Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin "Aksoy Holdinq" səhmdar şirkəti idarə heyətinin sədri, İstanbuldakı "Konqad"otelinin sahibi Ərdal Aksoy ilə görüşündən - Prezident sarayı, 5 avqust 2002-ci il


Qonağı səmimiyyətlə salamlayan Azərbaycan prezidenti Heydər Əliyev İstanbulda onunla görüşünü xatırladı.

Səmimi qəbula görə prezident Heydər Əliyevə dərin minnətdarlığını bildirən cənab Ərdal Aksoy əvvəllər də Bakıya gəldiyini, çox gözəl şəhərimizlə tanış olduğunu, lakin dövlətimizin başçısını narahat etməmək üçün onunla görüşmədiyini söylədi.

Prezident Heydər Əliyev dedi ki, son günlər Türkiyə parlamenti çox işlər gördü. 16 saat toplantı olubdur, Avropa Birliyi ilə əlaqədar olan qərarların hamısı qəbul edilibdir. Eyni zamanda, noyabrın 3-də erkən seçki keçirəcəksiniz. Bu, ölkəniz üçün xeyirli olsun. Elə olsun ki, bu seçkidən sonra qurulmuş hökumət daha güclü olsun. Bu qərarlarınız Türkiyə üçün həqiqətən çox lazımlı idi. Amma bunu neçə vaxtdır qəbul etmək mümkün olmurdu. Parlamentdə qəbul edilmiş qərarların çox əhəmiyyətli olduğunu bildirən qonaq vurğuladı ki, əhalinin 80 faizi Avropa ilə işbirliyi qurmaq istəyir. Ümumiyyətlə, bu işlərin nə olduğunu əhaliyə anlatmaq lazım idi. Keçən həftə bizim üçün tarixi bir həftə oldu. Azərbaycan prezidenti bu münasibətlə qonağı təbrik edərək dedi ki, mən istərdim siz Azərbaycanla daha yaxın əlaqələr qurasınız, əgər burada bir iş görmək istəsəniz, görə bilərsiniz.

Biz Bakı–Tbilisi–Ceyhan boru xəttinin maliyyələşdirmə məsələsini artıq həll etdik. Bu çox böyük məsələ idi. 2 milyard 900 milyon dolların bir hissəsini Türkiyə öz üzərinə götürür. Amma böyük bir hissəsini də Azərbaycan üzərinə götürür. Azərbaycan Dövlət Neft Şirkəti layihənin 25 faizini maliyyələşdirir. Bir həftə bundan öncə mən Fərman imzaladım. İndi biz hazırlaşırıq ki, bu təməl daşı qoymağın gününü müəyyən edək və Bakı–Ceyhanın inşası başlasın. Ərdal Aksoy dövlətimizin başçısına müraciətlə vurğuladı ki, Siz olmasaydınız, bu layihə baş tutmazdı. İnanın, bu, Türkiyə üçün tarixi bir layihədir. Azərbaycan və Türkiyə qardaşdır, amma bu layihədə Sizin yeriniz tamamilə başqadır. Bu layihə Sizin sayənizdə gerçəkləşdi. İnşallah, bundan sonra qaz kəməri də çəkiləcəkdir. Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycanda neft layihələri uğurla həyata keçirilir. Biz nefti çıxarıb burada saxlamayacağıq, onu satmaq üçün dünya bazarı lazımdır. Boru kəməri çəkmək üçün yollar çoxdur. Amma mən 1994-cü ildə qərar qəbul etmişəm ki, bu ancaq Bakı–Tbilisi–Ceyhan olacaq və bunun üzərində də 8 ildir çalışıram. Çoxları buna inanmırdı. Hətta bəziləri indi də inanmır ki, bəlkə bu, baş tutmayacaqdır. Maliyyə məsələlərində bizim problemlərimiz var idi. Amma yolunu tapdıq, onu da həll etdik. Bu, Türkiyə üçün, Gürcüstan üçün, təbiidir, Azərbaycan üçün tarixi bir hadisədir və əsrlər boyu yaşayan bir şeydir. Bu bizim ölkələri bir-birinə daha da sıx bağlayır.

Ərdal Aksoy dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, bütün türk milləti Sizə minnətdardır. Bu həm siyasi, həm də iqtisadi baxımdan tarixi bir layihədir və inşallah, Sizin sayənizdə tam həyata keçiriləcəkdir.