Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Bankının Avropa və Orta Asiya regionu üzrə vitse-prezidenti Yohannes Linnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 14 iyul 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, sizin ölkəmizə yeni səfəriniz Azərbaycan ilə Dünya Bankı arasındakı əlaqələrin ardıcıl surətdə inkişaf etməsini göstərir. Baş nazir mənə məlumat verdi ki, siz burada çoxlu görüşlər keçirmisiniz və demək olar ki, bütün məsələləri müzakirə etmisiniz. Mən bundan məmnunam və sizi dinləmək istəyirəm.

Yohannes Linn: Cənab Prezident, çox sağ olun. Azərbaycanı yenidən ziyarət etməkdən çox məmnunam. Dünya Bankının prezidenti cənab Vulfensonun Sizə ən xoş və səmimi salamlarını gətirmişəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

Yohannes Linn: Cənab Vulfenson məndən xahiş etdi bildirim ki, o, Sizinlə görüşlərini çox məmnunluqla xatırlayır, Azərbaycana üç il bundan öncəki səfərini də heç zaman unutmur. Baş nazirin Sizə məruzə etdiyi kimi, biz son iki gün ərzində çox əla görüşlər keçirmişik. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, biz sizin hökumət ilə uzun zamanı əhatə edəcək proqramların işlənib hazırlanması üçün önəmli qərarlara gəlib çıxmışıq.

Cənab Prezident, xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən son on iki ay ərzində həyata keçirilən islahatlar bizi çox məmnun edibdir. Mən Azərbaycanda son dövrdə əldə edilmiş nailiyyətlər barədə cənab Vulfensona, Dünya Bankının rəhbərliyinə böyük məmnuniyyətlə məruzə edəcəyəm. Bildirmək istəyirəm ki, biz Azərbaycan ilə Dünya Bankı arasındakı məhsuldar və çox xeyirli əməkdaşlığın bundan sonra da davam etdirilməsi əzmindəyik.

Heydər Əliyev: Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamımı və ən xoş arzularımı cənab Vulfensona çatdırasınız. 1999-cu ilin iyun ayında Antaliyada mənim onunla görüşüm indiyədək xatirimdədir. O, Azərbaycana səfər edərkən mən Antaliyada istirahət etdiyimə görə əvvəlcə Antaliyaya gəldi, görüşdük, söhbət etdik, sonra isə Azərbaycanda oldu.

Çox məmnunam ki, sizin burada gördüyünüz işlər, etdiyiniz müşahidələr onu göstərir ki, siz dediyiniz kimi, son on iki ayda Azərbaycanda iqtisadi və başqa islahatların həyata keçirilməsində çox iş görülübdür. Biz cənab Vulfenson ilə görüşdüyümüz zaman məhz bu məsələləri əsas məsələlər kimi müzakirə edirdik. Mən ona dedim ki, biz bunları mütləq həyata keçirəcəyik. İndi çox şadam ki, siz gəldiniz, yoxladınız, tanış oldunuz və görürsünüz ki, demək, biz verdiyimiz sözə sadiqik. Təbiidir, biz buna sadəcə, sizin istəyiniz, marağınız kimi baxmırıq. Bu bizim ölkəmiz üçün, bizim xalqımız üçün, bizim gələcəyimiz üçün lazım olan tədbirlərdir. Bizim ölkəmiz bunların nəticəsində irəli gedir. Ancaq Dünya Bankının da indiyə qədər bizimlə əməkdaşlığı və xüsusən cənab Vulfenson ilə mənim görüşümdə bir sıra məsələlərin müzakirəsi zamanı verilən məsləhətlər, təbiidir ki, bizə çox yardım edibdir. Bəzən elə məsələ olur ki, onu bu gün həll etmək mümkün olmur, sabah edirik. Bu da bizim ölkənin bəzi daxili xüsusiyyətləri ilə əlaqədardır. Amma onu həll edirik və irəli gedirik. Elədirmi?

Yohannes Linn: Bəli, tamamilə haqlısınız. Sizin hökumət bir sıra sahələrdə müəyyən nailiyyətlər əldə edibdir. Məmnuniyyətlə bildirmək istəyirəm ki, əldə olunmuş bu nailiyyətlərə söykənərək, onların əsasında sizin hökumət indi digər sahələrdə də islahatları irəli aparmaqda çıxış edərsə, biz də bunlara dəstək verməyə hazırıq. Biz qarşıdan gələn bir neçə ay ərzində hansı sahələrdə işləməyi planlaşdırdığımız barədə Sizə məmnuniyyətlə məlumat verəcəyik.

Heydər Əliyev: Yaxşı.