Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" 1994-cü il 15 iyun tarixli fərmanın yerinə yetirilməsi gedişinə həsr olunmuş müşavirədə giriş sözü - 29 avqust 1994-cü il


Bildiyiniz kimi, son vaxtlar biz respublika iqtisadiyyatının müxtəlif məsələləri - maliyyə, istehsal məsələləri ilə mütəmadi məşğul oluruq. Avqustun 11-də və 18-də iqtisadiyyata həsr olunmuş geniş müşavirələr keçirilmişdir. İlk müşavirədə sənayenin, tikintinin, sosial sahənin vəziyyəti müzakirə olunmuşdur. Avqustun 18-də kənd təsərrüfatı və aqrar-sənaye kompleksinin vəziyyəti müzakirə edilib, bu sahədə lazımi tədbirlər görülməsi üçün göstərişlər verilib və yerlərdə müəyyən işlər aparılır. Ancaq respublikamızın iqtisadiyyatı daim diqqət tələb edir. Ona görə də bu məsələlərlə biz ardıcıl surətdə məşğul oluruq və məşğul olmalıyıq.

Bildiyiniz kimi, iyunun 15-də respublika iqtisadiyyatına aid olan böyük və ciddi bir fərman verilibdir. Çox böyük əhəmiyyət kəsb edən bu fərman əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqındadır. Bir çox müzakirələr, tədqiqatlar, fikir mübadiləsi nəticəsində meydana gəlmiş həmin fərmanda görüləcək işlər haqqında konkret müddəalar var.

Biz bu sənədi birlikdə müzakirə edib, məsləhətləşdikdən sonra qəbul etmişik və onun həyata keçirilməsi yollarını müəyyənləşdirmişik. Fərmanı qəbul edərkən belə fikirdəydik, mən indi də belə fikirdəyəm ki, bu fərmanın həyata keçirilməsi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını müəyyən qədər təmin edə biləcək və iqtisadiyyatın güclənməsi, xüsusən respublikanın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün lazımi dəyişikliklər əmələ gətirəcəkdir.

Bugünkü müşavirə də həmin fərmanın həyata keçirilməsi ilə əlaqədardır. Fərmanın qəbul olunmasından artıq iki ay yarım vaxt keçib. Ona görə də mən bu gün sizi buraya dəvət etmişəm. İstəyirəm bilək ki, fərman necə həyata keçirilir, hansı nəticələr əldə etmişik, nəyə nail ola bilmişik və nə yerinə yetirilməyib, nə üçün yerinə yetirilməyib, səbəbləri nədir və nə etmək lazımdır.

Şübhəsiz ki, iqtisadiyyat sahəsində tədbirlər də görməliyik, sənədlər də qəbul etməliyik. Ancaq bəzi sənədlər üzunmüddətli proqram xarakteri daşıyır, bəziləri isə cari məsələlərin həll olunması ilə əlaqədardır. İyunun 15-də verilmiş fərman müəyyən bir mərhələdə, üzun bir müddətdə iqtisadiyyatımızın dirçəldilməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təminat yaradan bir fərmandır. Əgər onu həyata keçirə bilsəydik, mənə elə gəlir ki, daha da çox nailiyyətlər əldə etmiş olardıq. Buna görə də məlumat almaq, məsələni müzakirə etmək üçün sizi buraya dəvət etmişəm. Mən istərdim ki, bizim hər birimiz - hərəmiz öz sahəmizdə bütün məsələlərə, eyni zamanda respublika həyatının hər sahəsində, o cümlədən iqtisadiyyatda olan vəziyyətə çox ciddi, məsuliyyətlə yanaşaq. Müzakirə edilən məsələ ilə əlaqədar baş nazirin muavini, iqtisadiyyat naziri Səməd Sadıqov məlumat versin. Sonra maliyyə nazirinin məlumatını dinləyək. Fərmanda Nazirlər Kabinetinə, iqtisadiyyat, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə, başqa nazirliklərə, Milli Banka taşpırıqlar verilib. İstərdim öyrənək ki, bu tapşırıqlar və ümumiyyətlə, fərman necə həyata keçirilir. Həm də aydınlaşdıraq, - indiki mərhələdə nə etmək lazımdır ki, bizim strateji məqsədimiz, yəni əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi təmin olunsun. Məqsəd bundan ibarətdir.

Yekun sözü

Mən müşavirənin əvvəlində dedim: bu məsələni müzakirəyə çıxarmaqda məqsəd respublika əhalisinin sosial vəziyyəti və iqtisadiyyatımız üçün çox böyük əhəmiyyəti olan fərmanın necə həyata keçirildiyinə baxmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həm də iqtisadiyyatımızın maliyyə vəziyyətinin sabitləşdirilməsi bu fərmanın bütünlukdə həyata keçirilməsindən çox asılıdır. Bu nöqteyi-nəzərdən fərman üzunmüddətli, çox geniş əhatəli bir sənəddir. Bu fərmanın bütün müddəalarını, bəndlərini iki ay yarım ərzində yerinə yetirmiş olsaydıq, şübhəsiz ki, daha yaxşı nailiyyətlər əldə edə bilərdik. Məhz həmin fərmanın yerinə yetirilməsində buraxılmış səhvləri nəzərə alaraq və nəzər-diqqəti onun həyata keçirilməsinə bir daha cəlb etmək üçün bugünkü müzakirəni açmağı məqsədə müvafiq bildik. Müzakirə göstərir ki, doğrudan da buna ehtiyac vardır. Bizim bugünkü bir necə saatlıq müzakirəmiz, fikir mübadiləmiz hazırkı və gələcək işlərimiz üçün də çox lazımlıdır, gərəklidir.

Fərman əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsinə yönəldilib. Bizim üçün mühüm olan bu iki vəzifəni yerinə yetirə bilsək, respublikamızın vəziyyətini xeyli yaxşılaşdıra bilərik. Qeyd etmək lazımdır ki, fərmanın bir çox bəndləri, müddəaları artıq həyata keçirilibdir. Elə bəndlər var ki, onlar dərhal yerinə yetirilib. Məsələn, minimum əmək haqqının qaldırılması, yaxud da əhalinin azmaaşlı təbəqələrinə kompensasiyalar verilməsi, pensiyaların artırılması, məktəblilərə əlavə vəsait verilməsi - bu tədbirlərin hamısı dərhal yerinə yetirilib. Enerji daşıyıcılarının, çörək məhsullarının qiymətləri o vaxt artırılıb.

Fərmanın bəzi maddələri isə sonrakı dövrlərdə həyata keçirilib. Ancaq fərmanın bir çox maddələri yerinə yetirilməyib, ona görə də, ola bilər ki, biz istənilən nəticələri əldə edə bilməmişik. Mən heç də o fikirdə deyiləm ki, bu tədbirlərin hamısını yerinə yetirsəydik, çox böyük dəyişikliklər əldə etmiş olardıq. Xeyr. Ancaq bu, bizim üçün yeni bir mərhələ, yeni dəyişikliklər əldə etməyimiz üçün əsas olardı. Burada bir sıra nazirlər çıxış edərkən bəzi məsələlər haqqında, yəni bəzi bəndlərin yerinə yetirilməməsinə obyektiv səbəb olmaması haqqında öz sözlərini dedilər. Bunları təkrar etmək istəmirəm. Hesab edirəm ki, Nazirlər Kabineti də, nazirlər də, yerli hakimiyyət orqanları da və bu fərmanın yerinə yetirilməsi ilə məşğul olmalı olan idarələrin, təşkilatların hamısı bu işləri görməli idilər. Təəssüf ki, bunların bir qismi görülub, amma çox qismi də görülməyib. Görülməmiş həmin işlərin o qədər də böyük obyektiv səbəbləri yoxdur. Sadəcə olaraq vaxt itirilib, süründürməçiliyə yol verilib. Bununla da biz çox şey itirmişik.

Məsələn, bir maddə uzərində mən yenə də dayanmaq istəyirəm. Bu, çox mühüm məsələdir. Biz o vaxt - fərman qəbul edilərkən iki ay fikir mübadiləsi apardıq ki, enerji daşıyıcılarının, çörəyin qiymətləri, minimum əmək haqqı artırılsın, ya artırılmasın.

Nəhayət, bu fərmanda öz əksini tapmış müddəalara, qərarlara gəlib catdıq. Ancaq eyni zamanda o vaxt hamımız həmfikir olduq ki, bu bizim birinci addımımızdır, gələcək işlərimizə istiqamət verir. Belə qərara gəldik ki, bu məsələləri tədricən həll etmək onların əziyyətsiz həll olunmasına və iqisadiyyatın dirçəldilməsinə kömək edəcəkdir. Budur, iki ay yarım vaxt keçib, biz indi fikirləşirik ki, enerji daşıyıcılarının qiymətini nə qədər qaldıraq. Biri bir rəqəm, o birisi başqa bir rəqəm deyir. Əlbəttə, yaxın vaxtlarda etmək istədiyimiz rəqəm əvvəlkinə nisbətən çox böyük olacaq. Ancaq bu fərmanda deyildiyi kimi, əgər Nazirlər Kabineti tədricən - məsələn, bir ay keçəndən sonra bu qiymətləri bir az qaldırmış olsaydı, yaxud tənzimləsəydi, onda biz belə bir vəziyyətlə qarşılaşmazdıq. Fərmanın bir sıra müddəalarının vaxtında həyata keçirilməməsi ümumi işimizə, şübhəsiz ki, çox zərər vurur.

Götürək tikinti sahəsini. Biz burada qəti qərara gəlmişik: o tikintilərin ki, perspektivi yoxdur, onlar dayandırılsın. Tikilməli olan və bütün vəsaitimizi oraya səfərbər etməli, cəmləməli olduğumuz obyektləri də müəyyən etmişdik. İndi bu siyahı nə üçün genişləndirilməlidir? Axı bu siyahının genişləndirilməsi üçün bizim sadəcə olaraq maliyyə vəsaitimiz, imkanımız yoxdur. İmkanımız varsa, şübhəsiz ki, gəlin genişləndirək. Tikinti aparmaq respublikamızın inkişafı üçün həmişə lazımlı işdir. Ancaq indi biz elə bir vəziyyətdə yaşayırıq ki, gərək ayağımızı yorğanımıza görə uzadaq. Qədimdən qalan bu xalq məsəli bugünkü vəziyyətimiz üçün çox əhəmiyyətlidir.

Biz o vaxt bu məsələni ölçüb-biçdik: yaşayış binalarının tikintisi davam etdirilməlidir, çox vacib sosial obyektlər - vəsait qoyaraq tikib qurtaracağımız, bundan əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün səmərə götürəcəyimiz obyektlər tikilməlidir. Ancaq indi zavod, fabrik, yaxud digər istehsal müəssisələri tikmək lazımdırmı? Bizim mövcud fabriklərimizin, zavodlarımızın bir çoxu hazırda istehsal gücunun 20 faizi, bəziləri 30, digərləri 10 faizi həcmində işləyir, bunların hamısı boş qalıb. Belə olan halda yeni tikintilərin əhəmiyyəti varmı? Şübhəsiz ki, yoxdur. Biz bu məsələləri fərman qəbul olunanadək müzakirə etmişdik. Bunlar fərmanda qəti əksini tapıb. Bundan sonra yeni bir prosesə başlamaq sadəcə olaraq işi pozmaqdır və lazım deyildir.

Çıxış edənlərdən biri tamamilə doğru olaraq dövlət strukturlarının təkmilləşdirilməsi və ixtisar olunması məsələsinə toxundu. Burada deyildi ki, bu sahəyə ümumiyyətlə, 15 milyard manat vəsait sərf olunur. Bu, təkcə o demək deyil ki, biz onları ixtisar edəndə orada 3-4 milyard manat xərc azaldılacaq, həmin vəsait büdcəmizdə qalacaq. Şişmiş dövlət strukturları ümumi işimizə xeyir vermək əvəzinə, zərər gətirir, başdan-ayağa süründürməçilik yaradır. İndicə burada dedilər ki, hazırda ştatlar on il bundan əvvəlkinə nisbətən bir necə dəfə artıb. Axı bu, nəyə lazımdır, nədən ötrü lazımdır?

İndi biz bazar iqtisadiyyatına keçirik. İqtisadiyyatın çox sahələri sərbəstləşdirilibdir. Zavodlara, fabriklərə çox böyük səlahiyyətlər, sərbəstlik verilib. Belə olan halda bu ilarəetmə orqanları daha da məhdudlaşdırılmalıdır. Çünki əvvəlki vaxt deyil ki, hər mismar, düymə və sair alınması Moskvadan, mərkəzdən planlaşdırılsın: nə qədər olmalıdır, qiyməti nə qədərdir - bunlar hamısı Sovetlər İttifaqının Plan Komitəsində müəyyənləşdirilirdi, yuxarıdan aşağıyadək orqanlar lazım idi ki, bunu hesablasın. İndi həmin dövr deyil.

Hazırda, son illər ərzində bizim iqtisadiyyatımızda sərbəstləşmə başlayıb və bu proses indi də gedir. Belə olan halda idarəetmə orqanları şişməməli, əksinə, ixtisar olunmalıdır; genişləndirilməməli, əksinə, daha da sıxlaşdırılmalıdır. Fərmanın bu və digər icra olunmamış müddəaları, şübhəsiz ki, çox əhəmiyyətlidir. O cümlədən, götürək, qiymətli kağızların buraxılması məsələsini. Bu qiymətli kağızlar respublika daxilində maliyyə vəziyyətinin yaxşılaşdılrılmasına müəyyən qədər kömək edərdi. Amma bu elə bir şey deyildir ki, onu iki ay yarım ləngidəsən. Bu məsələni həll etmək, qiymətli kağızları buraxmaq olardı.

Mən tələb edirəm ki, Nazirlər Kabineti, nazirlər - xüsusən iqtisadiyyat, maliyyə nazirləri və bu sahə ilə məşğul olan digər nazirlər, banklar, xüsusən Milli Bank fərmanın müddəalarının yerinə yetirilməsi üçün təcili, konkret tədbirlər görsünlər, yerinə yetirilməmiş tədbirləri qısa müddətdə həyata keçirək və onların nəticəsini əldə edək. Şübhəsiz, vaxt keçdiyinə görə bəzi maddələrin yerinə yetirilməsində müəyyən əlavələr, yeniliklər də ola bilər. Çünki bu fərman iki ay yarım bundan əvvəl qəbul edilib. Ancaq bunların hamısı barədə məsləhətləşmək və birgə hərəkət etmək lazımdır.

Burada neft sənayesi haqqında danışıq getdi, Dövlət Neft Şirkətinin vitse-prezidenti çıxış etdi. Avqustun 26-da mən neftcilərlə görüşmüşəm, onların vəziyyəti ilə ciddi məşğul olduğumuz haqqında bəyanatlar vermişəm. Bildirmişəm ki, bu məsələlərlə bundan sonra da məşğul olacağıq. Bu sahə ilə biz ciddi məşğul olmalıyıq.

Bunun üçün Neft Şirkətinin bütün təkliflərinə iqtisadiyyat, maliyyə nazirliklərində ciddi baxmaq lazımdır. Nazirlər Kabineti də bu məsələyə baxmalıdır. Hesab edirəm ki, bu məsələni gecikdirmək olmaz. Xahiş edirəm, yaxın üç-dörd gündə baxıb təkliflər hazırlayasınız. Mənim yanımda yığışıb Dövlət Neft Şirkətinin vəziyyəti və ümumiyyətlə, istehsal, qiymət məsələləri, neftçilərin maddi vəziyyəti və digər məsələləri bir yerdə hazırlayıb baxaq. Bir qərar qəbul edək ki, bununla da bütün məsələlər həll edilsin. Ola bilsin, bunun üçün fərman vermək lazım gələcək və biz elə etməliyik ki, o fərmanda da bütün məsələlər öz əksini tapsın.

Mən indi demək istəmirəm ki, enerji daşıyıcılarının qiymətini nə qədər, necə dəfə qaldırmaq lazımdır. Bunu gərək oturaq, məsləhətləşək. Söz yox ki, bu qiymətlər qaldırılmalıdır. Amma bunu uzatmaq da olmaz. Yenə də deyirəm, əgər fərmandan bir ay sonra bu qiymətlər bir dəfə qaldırılsaydı, ondan bir ay sonra bir dəfə də qaldırılsaydı, bu məsələnin həlli bir qədər asan olardı. Amma indi vaxt keçib. Vaxt keçdiyinə görə gərək bu məsələyə çox ciddi baxaq. Xahiş edirəm bu məsələ gecikməsin. Üç-dörd gün içərisində kompleks şəkildə həm istehsalın artırılması, həm istehsal sahəsində birinci dərəcəli hansı işlərin görülməsi, həm neftcilərin maddi vəziyyəti, həm də şübhəsiz ki, onların qarşısında qoyulan vəzifələrin - neft, qazçıxarılması haqqında vəzifələrin yerinə yetirilməsi üçün nə etmək lazımdır - bunların hamısını biz ödəməliyik və tələb etməliyik ki, ilin qalan hissəsində onlar daha gərgin, daha səmərəli işləsinlər.

Bildiyiniz kimi, biz avqustun 11-də və 18-də keçirilən müşavirələrdə bütünlükdə iqtisadiyyat barəsində geniş danışmışıq. Lakin bu gün də iqtisadiyyat məsələləri müzakirə olunduğu üçün bir daha qeyd etmək istəyirəm ki, mövcud istehsal fondlarımızdan, istehsal potensialımızdan gərək daha səmərəli istifadə edək. Bunu müvafiq nazirliklərin, dövlət komitələrinin, şirkətlərin, birliklərin, firmaların, müəssisələrin rəhbərlərindən tələb edirik.

Hamıya tam aydındır və mənim də qəti fikrim belədir ki, həm sənayedə, həm də kənd təsərrüfatında istifadə edilməyən imkanlar var. Heç kim oturub gözləməməlidir ki, ona yuxarıdan nə verəcəklər. İndi ceviklik, təşəbbüskarlıq, işguzarlıq bu sahələrdə calışan rəhbər işçilərin əsas keyfiyyətləri olmalıdır. Bunsuz işimiz irəli getməyəcək. İşgüzar, təşəbbüskar müəssisə rəhbərləri öz aralarında, başqa ölkələrlə, o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə əlaqələr yaradır, müxtəlif yollar axtarırlar. Nəticədə həmin müəssisələrin fəaliyyəti dayanmır, adamlar işləyir, əmək haqqı alırlar. Bu barədə söhbətlərimiz olub və bu gün mən həmin tələbi bir də irəli sururəm. Hesab edirəm ki, nazirliklər, dövlət komitələri, şirkətlər, müəssisələr bu işlə ciddi məşğul olacaqlar.

Burada iqtisadi islahatlar haqqında da söhbət getdi. İslahatlar aparılmalıdır, biz bu məsələdə gecikmişik. Lakin hər bir islahat keçirmək üçün konkret proqramımız olmalıdır. Belə proqramları Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, ayrı-ayrı mütəxəssislər verməlidirlər. Məsələn, çıxış edənlər dedi, biz də çoxdan bu fikirdəyik ki, ticarət və xidmət sahəsində kiçik obyektləri özəlləşdirmək lazımdır. Bunun zəruriliyini sübut etməyə ehtiyac yoxdur. Yaxud, yarımçıq qalmış tikintiləri götürək. Onları dərhal özəlləşdirməliyik. Çünki biz onları yaxın üç-beş ildə, bəzilərini isə bəlkə on ildən sonra da tikib başa catdıra bilməyəcəyik. Lakin özəl bolmə, ola bilsin, xarici investisiyalar da cəlb edərək həmin obyektləri tikib istifadəyə verəcək və nəticədə yeni istehsal sahələri işə düşəcəkdir.

Bununla yanaşı, geniş miqyasda iqtisadi islahat aparılmalıdır. Vahid Axundov burada dedi ki, Beynəlxalq Valyuta Fondunun numayəndələri Azərbaycana gəlmişlər. Bir müddət əvvəl də həmin fondun nümayəndəsi Bakıda olmuş, müxtəlif səviyyələrdə görüşlər keçirmiş və mən də onu qəbul etmişdim. Bizim ətraflı söhbətimiz olmuş və o, Beynəlxalq Valyuta Fondunun respublikamıza hansı şərtlərlə yardım edəcəyini açıq-aydın bildirmişdir.

Əsas şərtlərdən biri də iqtisadi islahatın həyata keçirilməsi idi. Bunsuz Beynəlxalq Valyuta Fondu Azərbaycana yardım etməyəcək və özünün digər beynəlxalq maliyyə mənbələrindən vəsaitin səfərbər olunub Azərbaycana yönəldilməsinə səy göstərməyəcəkdir. İqtisadi islahat sahəsində biz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin hamısından geri qalırıq. Lakin bunu sürətləndirmək üçün imkanlarımız var və onlardan istifadə etməliyik.

