Azərbaycan Prezidenti Heydər Əliyevin GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçıları sənədləri imzaladıqdan sonra çıxışı - 20 iyul 2002- ci il


Hörmətli dövlət başçıları!

Xanımlar və cənablar!

Dostlar!

Bütün aktual məsələlər üzrə belə geniş sənədlər paketin imzalanması və qəbul olunması münasibətilə sizi təbrik edirəm. Əminəm ki, bu sənədlərin imzalanması ilə biz GUÖAM-ın inkişafında yeni mərhələ açırıq. Bu mərhələ Birliyimizin regional təşkilat kimi təşəkkül tapması yolunda daha bir addım olacaqdır. Həmin sənədlər əməkdaşlığımızı intensivləşdirmək və genişləndirmək üçün mühüm vasitəyə çevriləcəkdir.

Ötən ilin sentyabrındakı məlum hadisələrdən sonra sürətlə təşəkkül tapan keyfiyyətcə yeni şərait təhlükəsizlik və terrorizm təhdidi ilə mübarizə sahəsində ölkələrimizdən getdikcə daha müştərək səylər göstərilməsini tələb edir. İnanıram ki, təşkilatımızın fəaliyyətində növbəti mərhələlər qarşılıqlı surətdə faydalı layihələrin həyata keçirilməsi ilə əlamətdar olacaqdır. Bu layihələr ölkələrimizin dövlətçiliyinin daha da inkişaf etməsinə və möhkəmlənməsinə təkan verəcək, dövlətlərimizin beynəlxalq strukturlara inteqrasiyası prosesinə kömək göstərəcək.

Bizim indiki görüşümüzdə fəal və səmərəli şəkildə iştirak etdiklərinə görə bütün dövlət başçılarına təşəkkür etmək, habelə əla iş şəraitinə və bu zirvə görüşünün gözəl təşkilinə görə Ukrayna prezidentinə, dostumuz Leonid Daniloviç Kuçmaya hamımızın səmimi və dərin minnətdarlığını bir daha bildirmək istəyirəm.

Hörmətli həmkarlar!

Bizim bu görüşümüzün sonunda – mən artıq bu barədə dedim – Azərbaycanın GUÖAM-da sədrlik müddətinin başa çatdığını qəti şəkildə elan etməliyəm. Bu gün mən bu fəxri vəzifəni Gürcüstan prezidenti Eduard Amvrosiyeviç Şevardnadzeyə ötürürəm. GUÖAM-ın sədri olaraq Azərbaycan Birliyimizin müəyyənləşdirdiyimiz istiqamətlərdə inkişafı üçün var qüvvə ilə çalışmışdır. Əminəm ki, Gürcüstan GUÖAM-ın 2003-cü ildə keçiriləcək növbəti zirvə görüşünədək olan dövr ərzində bu mühüm prosesi layiqincə davam etdirəcəkdir.

Sizin hamınıza, GUÖAM-ın Yalta zirvə görüşünün bütün iştirakçılarına bir daha təşəkkürümü bildirirəm. Beləliklə, mən zirvə görüşünü bağlı elan edirəm.