tamamilə ləğv olunsa, Azərbaycan ilə Ermənistan arasında tam sülh yaransa, şübhəsiz, bu, ümumiyyətlə, bölgədə sülh yaradacaq və xarici investisiyaların Azərbaycanda uzun müddət işləməsi üçün daha da etibarlı bir şərait yaradacaqdır.

Biz bu sahədə də çalışırıq. Bilirsiniz ki, bu məsələlərlə ATƏT-in Minsk konfransı, Minsk qrupu məşğuldur. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün prinsiplər müəyyən edilibdir. Bu prinsiplər üç hissədən: Birincisi, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınmasından; ikincisi, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusu verilməsindən; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni millətindən, həm Azərbaycan millətindən olan əhalisinin hamısının təhlükəsizliyinə zəmanət verilməsindən ibarətdir.

Biz bu prinsipləri qəbul etmişik, bu prinsiplər əsasında danışıqlar aparırıq. Mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu ilin əvvəlindən Minsk qrupunun həmsədrliyi dəyişdirilibdir. İndi Minsk qrupuna üç ölkə sədrlik edir: Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Üç böyük dövlət bu vəzifəni öz üzərinə götürübdür, üç böyük dövlətin prezidentləri bu məsuliyyəti öz üzərinə götürüblər. Ona görə də bu, bizdə böyük ümidlər yaradıbdır ki, hərbi münaqişə 1997-ci ildə aradan qaldırılacaqdır.

Bildiyiniz kimi, iyun ayının 20-də Amerikanın Denver şəhərində üç ölkənin prezidentləri - Bill Klinton, Boris Yeltsin, Jak Şirak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün birgə bəyanat vermişlər. Bu, bizi sevindirmişdir.

Mən Amerikanın, Rusiyanın, Fransanın prezidentləri ilə son vaxtlar görüşmüşəm. Mən Madriddə olarkən cənab Bill Klintonla, cənab Jak Şirakla görüşüb danışdım.Ondan əvvəl Moskvada rəsmi səfərdə olarkən Rusiyanın prezidenti cənab Boris Yeltsinlə görüşüb danışdım. Onlar üçü də eyni sözü dedilər. Prezidentlərin üçü də dedi ki, Denverdə bu məsələni müzakirə ediblər və eyni fikirdə olublar - güclərini birləşdirməlidirlər və bu münaqişənin aradan götürülməsinə nail olmalıdırlar.

Mən bu günlər Amerika Birləşmiş Ştatlarında olarkən Konqresdə də bu barədə söhbət etmişəm, dövlət orqanlarının nümayəndələri ilə, yüksək vəzifəli şəxslərlə danışıqlar aparmışam. Sabah Ağ evdə prezident cənab Bill Klintonla da danışıqlarımızda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsi bizim ən əsas mövzularımızdan biri olacaqdır. Ümidvaram ki, Amerika Birləşmiş Ştatları və xüsusən onun Konqresi və ən əsas - prezident cənab Bill Klinton bu sahədə öz yeni səylərini qoyacaq və bu münaqişə tezliklə aradan götürüləcəkdir.

Biz bölgədə, Qafqazda etibarlı sülh yaranmasını istəyirik. Biz müharibənin yenidən başlanmasının əleyhinəyik və buna yol verməyəcəyik. Biz Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli, etibarlı sülh yaranmasını istəyirik və bunun tərəfdarıyıq. Biz ümidvarıq ki, Amerika Birləşmiş Ştatları, onun prezidenti cənab Bill Klinton da bu sahədə bizə kömək edəcəkdir. Mən buna ümid bəsləyirəm.

"Azərbaycan" qəzeti, 4 avqust 1997-ci il