Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Konstruktor Neft Maşınqayırması İnstitutunun əməkdaşlarına təbriki - Bakı şəhəri, 19 dekabr 2000-ci il


Sizi - Azərbaycan Elmi-Tədqiqat və Layihə-Konstruktor Neft Maşınqayırması İnstitutunun əməkdaşlarını institutun yaradılmasının 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanda neft maşınqayırması hələ XX əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdır. Neft-mədən avadanlığına olan tələbatı ödəmək üçün 1930-cu ilin dekabrında Azərbaycanda ilk dəfə keçmiş SSRİ üzrə dövlət əhəmiyyətli Elmi-Tədqiqat və Layihə-Konstruktor Neft Maşınqayırması İnstitutu yaradıldı.

Fəaliyyətinin ilk dövrlərindən başlayaraq institutda yeni növ neft-mədən avadanlığının yaradılması üzrə fundamental tədqiqatlar aparılmışdır. Burada yerinə yetirilən elmi işlər neft maşınqayırmasının bir çox istiqamətlərinin nəzəri əsaslarını təşkil etmiş, bir sıra elmi-tədqiqat və layihə təşkilatlarının təməlini qoymuşdur.

Azərbaycanın neft maşınqayırma kompleksinin inkişafı 70-80-ci illərdə xüsusilə iri sıçrayışlar etmişdir. Məhz bunun nəticəsi olaraq, o zamankı İttifaqda neft avadanlığının 70 faizi institutun layihələri əsasında hazırlanırdı. Bu layihələr üzrə onlarla müəssisə və bir çox zavodlarda neft-mədən avadanlığı istehsal edilirdi. O illərdə Azərbaycanın neft maşınqayırması sənayesində yaradılmış elmi-texniki baza və güclü infrastruktur müstəqillik qazandıqdan sonra respublikamızın neft sənayesinin yeni inkişaf mərhələsində böyük işlər görülməsi üçün möhkəm zəmin yaratmışdır.

Son illər Azərbaycan dünyanın bir çox ölkələrinin iri neft şirkətləri ilə əməkdaşlıq edərək böyük neft müqavilələri həyata keçirir. Bununla əlaqədar institutda müasir standartlara cavab verən rəqabət qabiliyyətli neft-mədən avadanlığının layihələşdirilməsi və istehsalın təşkili istiqamətində əhəmiyyətli işlər aparılır. Bu işlər gələcəkdə daha böyük nailiyyətlər və səmərə əldə edilməsinə imkan yaradacaqdır.

Əminəm ki, yüksək mühəndis, elmi-texniki kadrları olan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Konstruktor Neft Maşınqayırması İnstitutunun əməkdaşları bundan sonra da Azərbaycan dövlətinin sənayesi və elmi qarşısında duran vəzifələri şərəflə həyata keçirəcəklər.

Bu əlamətdar yubiley münasibətilə institutun əməkdaşlarına möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf