Hörmətli həmvətənlər, bacılar, qardaşlar! Hörmətli xanımlar və cənablar!
Bu gün ölkəmizin - Azərbaycanın həyatında əlamətdar bir hadisə baş verir. Ölkəmiz, respublikamız xalqımız üçün çox böyük əhəmiyyəti olan, Azərbaycanın ictimai-siyasi həyatında böyük rol oynaya biləcək, uzun illər ərzində inşa olunan radio-teleötürücü, radio-teleqüllə nəhayət, xalqımızın, millətimizin istifadəsinə verilir. Bu hadisə münasibətilə mən sizi və bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm.
Ölkədə elə tikintilər, qurğular, obyektlər olur ki, onlar müəyyən bir sahəyə xidmət edirlər. Dünya ümumiyyətlə, quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edibdir. Yer üzərindəki təbii sərvətlər təbiət, ilahi tərəfindən yaradılıbdır. Ancaq, torpağın, yerin, kürreyi-ərzin üzərində yüz illərlə, min illərlə qurulanlar insanların zəhməti, iradəsi, zəkası, onların əlləri ilə yaradılıbdır.
Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk. Vaxtilə onlar bəzi binaları elə yaradıblar ki, bunlar əsrlərdən-əsrlərə keçib, keçmişi bugünkü nəsillərə tanıdıbdır, eyni zamanda yüz il, min il bundan öncə olduğu kimi, indi də yaradılanların arasında cürbəcürləri var. İnsanlar özləri üçün ev tikir, yaşayışları üçün müəyyən şərait yaradırlar. Bu, ayrı-ayrı insanlara məxsusdur. Eyni zamanda insanlar yığışıb cəmiyyət üçün lazım olan ayrı-ayrı binalar, saraylar, istehsal müəssisələri və yollar, son əsrləri götürsək, müasir texnikaya uyğun yüksək səviyyəli qurğular tikirlər. Bunlar da çox vaxt ayrı-ayrı sahələrə xidmət edir, onları inkişaf etdirir.
Ancaq dünyanın hər yerində, o cümlədən bizim Azərbaycanda da elə tikintilər, elə abidələr var ki, onlar bütün xalqa, ölkəyə xidmət edir. Bunlardan biri, ola bilər, ən əhəmiyyətlisi də Azərbaycanın bu gün istifadəyə verilən ilk nəhəng radio-televiziya qülləsi, radio-televiziya ötürücüsüdür. Bunun mahiyyətini bəlkə də hamı olduğu kimi dərk edə bilmir. Mahiyyət ondan ibarətdir ki, bu, ölkəmiz, xalqımız üçün çox lazımlı qurğudur, amma eyni zamanda hər bir insan, vətəndaş üçündür. Bu qurğu bütün xalqa xidmət edir. İndi radio-televiziya elə bir vasitədir ki, onsuz, demək olar, yaşamaq mümkün deyildir.
Azərbaycanda 70 il əvvəl radio verilişləri, 40 il bundan öncə televiziya verilişləri başlanıbdır. Bunlar bütün xalqa xidmət edir və ölkəmizin, cəmiyyətin həyatında elə bir yer tutub ki, onun əvəzini heç bir şey verə bilməz. Çünki radio və televiziya vasitəsilə insanlar dünyada baş verən hadisələri dərhal bilir, öyrənirlər. Radio və televiziya ilə insanlar musiqi və bədii əsərlərlə tanış olurlar. Radio və televiziya onların həyatında şənlik, xoş əhval-ruhiyyə yaradır. Radio və televiziya vasitəsilə ictimai-siyasi proseslər hər bir insana, vətəndaşa çatır. Bunların vasitəsilə insanlar ən yüksək əhəmiyyətə malik olan siyasi məlumatlarla yanaşı, ayrı-ayrı adi məlumatları da alırlar. Radio və televiziya insanları təsirləndirir, onların təkmilləşməsinə, mənəviyyatca inkişafına kömək edir, dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir. İnsan öz evində, otağında oturaraq, radio və televiziya ilə bütün dünyanı eşidir, görür, dünyanın, Azərbaycanın hər bir guşəsini hiss edir, ölkəmizin gündəlik, hər saatlıq, hər dəqiqəlik həyatının nəbzini hiss edir.
Belə bir vasitə bəşər tarixində əvəzolunmazdır. Təsadüfi deyil ki, indi dünyada radio və televiziya Yer kürəsinin hər yerini əhatə edibdir. Hər bir ölkə çalışır ki, bu sahəni inkişaf etdirsin, radio və televiziya vasitəsilə insanlara gündən-günə daha da çox xidmət etsin. Bu, eyni zamanda hər bir ölkənin, dövlətin mədəni səviyyəsini göstərir. Bax, buna görə də biz Azərbaycanda radio və televiziya yaranan zamandan bəri onun maddi-texniki bazasını inkişaf etdirməyə çalışmışıq. Çünki radio və televiziya elə bir vasitədir ki, onun maddi-texniki imkanları nə qədər zəngin, güclü olsa, verilişlər də o qədər keyfiyyətli, maraqlı, insanlar üçün daha da xoşagəlimli olar. Ona görə də biz radio və televiziyanın maddi-texniki bazasını daim inkişaf etdirərək bu verilişlərin keyfiyyətini artırmağa, eyni zamanda dairəsini genişləndirməyə çalışmışıq.
Əgər ilk vaxtlar, 40 il bundan öncə Azərbaycanda televiziya verilişləri başlanarkən təkcə Bakını, - bəlkə də paytaxtın hər yerini yox, - əhatə edirdisə, indi biz Azərbaycanın hər bir nöqtəsini bu verilişlərlə əhatə edirik. Məsələn, ərazi cəhətdən Azərbaycandan müəyyən qədər aralı düşmüş, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında son illər baş vermiş hadisələrlə, telekommunikasiya xətlərinin kəsilməsi ilə əlaqədar, televiziya verilişlərinin ötürülməməsi, - mən orada yaşadığım illərdə bunu hiss edirdim, - oranın əhalisini nə qədər şeylərdən məhrum edirdi. Orada yaşayan insanların, - mən bunu öz şəxsi həyatımda hiss etdim, - televiziya verilişlərinə ola bilər ki, çörək, su kimi ehtiyacları var idi. Bu verilişlər günlərlə, aylarla Naxçıvana çatmayanda insanlar elə bil ki, dünyadan ayrılmış vəziyyətdə idilər.
Ona görə də biz çalışırdıq və nail olmuşduq ki, radio kimi, televiziya da Azərbaycanın hər bir nöqtəsini, ən ucqar yerini də əhatə etsin. Yenə də deyirəm, təxminən 1988-ci ildən sonra baş vermiş hadisələr bu imkanlarımızı pozubdur. Ancaq buna baxmayaraq axırıncı iki-üç ildə yenə çalışırdıq ki, bunu bərpa edək və çoxlarını da bərpa etmişik, bundan sonra da bərpa edəcəyik.
Məhz bu baxımdan da 70-ci illərin axırında belə fikrə gəldik ki, özümüzdə olan bu radio-televiziya ötürücüsü artıq müasir tələblərə cavab vermir. O vaxtlar Sovetlər İttifaqının bir neçə mərkəzi şəhərində, şübhəsiz ki, birinci növbədə paytaxtda - Moskvada çox hündür televiziya qülləsi tikildi. Biz də çalışdıq ki, belə bir radio-televiziya qülləsi Azərbaycanda da tikilsin. Şübhəsiz ki, bu, asan deyildi. Bunun üçün vəsait lazım idi, o vaxt o qədər təcrübə də yox idi, lazımi qurğular, cihazlar da gərək idi. Ancaq biz bunlara nail olduq və artıq 70-ci illərin sonunda bir neçə layihəyə baxandan onları müzakirə, təhlil edəndən sonra məhz indi tikintisi başa çatmış radioteleviziya qülləsinin layihəsini qəbul etdik.
Bir də qeyd edirəm, həmin günləri xatırlayıram, - bu, çox mürəkkəb proses idi. Bir tərəfdən, vəsait əldə etmək lazım idi, ikinci tərəfdən yararlı, təkcə 70-ci illərin sonunun - 80-ci illərin əvvəlinin tələblərinə deyil, gələcəkdə də uzun illər tələblərə cavab verən belə bir qurğunun layihəsi lazım idi. Eyni zamanda bunun üçün lazımi avadanlıq, çox həssas cihazlar gərək idi. Bunlar bizdən böyük vaxt, iş, sərvətlər tələb etdi. Biz bunların hamısını etdik və nəhayət, Azərbaycan üçün çox lazımlı olan radio-televiziya qülləsinin tikintisinə başladıq.
O vaxt bizim planımız belə idi ki, bu tikintini ən çoxu 4-5 il içərisində başa çatdıraq. Bu da tamamilə real idi, imkanlarımız var idi. Çünki biz 70-ci illərdə nəinki respublikamızda, eləcə də bütün keçmiş Sovetlər İttifaqında nümayiş etdirmişdik, sübut etmişdik ki, Azərbaycanda nəhəng istehsal müəssisələri, yaşayış binaları, mədəniyyət abidələri, elektrik stansiyaları, yollar, yaxud da başqa böyük, nəhəng qurğular, tikintilər çox qısa müddətdə tikilib başa çatdırıla bilər. Məsələn, indi 20 il sonra da Azərbaycanda böyük şöhrət qazanmış Bakı kondisioner zavodunu biz cəmi iki ilə tikdik. Onun iki ildə inşa edilib başa çatdırılmasına o vaxt Sovetlər İttifaqında heç kəs inanmırdı. Ona görə də təsadüfi deyildi ki, həmin zavod ziyarətgaha çevrilmişdi. Sovet İttifaqının hər yerindən maraq göstərib gəlirdilər ki, görsünlər, həqiqətdirmi ki, belə nəhəng zavod, - Sovetlər İttifaqının başqa yerlərində onu bəlkə də on ilə tikərdilər, - belə az müddətdə tikilmişdir. Biz onun bütün avadanlığını Yaponiyadan almışdıq. Hətta sənaye cəhətdən çox inkişaf etmiş Yaponiya kimi bir ölkə belə zavodu bu cür qısa müddətdə tikə bilməmişdi. Amma biz tikdik. Təkcə bu zavod deyildir. Respublika sarayını götürün. İyirmi beş ildir ki, o, Azərbaycan xalqına xidmət edir. Biz onu cəmi 2 ilə başa çatdırdıq. Başqa binalar, zavodlar - neftayırma, maşınqayırma zavodları da var. Bunların hamısını biz iki, üç, dörd ilə tikib başa çatdırdıq. Vaxtilə nəhəng elektrik stansiyaları tikdik. Bütün bunlar bizdə böyük ənənəyə çevrilmişdi, böyük təcrübə qazanmışdıq. Biz artıq öz imkanlarımızı da bilir, özümüzə inanır və bilirdik ki, radio-televiziya qülləsini də qısa müddətdə tikib başa çatdıracağıq.
Ona görə də 1981-ci ildə bu tikintiyə çox inamla başladıq. O vaxtdan 15 il keçibdir. O günləri xatirimə salır və qeyd etmək istəyirəm ki, ola bilər, bütün başqa tikintilərdən - mədəniyyət, elm, təhsil ilə əlaqədar tikintilərdən fərqli olaraq, bu qüllənin tikintisinə xüsusi fikir verirdim. Onu çox əhəmiyyətli hesab edirdim və xüsusi nəzarətə götürmüşdüm. Çox arzusunda idim ki, onu tez tikib qurtarım. Burada artıq deyildi, - təəssüflər olsun ki, sonra tikinti tamamilə dayandırılmışdı. Dayandırılan tikinti də şübhəsiz ki, nəinki gecikir, hətta tikilənlər də get-gedə dağılır, xarab olur, keyfiyyətini itirir.
Allaha şükürlər olsun ki, son iki il müddətində bu tikintiyə böyük təkan verdik və o artıq başa çatdırılıb. Siz də, sizinlə bərabər mən də çox böyük iftixar, məmnuniyyət hissi ilə buraya toplaşmışıq və Azərbaycanın fəxri olan radio-televiziya qülləsinin, ötürücüsünün açılışında iştirak edirik. Bu hadisə münasibətilə sizi bir daha təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu radio-televiziya qülləsi Azərbaycan xalqına, müstəqil Azərbaycan Respublikasına on illərlə, bəlkə də yüz illərlə xidmət edəcəkdir.
Şübhəsiz ki, bunun tikilməsində çox zəhmət çəkənlər var. Mən bu işi başlayanlardan, təşəbbüskarlardan çoxunun adını bilərəm. Ancaq onlardan biri o illərdə Azərbaycanın rabitə naziri Hüseyn Rəsulbəyov idi. O, bu işə sadəcə olaraq bir nazir kimi başlamışdı. Ancaq şübhəsiz ki, bu iş bir nazirliyin deyil, bütün dövlətin, hökumətin, Azərbaycan Respublikası rəhbərliyinin işi idi. O vaxt biz bir çox inşaat təşkilatlarını bu işə cəlb etdik. İndi vaxt uzanıbdır, əgər qısa bir müddət olsaydı, deyə bilərdik ki, burada kim, hansı mərhələdə nə iş görübdür. Amma o vaxtdan on beş il keçibdir. 1981-ci ildə bu işin təməlini qoyanlar var, biz onları da yad etməliyik. O illərdə bu tikinti ilə məşğul olmuş fəhlələr, quraşdırıcılar, mühəndislər, cürbəcür mütəxəssislər var, onları da yad etməliyik. Xüsusən son iki-üç il müddətində bu işin sürətlənməsində iştirak edənlərin hamısını yada salmalıyıq.
Mən bu tikintinin, bu qüllənin həm təməl daşını qoyanlara, həm o gündən indiyə qədər burada çalışmış adamların hamısına, bütün təşkilatlara, inşaatçılara, quraşdırıcılara, bütün mütəxəssislərə, mühəndislərə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olsunlar! Kim bu qurğunun tikilməsində az da olsa, çox da olsa zəhmət çəkibsə, o, xalqına, millətinə və gələcək nəsillərə xidmət edibdir. Burada iştirak edən hər kəsin öz payı var, heç kəsin payını unutmaq olmaz və burada hər kəsin gördüyü işə layiqli qiymət vermək lazımdır. Burada çalışmış adamlara bir daha təşəkkür edir və Azərbaycan Respublikasının, xalqımızın qarşısında onların xidmətlərini yüksək qiymətləndirirəm.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra radio-televiziya qülləsi etibarlı əllərdə olacaq və ondan çox səriştəli, səmərəli istifadə ediləcəkdir. Yenə də qeyd edirəm, bütün başqa tikintilərdən fərqli olaraq, bunun xüsusiyyəti bir də ondan ibarətdir ki, bu qurğu daim işləyir. Yəni bu tikintinin, indi artıq istehsal-rabitə müəssisəsinin, radio-televiziya müəssisəsinin bir dəqiqə də olsun dayanmağa imkanı yoxdur. Yəni dayana bilməz, - bu, adam fəaliyyət göstərən, daim işləyə bilən bir müəssisədir. Ona görə, bir də deyirəm, bu qurğudan istifadə olunması çox səriştəlik tələb edir. Bundan istifadəyə çox ehtiyatla, diqqətlə yanaşmaq lazımdır. Əgər hansısa bir zavod, fabrik, yaxud istehsal müəssisəsi və ya başqa müəssisə nə vaxtsa işləməsə, onu təmir etmək olar, müəyyən vaxt saxlamaq olar. Amma burada bunu etmək mümkün deyildir. Bu qüllə istifadəyə verilirsə, daim işləməli, fəaliyyətdə olmalı, bu obyektə təhkim edilən adamlar daim onun üzərində çalışmalıdırlar.
Ona görə də on beş il müddətində tikilmiş belə dəyərli sərvətimiz bundan sonra etibarlı əllərdə olmalı, etibarlı istifadə edilməlidir və buna çox ehtiyatla, qayğı ilə yanaşmaq lazımdır. Əmin olduğumu bildirmək istəyirəm ki, Rabitə Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Şirkəti, - bu qurğudan onlar istifadə etməlidirlər, - eyni zamanda qüllənin istifadəsinə cəlb olunan bütün təşkilatlar öz məsuliyyətlərini başa düşəcəklər. Böyük çətinliklə, respublikamızın bu ağır dövründə tikilib qurtarmaq və indi istifadəyə verilən radio-televiziya qülləsindən səmərəli istifadə olunacaqdır.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, bugünkü mərasimdən sonra Azərbaycanın bütün vətəndaşları respublikamızda radio-televiziya verilişlərinin keyfiyyətində dəyişikliklər görməlidirlər. Bunu hər bir kəs hər gün izləyəcəkdir. Bir vətəndaş kimi mən də izləyəcəyəm. Ona görə də Rabitə Nazirliyi, Teleradio Verilişləri Şirkəti, başqa təşkilatlar hesab etməsinlər ki, bu gün buraya yığışdıq, təntənə ilə mərasim keçdi, bir-birimizi təbrik etdik, - bununla da qurtardı, radio-televiziya verilişləri əvvəlki keyfiyyətdə olacaqdır. Bilirsiniz, siz cavabdeh olacaqsınız. Cavabdehliyin də məsuliyyəti çox yüksəkdir, onu bilin. Buraya bir belə xərc qoyulub, bir belə zəhmət, əziyyət çəkilibdir, camaat, xalq on beş il bunu gözləyibdir. Biz bunun bəhrəsini, nəticəsini görməliyik. Ona görə də mən heç şübhə etmirəm ki, belə olacaqdır. Ancaq keçmiş təcrübələrə görə eyni zamanda xəbərdarlıq da edirəm ki, hərə öz məsuliyyətini bilsin. Bilsin ki, qüllədən istifadə olunması üçün bundan sonra Rabitə Nazirliyinin, Teleradio Verilişləri Şirkətinin və başqa təşkilatların üzərinə çox böyük məsuliyyət düşür.
Radio-televiziya qülləsi eyni zamanda böyük bir memarlıq abidəsidir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakını əsrlər boyu quranlar, yaradanlar bugünkü və gələcək nəsillər üçün gözəl bir şəhər salıblar. Biz Bakı şəhəri - ölkəmizin paytaxtı ilə haqlı olaraq fəxr edirik. Onun bütün xüsusiyyətlərinə görə fəxr edirik. Eyni zamanda onun təbii gözəlliyinə, memarlıq gözəlliyinə görə fəxr edirik. Bakını quranlar, yaradanlar bu işi doğrudan da ürəklə, namusla görüblər. Şübhəsiz ki, burada pərakəndəlik də, səhvlər də olubdur. Sonrakı nəsillər bunları aradan qaldırır. Hesab edirəm ki, biz də təxminən son iyirmi beş ildə Bakını daha da gözəl etmək, onun zahiri görünüşünü daha da gözəlləşdirmək üçün çox işlər görmüşük. Ancaq hər halda Bakı əsrlərdən-əsrlərə gözəl qurulub, gözəl yaradılıbdır. Bakının yerləşdiyi təbii ərazinin də gözəlliyi var, eyni zamanda burada yaradılmış abidələr, binalar da Bakıya xüsusi gözəllik verir. Ona görə də Bakıdakı böyük memarlıq abidələri bizim milli iftixarımızdır.
Bu gün burada, Bakının ən yüksək nöqtələrindən biri olan bir yerdə yaradılmış radio-televiziya qülləsi Bakını daha da gözəlləşdirir. Bu, yeni bir abidə, memarlıq abidəsidir. Güman edirəm ki, gələcək nəsillər indiyə qədər yaranmış abidələr kimi, bu abidəni də qiymətləndirəcəklər. Bu baxımdan radio-televiziya qülləsinin Azərbaycan və onun paytaxtı üçün çox böyük əhəmiyyəti var. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu abidə qorunub saxlanacaq, onun zahiri və daxili görünüşü bundan sonra görülməli tədbirlərlə daha da gözəlləşdiriləcək və o, şəhərimizin həqiqətən ən yüksək nöqtəsində olan bir memarlıq abidəsi kimi daim bizə fərəh verəcəkdir. On beş il bundan öncə təməli qoyulmuş və bu gün istifadəyə verilən bu qüllə bu baxımdan Azərbaycan və Bakı üçün böyük milli sərvətdir.
Mən bu qüllənin tikintisinin nəhayət başa çatmasından həddindən artıq məmnunam. Bilirsiniz, mən bir neçə il Azərbaycandan çox uzaqlarda olduğum zaman o illər ki, Azərbaycanla əlaqəm tamam qırılmışdı və Azərbaycana uzaqdan həsrətlə baxırdım, - çox şey haqqında düşünürdüm. O cümlədən bəzi ayrı-ayrı adamlar Bakıdan Moskvaya gələn zaman onlarla görüşərkən soruşurdum ki, filan tikintinin vəziyyəti nə yerdədir və xüsusən radio-televiziya qülləsinin tikintisi ilə maraqlanırdım. Çox narahat idim ki, bu tikinti niyə yarımçıq qalıbdır. Amma bu gün çox xoşbəxtəm ki, biz bunu başa çatdırmışıq. Bu gün həddindən artıq sevinc içindəyəm, güman edirəm ki, siz də sevinirsiniz, bütün xalqımız da sevinir.
Sizi bir daha təbrik edir, bu qüllənin yaranmasında zəhmət çəkən insanların, təşkilatların hamısına təşəkkür edirəm. Qüllədən uğurla istifadə ediləcəyinə əmin olduğumu bildirmək istəyirəm. Sağ olun, xoşbəxt olun.