Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikada kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədə giriş sözü və yekun nitqi - Prezident Sarayı, 25 avqust 1995-ci il


Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirənin əsas məqsədi kənd təsərrüfatı sahəsində cari işləri və meydana çıxan məsələləri müzakirə edib, onlar haqqında lazımi tədbirlər görməkdən ibarətdir. Kənd təsərrüfatı iqtisadiyyatımızın böyük bir hissəsini təşkil edir. Əhalimizin təxminən yarısı - kənd yerlərində yaşayanlar kənd təsərrüfatı ilə məşğul olur. Respublika iqtisadiyyatının vəziyyəti, həm də əhalimizin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi əsasən kənd təsərrüfatı məhsulları işlərindən, istehsaldan, əldə olunan məhsullardan çox asılıdır. Respublika iqtisadiyyatının tələbatı böyükdür. Ona görə də biz bu məsələlərə daim ciddi diqqət yetirmişik və diqqəti bu gün də azaltmamalıyıq. Aydındır ki, indi vəziyyət dəyişib. Çünki indi respublikamızın iqtisadiyyatı və digər sahələri keçid dövrünü yaşayır. Biz iqtisadi islahatlar aparırıq, o cümlədən aqrar bölmədə də iqtisadi islahatların həyata keçirilməsinə başlanmışdır. Şübhəsiz ki, bunlar bir tərəfdən gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edəcəkdir, ikinci tərəfdən də bu, keçid dövründə müəyyən çətinliklər yaradır və bəzi yerlərdə bu məsələlər düzgün təşkil edilmədiyi üçün biz itkilər veririk. Ona görə də biz bir tərəfdən iqtisadiyyat sahəsində tutduğumuz yol ilə getməliyik, yəni islahatlar aparmalıyıq, lazımi tədbirlər görməliyik, amma eyni zamanda əlimizdə olan mövcud imkanlardan səmərəli istifadə etməliyik. Bu, iqtisadiyyatın bütün sahələrinə - kənd təsərrüfatına da, sənayeyə də aiddir.

İndi kənd təsərrüfatı üçün çox mühüm olan avqust ayı başa çatır. Bu baxımdan bu görüşün zəruri olduğunu nəzərə alaraq sizi bu müşavirəyə dəvət etmişik. Yenə də deyirəm, məqsədimiz əsas cari məsələləri araşdırmaq və bu məsələlərin həlli üçün lazımi tədbirlər görməkdir. Eyni zamanda, məqsədimiz aqrar bölmədə islahatların gedişi vəziyyəti haqqında məruzəni dinləyib, qarşıya çıxan məsələlərin həll olunması üçün tədbirlər görməkdir.

Birinci məsələ barədə kənd təsərrüfatı naziri İrşad Əliyev, aqrar islahatların gedişi vəziyyəti haqqında isə baş nazirin birinci müavini Abbas Abbasov məlumat verəcəklər.

Yekun nitqi

Müşavirəni başlayarkən bildirdim ki, bugünkü müşavirə kənd təsərrüfatının cari işlərinə həsr olunubdur və biz bu gün buraya həmin işlərlə əlaqədar lazımi tədbirləri müəyyənləşdirmək üçün toplaşmışıq. Şübhəsiz ki biz eyni zamanda, aqrar sahədə aparılan islahatların gedişi ilə əlaqədar müəyyən məlumatları da almalı idik.

Kənd təsərrüfatının indiki vəziyyəti haqqında verilən məlumatlar müəyyən təsəvvür yaradır. Buna görə də güman edirəm ki, geniş müzakirəyə ehtiyac yoxdur. Əgər burada kimsə nəsə demək istəyirdisə və deyə bilmədisə, mən baş nazir Fuad Quliyevə, kənd təsərrüfatı naziri İrşad Əliyevə, baş nazirin birinci müavini Abbas Abbasova tapşırıram ki, bu müşavirə qurtaran kimi həmin konkret məsələləri onlarla birlikdə həll etsinlər. Mən belə hiss etdim ki, böyük əhəmiyyətə malik təklif və məsələlər daha irəli sürülmür.

Lakin bununla yanaşı, bugünkü məlumatlar onu göstərir ki, bir tərəfdən, kənd təsərrüfatımızın imkanları hələ var, özü də az deyildir. Odur ki, biz kənd təsərrüfatında islahatlara, yeni üsullara hələ başlamazdan əvvəl bu imkanlardan istifadə etməliyik. Onları bir tərəfə qoymaq olmaz. Bugünkü məlumatlar həm də onu göstərir ki, bu imkanlardan istifadə etmək üçün, ilin axırınadək kənd təsərrüfatı işlərini başa çatdırmaq üçün və ən başlıcası isə istədiyimiz qədər kənd təsərrüfatı məhsulları istehsal etmək üçün təcili surətdə bir neçə tədbir görülməlidir.

Birincisi, taxıl istehsalı sahəsində. Taxıl biçini qurtarıbdır. Kənd təsərrüfatı naziri İrşad Əliyevin məlumatlarından belə aydın olur ki, bu il qurarlıq olduğuna görə, başqa səbəblərə görə 900 min ton taxıl istehsal edilmişdir. Şübhəsiz ki, bu, Azərbaycanın imkanları ilə müqayisədə həddindən artıq azdır. 650 min hektar sahədə taxıl əkilib və 900 min ton taxıl istehsal edilibdir. Şübhəsiz ki, bu, əsla yaramaz bir nəticədir. Azərbaycan torpaqlarının nəyə qadir olduğu keçmiş dövrlərdən məlumdur. Yadımdadır ki, 1980-81-ci illərdə Azərbaycanda 450 min hektar sahədə taxıl əkilirdi. Bildiyiniz kimi, o vaxtlar taxıl əkilən torpaqların müəyyən hissəsini üzümçülük və başqa sahələr üçün ayırdıq. O illər biz 450 min hektar taxıl sahəsindən 1,3-1,5 milyon ton taxıl götürürdük və 400 min ton da taxıl tədarük edə bilirdik. İndi o vaxtkına nisbətən taxıl əkini sahəsi 200 min hektar artırılıbdır. Deməli, bu 200 min hektar sahə şumlanıb, bunun üçün zəhmət çəkilib, yanacaq və texnika işlədilib, nə qədər toxum səpilibdir. Amma məhsul o vaxtkından təxminən 500-600 min ton az götürülübdür. Şübhəsiz ki, belə işləmək yaramaz.

Aydındır ki, bunlar sadəcə olaraq cari ildə buraxılan səhvlərin, nöqsanların, çatışmazlıqların və ya işə pis münasibətin nəticəsi deyildir. Ümumiyyətlə, son illər bütün sahələrdə, o cümlədən də kənd təsərrüfatında istehsala münasibətin dəyişməsi, dağıdıcı proseslər, hərc-mərclik, özbaşınalıq və məsuliyyətsizlik belə vəziyyətə gətirib çıxarmışdır. Azərbaycanda ildə nəinki 1,5 milyon, hətta 2 milyon ton taxıl istehsal etmək imkanımız var. Əslinə qalsa biz bundan da artıq miqdarda taxıl məhsulu götürmək imkanına malikik. Zənnimcə, bunları heç kəs təkzib edə bilməz. Lakin biz belə işləyəcəyiksə, işimizin nəticəsi bu cür olacaqsa, onda biz özümüz-özümüzə ziyan vururuq. Çünki əkməsəydin və ya az əksəydin, onda başqa məsələ. Bu halda deyərdik ki, az əkmişəm, az da götürürəm. Amma 650 min hektar torpaqdan istifadə edilibdir. Yenə də deyirəm, bu da böyük tədbirlər görülməsi nəticəsində olubdur. Ora vəsait xərclənibdir. Bu 650 min hektar torpağı şumlamaq, əkib-becərmək, toxum səpmək üçün nə qədər xərc gedibdir. 650 min hektar sahədən 900 min ton məhsul götürmək nə deməkdir?! Bizim taxıla nə qədər ehtiyacımız olduğunu bilirsiniz. Biz respublika əhalisini çörək və taxıl ilə təmin etmək üçün nə qədər çətinliklər çəkirik. Mən hələ mal-qara üçün yemi bir yana qoyuram. İndi burada məlumat verildi ki, cəmi 172 min ton taxıl tədarük edilib. Biz 172 min ton taxıl ilə əhalini bir il saxlaya bilərikmi? Respublikanın əhalisini çörəklə təmin edə bilərikmi? Şübhəsiz ki, yox.

Odur ki, bundan ciddi nəticə çıxarmaq lazımdır. İrşad Əliyev burada dedi ki, bu il 700 min hektar sahədə taxıl əkmək planlaşdırılır. Mən buna etiraz etmirəm, çünki bizim torpağımız var və bu torpaqlar boş qalmamalıdır. Onlardan istifadə olunmalıdır: bunun üçün təkcə yerli əhalini deyil, başqa rayonlardan qaçqın düşüb orada məskunlaşmış vətəndaşlarımızı da cəlb etmək lazımdır. Əlbəttə, boş torpaqları əkib-becərmək gərəkdir. Amma indi onlar şumlanmalı, səpiləcək toxum yaxşı hazırlanmalıdır. Özü də toxum keyfiyyətli olmalıdır. Səpin də vaxtında getməlidir. Ümumiyyətlə, bütün başqa işlər də keyfiyyətlə görülməlidir ki, gələn il biz oradan lazımi miqdarda məhsul götürə bilək.

Bunu da nəzərə almaq lazımdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərimizdə xeyli miqdarda münbit və olduqca məhsuldar torpaqlarımız qalıbdır. Elə götürək Füzuli rayonunun torpaqlarını, yaxud da Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının torpaqlarını. Sözlərim eləcə də Kəlbəcər, Laçın rayonlarının torpaqlarına aiddir. Şübhəsiz ki, orada da olduqca yararlı torpaqlarımız var. Ağdam rayonu ərazisinin çox hissəsi işğal altındadır. Amma bu gün burada məlumat verdilər ki, rayonun işğal edilməmiş torpaqlarının az bir hissəsində taxıl da, üzüm də istehsal olunubdur. Əlbəttə, Ağdam rayonu keçmişdə Azərbaycanda böyük miqdarda məhsul verən rayonlardan biri idi. Çünki onun torpaqları çox münbit və məhsuldar torpaqlardır. Adamları da olduqca fədakar insanlardır. Yaxşı məhsul istehsal edə bilirdilər. Onlar yaxşı da yaşayırdılar. İndi bu torpaqlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir və biz bu torpaqlardan müvəqqəti məhrum olmuşuq. Deməli, belə halda biz ərazimizin başqa hissəsindəki torpaqlardan səmərəli istifadə etməliyik. Ərazimizin bir hissəsi işğal olunduğu halda və digər məhsullar istehsalı üçün yararlı torpaqlarımızın böyük bir qismi əlimizdə olmadığı halda, ərazimizin başqa sahələrində 700 min hektar torpaqdan taxıl istehsalı üçün istifadə edə biləriksə, deməli, bu bizim imkanlarımızın genişliyindən xəbər verir. Amma bu imkanlardan səmərəli istifadə etmək lazımdır.

Ona görə də, mənim bu sahədə tələbim bundan ibarətdir. Birincisi, İrşad Əliyevin burada verdiyi rəqəmlər barədə. Dünən mən həmin məsələlərlə, kənd təsərrüfatı məsələləri ilə əlaqədar baş nazir Fuad Quliyevin, baş nazirin birinci müavini Abbas Abbasovun, kənd təsərrüfatı naziri, maliyyə naziri, Milli Bankın sədri, Prezident Aparatı işçiləri və başqa şəxslərin iştirakı ilə müşavirə keçirdim və bir çox göstərişlər verdim. Dünən onlar işləmişlər. Bu gün İrşad Əliyevin verdiyi məlumatdan isə mən belə başa düşdüm ki, verdiyim göstərişlər nəticəsində bir çox məsələlər həll olunubdur. Ancaq bu hələ o demək deyil ki, bütün məsələlər həll edilmişdir. Dünən mən bu barədə göstərişlər verərkən və indiki müşavirəni hazırlayarkən biz bu ilki məhsuldan nə qədər taxıl götürə biləcəyimiz haqqında fikir mübadiləsi apardıq. Bu gün İrşad Əliyev məlumat verdi ki, biz daha 20 min ton buğda götürəcəyik. Ondan əlavə, qarğıdalı da var, başqa dənli bitkilər də. Amma xalis buğda 20 min tondur. O bildirdi ki, bu 20 min ton buğda hansı rayonlardan, özü də nə qədər götürülməlidir. Mən birinci növbədə kənd təsərrüfatı nazirindən, rayon icra hakimiyyəti başçılarından, rayon kənd təsərrüfatı idarələrinin başçılarından tələb edirəm ki, İrşad Əliyevin vəd etdiyi kimi, bu məsələ sentyabrın 10-na qədər həll olunsun. Həm də bu məsələnin həllinin maliyyə tərəfi təmin edilmişdir. Mən bu barədə göstəriş vermişəm. Fuad Quliyev mənə dedi ki, maliyyə məsələsi artıq həll olunmuşdur. Əgər çatışmayan bir şey varsa, onu da həll etmək lazımdır ki, dövlətin sərəncamına 20 min ton buğda mütləq göndərilsin. Buna bütün səviyyələrdə nəzarət etmək lazımdır, o cümlədən baş nazir Fuad Quliyev də nəzarət etməlidir.

Eyni zamanda gələn il yaxşı məhsul, xüsusən taxıl məhsulu götürmək üçün indi məsul dövrdür. Aydındır ki, biz islahatları həyata keçirəcəyik. Bu barədə mən öz fikirlərimi bir qədər sonra deyəcəyəm. Söz yox ki, torpaqlar bölünüb paylanacaq və torpaq islahatı haqqında qanunun qəbul edilməsini də tezləşdirəcəyik. Amma indiki şəraitdə torpaqdan səmərəli istifadə etmək lazımdır. Buna görə də mən İrşad Əliyevin burada dediklərini nəzərə alıram ki, 700 min hektar sahədə taxıl əkiləcəkdir. Bunun üçün lazımi tədbirlər görülməlidir, keyfiyyətli şum aparılmalıdır və taxıl səpini vaxtında keçirilməlidir.

Bu gün Fuad Quliyev mənə məlumat verdi ki, mənim dünənki göstərişlərimdən sonra onlar lazımi tədbirlər görüblər. Keyfiyyətli taxıl toxumu almaq üçün əlavə olaraq 3 milyon dollar vəsait ayrılıbdır. Bunların hamısından istifadə olunmalıdır. Vaxtında keyfiyyətli toxum alınmalı və səpilməlidir. Bir sözlə, gələn il yüksək məhsul götürmək üçün hər cür şərait yaradılmalıdır.

İndi kənd təsərrüfatımızın əsas sahəsi pambıqçılıqdır. Bildiyiniz kimi, vaxtilə, daha doğrusu, 85-ci, 86-cı və 87-ci illərdə respublikanı dağıtmağa can atan adamlar bizi dəfələrlə günahlandırmışlar ki, nə üçün biz pambıq bitkisinin Azərbaycanda geniş yayılmasına şərait yaratmışıq, çalışmışıq. Guya biz xalqımıza ziyan vurmuşuq, pis işlər görmüşük və s. və i.a. İndi bunların nə dərəcədə böhtan xarakteri daşıdığını, ağılsız söz olduğunu və ağılsız adamlar tərəfindən deyildiyini, millətimizə, xalqımıza xəyanət olduğunu görürsünüz. Bildiyiniz kimi, bu ağır dövrümüzdə bizə müəyyən qədər valyuta gətirən sahə pambıqçılıq sahəsidir. Əlbəttə, biz bu qədər yox, bundan da artıq pambıq istehsal edə bilərik. Çünki biz vaxtilə bundan da artıq pambıq məhsulu götürmüşük.

Şübhəsiz ki, pambıqçılıq Azərbaycan üçün mühüm bir sahədir. Bu, bizim icad etdiyimiz yeni bir şey deyildir. Tarixi sənədlər göstərir ki, 200 il bundan öncə də Azərbaycan kəndliləri pambıq əkib-becərir və ondan öz dolanacağı üçün vəsait əldə edirdilər.

Ona görə də bu sahə yaşamalıdır və ona diqqət yetirilməlidir. Şübhəsiz ki, Azərbaycanın keçən il istehsal edilmiş pambıqdan iki dəfə, hətta bundan da çox pambıq istehsal etməyə imkanı var, özü də xeyli dərəcədə. Mən ümidvaram ki, biz iqtisadi islahatları həyata keçirdikdən sonra, insanlar öz torpaqlarının sahibi olduqdan sonra və hər şeyin sahibi özləri olduqdan sonra görəcəksiniz Azərbaycanda nə qədər kənd təsərrüfatı məhsulları istehsal ediləcəkdir, o cümlədən də pambıq məhsulu. Şəxsən mənim buna şübhəm yoxdur.

Lakin indi konkret olaraq söhbət bu gündən gedir. Bu da ondan ibarətdir ki, keçən ildəkinə nisbətən bizim daha çox pambıq əldə etməyə imkanımız var. İrşad Əliyev burada məlumat verdi ki, onların hesabına görə, 390 min ton pambıq istehsal etmək mümkündür. Amma güman edirəm ki, o da müəyyən ehtiyatla deyir. Zənnimcə, bundan da çox pambıq istehsal etmək olar. Doğrudur, bu il quraqlıq oldu, bəzi yerlərdə taxıl sahələrinə zərər dəydi, itkilərimiz oldu. Ancaq eyni zamanda yay çox isti keçdiyinə görə pambıq əvvəlki illərə nisbətən bu il xeyli tez yetişibdir. Mən 30 ildir ki, pambıqçılıq sahəsi ilə məşğul oluram və buna görə də deyə bilərəm ki, pambıq üçün şərait hansı ildə necə olub. Hamısı mənim yadımdadır, heç nəyi unutmamışam. Əgər keçmiş dövrləri yada salsaq, onda görərik ki, Azərbaycanda avqustun 15-dək, ya da 20-dək bu qədər pambıq yığılması çox az-az illərdə olubdur. Bu gün İrşad Əliyev məlumat verdi ki, artıq neçə min ton pambıq yığılıbdır. Bu gün isə avqustun 25-dir. Pambıq yığımına adətən avqustun axırlarında - sentyabrın əvvəllərində başlanardı. Çox az-az illər olardı ki, pambıq belə tez yetişmiş olsun.

Mən belə hesab edirəm ki, tarlalarda məhsul boldur. Dünən "Xəbərlər" proqramında hansı rayondansa pambıq sahəsini göstərirdilər. O hansı rayon idi? Bəli, yadıma düşdü, Goranboy rayonu idi. Düzü, təəccübləndim. Mən gördüm ki, sahələrdə pambıq kollarının yarpaqları da tökülmüşdür, kolların üstündəki qozalar isə tamamilə açılmışdır. Biz belə mənzərəni ancaq sentyabrın ortalarında müşahidə edə bilərdik. İndi görün, nə qədər imkan yaranıbdır ki, sürətlə pambıq yığmaq mümkün olmuşdur.

Odur ki, pambıq yığımını çox ciddi təşkil etmək lazımdır, özü də bəri başdan. Mən ötən illərin təcrübəsindən bunu da demək, daha doğrusu, xəbərdarlıq etmək istəyirəm ki, belə isti və quraq keçən yay vaxtından sonra adətən sentyabrda yağışlar çox olur. Mən hələ oktyabr ayını demirəm. Bəli, sentyabr yağmurlu aydır. Bunu uzun illərin müşahidələri də göstərir. Ona görə də indi vaxtı itirmək olmaz, pambıq qozalarının tamamilə açıldığı bütün sahələrdə məhsul tezliklə yığılmalıdır. Dünən mən pambığın yığılması barədə göstərişlər verdim və Fuad Quliyev mənə bildirdi ki, onlar dünən məsələlərə baxıb, hər şeyi həll etmişlər. Yəni indi hər şey Kənd Təsərrüfatı Nazirliyindən asılıdır. Keçən ilin məhsulundan satılan pambıqdan 62 milyon dollar vəsait əldə edilibdir. Əvvəllər siz hay-küy salırdınız ki, pambıqyığanlar əmək haqqının elə həmin gün alsınlar. Biz keçən il də tədbir gördük ki, məhz belə olsun. Doğrudur, daha keçmiş vaxtlar deyil ki, əməkçi pambığı yığırdı və arxayın olurdu ki, axırda öz haqqını alacaqdır. Almağına alırdı, özü də çox yaxşı haqq alırdı. İndi də belə etmək üçün sizin vəsaitiniz var. Biz pambığın satılmasını 94-cü ilin axırlarında və 95-ci ilin əvvəllərində ötən illərdəkinə nisbətən daha yaxşı təşkil etmişik. Siz artıq valyuta almısınız. Valyuta sizin əlinizdədir. Milyardlarla manat sizin əlinizdədir. Bundan səmərəli istifadə edin.

Amma bəzi məlumatlat var və bəzi hallarda da mən özüm şübhələnirəm ki, göndərilən pullar dağıdılır, ora-bura xərclənir, deyirlər, nə bilim, onu da ödəmək lazımdır, bunu da. Burada Kənd Təsərrüfatı Nazirliyindən, şəxsən İrşad Əliyevdən tələb edirəm ki, bu işlərlə ciddi məşğul olsunlar. Artıq keçmiş vaxtlar deyildir. Mən Vahid Valyuta Fondunu ləğv etmişəm, iqtisadiyyatda sərbəstləşdirmə haqqında fərman vermişəm, satılan məhsullardan əldə olunmuş valyutanın hamısının təsərrüfatlara, müəssisələrə, Kənd Təsərrüfatı Nazirliyinə ayrılması haqqında fərman vermişəm. Deməli, pambığı satmısınız. Özü də yaxşı qiymətə sata bilmisiniz, valyuta almısınız. İndi zəhmət çəkib ondan istifadə edin ki, daha da çox pambıq yığıb yenə də sata biləsiniz. Siz artıq bu ilin təcrübəsindən gördünüz ki, pambıq normal satılıbdır. Deyə bilmərəm ki, hamısı normal satılıbdır. Salman Cəfərov burada bəzi məlumatlar verdi. Mən bu barədə danışacağam. Amma keçən illərə nisbətən müəyyən irəliləyiş var, məhsul normal satılıbdır, valyuta da gəlibdir, bundan istifadə edin. Daha nə istəyirsiniz?

Ona görə də mən sizdən tələb edirəm ki, heç kəsin üstünə yıxmayın. Siz pulları pambıq zavodlarına göndərmisiniz. Bəs, onlar bu pullardan necə istifadə edirlər? Pambıqyığanlaramı verirlər, yoxsa öz ciblərinə qoyurlar, yaxud başqa məqsədlər üçün istifadə edirlər? Bunların hamısının məsuliyyətini siz daşıyırsınız.

Siz 390 min ton dediniz, amma mən hesab edirəm ki, bundan da çox pambıq yığmaq mümkündür. Bunun üçün işlə ciddi məşğul olmaq lazımdır. Ən əvvəl Kənd Təsərrüfatı Nazirliyi, şəxsən nazirin özü işlə hər gün məşğul olmalıdır. Bu işlərlə yerli icra hakimiyyəti orqanları, icra hakimiyyətinin başçıları, kənd təsərrüfatı idarələri və ümumiyyətlə, yerli orqanlarımızın hamısı məşğul olmalıdırlar. Pambıq tezliklə yığılmalıdır. Bunun üçün hər cür maliyyə imkanı yaradılıbdır və bu imkanlardan səmərəli istifadə edilməlidir. Mən bu gün Fuad Quliyevə göstəriş vermişəm ki, yanacaq məsələsi və başqa məsələlər də həll olunmalıdır. Burada Bərdə rayon icra hakimiyyətinin başçısı dedi ki, yanacaq gəlib çıxmayıbdır. Bunları həll etmək lazımdır.

Bununla yanaşı, mən rayon icra hakimiyyəti başçılarına, rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə və bütün rəhbər orqanlara deyirəm ki, gətirilən yanacaqdan səmərəli istifadə olunmalıdır. Yanacaq ayrılıb, gətirilib və ondan kənd təsərrüfatı işləri üçün istifadə edilməlidir. Amma yerlərdə yanacağı satır, ondan başqa məqsədlər üçün istifadə edir, respublikadan kənara daşıyır, özlərinin varlanması üçün cürbəcür yollarla mənimsəyirlər. Belə hallara son qoymaq lazımdır. Mən kənd təsərrüfatı nazirinə heç də təsadüfən demədim ki, Yanacaq Komitəsinə sizin 230 milyard manat borcunuz var. Mən demirəm ki, borcunuzu bu dəqiqə qaytarmalısınız. Amma bilin ki, əvvəla, borclusunuz. İkincisi isə, bu borcun çoxu ondan əmələ gəlib ki, göndərilən yanacağın hamısı kənd təsərrüfatı işləri üçün istifadə olunmayıb, dağıdılıb, mənimsənilib, ayrı-ayrı adamların varlanması üçün sərf edilib. Bir neçə icra hakimiyyəti başçısının özləri də bu işlərlə məşğul olublar. Bu işə nəzarət etmək əvəzinə, dövlətin işlərinə can yandırmaq əvəzinə, şəxsi varlanmaq məqsədi güdmüşlər. Mən hələ kənd təsərrüfatı orqanlarını demirəm. Onlar öz yerində.

Buna görə də tələb edirəm ki, bütün bu nöqsanlar, qüsurlar, bu cinayət halları aradan götürülsün və kənd təsərrüfatının bütün sahələrində, xüsusən pambığın yığılması ilə əlaqədar ciddi iş aparılsın. Məsuliyyət kənd təsərrüfatı naziri İrşad Əliyevin, baş nazir Fuad Quliyevin, baş nazirin birinci müavini Abbas Abbasovun, yerli icra hakimiyyəti başçılarının və yerli orqanların üzərinə düşür. Kənd təsərrüfatı sahəsində bütün məsələlərlə ciddi məşğul olmaq lazımdır.

Buraya təcili siqnallar, məlumatlar gəlir və bizim dövlət nəzarəti şöbəsi də araşdırmalar aparmış, məlumatlar vermişdir. Bu, bir həqiqətdir ki, keçən il istehsal edilən pambıq 283 min, yaxud 284 min ton olmayıbdır, bundan xeyli çox olubdur. İstehsal edilən pambığın bir hissəsini kənd təsərrüfatı idarələri rayonlarda pambıq zavodlarında gizlədirlər. Ola bilsin ki, onlar Kənd Təsərrüfatı Nazirliyinin bəzi rəhbər işçiləri ilə əlbir hərəkət edirlər və bu məhsuldan öz şəxsi mənafeləri üçün, şəxsən varlanmaq üçün istifadə edirlər. Bu, həqiqətdir. Buna mənim heç bir şübhəm yoxdur. Qəribə haldır, keçmiş dövrlərdə, planın yerinə yetirilməsi əsas məqsəd olduğu dövrlərdə bizim kənd təsərrüfatı sahəsində nöqsanlarımızdan biri də rəqəmlərin şişirdilməsi idi. Biz belə hallara qarşı mübarizə aparırdıq. Yadınızdadır, biz nə qədər adamı cəzalandırdıq, rayon rəhbərlərindən, rayon partiya komitələrinin birinci katiblərindən işdən çıxarılanlar da oldu, həbsxanaya düşənlər, ciddi cəza alanlar da oldu. Mən hələ təsərrüfat rəhbərlərini demirəm. Nə üçün? Ona görə ki, o vaxtlar rəqəmləri şişirdir, hesabatlarda göstəriciləri artıq yazırdılar. Bunun əvəzində isə pul alır, onu mənimsəyirdilər. İndi isə əksinə olub, yəni rəqəmləri şişirtmir, əksinə, azaldırlar. Pambığı gizlədirlər, sonra onu mahlıca çevirirlər. Burada, gətirilən faktlardan məlum oldu ki, bu məhsulu xəlvəti, gizli satırlar və beləliklə də ayrı-ayrı adamlar şəxsən varlanır, camaatın əksəriyyəti isə kasıblıq içində yaşayır. Bunlara dözmək olarmı?!

Amma kənd təsərrüfatı sahəsində, ümumiyyətlə, bütün sahələrdə, o cümlədən pambıqçılıq sahəsində törədilən cinayətlər tək bundan ibarət deyildir. Mən tam əminəm ki, həmin o istehsal edilmiş 283, yaxud 284 min ton pambıqdan, burada Salman Cəfərovun dediyinə görə, 86 min ton mahlıc çıxıbdır. Bu mahlıcın da bir hissəsini oğurlayıblar. Buna mənim şübhəm yoxdur. Burada faktlar gətirdilər ki, Yevlaxda, Kürdəmirdə və başqa yerlərdə pambığı zavodlardan çıxarıb xəlvəti xarici ölkələrə apararkən tutublar və indi bu barədə işlər Daxili İşlər Nazirliyində və prokurorluq orqanlarındadır. Axı, insan gərək bir düşünsün, başa düşsün. Biz yol verə bilmərik ki, ayrı-ayrı adamlar xalqın ümumi sərvətindən istifadə edərək şəxsən varlansın, zəngin olsun, nə bilim, kapitalist olsunlar, əhalimizin əksəriyyəti isə ehtiyac içərisində yaşasın, gündən-günə yoxsullaşsın. Bu, yolverilməz haldır. Əgər istehsal edilən pambığın hamısı göz qabağında olsaydı, ondan gələn gəlirin hamısı hər bir kəsə öz zəhməti müqabilində çatsaydı və bu cür oğurluq hallarına yol verilməsəydi, cinayətlər törədilməsəydi, şübhəsiz, ümumi iqtisadi vəziyyətimiz bundan xeyli yaxşı olardı və əhalinin maddi vəziyyəti də bundan daha yaxşı olardı.

Buna görə mən bütün vətəndaşlarımıza, xüsusən kənd təsərrüfatı sahəsində işləyən vətəndaşlarımıza, pambıqçılıqla məşğul olan vətəndaşlarımıza müraciət edirəm ki, daha tələbkar olsunlar, pambıq zavodlarında çalışan adamlara, təsərrüfat rəhbərlərinə, icra hakimiyyəti başçılarına, icra hakimiyyəti orqanlarında, kənd təsərrüfatı orqanlarında işləyən adamlara imkan verməsinlər ki, şəxsən varlanmaqla məşğul olsunlar, iqtisadiyyatımıza və xalqın rifah halına zərbələr vursunlar.

Vəzifəli adamlar başa düşməlidirlər ki, onlar dövlətdən etimad alıblar, dövlət orqanlarında vəzifə daşıyırlar. Onlara vəzifələri ona görə verməyiblər ki, xalqın qanını sorub, şəxsən varlanmaqla məşğul olsunlar. Bu vəzifələr ona görə verilib ki, onlar ayrı-ayrı sahələri idarə etsinlər və bu idarəetmə də elə olsun ki, ümumi iqtisadiyyatımız irəli getsin, bunun nəticəsində insanların rifah halı yaxşılaşsın. Onlar vəzifələrə bu məqsədlə təyin edilirlər. Daha ona görə təyin edilmirlər ki, hərə bir vəzifə tutsun və öz şəxsi məqsədləri ilə, öz şəxsi məsələləri ilə məşğul olsun. Təəssüf ki, belə hallar respublikamızda çox geniş yayılıb. Buna qarşı ictimaiyyətdə nifrət oyatmaq lazımdır. Belə insanlara qarşı xalqda ikrah hissi oyatmaq gərəkdir.

Mən Kənd Təsərrüfatı Nazirliyindən tələb edirəm ki, bu işlərlə ciddi məşğul olsunlar. İrşad Əliyev bilsin ki, ona böyük etimad göstərilib, böyük bir nazirlik ona tapşırılıb və ona böyük inam göstərilibdir. O, bu inamı doğrultmalıdır. Onun bəzi müavinlərinin nə ilə məşğul olduqlarını bilmirəm. Kənd Təsərrüfatı Nazirliyini təmizləmək lazımdır. Mən kadr məsələsini nəzərdə tuturam. Mən bu göstərişi bir neçə dəfə vermişəm. Müzamil Abdullayev kimi quldurlar, cinayətkarlar iqtisadiyyatımıza nə qədər zərbələr vurublar. Tək o deyildir, başqaları da olublar. Bizim kənd təsərrüfatı sahəsini belə cinayətkarlardan, belə quldurlardan xilas etmək lazımdır. Amma onların bir çoxu indiyədək ayrı-ayrı vəzifələrdə oturublar və öz əxlaqı ilə, öz keçmiş əhval-ruhiyyəsi ilə yaşayaraq iqtisadiyyatımızı dağıdırlar.

Mən tələb edirəm, bunlara son qoyulsun. Bizim hüquq-mühafizə orqanları ciddi mübarizə aparmalıdırlar. Mən təəssüf edrəm, burada məlumat verildi ki, istintaq işləri indiyə qədər uzadılır və Salman Cəfərov burada, nə təhər deyərlər, göz yaşları ilə xahiş edir ki, heç olmasa bu işin birini qurtarın, başqalarına da ibrət olsun ki, bəli, bu iş qurtardı, bu adam cəzalandı. Bu işlərin istintaqı nə qədər çəkməlidir? Mənim xatirimdədir, Yevlax rayonundan pambığın çıxarılması neçə ay bundan qabaq olub. Orada kim günahkardırsa, vəzifəsindən asılı olmayaraq cəzalandırılmalıdır. Vəzifəli adamlar isə, əksinə, daha çox cəzalandırılmalıdır.

Yaxud da Kürdəmirdə pambıq zavodundan pambıq çıxarırlar. Mən soruşdum, Eldar Həsənova tapşırmışdım, mənə deyirlər ki, bir nəfər pambıqçıdan savayı heç kəsi hələ məsuliyyətə cəlb etməyiblər. Pambıq zavodunun direktoru sərbəst gəzir, icra hakimiyyəti başçısı bu işdə nə qədər günahkardır, ya günahkar deyil - aydınlaşdırmaq lazımdır. Prezident Aparatı da, prokurorluq da bununla məşğul olmalıdır. Necə ola bilər ki, icra hakimiyyəti başçısının gözünün qabağında pambıq zavodundan 500 ton pambıq çıxarırlar? Kimliyindən asılı olmayaraq, hansı rayonda ki, belə hadisə baş verib, icra hakimiyyəti başçısı buna birbaşa cavabdehdir. Yoxsa özünü kənara çəksin, desin ki, bilmədim. Görmədim, - necə ola bilər? Kürdəmir rayonu balaca rayondur, rayonun mərkəzi də bizə məlumdur - böyük bir şəhər deyil, oradakı pambıq zavodu da bizə məlumdur. Nə cür ola bilər ki, oradan 500 ton pambığı xəlvəti çıxarsınlar, bunların da xəbəri olmasın? Prokurorluq orqanlarının bu işi ləngitməsini yalnız bu cür qiymətləndirə bilərəm ki, yəqin bu işdə özlərinin də şəxsi marağı var. Ona görə də mən baş prokuror Eldar Həsənova tapşırıram: icralarında olan bu işlərin istintaqı təcili aparılmalı və məhkəməyə verilməlidir. Təqsirkarlar məhkəmə qarşısında cavab verməlidirlər. Hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu və başqaları öz fəaliyyətlərini bu məsələlərin alınmasına yönəltməlidirlər.

Alınan məlumatlara görə pambığın bir hissəsini bax, beləcə, gizli olaraq, bir hissəsini isə, bəlkə də, oğurlayaraq xaricə aparırlar. Bu məhsul xaricə haradan çıxarılır? Bizim Sərhəd Qoşunları, Gömrük Komitəsi var, Gömrük Komitəsinin məntəqələri var. Salman Cəfərov bu gün mənə məlumat verəndə dedi ki, dəniz vasitəsilə daha çox çıxarırlar. Orada bizim Gömrük İdarəmiz var, Sərhəd Qoşunları İdarəsi var. Əgər bu məhsul oradan çıxırsa, demək, onlar da əlbirdirlər. Belə olan halda Gömrük Komitəsinin sədri haraya baxır, Sərhəd Qoşunlarının rəisi, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi haraya baxır?

Bilirsiniz, bizim sərhədlərdə o qədər dövlət orqanları var ki, bəzən bilmirsən, bunlar nə qədər olar. Məsələn, bizim hava limanında polisin böyük bir dəstəsi var, Sərhəd Qoşunlarının böyük bir dəstəsi var, Gömrük Komitəsinin böyük bir dəstəsi var, nəqliyyat prokuroru var, Vergi Müfəttişliyinin adamları var, başqaları var... Eyni zamanda həmin bu hava limanından ayrı-ayrı cinayətkarlar o tərəf-bu tərəfə gedirlər, ayrı-ayrı şeyləri də qanunsuz aparırlar. Nə cür ola bilər? Həmin orqanları bu məntəqədə nədən ötrü yaratmışıq, ona görə ki, hərə özünün şəxsi mənafeyini təmin etsin? Biz bu orqanları həmin məntəqələrdə dövlətin mənafeyini qorumaq üçün yaratmışıq və onlar dövlətin mənafeyini qorumalıdırlar. Ona görə mən bütün bu nazirliklərin, komitələrin, idarələrin başçılarına xəbərdarlıq edirəm ki, bu işlərlə ciddi məşğul olsunlar.

Pambığın qeyri-qanuni çıxarılması haqqında başqa məlumatlar da var. Mən tapşıracağam, Salman Cəfərov da özündə olan məlumatları və başqa məlumatları prokurorluq orqanlarına versin və istintaq orqanları bunlarla ciddi məşğul olmalıdırlar.

Biz sözlə, bu mövzunu yekunlaşdıraraq demək istəyirəm ki, bu il yaxşı pambıq məhsulu yetişdirilib və onu tezliklə, itkisiz yığıb dövlətə təhvil vermək lazımdır. Görürsünüz ki, dövlət də pambığın satılmasından əldə olunan valyutanın üçdə ikisini təsərrüfatlara verir. Bundan artıq nə ola bilər? Maddi maraq da, maliyyə şəraiti də təmin olunur. Sadəcə olaraq işləmək və bunun nəticəsindən istifadə etmək lazımdır.

Üzümçülük də respublikanın kənd təsərrüfatının əsas sahəsidir. İrşad Əliyevin məruzəsindən belə başa düşdüm ki, bu il 100 min ton üzüm istehsal etmək imkanı var. Belə hesab edirəm ki, dünən verdiyim göstərişdən sonra baş nazirin yanında keçirilən müşavirədə maliyyə məsələləri həll olunubdur, Kənd Təsərrüfatı Nazirliyinin tələbləri ödənilibdir və üzümün vaxtında yığılması üçün lazımi şərait yaranıbdır. 15 min ton üzüm yığılmışdır. Lazımdır ki, bütün məhsul yığılıb dövlətə, yəni şərab zavodlarına verilsin, şərab, başqa məhsullar istehsal olunsun. Bu da bizim iqtisadiyyatımız üçün çox lazımlı bir sahədir.

Demək istəyirəm ki, oradan-buradan mənə məlumatlar gəlir, guya indi bu işləri aparmaq üçün kənd təsərrüfatının maliyyə çətinlikləri var. Mən dünən bütün göstərişləri vermişəm bə aldığım məlumatlardan belə qənaətə gəlmişəm ki, bu məsələlər həll olunur və həll olunacaq. Kənd təsərrüfatı işi belədir ki, siz bir həftə bi işi görün, bir həftədən sonra yenə təmin olunacaqsınız. Ona görə də mən icra hakimiyyəti başçılarından, rayon kənd təsərrüfatı idarələrindən tələb edirəm ki, bütün işləri görsünlər. Əgər haradasa bir gün, üç gün, dörd gün, beş gün vəsait çatmadısa, adamların haqqı ödənilmədisə, tezliklə çatacaqdır.

Mən kənd təsərrüfatı işləri ilə məşğul olan vətəndaşlara da müraciət edirəm. Onlar işə daha da can-başla yanaşmalıdırlar. Əgər bu gün haqqını almayıbsa, beş gündən, on gündən sonra alacaqdır. O yerlərdə ki, bəzi obyektiv səbəblərə görə maliyyə çətinlikləri yaranır, icra hakimiyyəti başçıları gərək iş aparsınlar, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar arasında izahat aparsınlar, onları başa salsınlar, bildirsinlər ki, əgər bu gün haqqı çatmayıbsa, beş gündən, on gündən sonra çatacaq. Ona görə də burada hərtərəfli iş getməlidir. Bir tərəfdən, şübhəsiz ki, maliyyə imkanlarımızı səfərbər etməliyik, ikinci tərəfdən də, bir də deyirəm, yerlərdə icra hakimiyyəti başçıları, dövlət orqanlarının rəhbərləri, kənd təsərrüfatı orqanlarının rəhbərləri bu işə konkret tədbirlərlə yanaşmalıdırlar, ayrı-ayrı çatışmazlıqları bəhanə edərək ümumi işi geri salmamalıdırlar.

Burada Bərdə rayonunun icra hakimiyyəti başçısı böyük bir həyəcanla dedi ki, yeddi gündür Bərdəyə qaz verilmir. Şübhəsiz ki, bu işə baxmaq lazımdır. Xüsusən orada çoxlu qaçqın olduğuna görə Fuad Quliyevə tapşırdım ki, baxsın, həll eləsin. Bu məsələləri qoymaq, həllini tələb etmək lazımdır. Ancaq dramatikləşdirmək də lazım deyil. Insanlarla işləmək lazımdır. Onları başa salmaq lazımdır ki, biz hansı şəraitdə yaşayırıq. Əgər vaxtilə Azərbaycanda ildə 15 milyard kubmetr qaz hasil edirdiksə, indi 6 milyard kubometr qaz çıxarırıq. İki gün öncə Gürcüstanın səfiri mənim yanıma gəlmişdi. Onlar Türkmənistandan az miqdarda qaz alırdılar, indi tamamilə kəsilmişdir. Gürcüstan kimi respublikada bir kubmetr də olsun qaz yoxdur. Yaşayırlar, düzdür pis yaşayırlar, amma yaşayırlar. Şübhəsiz, bizim imkanlarımız var, bunlardan istifadə edirik və edəcəyik. Ancaq düşdüyümüz vəziyyəti də bilmək lazımdır.

Bununla əlaqədar mən qaçqınların qayğısına qalmağı rayon icra hakimiyyəti başçılarının xüsusilə nəzərinə çatdırmaq istəyirəm. Nə olur-olsun, birinci növbədə qaçqın, köçkün düşmüş adamların qayğısına qalmaq lazımdır. Bəlkə də yerli adamlardan xeyli artıq onların qayğısına qalmaq gərəkdir. Çünki yerli adam öz evində yaşayır, onun nəyisə var, amma qaçqın, köçkün hər şeyi itiribdir, yaşamağa da çadırdan savayı heç nəyi yoxdur.

Mən bir neçə dəfə demişəm, rayonlarda o icra hakimiyyəti başçıları ki, qaçqınlara layiqli münasibət göstərmirlər, özləri gedib bir neçə gün həmin çadırlarda yaşamalıdırlar ki, onların vəziyyətini görsünlər və bilsinlər ki, bu adamlara nə kimi qayğı göstərmək lazımdır. Eyni zamanda qaçqınları işə cəlb etmək lazımdır. Məsələn, Qubadlının icra hakimiyyəti başçısı burada çıxış edərək dedi ki, bəzi rayonlarda onlar torpaq sahəsi götürüblər, işləyirlər. Bir bu deyil. Laçının icra hakimiyyəti başçısı da bir dəfə mənə danışmışdı ki, onlar bir neçə rayonda torpaq sahəsi götürüblər, becərirlər, məhsul əldə edirlər. İşğal olunmuş rayonların icra hakimiyyəti başçıları burada iştirak edirlər. Onlar oturub gözləməməlidirlər ki, haradan nə kömək gəlir, elə bununla da yaşasınlar. Hərə çalışmalı, təşəbbüs göstərməlidir ki, nə isə bir şey yaratsın. İndi nə edək, düşdüyümüz bu vəziyyətdə daim qalmayacağıq ki! Torpaqlarımız da azad ediləcək, qaçqınlarımız da öz yerlərinə qayıdacaqlar. Ancaq yaranmış bu müvəqqəti vəziyyətdən hər bir rayon icra hakimiyyəti başçısı özü çıxış yolları tapmalıdır. Mən bunu həm işğal olunmuş rayonların, həm də ərazisində qaçqınlar yaşayan rayonların icra hakimiyyəti başçılarına bir daha tapşırıram.

Qaçqınların işi ilə məşğul olmaq, onlara humanitar yardım göstərmək üçün baş nazirin müavini İzzət Rüstəmov xüsusi olaraq bu vəzifəyə təyin edilmişdir. Mən İzzət Rüstəmova dəfələrlə demişəm, bu gün bir daha tapşırıram. Bizə ayrı-ayrı beynəlxalq təşkilatlardan çoxlu humanitar yardım gəlir. Bu yardımların gəlməsi və paylanması mərkəzləşdirilməlidir və bununla ciddi məşğul olmaq lazımdır. İzzət Rüstəmov bu işlə daha ciddi məşğul olmalıdır. Mən bunu bir neçə dəfə demişəm, şəxsən yanımda olanda da, telefonla da demişəm və bu gün bir daha tapşırıram. Çünki humanitar yardım ayrı-ayrı təşkilatlardan gəlir. Haradan gəlir, kim bundan istifadə edir - bəzən bu məsələlər nəzarətdən çıxır.

Məsələn, bizim televiziyada bir neçə dəfə deyiblər ki, Amerika Birləşmiş Ştatları Azərbaycana 70 milyon dollarlıq humanitar yardım göstərmişdir. İzzət Rüstəmov və Nazirlər Kabinetində qaçqınlarla məşğul olan başqa adamlar, təşkilatlar gərək aydınlaşdırsınlar, görək bu 70 milyon dollarlıq yardım haraya sərf olunub, kimə çatıb, hansı şəkildə - ərzaq şəklindəmi, paltar şəklindəmi, başqa ləvazimat, dava-dərman, yaxud sadəcə olaraq valyuta şəklindəmi gəlmişdir. Bunlarla məşğul olmaq lazımdır. Nə qədər demək olar? Mən dəfələrlə bunu demişəm, amma dəqiq bir məlumat ala bilmirəm. Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. İzzət Rüstəmova bir də göstəriş verirəm və bütün bu təşkilatların hamısını ona tabe edirəm. Hamısına rəhbərlik eləsin, hamısı ilə bir yerdə işləsin, hamısının işini əlaqələndirsin. Amma biz bilək, görək ki, nə var, nə yox.

Bütün bunlarla yanaşı, yenə də qeyd edirəm ki, yerindən-yurdundan didərgin düşmüş adamlara xüsusi qayğı göstərmək lazımdır. Şübhəsiz ki, müharibə əlillərinə, şəhid ailələrinə də xüsusi qayğı göstərmək lazımdır. Yerli icra hakimiyyəti orqanları onların ərazisində olan hərbi hissələrə də yardım etməlidirlər. Bu, keçmişin adət-ənənəsidir. O vaxtlar ayrı-ayrı təşkkilatlar, ayrı-ayrı orqanlar hərbi hissələrə hamilik edərdi. Hesab edirəm ki, bu indi də lazımdır.

Mən başqa sahələrə toxunmaq istəmirəm, İrşad Əliyev burada söylədi. Ancaq kənd təsərrüfatı sahələrindən birinin üzərində dayanmaq istəyirəm. Bu da tütünçülükdür. Bilirsiniz, çox təəccüb edirəm. Tütünçülük çox gərəkli sahədir. Keçmiş vaxtlarda kənd təsərrüfatında, demək olar, ən gəlirli sahə tütünçülük hesab edilirdi. Tütün əkib tütün yarpağı təhvil verən adamlar həddindən artıq gəlir götürürdülər. Vaxtilə biz 55-60 min ton tütün yarpağı istehsal edirdik. İndi belə başa düşdüm ki, əkin sahələri iki dəfə azalıb, dediniz ki, 15 min hektar əvəzinə 8 min hektar tütün əkilib. Əgər əkin sahəsi iki dəfə azalıbsa, 8 min hektardan gərək azı 25-30 min ton tütün yarpağı götürülsün.

Amma bir tərəfdən bu sahəyə fikir verilməyib, digər tərəfdən də, açıq deyim, kənd təsərrüfatı sahəsində və ümumiyyətlə, ondan da yuxarı olan sahələrdə işləyən şəxslər bu sahələrlə onda ciddi məşğul olublar ki, burada şəxsi mənfəətləri var. Mən bunu artıq müşahidə etmişəm. Harada şəxsi mənfəəti varsa, özünə nir şey götürə bilirsə, məşğul olur, tütünü hara satmaq, nə etmək lazımdırsa, yer də tapılır. Əgər şəxsi mənfəəti yoxdursa, bununla heç məşğul olmur. Belə yaşamaq olmaz axı, dövlət işində belə işləmək olmaz! Mən neçə dəfə demişəm: Kənd Təsərrüfatı Nazirliyi - bir, Nazirlər Kabineti - iki, tütünçülüklə məşğul olan rayonların rəhbərləri - üç, bunlar hamısı bir yerə yığışıb istehsal olunan tütünün vaxtında satılmasını təşkil edə və ondan alınan gəliri yeni məhsul istehsalına yönəldə bilməzdilərmi? Əlbəttə, edə bilərdilər. Amma nə işlə məşğul olmuşlar? Bunu Abbas Abbasov da yaxşı bilir, İrşad Əliyev də yaxşı bilir, amma nə üçünsə, bunlarla məşğul olmurlar. Keçmişdə belə şeylərlə məşğul olurdular, ona görə ki, fikirləşirdilər - oradan "şapka" deyirlər, nə bilim, nə deyirlər, onu götürə bilərik, ya bilmərik. Görür ki, götürə bilmir - məşğul olmur, başqa şeylə məşğul olur. Bilirsiniz, bəsdir bu işlərlə məşğul olmaq, qurtarmaq lazımdır!

Artıq biz o illərin əzab-əziyyətini gördük və xalqımızı, respublikamızı nə vəziyyətə saldılar, biz bunu gördük. Bəsdir, kim bu xəstəliklə xəstələnibsə, ya özünü müalicə etsin, ya da bizim sıralarımızdan çıxsın getsin. Mən bunu açıq deyirəm. Mən çıxıb getmək demirəm, müalicə olunan adamlar bizimlə işləyə bilərlər. Amma həmin xəstəliklə bizim aramızda yaşamaq olmaz. Elə bu tütünçülük sahəsində yaranmış vəziyyəti də mən bununla izah edirəm. Hesab edirəm ki, Nazirlər Kabineti və Kənd Təsərrüfatı Nazirliyi əgər bu işə ürəklə, can-başla, dövlət mənafeyi nöqteyi-nəzərindən yanaşsalar, bu məsələləri yaxşı həll edə bilərlər.

Tütünə tələbat həmişə var, hər yerdə var. Əgər keçmiş Sovetlər İttifaqının ərazisini götürsək, on beş respublikadan ən çox tütün istehsal edən Moldaviya, ondan sonra isə Azərbaycan idi. Buna da tələbat çox böyük idi, çünki keçmiş Sovetlər İttifaqının tələbatını, əlbəttə ki, ödəmirdi, xaricdən alınırdı. İndi necə olur ki, əkin sahələrimiz, yaxşı tütünçülərimiz ola-ola və tütün məhsulu istehsal edə-edə onu satmağı, yaxud yeni məhsul almağı bacarmayaq? Mən Almatıda olarkən Qazaxıstan prezidenti Nazarbayev dedi ki, onlarda tütün fabriki vardı, "Marlboro" şirkətinə veriblər, çox yaxşı da işləyir. Amma bilirəm ki, Qazaxıstanda Azərbaycandakı qədər tütün istehsal olunmur. Qazaxıstan böyük respublikadır, ancaq tütünçülüklə məşğul olmur.

Yaxşı, biz niyə bu addımı atmırıq? Mən demirəm ki, biz də aparıb verək "Marlboro"ya. Niyə məşğul olmuruq, investor tapmırıq, nə üçün?

Biz çayçılıq sahəsində də mövqelərimizi itirmişik. Dediniz ki, çay yarpağı istehsalı 15 min ton olacaq. Vaxtilə 25-30 min tona qədər yaşıl çay yarpağı istehsal edirdik. Bununla da ciddi məşğul olmaq lazımdır. Başqa sahələr - meyvəçilik, tərəvəzçilik barədə burada deyildi və mən bunların üzərində dayanmaq istəmirəm. Hər bir sahəyə fikir vermək lazımdır.

Aqrar bölmədə islahatlar haqqında. Burada Abbas Abbasov ümumi məlumat verdi, çətinliklərdən danışdı. Mən belə başa düşdüm ki, əsas çətinliklərdən biri də torpaq islahatı haqqında qanunun gecikməsidir. Bunun gecikməsinin müəyyən obyektiv və subyektiv səbəbləri var. Hesab edirəm ki, bu qanunu tezliklə hazırlamaq və onun müzakirəsinə başlamaq lazımdır. Çünki bu, çox mürəkkəb və ciddi bir qanundur. Güan edirəm ki, onun müzakirəsi də çox vaxt alacaqdır. Mən dünən Arif Rəhimzadə ilə bu barədə danışdım. O, bu işlərlə məşğul olur. Ola bilər ki, bir daha bu barədə fikir mübadiləsi aparaq və bu məsələni hərəkətə gətirək.

Ancaq eyni zamanda bu qanundan əlavə, görüləsi başqa işlər də var. Bunları görmək lazımdır. Biz burada iki çıxış eşitdik. Bunlardan biri Zaqatala rayon icra hakimiyyəti başçısının çıxışı idi. Biz bu rayonu bayraq kimi qaldırmış, örnək etmişik, imkan vermişik ki, tezliklə, öz imkanları çərçivəsində aqrar islahatları aparsınlar, başqaları üçün təcrübə olsunlar. Bir də Masallı rayon icra hakimiyyətinin başçısı çıxış etdi. Onu biz heç vaxt özümüz təbliğ etməmişik. Ancaq onun burada verdiyi məlumatlar çox böyük maraq doğurdu. Orada olmuş bir neçə jurnalist söhbət zamanı mənə bəzi məlumatlar vermişdilər. Ona görə də bizim komissiyamız və şəxsən Abbas Abbasov bu məsələ ilə ciddi məşğul olmalıdır.

Bilirsiniz, bir var ki, iclas keçirəsiniz, müzakirə aparasınız, televiziya ilə göstərəsiniz, - bunlar hamısı lazımdır. Amma bir də var ki, praktiki işlə məşğul olasınız. Biz bu qanunu da qəbul edəcəyik, buna şübhə yoxdur. Bu yolla gedirik və gedəcəyik. Amma bilmək lazımdır ki, bu ildən artıq vaxt itirə bilmərik. Bunu hamı bilməlidir. Keçən il deyirdik ki, payız-qış mövsümü bu islahatların tam keçirilməsi üçün ən əlverişli vaxtdır. Bunu əlimizdən buraxdıq. Artıq yay gəlib keçdi, indi payıza doğru gedirik. Əgər qarşıda duran dövrdə də - payız-qış mövsümündə də islahatların sürətlə həyata keçirilməsinə nail ola bilməsək, o zaman bu iş yenə də gecikəcəkdir. Ona görə də mən komissiyadan, yerli icra hakimiyyətindən, onların başçılarından tələb edirəm ki, bu məsələlərlə ciddi məşğul olasınız və rayonlarda öz daxili imkanlarınızdan istifadə edib, bunları həll edəsiniz.

Təsadüfi deyil ki, mən Zaqatalanın icra hakimiyyəti başçısına dedim ki, siz niyə ştat istəyirsiniz. Dünən Abbas Abbasov da mənimlə söhbətdə müşavirə zamanı dedi ki, bizə ştat lazımdır ki, bir orqan yaradaq, islahatları aparmağa rəhbərlik eləsin, Nazirlər Kabinetində bu işlə bir nəfər məşğul olur. Mən çox təəccüb edirəm. Nazirlər Kabinetində nə qədər işçi var. Götürün, onlardan bir orqan yaradın. Kənd Təsərrüfatı Nazirliyində nə qədər işçi var. Ümumiyyətlə, bizdə kənd təsərrüfatı ilə məşğul olan nə qədər orqan var. Onların hərəsindən bir nəfər ştat götürsəniz, dünən 25 ştat deyirdiniz, əgər lazımdırsa, 35-45 ştat da düzəldə bilərsiniz. Amma bunu bir problem kimi ortaya atasınız ki, bizə 25 adam lazımdır, bir nəfər adam məşğul olur, ona görə də biz bunu edə bilmirik - yaramaz axı, belə şey olmaz! Bu, onu göstərir ki, işlə ciddi məşğul olmuruq. Ciddi məşğul olmaq lazımdır. Bu barədə biz müzakirələr aparmışıq, deyilən sözlərə qayıtmaq istəmirəm. Bir daha bəyan edirəm ki, iqtisadi islahatlar ümumiyyətlə, bütün sahələrdə gələcək həyatımızın, iqtisadiyyatın əsasını təşkil edir. Aqrar sahədə iqtisadi islahatların aparılması bu sahədə nailiyyətlərimizi şübhəsiz ki, ən yüksək səviyyəyə çatdıracaqdır.

Mən aldığım təəssürat barədə çox söz demək istəmirəm. Ancaq əgər Masallının icra hakimiyyəti başçısının burada dediyi sözlər həqiqətdirsə, - inanmıram ki, burada yalan informasiya versin, - görün, məsələn, heyvandarlıq sahəsində nə qədər böyük nailiyyətlər əldə olunub. Məsələn, yağın, südün qiyməti haqqında deyilənləri götürək. Bu məhsullar indi hamısı bazara gəlir. Əgər Masallı rayonunda bir o qədər mal-qara varsa, onun verdiyi məhsul - ət də, süd də, yağ da - hamısı bizim bazara gedir. Bazara gələndə camaatı təmin edəcək, qiymətlər aşağı düşəcək, insanlar yaxşı yaşayacaqlar. Demək, təşəbbüskarlıq bu məsələləri həll edir. Biz də təşəbbüskarlığa geniş yol açmışıq. Biz də bəyan edirəm ki, bizim yolumuz budur və bu yolla da gedəcəyik, getməliyik.

Bugünkü müşavirəni bununla bitirirəm. Mən Ramiz Mehdiyevə tapşırmışam, icra hakimiyyəti başçıları toplaşsınlar. Yerlərdən gələn adamlar hamısı təcili yerlərə qayıtmalıdır. Bizim rəhbər orqanlarımız bu işlə ciddi məşğul olmalıdırlar. Sözümü yekunlaşdıraraq bir daha demək istəyirəm ki, bu məsələlərlə birinci növbədə Kənd Təsərrüfatı Nazirliyi ciddi məşğul olmalıdır. Baş nazirin birinci müavini Abbas Abbasov bu məsələlərlə ciddi məşğul olmalıdır, çünki indiyədək görülən işlər məni qane etmir. Baş nazir Fuad Quliyev hər gün kənd təsərrüfatı işləri ilə bağlı hansı məsələ qalxıbsa, dərhal baxmalı, ölçü götürməlidir. Hansı məsələləri özünüz həll edə bilmirsinizsə, hər gün bu barədə mənə müraciət edə bilərsiniz. Sağ olun.

"Azərbaycan" qəzeti, 26 avqust 1995-ci il.