Əziz bacılar, qardaşlar!
Əziz dostlar!
Əziz neftayıranlar, neftçilər!
Mən bugünkü əlamətdar hadisə, yəni bu böyük, çoxsahəli müəssisənizdə bitum qurğusunun tikilib başa çatması və onun istismara verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə, müəssisənizdə çalışan hər bir insana, şəxsə səadət, cansağlığı və bütün işlərinizdə uğurlar arzu edirəm.
Sizin müəssisənin çox böyük tarixi vardır. Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlandıqdan sonra xarici ölkələrdən olan bir çox şirkətlər Bakıya gəldilər. Onlar neftin hasilatı ilə məşğul oldular və təbiidir ki, bundan faydalanmağa çalışdılar.
Əgər bütün Yer kürəsini götürsək, o vaxtlar bir neçə nöqtədə, yerdə neft çıxırdı. Mən bunu dəfələrlə demişəm ki, ümumiyyətlə, neftin sənaye üsulu ilə hasil edilməsi dünyada ilk dəfə 1848-ci ildə Azərbaycanda, bundan bir neçə il sonra Amerika Birləşmiş Ştatlarında olubdur.
Ona görə də o vaxt, XIX əsrin sonunda Azərbaycanda neft hasilatı genişləndi, ölkəmizə maraq artdı, xarici ölkələrdən gəlib burada iş gördülər. Təbiidir ki, iş görmək istəyən adamların heç biri buraya kiməsə xeyir vermək üçün gəlmirdi. O, birinci növbədə, öz xeyrini düşünürdü. Eyni zamanda, onlar mütəxəssis olduqlarına, Qərbin o vaxt inkişaf etmiş texnikasından, texnologiyasından istifadə edə bildiklərinə görə təbiidir Azərbaycanda neft sənayesinin inkişafında xeyli rol oynadılar. Onlar buraya gəldilər, texnikanı, texnologiyanı tətbiq etdilər.
Azərbaycanın öz sahibkarları, yəni neft olan ərazilərin sahibləri yarandı, onlar zənginləşdi. Məsələn, məşhur Zeynalabdin Tağıyevin zənginləşməsi ona məxsus olan torpaqdan neft çıxdıqdan sonra olubdur. O, təbiidir ki, zəngin adam olub, amma eyni zamanda, xalq üçün çox işlər görübdür. İndi biz Bakıda bir çox gözəl binaları görürük. Bu binaları o tikib, yaradıbdır. Doğrudur, o, bunları özü üçün tikibdir, amma xalq üçün də tikibdir. Məsələn, o, məktəb, teatr binaları tikibdir. Yəni o, sadəcə, özü haqqında düşünməyibdir. Bakıda Zeynalabdin Tağıyev Teatrı vardı. Oraya hamımız getmişik. Həmin bina bu yaxınlara qədər yaşadı, sonra bir az köhnəldiyinə görə, biz həmin binanı söküb yerində elə ona bənzər gözəl, amma ondan müasir bir bina, Musiqili Komediya Teatrının binasını tikdik.
Demək istəyirəm ki, Azərbaycanda neft sənayesi qədim tarixə malikdir və əgər ilk dövrlərdə nefti hasil edənlər bazara, sadəcə xam neft çıxarırdılarsa, sonralar onu emal edib, neft məhsulları əldə edib dünya bazarına çıxardılar. Təbiidir ki, bununla daha da irəliyə getdilər, zənginləşdilər və Azərbaycanda neft emalı sənayesi yarandı. Bir neçə belə müəssisə var idi. Onlardan ən böyüyü bu dayandığımız yerdə olan neftayırma zavodu idi. Sovet hakimiyyəti qurulandan sonra o, təbiidir ki, Sovetlər İttifaqının, dövlətin ixtiyarına keçdi. Bir vaxt o zavod Stalinin adına idi. Yadımdadır, sonra onu dəyişdirdilər, XXII partiya qurultayı adını qoydular. Bunlar hamısı veteranlara məlumdur, veteran olduğum üçün mənə də məlumdur.
Ancaq bunlar köhnə texnologiya ilə işləyirdilər. Təbiidir ki, köhnə texnologiya yaxşı məhsuldarlığı təmin etmir. Köhnə texnologiya ilə məhsul baha başa gəlir. Bir də ki, neftayırma sənayesi müxtəlif tullantılarla ətraf mühiti zəhərləyir. Amma o vaxtlar görünür, Azərbaycanın imkanı olmayıbdır ki, köhnəlmiş, köhnə texnologiyaya malik olan neftayırma zavodlarını yeniləşdirsinlər. Deyə bilmərəm ki, istəməyiblər. Görünür, istəyiblər, amma edə bilməyiblər - ya bacarıqları olmayıbdır, ya da imkanları olmayıbdır.
Bax, burada yerləşən neft emalı müəssisələri Bakı şəhərinin bu gözəl hissəsini, Xəzər dənizinin bu gözəl sahilini Qaraşəhərə çevirdi. O vaxtlar hamı Bakının bu hissəsinə Qaraşəhər deyirdi. Qaraşəhər, Qaraşəhər, Qaraşəhər. Nə üçün Qaraşəhər? Çünki burada zavodlardan havaya çıxan həmin o tullantılar, zəhərli maddələr, o hislər torpağı da qara edirdi. O qaranı havada da görürdün və burada evlərin hamısı qara idi. Ona görə də insanlar buna Qaraşəhər deyirdilər.
1970-ci illərdə biz burada işləyəndə, mən Azərbaycana rəhbərlik edərkən çox işlər gördük. Azərbaycanda sənayeni yüksək templərlə inkişaf etdirdik, maşınqayırma sənayesi yaratdıq, başqa sənayeləri yaratdıq. Amma neft sənayesi bizim üçün o vaxt da əsas sahə idi, bu vaxt da əsas sahədir. Çalışırdıq ki, neft sənayesini daha da müasirləşdirək, yeni texnologiya ilə təchiz edək. Beləliklə, məhsuldarlığı artıraq, məhsulun ucuz başa gəlməsini təmin edək, gəliri artıraq. Ancaq bunlar hamısı bizim özümüzün əlində deyildi.
İndi burada mənim dostum, veteran Fərhad Əliyev xatırlatdı. Mən, 1971-72-ci illərdə bu neftayırma zavodlarının vəziyyəti ilə tanış olan kimi, düşündüm ki, bu zavodlar belə yaşaya bilməz. Burada yeni zavodlar tikməliyik. Amma sizə bildirmək istəyirəm, bu, asan deyildi, çox çətin idi. Bu gün düzünü, həqiqəti demək lazımdır. Ona görə çətin idi ki, Moskva, adətən, Azərbaycan kimi respublikalardan nefti sorurdu, bizim məhsullarımızı sorurdu, ancaq burada sənayenin bu hissəsini və başqa hissələrini müasirləşdirmək üçün, yeni texnika gətirmək üçün lazım olan vəsaiti vermirdi.
40-cı illərdə Sovetlər İttifaqında əsas neft hasilatı Azərbaycanda idi. Bunu dəfələrlə çox məşhur adamlar deyibdir. Mən də bunu bilirəm ki, 1941-45-ci illər müharibəsi, faşist Almaniyasının Sovetlər İttifaqına hücumu zamanı təbiidir ki, hər şeyi neft həll edirdi. Təyyarə, tank, avtomobil - hamı üçün neft lazım idi. O vaxt Sovetlər İttifaqının bütün neftə olan tələbatının 70 faizini Azərbaycan ödəyirdi, Azərbaycanın tarixi xidməti var. Ona görə ki, Azərbaycan neftçilərinin, Azərbaycan xalqının bir hissəsi cəbhəyə getdi, alman faşistləri ilə vuruşdu, həlak oldu, canlarını qurban verdi. Arxada olan insanlar isə gecə-gündüz, 24 saat işləyirdilər. Bəzən həftələrlə evə getmirdilər. Ona görə ki, istəyirdilər bir tərəfdən neft çıxarsınlar, ikinci tərəfdən, bu nefti emal edib benzin, başqa məhsullar istehsal edib hərbi texnikanı təmin etməyə göndərsinlər. Ona görə də mən deyirəm ki, Sovetlər İttifaqı Azərbaycandan çox faydalanırdı. Amma buraya vəsait qoymağa o qədər maraqlı olmurdular.
Bunun səbəbini mən bir dəfə demişəm, bu gün də demək istəyirəm. Bu ondan ibarət idi ki, müharibədən sonra, təxminən 50-ci illərdə Rusiyanın bir çox regionunda neft yataqları açıldı. O yataqların açılmasında da, onların genişlənməsində də, oralarda böyük həcmdə neft hasil edilməsində də yenə Azərbaycan xalqının, Azərbaycan neftçilərinin böyük xidməti olmuşdur. Məsələn, o vaxtlar Tatarıstanda neft yataqları açıldı, Azərbaycan mütəxəssisləri orada idilər. Oraya "ikinci Bakı" dedilər. Sonra başqa yerlərdə neft yataqları açıldı, yenə də Azərbaycan mütəxəssisləri ona "üçüncü Bakı" dedilər. Neft yataqları ilə zəngin olan Tümen kimi bir bölgədə də Azərbaycan mütəxəssisləri, Azərbaycan neftçiləri əsas işi gördülər. Ona görə "ikinci Bakı", "üçüncü Bakı", "dördüncü Bakı" o vaxtkı Sovetlər İttifaqının bütün həyatında məlum idi. Düzdür, indi yaddan çıxarırlar, bunu gənclər də bilmirlər. Mən bunları ona görə deyirəm ki, millətimizin, xalqımızın tarixi xidmətlərini, tarixi nailiyyətlərini biləsiniz.
Məsələn, indi Tümendə nə qədər azərbaycanlı yaşayır. Bəziləri deyirlər ki, azərbaycanlıların çoxu Azərbaycandan kənarda yaşayırlar. Onlar orada yaşayırlar. Çünki 30, 40 il bundan öncə gedib orada işləyiblər, indi də işləyirlər, özlərinə yaxşı həyat qurublar. Təbiidir ki, bu da bizim üçün çox əhəmiyyətlidir.
Məsələn, orada neft kəşf edənlərdən biri o vaxtlar Azərbaycandan getmiş gənc mütəxəssis, geoloq Fərman Salmanovdur. O, orada nə qədər böyük işlər gördü. Xatirimdədir, mən Azərbaycanda işləyəndə o, hərdənbir Azərbaycana gəlirdi. Biz onu böyük qonaq kimi qəbul edirdik. Çünki o, bizim Azərbaycan oğlu idi və Tümendə yeni-yeni neft yataqlarının kəşf edilməsində əsas rol oynayırdı. Sonra Moskvada geologiya nazirinin birinci müavini işləyirdi. İndi yenə də Moskvada yaşayır, orada işləyir, elmlə məşğul olur. Yəni bu, bir nəfər deyildir. Mən yalnız bir nəfərin adını çəkirəm. Minlərlə, on minlərlə Azərbaycan neftçisi o vaxtlar gedib Rusiyada neft hasilatında öz xidmətlərini göstərirdi.
Belə halda, yəni Rusiyanın bir çox regionunda külli miqdarda neft hasil olan zaman təbiidir ki, xam nefti emal etmək üçün neftayırma zavodları tikilməli idi. Mən 70-ci illərin əvvəllərində, - Fərhad burada adını çəkdi, - neft emalı sənayesi naziri Viktor Stepanoviç Fyodorovu bir neçə dəfə Azərbaycana gətirdim. Biz burada neft emalı sənayesinin 100 illik yubileyini keçirdik. Mən ona dedim ki, get, bu zavodlara bax, bunlar artıq belə əziyyətdə yaşaya bilməzlər.
O vaxt bütün məsələləri onlar, Moskva həll edirdi. Yeni texnologiya, məsələn, "ELOU AVT-6" qurğusu o vaxt var idi, amma onu aparıb Sibirdə, Tatarıstanda, Uralda quraşdırırdılar. Orada heç köhnə zavodlar da yox idi. Bizə isə deyirdilər ki, sizdə zavod var, onu bir az modernləşdirin, düzəldin, hələ ki, dözərsiniz. Ancaq mən dözmədim. Mən həmin Fyodorova nə qədər dedim, o, bunu edə bilmədi. Bəlkə Fərhad bunları bilmir. Mən o vaxtlar sonra Nazirlər Sovetinin sədrinə müraciət etdim. Kommunist Partiyasının baş katibinə dəfələrlə müraciət etdim. Bəzilərini buraya gətirdim, göstərdim və dedim ki, artıq biz belə müəssisələrlə yaşaya bilmərik. Nəhayət, 1973-74-cü illərdə mən "ELOU AVT-6" qurğusunun Azərbaycana gətirilməsinə nail oldum.
Xatirimdədir, 1976-cı ilin əvvəlində Keşlədə, - bilmirəm, indi onun adı nədir, - "ELOU AVT-6" qurğusunu tikdik. Bu, birinci idi. O vaxt zavod Vladimir İliç adına idi. İndi "Azərneftyanacaq"dır.
Yadımdadır, ondan sonra orada yüksək keyfiyyətli benzin almaq üçün sovet xəzinəsindən 40 milyon dollar - o vaxtlar dolların qiyməti bundan yüksək idi, - ayırdılar. Orada "Reforminq" qurğusu tikdik. Amma bu, məni qane etmirdi. Çünki burada vəziyyət ağır idi. Amma onları əldə edəndən sonra mən yenə də təzyiq göstərməyə, tələb etməyə başladım. Nəhayət, mən burada "ELOU AVT-6" qurğusunun tikilməsi haqqında Moskvanın qərarını aldım və bunu tikməyə başladıq.
Doğru xatırlayırlar, mən o vaxtlar buraya gəldim, dənizin kənarına qədər getdim təsəvvür edə bilməzsiniz, yer qara, divarlar qara, bütün qurğular qara, burada işləyənlərin də üz-gözü qara rəngdə idi. Deyirlər, indi dənizdə balıq tuturlar. Onda mən dənizə baxdım, qapqara neft idi. Dəhşətə gəldim, bizim insanlar belə şəraitdə işləyir, yaşayırlar. Təbiidir ki, bu cür geridə qalmış texnologiya bizə hər tərəfdən zərər verirdi. Bir tərəfdən məhsulun keyfiyyəti istənilən səviyyədə deyildi, ikinci tərəfdən məhsul baha başa gəlirdi, üçüncü tərəfdən, zəhərli tullantılar təkcə bu sahəni yox, bütün Bakının ekologiyasını zəhərləyirdi. Bilirsiniz, mən buna dözə bilmədim. Ona görə də çalışdım və yeni bir qurğu - "ELOU AVT-6" qurğusunu aldıq, gətirdik, onun inşasına başladıq.
Mənim bacılarım burada xatırladılar ki, 1982-ci ilin yanvar ayında - xatirimdədir, qiş ayı idi, qar da yağırdı, - buraya gəldik sizin bu toplantı kimi bir toplantı keçirdik, zavodu açdıq, lenti kəsdik və beləliklə, burada xırda-xırda təmizlənmə işləri getdi.
Xatirimdədir, o vaxt, 1976-cı ildə mən Azərbaycanın sənayesinin inkişafı üçün Moskvadan böyük bir qərar almağa nail oldum. O sənayenin bütün sahələrini əhatə edirdi. Biz onu müzakirə edəndə mən öz nitqimdə bir neçə söz dedim.
Dedim ki, biz bu proqramı yerinə yetirəndən sonra Azərbaycanda 100 illərdən bəri Qara şəhər adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və bu, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir. Mən bu sözləri 1976-cı ildə demişəm. İndi mən xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, görürsünüz, 24, 25 il bundan öncə mənim qoyduğum səylər, həyata keçirdiyim tədbirlər öz nəticəsini verib və bəyan etdiyim sözlərin hamısı indi həqiqətə çevrilib, bu, günün reallığıdır. Ona görə də sizin bu müəssisə mənim üçün doğmadır. Təkcə sizin müəssisə deyil, Azərbaycanda yüzlərlə belə müəssisə vardır. Onların yaranmasında mən, necə deyərlər, canımı qoymuşam. Onlar mənə doğmadır və onların inkişafını hər dəfə görəndə sevinirəm.
Təəssüflər olsun ki, indi bəziləri əvvəlki səviyyədə işləyə bilmirlər. Bunun obyektiv səbəbləri vardır. Bu, məni narahat edir, incidir. Amma biz onları da mütləq lazımi səviyyəyə qaldıracağıq. Buna arxayın olun.
Biz neft emalı sənayesinə ikinci nəfəs verdik. Neft emalı sənayesini dirçəltmək və dənizdən neft çıxarmanın, ümumiyyətlə, neft və qaz yataqlarının geniş miqyasda işlənilməsi üçün 1994-cü ildə bağlanan ilk müqavilədən sonra Azərbaycanın neft sənayesi müasir səviyyədədir və bundan sonra da inkişaf edəcəkdir.
İndi biz buraya bitum qurğusunun açılışına toplaşmışıq. Burada doğru dedilər, mən o vaxt "ELOU AVT-6" qurğusunun Azərbaycanda tikilməsi barədə qərar verilməsinə nail olandan sonra bizim mütəxəssislər təklif etdilər ki, Bakıda mütləq bitum qurğusu yaradılmalıdır. Çünki burada bitum istehsal olunurdu. Oradakı fotoşəkillərdə bu görünür. "ELOU AVT-6" təbiidir ki, neft emalı üçündür, amma bitum qurğusunun ayrı xüsusiyyəti vardır. Ona görə də mən 1980-ci ildə bitum qurğusunun tikilməsi haqqında yenə də sovet hökumətinin, Moskvanın qərarının əldə edilməsinə nail oldum.
Çox təəssüflər edirəm ki, 1982-ci ilin sonunda Azərbaycandan getdim, sizdən ayrıldım. Doğrudur, beş ildən çox Moskvada işləyəndə yenə də Azərbaycanın bütün işləri ilə məşğul olurdum. Ondan sonra isə mənim həyatım sizə məlumdur. Ağır bir dövr yaşadım. Ancaq 1993-cü ildə siz məni yenə də Azərbaycanın rəhbərliyinə dəvət etdiniz. Gəldim, o vaxt başlanan işləri, yarımçıq qalan işləri indi başa çardırmağa və yeni-yeni işlər görməyə çalışıram.
Son illər burada görülən işlər həqiqətən çox sevindiricidir. Müəssisənin direktoru, çıxış edən veteranlar rəqəmlər misal gətirdilər. Məsələn, 1990-1991-ci illərdə müəssisə nə vəziyyətdə idi? Bu cür gözəl müəssisə zərərlə işləyirdi. Əgər sən bunu xüsusi müəssisə etmək istəsən, bu da mümkün deyildi. Mən dəhşətə gəlirəm. Bu cür müəssisə, bütün sistemlərdə, sovet sistemində də, nə bilim, indi yeni sistemdə də, bazar iqtisadiyyatında da gəlirlə işləyə bilər. Vaxtilə gətirib onun içərisində 150 kiçik müəssisə yaradıblar. Bu, indi burada deyilən həmin oğurluğu qanuniləşdirmək məqsədi daşıyırdı. Burada kiçik müəssisənin nə işi var? Bu, özü böyük müəssisədir və elə bir müəssisədir ki, onun içində kiçik müəssisələr yaratmağa heç bir ehtiyac yoxdur. Kim bunu edibsə, təbiidir ki, öz şəxsi məqsədlərinə nail olmaq üçün edibdir. İndi bunlar hamısı buradan təmizlənib? Yoxdur ki?
Ramiz Mirzəyev ("Azərneftyağ" İstehsalat Birliyinin baş direktoru): Cənab prezident, bəli, təmizlənibdir.
Heydər Əliyev: Görürsünüz, həmin kiçik müəssisələr indi yoxdur. Siz də indi daha yaxşı işləyirsiniz. Siz o dövrü yaşamısınız. Allaha şükür ki, ondan da xilas olmusunuz. Həmin müəssisələrdən mənim bir az xəbərim var idi. Sonralar bunları təhlil edəndə bildim ki, iş nə yerə gedir.
Məsələn, xatirimdədir, biz 1995-1996-cı illərdə özəlləşdirmə proqramını həyata keçirməyə başlayanda bəziləri deyirdilər ki, gəlin, hər şeyi bir ildə özəlləşdirək, nə varsa, hamısını dağıdaq, şəxsi mülkiyyətə verək, onda hər şey yaxşı olacaqdır. Mən isə bunlara yol vermədim. O vaxt bəzi adamlar bu cür müəssisələri, bizim neft sənayesini özəlləşdirmək istəyirdilər. Onlar Azərbaycan xalqının ən böyük sərvətini, bu gün də, 100, 200 il bundan sonra da xalqımıza xidmət göstərəcək və onun sosial inkişafını təmin edəcək neft sənayesini, neft şirkətini özəlləşdirmək istəyirdilər. Başa düşürsünüz? Mən o vaxt bunların qarşısını aldım.
Mən bunu nə üçün deyirəm? Bu cəhdlərin məqsədi o idi ki, demək, bir adam, bir neçə adam murdar fikirlərlə bu zavodu əlinə keçirsin, sonra nə cür istəyirsə istifadə etsin. Mən bu barədə o vaxt da mövqeyimi bildirmişəm və bu gün də deyirəm, hamı bilsin. Çünki bəzi yerlərdə müxtəlif fikirlər gəzir. Neft sənayesi Azərbaycanda özəlləşdirilə bilməz. Neft sənayesi, neft emalı sənayesi dövlətin əlində olmalıdır. Əgər biz respublikamızın bazar iqtisadiyyatına doğru inkişafını tam təmin edə bilsək, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin səviyyəsinə qaldıra bilsək, - buna hələ çox var, - hesab edirəm, gələcək nəsillərə imkan vermək olar ki, bu sahədə də özəlləşdirmə aparsın. Amma indiki dövrdə bunların heç birini şəxsi ələ vermək olmaz. Onu bilin, heç kəsə vermək olmaz.
İndi baxın, bu müəssisə insanlara nə qədər xeyir verir. Burada dedilər, mən də bu rəqəmlərlə tanışam. Orta əmək haqqı 550 min manatdır. Dostum Cahangir Quliyev burada dedi ki, ən az maaş 200 min manatdan artıqdır. Amma bu hələ son hədd deyildir. Burada dedilər, mən də bunu təsdiq edirəm ki, bundan sonra istehsalın keyfiyyəti, məhsuldarlığı artacaqdır, maaşlar qalxacaqdır.
Amma bu müəssisəni bir qrupun ixtiyarına ver, nə cür istəyir, elə də etsin, insanların bir qismini çölə atsın, hər şeyi öz şəxsi məqsədləri üçün etsin. Bu, ola bilməz. Vaxtilə həmin o kiçik müəssisələri yaradanlar buranı özəlləşdirmək fikri ilə yaşamışlar.
Bir şeyi də qeyd etmək istəyirəm ki, müəssisənin kollektivindən və aparıcı qüvvə olan mühəndis-texniki işçilərdən, rəhbərlikdən çox şey asılıdır.
Məsələn, mən bir neçə dəfədir ki, buraya gəlirəm. Mən hər dəfə buraya sizin əldə etdiyiniz hansısa nailiyyətlərlə əlaqədar gəlirəm. Amma biz bu zavoddan əvvəl ilk dəfə 1976-cı ildə "ELOU AVT-6" qurğusunu Keşlədə yaratdıq. Dediyim kimi, sonra orada böyük bir "Reforminq" qurğusu tikdik. Ondan əvvəl orada 3 milyon ton həcmində neft emal etmək imkanına malik olan - bəlkə indi o köhnəlibdir - qurğu var idi. Son illər buradakı inkişafı görürəm. Amma o biri müəssisədə bu inkişafı görmürəm.
Natiq Əliyev (Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti): Cənab prezident, orada hazırda müəyyən işlər görülür.
Heydər Əliyev: Bəs niyə görmürəm? Yox, demək, bu, kollektivdən, kollektivə rəhbərlik edənlərdən asılıdır. Əgər orada bir nailiyyət olsaydı, siz çoxdan məni oraya aparmışdınız. Ona görə də hesab edirəm, bizim kimi adamların - ölkəyə, xalqa rəhbərlik edən adamların borcu, vəzifəsi ondan ibarətdir ki, qursun, yaratsın, gələcək işlərin əsasını qoysun. Amma siz insanların, mütəxəssislərin, fəhlələrin, müxtəlif sahələrdə işləyən adamların da borcu ondan ibarətdir ki, müəssisəni, texnikanı, texnologiyanı səmərəli işlətsinlər və istehsalı artırsınlar. Mən öz borcumu yerinə yetirmişəm. Siz də öz borcunuzu yerinə yetirirsiniz. Buna nümunə həmin bu bitum qurğusudur.
Mən dedim, vaxtilə sovet hökumətinin bu barədə qərarını aldıq. İşlər bir az başladı, amma sonra yatdı. Gərək ki, bitum qurğusu son iki-üç il ərzində quraşdırılıbdır. Elədirmi?
Artur Rasizadə (Azərbaycanın baş naziri): Cənab prezident, bəli, elədir. Bu işə 1997-ci ildən başlanıbdır.
Heydər Əliyev: Burada iş 1997-ci ildən başlayıbdır. Təbiidir ki, bu da bizə çox lazımdır. Burada ildə 250 min ton bitum, özü də tam müasir texnologiya əsasında, yüksək keyfiyyətdə istehsal olunacaqdır. Bu, bizə lazımdır. Bu, inşaat işləri, yollar çəkilməsi və s. üçün lazımdır. Ancaq mənə verilən məlumatlara görə, 250 min ton bitumun - Azərbaycanın tələbatı təxminən 60-70 min tondur - qalanı başqa ölkələrə ixrac olunacaqdır. Demək, biz oradan respublikamıza valyuta keçirəcəyik. Bu qurğu vasitəsilə Azərbaycanın tələbatını ödəyəcəyik.
Əgər səhv etmirəmsə, Azərbaycana keyfiyyətli bitum indi xaricdən gətirilir.
Artur Rasizadə: Bəli, cənab prezident. İtaliyadan gətirilir.
Heydər Əliyev: Təsəvvür edin, İtaliyadan bura bitum gəlir. Amma indi bizim yüksək keyfiyyətli bitum məhsulumuz olacaqdır. Əlbəttə, bundan Azərbaycanın sənayesinin inkişafında, yenə də deyirəm, həm inşaatda, həm başqa sahələrdə istifadə olunacaqdır. Bu qurğunun istifadəyə verilməsi müəssisənin həyatında yeni bir əlamətdar hadisədir. Buna görə də mənə gəlib bitum qurğusuna baxmaq təklif olunanda, - doğrudur, mənim işim çoxdur, bu gün də olduqca çox işim var, - bundan imtina etmədim. Mən məmnuniyyətlə buraya gəldim. Çünki birincisi, mən bunun əsasını hələ 1980-ci ildə qoymuşam. İkincisi də bu, Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafının yeni bir nümunəsidir.
Burada veteranlar çıxış etdilər. İndi Azərbaycanda aşkarlıqdır, demokratiyadır. Kim nə istəyir, onu edir. Kim istəyir, bildiyini də, bilmədiyini də deyir. Amma təəssüflər olsun ki, ümumiyyətlə, sənayedən, iqtisadiyyatdan xəbəri olmayan adamlar vəziyyəti özləri bildiyi kimi təhlil edirlər. Təhlil də ondan ibarətdir ki, guya hər şey dağılıb, hər şey batıb, hər şey pozulubdur. Guya biz dağıtmışıq, indi kimsə gəlib quracaqdır.
Bilirsiniz, biz qurmuşuq. Onu da deyirəm ki, şəxsən mənimlə bərabər Azərbaycan xalqı bu böyük potensialını 1970-ci ildən başlayaraq qurub, yaradıbdır. Amma 1990-cı ildən bu dağıdılıbdır. Dağıdanlar da məlumdur. Biz 1993-cü ildən bu dağıntının qarşısını almışıq, 1995-ci ildən inkişafa başlamışıq və 2000-ci ildə belə nəticələr əldə edirik. İndi kim qurur, kim dağıdır? Bu, göz qabağındadır. Bunu kim qura bilər? Xalq bunu bilir, siz bilirsiniz. Amma belə şeyləri qurmağı heç yuxuda da görməyən, nə bilim, heç kitabda da oxumayan adamlar indi iddia edirlər ki, onlar gəlib dağıdılanların hamısını quracaqlar. Bu, onların öz işidir. Necə deyərlər, "... karvan keçər". Kim nə deyir, onu da desin. Azərbaycanın karvanı gedir və gedəcəkdir.
Mən çox şadam ki, sizinlə görüşürəm. Hamınız xoş əhval-ruhiyyədəsiniz. Allah da bilir ki, bu gün yaxşı gündür. Ona görə bizə belə yaxşı bir hava bəxş edibdir. Çox şadam ki, vaxtilə burada gördüyüm adamlarla yenidən görüşürəm. Əlbəttə, mənim üçün çox gözəl, böyük bir sürprizdir.
Bu bacım vaxtilə çəkilmiş bir şəkli mənə göstərdi. Mən 1982-ci ilin yanvarında buraya gələndə o, mənə gül veribdir. İndi də, 18 ildən sonra o, yenə də mənə gül verir. Yəqin ki, 20 ildən sonra o, yenə mənə gül verəcəkdir.
Yaxud da bu bacım. Yenə də deyirəm, bu şəkli ki, sən evində saxlayırsan, böyük xatirə hesab edirsən, bu, mənim üçün çox qiymətlidir. Mən bilirəm ki, belə xatirələr Azərbaycan xalqının, vətəndaşlarının evlərində çoxdur. Çünki biz çox işlər görmüşük və o görülən işlərdən xatirələr heç vaxt unudulmaz. Bizim bu gün gördüyümüz işlər də unudulmayacaqdır. İnanıram ki, bir çox illərdən sonra yenə də hamımız burada toplaşacağıq və yeni-yeni qurğuların açılmasında iştirak edəcəyik.
Mən sizi bir də təbrik edirəm. Hamınıza cansağlığı arzu edirəm. İndi buradan sonra gedib yeni tikilən evlərə baxacağıq. Həqiqətən, baxın, Azərbaycanda indi mənzil inşası, yəni yaşayış evlərinin inşası əvvəlki kimi deyildir.
Mən dünən Əhmədli qəsəbəsində uşaqlar üçün "Sos Kinderdorf İnternəşnl" Təşkilatının tikdiyi şəhərciyə baxdım, onun açılış mərasimində iştirak etdim. Buradan gəlib gedərkən bu yerlərə baxdım. Dedim, Allah, mən burada 20-30 il bundan öncə də olmuşam. İndi necə gözəlləşibdir! Buradan dönüb Əhmədliyə gedəndə nə düşündüm? Axı, orada heç bir şey yox idi. Oralar boş çöl idi. Biz 70-ci illərdən oralarda inşaat aparmağa başladıq. İndi orada nə qədər böyük evlər var, nə qədər insan yaşayır! Onları biz etmişik, biz qurmuşuq, biz yaratmışıq.
Yadımdadır, Əhmədli qəsəbəsində biz ilk evləri tikəndə çoxları deyirdi ki, ora uzaqdır, oraya gedən olmayacaqdır. İndi orada böyük bir şəhər yaranıbdır. Əhmədliyə qədər metro çəkdik. Mənim o da xatirimdədir ki, biz əvvəlcə metronu mərkəzdən 8-ci kilometr qəsəbəsinə çəkdik. Oradan - "Neftçilər" stansiyasından Əhmədliyə qədər davam etdi. Mən bu işlə gecə-gündüz məşğul olmuşam. Hətta Moskvada işləyərkən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən metro işini aparan nazirliyə rəhbərlik edirdim. Bir çoxuna rəhbərlik edirdim, ona da. O vaxtlar Şərifov da o nazirliyin tərkibində idi. Orada ildə bir dəfə geniş kollegiya keçirilirdi. O kollegiyaya gəlirdim. Oraya SSRİ-nin hər yerindən trestlərin rəhbərləri gəlirdi.
Yadımdadır, metro tikintisinin başçısı Əbdülrəhimov var idi. Şərifov, xatirindədir?
Abid Şərifov (baş nazirin müavini): Bəli, cənab prezident!
Heydər Əliyev: Beş yüz, altı yüz, səkkiz yüz adamın içərisindən onu qaldırdım. Nazir də oturub, başqa adamlar da oturublar. Deyin görüm, metroda işlər necədir, nə problemin var, burada həll edəcəyəm. Həll edirdim, nazirə göstəriş verirdim. Beləliklə, biz metronu tikdik, inkişaf etdirdik. Yəni bunları saymaqla qurtarmaq olmaz. Biz bu işləri görmüşük və bundan sonra da görəcəyik. İndi burada sizin belə bir şəraitdə yaşayış binaları tikməyiniz və işçilərinizi bu binalarla təmin etməyiniz gözəl bir hadisədir. Mən sizi bu münasibətlə də təbrik edirəm.
Sizə bir daha cansağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm və yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
"Azərbaycan" qəzeti, 4 noyabr 2000-ci il.