Naxçıvanda istifadəyə verilmiş sosial obyektlərin açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 10 oktyabr 1999-cu il


Əziz naxçıvanlılar!

Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Bu günlər biz Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyini qeyd edirik. Naxçıvan Muxtar Respublikasının 75 il bundan öncə yaranması tarixi hadisədir və 75 il ərzində naxçıvanlılar, Naxçıvan Muxtar Respublikasının sakinləri çox böyük sınaqlardan çıxıblar, böyük çətinliklərdən keçiblər, Azərbaycanın əsas ərazisindən Ermənistan torpaqları vasitəsilə aralı vəziyyətdə yaşayıblar, yaradıblar və inkişaf ediblər. Naxçıvan 75 il ərzində həm iqtisadiyyat, həm mədəniyyət, həm elm, həm təhsil, həm insanların rifah halının yaxşılaşması sahəsində böyük inkişaf yolu keçibdir.

Naxçıvan qədim diyardır. Arxeoloji tapıntıların təhlilinə görə demək olar ki, Azərbaycanın ən qədim diyarlarından biri Naxçıvandır. Bu, üç min il, dörd min il tarixi olan bir diyardır. Naxçıvanın böyük və zəngin tarixi keçmişi vardır. Naxçıvan dəfələrlə dağıdılıb, amma insanlar yenidən qalxıb, qurub, yaradıblar.

Doğrudur, 75 il ərzində quruculuq işində Naxçıvanın çətinlikləri də çox olubdur. Mane edənlər olubdur. Bir çox illərdə Azərbaycan rəhbərliyi tərəfindən Naxçıvana ögey münasibət olubdur. Amma bunların hamısına baxmayaraq, Naxçıvan yaşayıb, Naxçıvan inkişaf edibdir. Hər halda, 1969-cu ildən sonra Naxçıvanda, bir şəhərdə yox, Naxçıvan Muxtar Respublikasının bütün ərazisində aparılmış quruculuq işləri, inşaat tikintilər, yaradılmış binalar, qəsəbələrin, şəhərlərin simasının dəyişməsi buna əyani sübutdur.

Ancaq 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü başlayandan Naxçıvanın da ağır günləri başladı. Xüsusən 1990-1991-ci illərdə Naxçıvan ilə Azərbaycanın paytaxtı və Azərbaycanın başqa bölgələri arasında əlaqələr kəsiləndən sonra, rabitə, yol, başqa əlaqələr kəsiləndən sonra Naxçıvan daha da ağır vəziyyətə düşdü.

O ağır illəri mən sizinlə bir yerdə oldum. O ağır illəri bir yerdə keçirdik. Onlar mənim üçün nə qədər çətin olsa da, əzizdir. Çünki mən öz doğma torpağımda, öz həmvətənlərimlə birlikdə Naxçıvanın qorunub saxlanması uğrunda mübarizə aparırdıq və bu mübarizədə də biz qalib gəldik.

Bilirsiniz ki, 1987-ci ildən, ümumiyyətlə, Azərbaycanda quruculuq işləri yox, dağıdıcılıq işləri getmişdir. Azərbaycanın iqtisadiyyatı dağılmışdır, inşaat dayanmışdı, hərc-mərclik, qanunsuzluq, hakimiyyətsizlik və bunun ağır nəticələrini Azərbaycan bu gün də hiss edir. 1993-cü ildə mən xalqın dəvəti ilə Azərbaycanın rəhbərliyinə gəldiyim zaman Azərbaycan həddindən artıq fəalkətli bir vəziyyətdə idi. Naxçıvan ondan pis idi. Çünki Naxçıvan Azərbaycandan tamamilə təcrid olunmuşdu.

İndi isə Azərbaycanda gedən quruculuq işləri, Azərbaycanda iqtisadiyyatın inkişafı, Azərbaycanda aparılan islahatlar ölkəmizin simasını dəyişdirir. Ancaq bu cümlədən Naxçıvanda gedən işlər daha da qiymətlidir. Çünki keçmişdə olduğu kimi, bu gün də Naxçıvan Azərbaycanın əsas ərazisindən təcrid edilmiş vəziyyətdədir. Nəqliyyat çətin, təchizat işləri çətin. Belə bir vəziyyətdə Naxçıvanda son illərdə quruculuq işləri gedir - məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir. O cümlədən, belə ticarət mərkəzləri də tikilir. Bunlar bir daha onu göstərir ki, naxçıvanlılar ən çətin zamanlarda ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradırlar. Bu ticarət mərkəzi, bu gözəl bina buna böyük bir nümunədir.

Mən məmnunam ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın rəhbərliyi ilə birlikdə belə təşəbbüs irəli sürüblər və qısa müddətdə onu həyata keçiriblər. Mən həm Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, həm də Naxçıvanın rəhbərliyini təbrik edirəm və bu binanın tikilməsində, yaradılmasında səy qoymuş insanların hamısına təşəkkür edirəm. Bu iki təbrik və təşəkkürlər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova və Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevədir.

Bu binanın qısa müddətdə yaranması onu göstərir ki, Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.

Vaxtilə Naxçıvana ögey münasibət var idi, vaxtilə naxçıvanlıları əzirdilər. İndi isə Azərbaycanın hər yerinə olan münasibət Naxçıvana da göstərilir. Heç bir yerə ayrı-seçkilik yoxdur, o cümlədən Naxçıvana da. Nə Naxçıvana üstünlük verilir, nə də Naxçıvana keçmişdə olduğu kimi ögey münasibət göstərilir.

Mən Azərbaycanın prezidentiyəm. Azərbaycanın hər bir guşəsi mənim üçün əzizdir. Amma Azərbaycanın hansı şəhərində, hansı bölgəsində təşəbbüs göstərilirsə, iş aparılırsa, tikinti gedirsə, quruculuq işi gedirsə, şübhəsiz ki, o təşəbbüs daha da böyük uğurlar qazanır, mənim tərəfimdən dəstəklənir və bəyənilir.

Naxçıvan bundan sonra daha da böyük uğurlar əldə edəcəkdir. Arzu edərdim ki, bu təşəbbüskarlığınız daha da inkişaf etsin və yeni-yeni nailiyyətlər qazanasınız.

Bu bina münasibətilə sizi ürəkdən təbrik edirəm. Burada çalışan adamlara müvəffəqiyyətlər arzulayıram. Sizə, bütün naxçıvanlılara cansağlığı, səadət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 oktyabr 1999-cu il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf