Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edərkən söhbətindən - 31 yanvar 2000-ci il


Heydər Əliyev: - Cənab Ouen, cənab Conatan, xanım Romanova, mən sizi Azərbaycanda salamlayıram və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə yenidən görüşməyimdən çox məmnunam. Mən Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında yaranmış işgüzar əlaqələri yüksək qiymətləndirirəm. Biz daim qeyd edirik ki, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımız başlayandan indiyə qədər biz valyuta fondundan çox böyük faydalar almışıq, səmərə görmüşük. Bu, təbiidir ki, son illərdə Azərbaycanın maliyyə məsələsinə yardım etmək üçün vaxtaşırı aparılan tranşlardır. Bununla bərabər, daha da çox önəmli - sizin Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, ümumiyyətlə destrukturizasiya problemlərinin həll olunması sahəsində bizə yardımınız, məsləhətləriniz bizim üçün çox əhəmiyyətlidir.

Bir sözlə, mən indiyə qədər sizin Azərbaycana göstərdiyiniz yardıma görə təşəkkür edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra daha da səmərəli olacaqdır və bu əməkdaşlığı həm qarşıdakı üç illik proqram çərçivəsində, həm də sonra davam etdirəcəyik.

Mənə bildirdilər ki, siz bir neçə gündür burada çox məhsuldar işləmisiniz. Baş nazir və mənim ətrafımda oturanlar mənə bu barədə məlumat veriblər. Ancaq bilirdim ki, siz mənimlə də görüşmək istəyirsiniz, mən də sizinlə görüşmək istəyirəm. Ona görə mən dünən gecə Davos forumundan dönəndən sonra göstəriş verdim ki, bu gün bizim görüşümüz təyin olunsun. Buyurun.

Devid Ouen: Cənab prezident, bizi qəbul etdiyinizə, xoş sözlərinizə və bu görüşü təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizin bir qədər əvvəl qeyd etdiyiniz kimi, Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu artıq bir neçə ildir çox səmərəli, işgüzar əlaqədədir və birinci üç illik proqram sona yetmək üzrədir. Zənn edirəm, bu elə bir andır ki, bu anda bizim üç illik fəaliyyətimiz haqqında Sizə geniş məlumat verməliyəm.

Elə bilirəm ki, bu proqramın yerinə yetirilməsi dövründə biz xüsusilə makroiqtisadi sahədə kifayət qədər yaxşı nəticələr əldə etmişik. Proqramın əvvəlindən başlayaraq iqtisadi artım əldə olunmuşdur və böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 1999-cu ildə və indi iqtisadi artımı davam etdiririk.

Cənab prezident, Sizin makroiqtisadi sahəyə cavabdeh olan şəxslər, nazirlər bu proqramı çox gözəl yerinə yetirmişlər və deməliyəm ki, iqtisadi artım əldə edilməklə bərabər, praktiki olaraq inflyasiya çox aşağı səviyyədədir. Deyərdim ki, 1999-cu ildə inflyasiya yox səviyyəsində olmuşdur.

Bir neçə vaxt bundan əvvəl biz Sizinlə görüşərkən bu məsələləri müzakirə etmişdik. Siz o məsələləri xüsusilə vurğulamışdınız ki, Azərbaycan iqtisadiyyatı, əlbəttə, neftin qiymətlərinin aşağı düşməsindən və Rusiyadakı böhrandan xeyli əziyyət çəkmişdir. Onu da qeyd etməliyəm ki, qeyri-neft sənayesində 1999-cu ildə irəliləyiş bir o qədər də yaxşı olmamışdır. Lakin neftin qiymətlərinin aşağı düşməsi respublikaya bir o qədər təsir etməmişdir və ölkəniz onun öhdəsindən bacarıqla gəlmişdir.

Makroiqtisadi sahədə sizin göstəriciləriniz çox yaxşıdır. Eləcə də maliyyə-kredit sahəsində göstəricilər yaxşıdır və bütün bunların nəticəsi olaraq manat sabit qalmışdır.

Elə bilirəm ki, qarşımızda duran əsas məsələlərdən biri struktur islahatlarına aiddir. Lakin biz struktur islahatlarını həyata keçirərkən artımı unutmamalıyıq, artımı olduğu kimi saxlamalıyıq.

Qarşımızda duran digər bir məsələ də bir neçə sektoru inkişaf etdirməkdən ümumiyyətlə, sənayenin bütün sahələrini inkişaf etdirməyə keçməkdir. Yəni biz fikrimizi cəmləşdirmədən bir neçə sektorda bütün sənaye sahələrini inkişaf etdirməliyik. Məncə, Sizə də məlumdur ki, hələ görüləsi işlər çoxdur. Struktur islahatlarına gəldikdə isə biz Sizə istənilən yardımı etməyə hazırıq. Növbəti üç illik proqram çərçivəsində demək olar ki, bütün həmkarlarımızla birlikdə işləməyə başlamışıq.

Elə bilirəm ki, gələcəkdə bizim qarşımızda duran əsas məsələlərdən biri də özəlləşdirmə proqramına daha geniş vüsət verməkdir, onu daha da gücləndirmək, qüvvətləndirməkdir və dövlət banklarının özəlləşdirilməsi sahəsində daha da irəliyə getməkdən ibarətdir.

Qarşımızda duran məsələlərdən biri də dövlət müəssisələrində - Azərbaycan Dövlət Neft Şirkəti, "Azərenerji" Səhmdar Cəmiyyəti, su sahəsi üzrə və digər şirkətlərdə struktur islahatları aparmaqdan ibarətdir. Eyni zamanda, dövlət müəssisələrində struktur islahatları aparmaq Sizin qarşınızda duran məsələlərdir və məlumdur ki, bu sahədə artıq dünya bankı ilə çalışırsınız və biz də əlimizdən gələn köməyi etməyə hazırıq ki, burada hərc-mərcliyə, korrupsiyaya yol verilməsin və bunlar tamamilə aradan götürülsün.

Dövlət sektoruna bir daha qayıdaraq demək istəyirəm ki, bir neçə həftə bundan əvvəl bu haqda çox yaxşı məlumat almışam. Cənab prezident, bu da Sizin fərmanınızla əlaqədar olan xəbərdir. Yeni ildən bir neçə gün əvvəl Siz fərman vermisiniz və bu fərmana əsasən "Neft Fondu" yaradılacaqdır. Biz Sizin bu qərarınızı möhkəm dəstəkləyirik, bu fondun yaranmasını çox bəyənirik və Sizin həmkarlarınızla bu sahədə işləməyə hazırıq. Yəni fondun bütün detallarını, incəliklərini işləyib hazırlayaq ki, bu fond gələcəkdə hansı növdə fəaliyyət göstərəcəkdir. Bizə xüsusilə xoş gələn o olmuşdur ki, Siz təşəbbüs göstərərək Azərbaycan Dövlət Neft Şirkətindən xüsusi nümayəndə heyətini Norveçə səfərə göndərmisiniz və onlar Norveçdə olarkən orada yaradılmış "Neft Fondu"nun fəaliyyət praktikasını öyrənib sonra isə Azərbaycanda həyata keçirəcəklər. Elə bilirəm ki, bu fondun yaranması və gələcəkdə bundan səmərəli istifadə edilməsi ümumiyyətlə, ancaq neft sahəsinin deyil, bütün Azərbaycan sənayesinin inkişafına yardım etmiş olacaqdır. Yəni neftdən gələn gəlirlərin itkisinə yol verilməyəcək və bu gəlirlər ölkə infrastrukturunun inkişafına yönəldiləcəkdir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bu, çox müsbət bir haldır və biz bu struktur islahatları, ümumiyyətlə ölkədə gedən bütün struktur islahatları sahəsində birgə işləməyə və Sizə hər cür yardım etməyə hazır olduğumuzu bildiririk. Sağ olun.

Heydər Əliyev: Sizin bəyan etdiyiniz sözlər, Azərbaycanda makroiqtisadi sahədə, iqtisadiyyatın inkişafı sahəsində əldə olunan nailiyyətlər haqqında verdiyiniz qiymət və xoş sözlər, Azərbaycanın maliyyə vəziyyəti haqqında və xüsusən Azərbaycanda inflyasiyanın olmaması və bizim milli valyutamızın dəyərinin bir neçə ildir ki, sabit olması haqqında dediyiniz sözlər, yəni verdiyiniz yüksək qiymət, təbiidir ki, bizi ruhlandırır və sizinlə bərabər Azərbaycanda görülən işlərin əyani nəticəsini nümayiş etdirir. Bu, onu göstərir ki, biz Azərbaycanda bu islahatları səmərəli həyata keçiririk. Yəni islahatlar haqqında, Azərbaycanda bazar iqtisadiyyatı sistemi yaradılması haqqında və bütün islahatların həyata keçirilməsi haqqında bizim qəbul etdiyimiz qərarlar, mənim verdiyim fərmanlar yerinə yetirilir və bunlar da onun nəticəsidir ki, siz bildirirsiniz və biz də bunu görürük.

Həqiqətən, bir neçə il bundan öncə Azərbaycanda sabit inkişaf yox idi, biz iqtisadiyyatda ilbəil tənəzzül müşahidə edirdik. Amma 1996-cı ildən başlayaraq biz iqtisadiyyatın inkişafını əldə edə bilmişik və hər il bu inkişaf davam edir. Siz qeyd etdiyiniz kimi, baxmayaraq ki, Rusiyada böyük maliyyə böhranı oldu, baxmayaraq ki, son vaxtlara qədər dünya bazarında neftin qiyməti çox aşağı düşmüşdü - bunlara baxmayaraq, biz iqtisadiyyatda sabitliyi təmin etmişik və indi iqtisadiyyatın inkişafını təmin edirik.

Güman edirəm ki, siz 1999-cu ilin göstəriciləri ilə də tanışsınız. Mən bu gün onlara bir daha baxdım. 15 göstəricinin demək olar ki, hamısında, - bir-ikisi istisna olmaqla, - iqtisadi göstəricilərin hamısında inkişaf vardır: həm ümumi daxili məhsulun artımı, həm sənaye istehsalının artımı, kənd təsərrüfatı istehsalının artımı, ticarət dövriyyəsində artım, əmək haqqının artması, nəqliyyat yükdaşımalarının artması və bir çox belə göstəricilər. Belə bir şəraitdə istehlak mallarının qiymətinin artmaması, əksinə, aşağı düşməsi yenə də bizim apardığımız bu iqtisadi siyasətin nəticəsidir.

Mən bir də qeyd etmək istəyirəm ki, bütün bu nailiyyətlərin əldə olunmasında Beynəlxalq Valyuta Fondunun Azərbaycana etdiyi yardımın çox böyük rolu vardır. Şübhəsiz ki, bunların əsasını islahatların həyata keçirilməsi təşkil edir və bu sahədə sizin hər ilə, üç ildən bir müəyyən etdiyiniz proqramlar çərçivəsində Azərbaycanın iqtisadi və maliyyə vəziyyətini nəzarət altında saxlamağınız və vaxtaşırı görüşlər keçirməyiniz, bu barədə öz təkliflərinizi, məsləhətlərinizi verməyiniz - bunlar hamısı bizim əldə etdiyimiz bu nailiyyətlərə səbəb olan amillərdir. Ona görə mən sizə bir daha təşəkkür edirəm. Bu gəlişiniz zamanı burada görülən işlər bizim üçün çox faydalıdır. Sizin təkliflərinizi indi biz müzakirə edəcəyik. Amma əvvəlcədən deyirəm, hamısı qəbul olunacaqdır.

"Neft Fondu" haqqında fərmanım barəsində dediyiniz sözlər də mənim üçün çox xoşdur. Siz onu bilməlisiniz ki, mən Azərbaycanın prezidenti olandan indiyə qədər burada gördüyüm işlərin əsasını təşkil edən bu olmuşdur ki, Azərbaycanın vəsaiti qorunsun və onun dağılmasına yol verilməsin. İndi bu ildən biz artıq birinci müqavilədən gəlirlər əldə edirik. Ona görə də mən "Neft Fondu"nun yaranması haqqında qərar qəbul etdim, fərman verdim.

Norveçə təkcə Dövlət Neft Şirkətinin nümayəndəsini yox, mən oraya maliyyə nazirini də, Milli Bankın sədrini də göndərmişdim, mənim öz şəxsi köməkçim də getmişdi, iqtisadiyyat naziri də getmişdi - böyük tərkibdə bir nümayəndə heyəti getmişdi.

Mən dünən səhər Davosda Norveçin baş naziri ilə görüşdüm. Onlar Azərbaycanda öz işlərini genişləndirmək istəyirlər, daha da çox investisiya qoymaq istəyirlər. Biz bu məsələləri müzakirə etdik və Norveçdə yaranmış "Neft Fondu" haqqında bizim nümayəndələrin gətirdiyi məlumatlardan əlavə, mən baş nazirin özündən də bilavasitə məlumatlar aldım, həm onun aparılması, həm də o "Neft Fondu"ndan istifadə olunması haqqında. Bu bizim üçün əsas məsələlərdən biridir və ona görə burada da təkcə fərman, qərar yox, bu məsələ çox ciddi nəzarət altında olacaqdır. Şəxsən mənim - prezidentin nəzarəti altında olacaqdır.

Beləliklə, görürsünüz, sizinlə bizim fikirlərimiz eynidir. Bu gün mənə baş nazir və nazirlər sizin burada gördüyünüz işlər haqqında məlumat verdilər. İndi sizinlə onları bir də təhlil edərik.

"Azərbaycan qəzeti", 1 fevral 2000-ci il.