İqtisadi islahat ölkəmizdə mülkiyyətin formalarını dünya praktikasına uyğun olaraq inkişaf etdirmək üçün lazımdır. Mənə elə gəlir ki, fərmanda kredit haqqında verilən göstərişlər tamamilə doğrudur. Bununla yanaşı, kreditlərin verilməsi tam qadağan edilməmişdir. Söhbət onların necə və nə üçün verilməsindən gedir. Məsələn, burada dedilər ki, 200 milyard manat məbləğində kredit verilmiş, lakin heç bir nəticəsi olmamışdır.

Kənd təsərrüfatı naziri pambığın yığılması ilə əlaqədar təklif verdi. Hesab edirəm ki, bu məsələ təcili həll olunmalıdır. Bu məsələni üç-dörd gün müddətində Prezident Aparatında, Nazirlər Kabinetində nəzərdən keçirib kənd təsərrüfatı məhsullarının, ilk növbədə pambığın, habelə üzümün, tütünün yığılması, taxlçılıqda əlavə işlər görülməsi üçün nə lazımdırsa, edilməlidir. Əgər bundan ötrü 10 milyard manat kredit verəcəyiksə və bunun nəticəsi olacaqsa, biz buna getməliyik. Ancaq mən istərdim ki, bu məsələni kompleks şəkildə həll edək.

Burada Fatma Abdullazadə qeyd etdi və əvvəllər mən də demişdim ki, pambıq yığımı ilə əlaqədar bizim nə qədər imkanlarımız var. Vaxtilə pambığ yığmaq üçün Bakıdan tələbələri göndərirdik, kəndlərdə məktəbləri bağlayırdılar. İndi nə qədər qaçqın var, onların hamısı əməksevər adamlardır. Bu adamlar işləmək istəyirlər. Əgər pambıq yığaraq həftədə bir dəfə əmək haqqını alacaqlarsa, bu onlardan ötrü böyük maddi köməkdir. Bir də təkrar edirəm, biz bu məsələyə təcili baxmalıyıq, əgər lazım gələrsə, bu barədə xüsusi fərman və ya sərəncam hazırlayıb təqdim edin.

Burada Muslum İmanov elektrik enerjisi ilə bağlı məsələlər haqqında çıxış etdi. Zənnimcə, bu məsələ də xüsusi olaraq nəzərdən keçirilməlidir və tapşırıram ki, Nazirlər Kabineti bununla məşğul olsun. Həm qışa hazırlıqla bağlı məsələlər, həm də ümumiyyətlə, enerjidən istifadə və onun qiymətlərinin tənzimlənməsi məsələləri müzakirə edilməlidir. Həqiqətən də, elektrik enerjisindən istifadə qiymətlərini dünya səviyyəsinə çatdırmalıyıq. Digər tərəfdən, enerji itkisinin qarşısını almalıyıq. Biz bu enerjini çətinliklə istehsal edirik. Zaqafqaziya regionunu götürsək, indi Gürcüstanda əhali, demək olar, elektrik enerjisi olmadan yaşayır. Ermənistan da bu sahədə dərin böhran keçirir. Bizdə isə belə vəziyyət yoxdur. Son illər bu cür böhranı yalnız Naxçıvan Muxtar Respublikası hiss etmişdir. Mən dəfələrlə demişəm və yenə təkrar edirəm ki, xususilə enerji, yanacaq böhranı son illər orada camaatın yaşayışında böyük çətinliklər yaratmışdır.

Biz qənaət məsələsinə ciddi yanaşmırıq. Ümumiyyətlə bu, təkcə indi belə deyil. Xatirimdədir, mən Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən bir neçə sahəyə rəhbərlik edirdim. O zaman çoxlu daş kömür, ildə 620 milyon ton neft çıxarılırdı. Hətta enerji mənbələrinin belə bolluğu dövründə də biz elektrik enerjisinə qənaətlə bağlı ciddi tədbirlər görürdük. Çünki Qərb ölkələrindən fərqli olaraq, o zaman Sovet İttifaqında elektrik enerjisinin qiyməti qəpik-quruş idi və bu səbəbdən hətta mənzillərdə də qənaət barədə düşünmürdülər. Hələ on il əvvəl həm Qərbi, həm də Şərqi Almaniyada hər axşam televiziya verilişləri zamanı xəbərdarlıq edirdilər ki, lazımsız elektrik cihazlarını, lampalarını sondurun.

Doğrudur, bizim yaxşı elektrik stansiyalarımız, yanacağımız var. Lakin biz müharibə şəraitindəyik. İkinci tərəfdən, burada deyildiyi kimi, indi elektrik stansiyalarını işlətmək üçün bizim də yanacağımız çatmır. Qış üçün hələ yanacaq balansı da müəyyən olunmamışdır. Belə bir vəziyyətdə gərək hər yerdə elektrik enerjisinə qənaət edilsin. Bu, hər bir vətəndaşa, hər bir müəssisəyə aiddir. Şəhərlərdə gecələr həddən artıq işıq yandırılır. Əlbəttə, mən istəmirəm ki, Bakı və başqa şəhərlərimiz 1941-45-ci illər müharibəsi dövründəki vəziyyətə düşsün. O zaman Bakıda gecələr adda-budda göy lampalar yanardı. İndi şəhərlərimiz belə vəziyyətə düşməməlidir. Lakin biz müharibə şəraitində, böhran içindəyik. Enerji daşıyıcıları bizim üçün çox qiymətlidir. Onlardan son dərəcə qənaətlə istifadə etməliyik. Bakıda, Sumqayıtda, Gəncədə, başqa şəhərlərdə və rayonlarda icra hakimiyyəti orqanları buna ciddi fikir verməlidirlər. Xaricdən gələn qonaqlar gecələr Bakının çıraqban olduğunu deyəndə mən də məmnun oluram və sevinirəm ki, müharibə vəziyyətinə baxmayaraq, əhalinin yaşayışı bəzilərinin fikirləşdiyi kimi o qədər də ağır deyil. Lakin ciddi qənaət etsək, daha çox xeyir götürərik. Enerjiyə qənaət məsələsi ilə məşğul olmağı yerli icra hakimiyyəti orqanlarına, nazirliklərin, şirkətlərin rəhbərlərinə bir vəzifə kimi tapşırıram. Ancaq yəqin ki, başqa nəzarət orqanları da bununla məşğul olmalıdır. İndi, ümumiyyətlə, bütün sahələrdə qənaətlə yaşamaq lazımdır. Çünki təkrar edirəm, həm böhran içindəyik, həm də müharibə şəraitindəyik. Belə bir şəraitdə firavan yaşamaq imkanımız yoxdur. İmkanı olan da buna çalışmamalıdır. Əlbəttə, demək istəmirəm ki, hamını bir qəlibə salaq. Lakin bu ağır vəziyyəti hamımız birlikdə yaşamalıyıq. Var-dövləti çox olan da qənaət edərək qoy gələcək üçün saxlasın. İmkanı olmayan da qənaət etsə, yaşaya biləcəkdir.

1941-45-ci illər müharibəsi zamanı fəhlələrə adambaşına gündə 600 qram, qulluqçulara 500 qram qara çörək verirdilər. Uşaqların, işləməyən qadınların və başqalarının isə çörək norması 400 qram idi. Adamlar dörd il bu vəziyyətə dözərək yaşadılar. Doğrudur, döyüşlərin getmədiyi Azərbaycan, ola bilsin, başqa regionlara nisbətən yaxşı vəziyyətdə idi.

İndi bizim vəziyyətimiz elə deyil ki, 500-600 qram çörək norması qoyaq. Lakin bilməliyik ki, böhran içindəyik və müharibə şəraitində yaşayırıq, Vətənimizi qorumalıyıq, bir milyondan artıq qaçqını saxlamalıyıq. Bunu hamımız bilməliyik. Vahid Axundov nəyi isə əsas tutaraq hesabladığı 37 min manatlıq "istehlak səbəti"ndən söz saldı. O, buraya 500 adda şey daxil etmişdir. Bu ki, lap padşah yaşayışı olur! Yaxud hər adama gündə bir kiloqram ağartı məhsulları nəzərdə tutur. Lap yaxşı vaxtlarda belə, burada oturanların hansı biri gündə bu qədər ağartı yeyib? Onun təklif etdiyi "istehlak səbəti"ndə hisə verilmiş kolbasa da nəzərdə tutulmuşdur. Durğunluq dövrü adlandırılan keçmiş illərdə mağazalarda belə kolbasa yox idi. İndi isə bu ağır dövrümuzdə belə kolbasa yemək istəyirsən. Axı, bu sənin heç boğazından da keçməz. Əgər sən onu yesən, sonra gəlib boğazından yapışacaqlar ki, camaatın çörək almağa pulu yoxdur, sən isə bu cür kolbasa yeyirsən. Yaxud sən deyirsən ki, hər adam ildə bir dənə yorğan almalıdır. Mənim özüm 30 il bundan əvvəlki yorğanla yatıram. Axı kim ildə bir yorğan alır? Eləcə də balış. Onun da yalnız üzünu dəyişdirirlər. Hətta müstəqil respublikamız gələcəkdə zəngin yaşayanda da belə şeylərin mümkünlüyünə şəxsən mən inanmıram. Əgər hansısa milyonçular bunu edəcəklərsə, deyə bilmərəm.

Şübhəsiz ki, biz əhalini təmin etməliyik, ancaq bu, imkan daxilində olmalıdır. Burada minimum əmək haqqı ilə bağlı müxtəlif fikirlər səsləndi. Bu, enerji daşıyıcılarının qiymətləri ilə və bəzi başqa şeylərlə əlaqədardır. Fikirlər bir-birindən çox fərqləndiyinə görə bu məsələni bir də ölçüb-bicmək lazımdır. Xatirimdədir, bu fərman qəbul edilənədək iki ay müzakirə getdi. O zaman minimum əmək haqqının 2.000 manata qaldırılması xeyli mübahisəyə səbəb oldu və nəhayət, biz onu təsdiq etdik. Ona görə də mən Nazirlər Kabinetinə, iqtisadiyyat, maliyyə nazirlərinə, Milli Banka tapşırıram ki, həmin məsələni ətraflı götür-qoy etsinlər.

İcrasını bu gün yoxladığım fərmanın adından da göründüyü kimi, bizim əsas vəzifəmiz əhalinin sosial müdafiəsini gücləndirməkdir. Bundan ötrü isə maliyyə vəziyyətimizi yaxşılaşdırmalıyıq, iqtisadiyyatımızı yüksəltməli, gəlirimizi bilməliyik. Gəlir mənbələrini müəyyənləşdirdikdən sonra, şübhəsiz ki, minimum əmək haqqını istənilən səviyyəyə qaldırmaq olar. Hesab edirəm ki, bir necə gün ərzində bu məsələləri ölçüb-biçmək lazımdır. Sonra isə mənim yanımda xüsusi müşavirə keçirərik. Lakin vəsaitin hansı mənbələrdən götürüləcəyi barədə bəri başdan hər kəs təkliflərini hazırlasın.

Azərbaycanın prezidenti, bütün sahələrdə, o cümlədən əhalinin sosial vəziyyəti sahəsində bilavasitə məsuliyyət daşıyan adam kimi, mən respublika əhalisinin vəziyyətinin daim yaxşılaşması üçün indiyədək çalışmışam və bundan sonra da çalışacağam. Bunu əsas vəzifələrimdən biri sayıram. Kim bu barədə yararlı, maliyyə baxımından əsaslandırılmış təkliflər verəcəksə, ümumi işimiz nəticəsində yeni mərhələyə çıxa biləcəyiksə, şübhəsiz ki, bu, bizim üçün böyük nailiyyət olacaq və mən prezident kimi bunu arzulayıram, səylərimi də əsirgəməyəcəyəm.

Bir daha təkrar edirəm ki, yaxın bir necə gündə bu məsələ ilə məşğul olmaq lazımdır. Sonra mən bu işlə bilavasitə məşğul olan nazirləri dəvət edərək xüsusi müzakirə keçirəcək, mümkün olan hansı səviyyə barədə ümumi pəyə gələ bilsək, bu barədə də qərar qəbul edəcəyəm.

Müzakirəni yekunlaşdıraraq bir daha tələb edirəm ki, hər kəs burada deyilənlərdən lazımi, ciddi nəticə çıxarsın və fərmanda göstərilən vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görsün. Vahid Axundova da tapşırıram ki, fərmanın yerinə yetirilməsinin gedişi barədə hər on gündən bir mənə yazılı məlumat versin, həmin məlumatlarda görülən işlərlə yanaşı, yerinə yetirilməyən məsələlər, bunların səbəbi və kim tərəfindən yerinə yetirilmədiyi göstərilməlidir.

Güman edirəm ki, bugünkü müzakirə lazım idi və hər kəs bundan irəli gələn vəzifələri yerinə yetirmək üçün vacib olan işləri görməlidir. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf