"Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri" mövzusuna həsr olunmuş konfransın açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 30 may 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivlərinə həsr olunmuş konfransın açılması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm və hamınızı ürəkdən salamlayıram.

Bu konfrans Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin yeni mərhələsini müəyyən edir. Bu konfransın hazırlanmasına çox böyük vaxt, əmək sərf olunub. İlk dəfədir ki, respublikamızda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş belə bir geniş, mötəbər konfrans öz işinə başlayır. Bu münasibətlə Türkiyədən Azərbaycan konfransın işini təşkil edənlər və konfransda bilavasitə iştirak etmək üçün qonaqlar gəlmişlər. Mən Türkiyə Respublikasından bu konfransda iştirak edən qardaşlarımızı, bacılarımızı səmimi qəlbdən salamlayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu konfrans həqiqətən Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin problemlərini dərindən araşdıracaq, səmərəli iş görəcək və ölkələrimizin, xalqlarımızın arasında olan əlaqələri daha da sıx edəcək, yüksəklərə qaldıracaqdır.

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqlarımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. "Biz bir xalq, iki dövlətik".

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr yeni vüsət almışdır. Məlumdur ki, bundan əvvəlki illərdə, uzun bir zaman əlaqələrimizdə çox böyük məhdudiyyətlər, məhrumiyyətlər olmuşdur, bizi bir-birimizdən ayırmağa çalışmışlar, bizim aramızda böyük sədlər, hüdudlar qoyulmuşdur. Ancaq bunların heç biri xalqlarımızın bir-birinə bağlılığını sarsıda, sındıra bilməmişdir, bizi bir-birimizdən qəlbən, ruhən ayıra bilməmişdir.

Məhz buna görə də 1991-ci ilin sonunda Azərbaycan milli azadlığına nail olandan, dövlət müstəqiliyini əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr sürətlə inkişaf etməyə başladı. Qısa bir müddətdə biz yüksək zirvələrə gəlib çatmışıq. Bu münasibətlər bütün sahələri əhatə edir. Türkiyə Cümhuriyyəti, xalqı Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi ölkəmizə ən böyük dayaq, kömək olmuş və respublikamız müstəqillik yolunda ilk addımlarını atan zaman həmişə onun yanında olmuşdur. Xalqımız, dövlətimiz bunu çox yüksək qiymətləndirir və heç zaman, heç vaxt unutmayacaqdır.

Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini elan edən kimi ölkəmizi müstəqil dövlət olaraq dünya miqyasında ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. Mən bir daha qeyd edirəm, bundan sonrakı dövrdə bizim əlaqələrimiz çox sürətlə inkişaf etmişdir. Bunlar hamısı bizim uzun illər, onilliklər boyu bir-birimizdən ayrı düşdüyümüz vaxtları tezliklə aradan götürmüşdür. İndi biz bir-birimizə çox yaxınıq, bir yerdəyik, bərabərik.

Müstəqil Azərbaycan Respublikasının qarşısında çox böyük problemlər durur. Bu problemlər Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək və əbədi etməkdən ibarətdir. Bu problemlər Azərbaycanı uzun sürən Ermənistan təcavüzündən xilas etməkdən, respublikamızın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Azərbaycan vətəndaşlarının hamısına rahat həyat şəraiti yaratmaqdan ibarətdir. Azərbaycanda sülh, əmin-amanlıq yaratmaqdan ibarətdir. Bu problemlər Azərbaycanın dövlət quruculuğunda, ictimai-siyasi həyatında, iqtisadiyyatında ciddi dəyişikliklər etməkdən ibarətdir. Bu problemlər Azərbaycanı demokratik hüquqi dövlət quruculuğu yolu ilə aparmaqdan, respublikamızda demokratik hüquqi cəmiyyət formalaşdırmaqdan ibarətdir.

Bu problemlərin həll edilməsində biz daim Türkiyə Cümhuriyyətinin dəstəyini, yardımını, onun bizə göstərdiyi dostluq, qardaşlıq qayğısını hiss edirik. Qısa bir zamanda, yəni Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyədək, deyə bilərəm ki, Türkiyədən vətənpərvər, türk qanı olan insanlar respublikamıza daim qayğı, hörmət, sayğı göstəriblər. Biz bunu yüksək qiymətləndiririk. Bununla bərabər - yəni türk xalqının bizə ümumi dəstək verməsi ilə bərabər - biz Türkiyənin dövlət xadimləri tərəfindən də bu illərdə çox böyük qayğı, qardaşlıq münasibəti hiss etmişik.

Bu münasibətlə mən, bu dövrdə Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlığın yaranmasında, inkişaf etdirilməsində böyük xidmətləri olan Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın xidmətlərini xatırlamaq istəyirəm. Türkiyənin indiki prezidenti, Azərbaycanın böyük dostu, hörmətli Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd edirəm. Türkiyənin baş naziri, hörmətli Məsud Yılmazın xidmətlərini və yaxın zamanlara qədər Türkiyənin baş naziri vəzifəsini aparmış hörmətli Tansu Çillərin xidmətlərini qeyd edirəm. Türkiyənin Böyük Millət Məclisinin xidmətlərini xüsusi qeyd edirəm. Türkiyənin bütün dövlət xadimlərinin, siyasi məsələlərlə məşğul olan, siyasi partiyalara rəhbərlik edən şəxslərin xidmətlərini qeyd edirəm. Beləliklə, biz gün yenidən bir araya gəldiyimiz zaman mən Türkiyə xalqına, cümhuruyyətinə və onun rəhbərlərinə Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm.

Türkiyə tərəfindən bu konfransın hazırlanmasında xidmət göstərən şəxslər burada iştirak edirlər. Mən onlara təşəkkür edirəm. Eyni zamanda bu konfransa salamlar göndərmiş və bu konfransın təşkil olunmasına dəstək vermiş, bu konfransda bu gün bizimlə birlikdə olan hörmətli dostum, qardaşım, əziz dostumuz Süleyman Dəmirəlin xüsusi xidmətlərini qeyd edirəm. Bu salondan hörmətli Süleyman Dəmirələ Azərbaycan xalqı adından hörmət və ehtiramımı bildirirəm.

Biz Azərbaycanda konfransın işinə çox böyük ümidlər bəsləyirik. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr, qeyd etdiyim kimi, dostluq, qardaşlıq xarakteri daşıyır. Bunlar hamısı Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında imzalanmış müqavilələrdə və bir çox sazişlərdə öz əksini tapmışdır.

Siyasi məsələlər sahəsində, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi yolunda Türkiyə ilə respublikamız arasında əməkdaşlıq çox müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın beynəlxalq aləmdə tanınmaq və öz müstəqilliyini möhkəmləndirmək sahəsində, xüsusən respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi ilə əlaqədar olan problem - Ermənistanın ölkəmizə etdiyi təcavüzə son qoyulması və bu barədə görülən işlər sahəsində də biz Türkiyə Cümhuriyyəti dövlətinin, hökumətinin başçıları ilə daim əməkdaşlıq edirik və sıx əlaqələr saxlayırıq.

Bu problem tək Azərbaycana aid deyil. Bu bölgədə, yəni Türkiyənin və Azərbaycanın birgə olduğu bir bölgədə, Qafqaz bölgəsində Ermənistanın təcavüzkar siyasəti, hərəkəti, respublikamızın torpaqlarını işğal etməsi, ölkəmizin bir milyondan çox vətəndaşının didərgin düşməsinə səbəb olması təkcə Azərbaycana vurulan zərbə deyil. Bu, bizim bütün xalqlarımıza vurulan zərbədir. Bu, Türkiyə -Azərbaycan dostluğuna, eyni zamanda Türkiyəyə vurulan zərbədir. Mən bunu dəfələrlə demişəm, bu gün bu fürsətdən istifadə edərək bir daha üzümü Türkiyənin ictimaiyyətinə tutaraq bildirmək istəyirəm ki, Ermənistanın təcavüzkarlığı bu bölgədə təkcə Azərbaycan üçün təhlükə deyil, bütün başqa xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün təhlükədir, Türkiyənin sülh və əmin-amanlıq şəraitində yaşaması üçün təhlükədir. Ona görə də Ermənistanın Azərbaycan etdiyi bu təcavüz Türkiyə üçün də, Azərbaycan üçün də, bu bölgədə yaşayan başqa dövlətlər üçün də təhlükədir.

Biz çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək. Bildiyiniz kimi, atəşkəs haqqında saziş iki ildən artıqdır imzalanıb. Biz bu atəşkəs sazişinə sadiqik və bundan sonra da riayət edəcəyik. Bu sahədə biz Türkiyə ilə çox sıx əməkdaşlıq edirik, məsələlərin həll olunmasında Türkiyə ilə birlikdə hərəkət edirik. Buna görə də mən Türkiyə ilə Azərbaycan arasında siyasi məsələlər haqqında, yaxud beynəlxalq problemlərin həll olunması barəsində, xüsusən Ermənistanın Azərbaycana etdiyi təcavüzə son qoyulması sahəsində olan əməkdaşlığı son dərəcə müvəffəqiyyətli, uğurlu hesab edirəm.

Ancaq xalqlarımız arasında olan əlaqələri inkişaf etdirmək üçün iqtisadiyyat çox mühüm əhəmiyyət kəsb edir. Bütün əlaqələri - insani əlaqələri, xalqlarımız arasında olan münasibətləri, elmi, mədəni, texniki əlaqələri, bütün başqa əlaqələri inkişaf etdirməkdə ən əhəmiyyətli yer iqtisadiyyata məxsusdur, iqtisadiyyatdan asılıdır. Ona görə də iqtisadi əlaqələrin inkişaf etdirilməsi, yüksəklərə qaldırılması Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin demək olar ki, əsasını təşkil edir, onun özəyidir.

Bu sahədə az iş görulməyib. Yəqin ki, konfransda siz bunu təhlil edəcəksiniz və görülən işlər haqqında məlumat verəcəksiniz. Ancaq mən hesab edirəm ki, başqa sahələrdə əldə etdiyimiz nailiyyətlərlə iqtisadiyyat sahəsində qazandığınız nailiyyətləri müqayisə etsək, şübhəsiz ki, iqtisadiyyatdakı nailiyyətlər geridədir. Təəssüf ki, bu, belədir. Bunun obyektiv səbəbləri də var. Ancaq bu obyektiv səbəbləri də aradan qaldırmaq mümkün idi. Bu gün mən bu sözü deyərkən günahı əsasən Azərbaycanın üzərinə götürürəm. Ancaq güman edirəm ki, bu iqtisadi əlaqələrlə Türkiyə tərəfindən məşğul olan adamlar da gərək bu məsələlərə daha da ciddi yanaşsınlar, bu məsələlərə daha dərindən münasibət göstərsinlər, iqtisadi əlaqələrin inkişaf etməsi üçün bütün əngəllərin aradan qaldırılmasına çalışsınlar, nail olsunlar.

Bilirsiniz, xalqlarımız, ölkələrimiz bir-birinə o qədər yaxındırlar ki, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr, hesab edirəm, Türkiyənin bütün başqa ölkələrlə iqtisadi əlaqələrindən üstün olmalıdır. Şübhəsiz ki, bu, mənim ümumi fikrimdir. Əgər bunu konkret bir çərçivəyə salsaq, bəlkə də bu fikir hamı tərəfindən qəbul oluna bilməz. Çünki mən bilirəm ki, Türkiyə böyük iqtisadiyyata malikdir. Türkiyənin iş adamları ölkədən kənarda bir çox gərəkli işlər görürlər. Bunlar hamısı Türkiyənin iqtisadiyyatı üçün gərəklidir, çox əhəmiyyətlidir və inkaredilməzdir. Bunlar təbiidir. Ancaq bütün bu böyük işlərin içərisində Türkiyə Azərbaycan ilə iqtisadi əlaqələrinə xüsusi yer verməlidir.

Mən hesab edirəm ki, Türkiyənin həm dövlət dairələri, həm də iş adamları Azərbaycanda iş görməyi yalnız iqtisadi mənfəətlə bağlanmamalıdırlar. Şübhəsiz ki, iqtisadi mənfəət olmasa, iqtisadi əlaqələr də olmayacaqdır. Bu, aydındır. Ancaq Azərbaycan ilə Türkiyə arasında olan əlaqələrin xüsusi xarakterini nəzərə alaraq Azərbaycana gələn hər bir iş adamı, respublikamıza sərmayə qoymaq istəyən iş adamı və dövlət dairələrindən ölkələrimiz arasındakı iqtisadi əlaqələri qorumağa məsul şəxslər gərək bilsinlər ki, bu, Türkiyə ilə başqa ölkələr arasında olan iqtisadi əlaqələr deyil, bunun iqtisadi cəhətindən çox böyük mənəvi cəhəti var. Bu mənəvi cəhəti heç vaxt unutmaq lazım deyil. Mən demirəm ki, bu mənəvi cəhət həmişə nəzərə alınmalıdır. Ancaq Azərbaycanın iqtisadiyyatı ayaq üstündə durana qədər, respublikamız bu iqtisadi problemlərin həll edilməsi dövründən keçib gedənə qədər gərək bu, Türkiyədə nəzərə alınsın.

Mən açıq danışıram, çünki biz qardaşıq. Qardaş ilə qardaş arasında söhbət tamamilə açıq olmalıdır. Ona görə də mən ərk edirəm və bu sözləri də ərklə deyirəm. Bunu bir də ona görə deyirəm ki, mən bu işləri izləyirəm, görürəm ki, Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr əksərən ticarət əlaqələrindən ibarətdir. Şübhəsiz ki, ticarət də olmalıdır və biz ticarət əlaqələrini bundan sonra da inkişaf etdirməliyik. Bu necə deyərlər, iqtisadi əlaqələrin başlanğıcıdır. Ticarət əlaqələri olmasa, başqa əlaqələr də olmayacaqdır. Ancaq Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə ticarət əlaqələri ilə bitməməli, məhdudlaşmamalıdır. Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr respublikamıza sərmayə qoymaq, ölkəmizdə müştərək iş görmək, müştərək işlər nəticəsində həm mənfəət götürmək, həm də Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməkdən ibarət olmalıdır.

Siz bilirsiniz, mən bunu hamıya deyirəm, bu gün isə Türkiyədən gələn qonaqlarımıza müraciət edərək deyirəm ki, indi Azərbaycan öz iqtisadiyyatında, ictimai-siyasi həyatında keçid mərhələsini yaşayır. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Azərbaycanın cəmiyyəti demokratik cəmiyyət, hüquqi dövlət, azad, sərbəst cəmiyyət kimi formalaşır. Azərbaycan keçmiş iqtisadi sistemdən imtina edərək öz iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurmağa çalışır, bu barədə tədbirlər görür. Bunun üçün biz iqtisadi islahatlar həyata keçiririk, keçmiş iqtisadiyyat formasından tamamilə imtina edirik. Bunlar hamısı indi Azərbaycanın iqtisadiyyatının keçid dövrünü təşkil edir.

Bu keçid dövrü hər bir ölkədə çətin olur. Türkiyənin bugünkü iqtisadiyyatı elə anadangəlmə belə olmayıb ki! Türkiyə iqtisadiyyatının 20, 30, 40 il bundan əvvəlki vəziyyətini biz bilirik, bunların hamısını təhlil etməyə imkanımız var. Türkiyə də böyük keçid dövrü keçirib. Ancaq iş burasındadır ki, Türkiyədə heç vaxt nə sosialist iqtisadiyyatı, nə də kommunist ideologiyası quruluşu olubdur. Türkiyənin özünəməxsus cürbəcür sistemləri olubdur. Amma bu sistemlərin hamısında şəxsi mülkiyyət həmişə olubdur. Şəxsi mülkiyyət, sahibkarlıq Türkiyədə heç vaxt yasaq edilməyib. Bunlar hamısı Türkiyədə olub. Türkiyənin həyatında gedən proseslərin də keçmişdə nə qədər çətin, ağır olduğunu biz bilirik. Türkiyənin iqtisadiyyatını bu yüksək səviyyələrə gətirmiş insanlara biz daim hörmət və ehtiramımızı bildiririk. Ancaq istəyirik ki, Türkiyədəki dostlarımız, qardaşlarımız respublikamızın bu keçid dövrünün nə qədər mürəkkəb, çətin olduğunu daha dərindən duysunlar və bununla əlaqədar olaraq da Azərbaycan -Türkiyə iqtisadi əlaqələrini yaratsınlar.

Mən bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal altındadır. İşğal olunmuş bu ərazilərdən çıxarılan bir milyondan çox vətəndaşımız qaçqın və köçkün vəziyyətindədir və əksəriyyəti çadırlarda yaşayır. İqtisadiyyatımız nə qədər gözəl olsa da bu, onu çox ağırlaşdıran bir amildir. Bir bu deyil. Bilirsiniz ki, son zamanlara qədər Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət sabit olmayıbdır. Bunu Türkiyədə olan dostlarımız, qardaşlarımız bütün başqa ölkələrdən yaxşı bilirlər. Çünki Azərbaycanın daxilində gedən bu ictimai-siyasi proseslər Türkiyə mətbuatında dərhal əks etdirilib, ictimaiyyətə çatdırılıbdır. Bəzən də bunlar tərsinə, qərəzli əks etdirilibdir, bunu da demək istəyirəm. Bu fikirlər Türkiyə ictimaiyyətinə bəzən düzgün olmayaraq çatdırılıbdır. Amma bunlar hamısı Türkiyə mətbuatı vasitəsilə Türkiyə xalqına məlum olubdur. Bu da ondan ibarətdir ki, Azərbaycanda əvvəllər ictimai-siyasi sabitlik olmayıbdır, dövlət sabit olmayıbdır. Əgər beş il müddətində Azərbaycanda üç dəfə dövlət hakimiyyəti dəyişdirilibsə, sabitlik necə ola bilərdi?

Bu, sizin Türkiyədəki dövlət hakimiyyətinin dəyişdirilməsi demək deyil, çünki sizdə demokratiya var və bu demokratiya o qədər yüksək səviyyəyə qalxıbdır ki, dövlət də işləyir, insanlar da yaşayır, maliyyə də, məhkəmə də, polis də, ordu da öz yerindədir, ancaq partiyalar bir-biri ilə dilə gəlmirlər, ona görə də indi sizdə də hökumətin qurulmasında çətinliklər var. Ancaq bunlar tamamilə başqa şeydir. İndi Türkiyədə silah alıb, gəlib ayrı-ayrı adamları yox etmək, dövləti dağıtmaq halları yoxdur. Allaha şükürlər olsun ki, yoxdur. Ancaq Azərbaycanda bu, dünənədək, yaxın vaxtlaradək olub. Siz, Türkiyədən olan dostlarımız, qardaşlarımız bunların hamısını yaxşı bilirsiniz. Şübhəsiz ki, bunlar da Azərbaycanda iqtisadi proseslərin, islahatların həyata keçirilməsini ləngidibdir.

Şübhəsiz ki, bunların da nəticəsində Türkiyənin iş adamları bəzən gedib Mərkəzi Asiyaya sərmayə qoyurlar, amma gəlib Azərbaycana sərmayə qoymurlar. Bilirsiniz, mən heç kəsə qısqanclıq etmək istəmirəm. Türkiyənin iş adamları sərbəstdirlər və hara istəyirlər, ora da gedə bilərlər. Məsələn, Türkiyənin iş adamları Rusiyada çox böyük işlər görürlər. Hətta Moskvadakı böyük tikinti işlərini Türkiyənin inşaat şirkətləri aparırlar. Mən buna böyük iftixar hissi ilə yanaşıram. Rusiyanın paytaxtı Moskva dünyanın ən böyük şəhərlərindən biridir, mən onu yaxşı tanıyıram. İndi bu şəhərdəki gözəl-gözəl binaların tikilməsində, bərpa edilməsində, onların modernləşdirilməsi işində Türkiyə şirkətləri çox yaxından iştirak edirlər. Bunların hamısı yaxşıdır və bizi də sevindirir. Türkiyənin iş adamlarının gedib keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi müstəqil dövlət olan ölkələrdə iş görməsi gösəl işdir. Ancaq Türkiyənin iş adamları Azərbaycana da sürətlə gəlməlidirlər, sərmayə qoymalıdırlar.

Mən yenə də o fikrə qayıdıram ki, bir tərəfdən Azərbaycanın Ermənistan təcavüzü altında olması, torpaqlarımızın işğal edilməsi, ikinci tərəfdən respublikamızın daxilində ictimai-siyasi vəziyyətin sabit olmaması, silahlı dəstələrin, cürbəcür terrorist qrupların olması hər bir iş adamını qorxudur, çəkindirir. Mən bunu başa düşürəm və heç kəsi də qınamıram. Ancaq onu demək istəyirəm ki, biz bu dövrü də keçdik. İki ildir ki, müharibədə atəşkəsdir. Təxminən iki ildir ki, həmin o silahlı dəstələrə, hakimiyyəti zorla devirmək istəyən, silah gəzdirən adamlara-hamısına son qoyuldu. Təəssüf ki, o dəstələrin bəziləri nədənsə, indiyədək Türkiyədə hörmətlə, ehtiramla xatırlanır və onlar haqqında bəzən qəzetlərdə də yazırlar. Hesab edirəm ki, bunlar da bizim dostluğumuza zərər gətirən hallardır.

İndi Azərbaycanda ictimai-siyasi vəziyyət tamamilə sabitdir, normaldır. Dövlət öz qüdrətini bütün dünyaya nümayiş etdiribdir. Dövlət Azərbaycanın bütün ərazisində hakimdir. Ölkədə dövlət quruculuğu prosesi gedir. Belə bir halda Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq daha da geniş olmalıdır. Yəni, Türkiyənin iş adamlarının Azərbaycana sərmayə qoyması bizim üçün çox lazımdır. Bu, həm Türkiyə üçün, həm də Azərbaycan üçün iqtisadi, siyasi cəhətdən çox əhəmiyyətli amildir.

Türkiyənin "Qoç qrupu" şirkəti respublikamızda böyük bir supermarket tikib, gözəl ticarət mərkəzi yaradıbdır. Hörmətli baş nazir Məsud Yılmaz Azərbaycanda səfərdə olarkən mən özüm də onunla birlikdə həmin ticarət mərkəzinin açılışında iştirak etdim. Amma yenə də bu, ticarətdir. Bəs istehsal yaratmaq, müştərək iş görmək üçün nə işlər görülüb? Bilirsiniz, mən bunların hamısını ona görə deyirəm ki, Türkiyə böyük iqtisadiyyata malikdir. Türkiyədə iqtisadiyyat, istehsal çox yüksəklərə qalxıb. Bu ölkənin böyük imkanları vardır. Şübhəsiz ki, Türkiyə bu imkanlardan dünyanın hər yerində geniş istifadə etmək istəyir, ancaq bu, Azərbaycanda da həyata keçirilməlidir. Bu işlərə keçmiş vaxtlarda olduğu kimi, ehtiyatla, müəyyən qədər qorxu hissi ilə yanaşmaq halları geridə qalmalıdır.

Biz elan etmişik ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Biz həyata keçiririk. Elan etmişik ki, hər bir şirkət gəlib Azərbaycanda mülk ala bilər, mülk sahibi ola bilər, özəlləşdirmədə iştirak edə bilər. Yaxud mən Azərbaycandakı böyük sənaye müəssisələrinin xarici şirkətlərin idarəsinə verilməsi barədə fərman imzalamışam. Artıq bu sahədə bir neçə təklif var və yenə də təkliflər gəlir. Biz bunları alqışlayırıq. Ancaq bu işlərdə Türkiyə birinci sırada olmalıdır.

Dünya iqtisadiyyatı ilə bizim sıx bağlanmağımızı nümayiş etdirən ən böyük amil ondan ibarətdir ki, 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarından müştərək istifadə edilməsi barədə böyük bir müqavilə imzaladıq. Ona "Əsrin müqaviləsi" deyirlər. Bu müqavilədə Türkiyənin neft şirkəti də iştirak edir. Mən bu gün açıq demək istəyirəm ki, Türkiyənin neft şirkəti Azərbaycan öz müstəqilliyini əldə edən zaman, xüsusən Xalq Cəbhəsi hakimiyyətdə olduğu vaxt bu müqavilənin hazırlanmasının ən fəal iştirakçılarından biri olmuşdur. Ancaq bu müqavilədə Türkiyənin yeri nə idi? 1,75 faiz. Ancaq sonradan Türkiyə dövləti başçılarının xahişinə görə Azərbaycanın öz hissəsindən, müqavilə imzalanandan sonra respublikamıza qalmış hissədən beş faiz də Türkiyə dövlətinə, şirkətinə orada yer ayırdıq. Artıq burada Türkiyənin yeri 6,75 faiz oldu. Bax, biz bu addımı atdıq ki, ölkəmizə Türkiyənin sərmayəsi gəlsin.

Bilirsiniz, neçə vaxtdır ki, neft kəməri haqqında danışıqlar gedir. Hətta mən 1993-cü ildə buraya işləməyə gələndə, 1994-cü ildə hələ müqavilə imzalanmamış, mənə bir məktub gətirdilər. Bu, bir müqavilə, yaxud kağız idi, orada 15-ə yaxın imza var idi ki, boru xətti Türkiyədən keçəcəkdir. Bağışlayın, mən öz keçmişimiz haqqında da deyirəm - amma eyni zamanda bu əlaqələrin keçmişi barədə də deyirəm, bu kağız heç bir hüquqi əsası olmayan bir şey idi. Hamı da imza atmışdı və orda-burda, mətbuatda da bağırırdılar ki, boru xətti Türkiyədən keçəcək. Amma əgər nefti çıxarmaq, istehsal etmək haqqında müqavilə yox idisə, boru xəttinin haradan keçməsini necə müəyyən etmək olardı? Yəni bu nə iqtisadi, nə hüquqi əsası olmayan bir kağız idi. Bu kağızı hazırlayan insanlar da özləri-özlərini və ictimaiyyəti aldadırdılar. Bunlar hamısı boş şeylər idi.

Ancaq biz bunların hamısını qaydaya saldıq. İlkin neftin ixracı üçün neft kəmərinin haradan keçməsi barədə xeyli mübahisə getdi. Biz öz iradəmizi bildirdik və ilkin neft kəmərinin qərb istiqamətində Gürcüstan ərazisindən Türkiyəyə keçməsi haqqında qərar qəbul etdik. Siz bilin ki, bu qərarın qəbul olunması o qədər də asan məsələ deyildi. Bilirsiniz ki, Azərbaycan çox istiqamətlərdə təzyiq altında idi. Ancaq biz bunu etdik. Bundan sonra da addımlar atacağıq.

Bunların hamısını deyərək bildirmək istəyirəm ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələr daha dərin, geniş olmalıdır. Mən indiyədək olan nailiyyətləri yüksək qiymətləndirirəm, ancaq onları yetərli hesab etmirəm. Çünki iqtisadi əlaqələrimiz Azərbaycanın Türkiyə ilə dövlətlərarası ictimai-siyasi sahələrdəki əlaqələri səviyyəsində deyil. Bilirsiniz, dövlətlərimiz arasındakı siyasi əlaqələrlə iqtisadi əlaqələrimiz arasında məsafə çox böyükdür. Bu məsafəni ləğv etmək lazımdır. İqtisadi əlaqələri həmin o əlaqələr səviyyəsinə qaldırmaq lazımdır. Şübhəsiz ki, bunun üçün biz özümüz çox iş görməliyik. Əgər bu məsələni irəli sürürksə - Azərbaycanın prezidenti kimi mən bu məsələni bu gün bu konfransda irəli sürürəmsə birinci növbədə respublikamızın dövlət, hökumət dairələri, müəssisə, şirkət rəhbərlərini, iş adamlarını da buna dəvət edirəm və hətta onların qarşısında bunu vəzifə kimi qoyuram, bunu onlardan tələb edirəm. Amma eyni zamanda mən Türkiyənin həm dövlət, hökumət dairələrinə, həm də xüsusən bu ölkənin işgüzar dairələrinə müraciət edirəm ki, Azərbaycan ilə iqtisadi əlaqələr genişləndirilsin, respublikamıza sərmayə qoyuluşu prosesi inkişaf etdirilsin. Ölkəmizdə müştərək iş görmək və beləliklə həm Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, həm də respublikamızın iqtisadiyyatı ilə Türkiyənin iqtisadiyyatını sıx bağlamaq lazımdır.

Dörd il yarımdır ki, respublikamız müstəqil dövlətdir. Ancaq iqtisadiyyatımız çox çətin vəziyyətdədir. Bunun səbəbləri nədən ibarətdir. Ondan ibarətdir ki, on illərlə, 1920-ci ildən, daha doğrusu, 20-ci ilə qədər də Azərbaycanın iqtisadiyyatı Rusiyanın, Sovetlər İttifaqının başqa respublikalarının iqtisadiyyatı ilə çox sıx bağlı olub. Vaxtilə bunları düşünülmüş şəkildə bir-birinə elə calaşdırıblar ki, ayırmaq mümkün olmasın. Məsələn, 1991-ci ildə Sovetlər İttifaqının qalıb-qalmaması haqqında referendum keçirilərkən çoxları deyirdilər ki, yox, Sovetlər İttifaqını dağıtmaq olmaz. Çünki dağılsa bu respublikaların heç biri müstəqil yaşaya bilməz: onların istehsal müəssisələri və sair bir-biri ilə elə bağlıdır ki, bu, burada məhsulu istehsal edib, ora aparır, o isə istehsal edib bura gətirir. Əgər onlar bu malları bir-birinə verməsə, fabrik-zavodlar necə işləyəcək?

Yenə də deyirəm, bunu belə qurmuşdular - respublikalar bir-biri ilə elə bağlı olsunlar ki, heç vaxt ayrıla bilməsinlər. Xatirimdədir, 1970-ci illərdə mən burada respublikaya rəhbərlik etdiyim zaman Azərbaycanda iqtisadiyyatı inkişaf etdirərkən Moskvadan, mərkəzdən bir məhsulu tam şəkildə istehsal etməyə bizə imkan vermirdilər. Yəni həm xammal, həm ilkin istehsal bizimdir, həm də son məhsulun istehsalı respublikamızda mümkün idi, lakin buna imkan vermirdilər. Deyirdilər ki, xammal sizdədir, bax, bunu bu dərəcəyədək istehsal edin, sonra onu Voronejə, yaxud Sverdlovska, Moskvaya göndərin, onlar orada ondan son məhsulu alsınlar. Bunun iki səbəbi var idi. Birinci səbəbi ondan ibarət idi ki, bağlamaq istəyirdilər ki, ayrılmaq mümkün olmasın. İkinci səbəbi isə - şübhəsiz ki, siz iqtisadçısınız, bunu yaxşı bilirsiniz - xammalın ilkin istehsalından alınan məhsulun qiyməti birdir, amma son məhsulun qiyməti tamamilə yüksəkdir. Son məhsulun xeyri Rusiyaya gedirdi.

Məsələn, Sumqayıtda böyük kimya kompleksi inkişaf etdirilirdi. Bu inkişaf 1962-ci illərdən başlamışdı. Mən özüm 1969-cu ildə respublikaya rəhbərlik edəndən bu işlə bilavasitə məşğul olmuşam. 1970-ci illərdə Sumqayıtda kimya zavodlarının inkişaf etdirilməsi üçün çox böyük məsələlər qaldırmışdıq və çox böyük işlər gördük. Mən o vaxt çalışırdım, vuruşurdum ki, əgər polietilen istehsal ediriksə, onun son məhsulunu da biz özümüz hazırlamalıyıq. Amma bizi məcbur edirdilər ki, polietileni xammal kimi başqa yerlərə verin.

Respublikada pambıq, mahlıc istehsal edilirdi. Həmin mahlıcı az miqdarda biz özümüz son məhsula gətirib çıxara bilərdik. Onun demək olar ki, 90 faizi respublikadan kənara gedirdi, orada son məhsul istehsal olunurdu, toxuculuq məmulatı kimi satılırdı. Şübhəsiz ki, toxuculuq məmulatının qiyməti mahlıcın qiymətindən qat-qat artıq idi.

Bunları ona görə deyirəm ki, əgər o vaxt belə siyasət aparıb bizi bir-birimizə bağlamışdılarsa, bu bağlılıqdan indi də əziyyət çəkirik və bu, istehsalın aşağı düşməsinin hazırkı səbəblərindən biridir. İndi Türkiyə və Azərbaycan iqtisadiyyatlarının bir-biri ilə bağlanması ölkələrimizin əlaqələrini sıxlaşdıracaqdır. Mən bunu əlaqələrimizin siyasi, mənəvi cəhətinə gətirib çıxarıram. Bunlar haqqında da düşünməliyik.

İqtisadçı iqtisadçıdır, iş adamıdır. Amma iş adamı vətənsiz ola bilməz. Heç bir iqtisadçı öz millətinə biganə ola bilməz. Heç bir iqtisadçı düşünməməlidir ki, "pul mənim üçün hər şeydən üstündür". Bəs Vətən, torpaq, millət, mənəviyyat? Bunların hamısı haqqında düşünmək lazımdır.

Azərbaycanda indi böyük iqtisadi islahatlar prosesi gedir. Respublikamızda iş görmək üçün geniş imkanlar yaranır. Bunun üçün biz bir sıra qanunlar qəbul etmişik və edəcəyik. İqtisadiyyatın, idxalın, ixracın sərbəstləşdirilməsi üçün lazımi qanunlar qəbul olunur və bundan sonra da qəbul ediləcəkdir. İqtisadiyyatda Azərbaycanın gələcək yolu müstəqil bazar iqtisadiyyatıdır, azad sahibkarlıqdır, sahibkarlığa geniş imkanlar verilməsidir. Bax, bu yol bizim üçün əbədidir. Xahiş edirəm, Türkiyədən olan həmkarlarımız, bizimlə müştərək iş görən adamlar narahat olmasınlar ki, başqa bir yol da ola bilər. Olmayacaqdır!

Xarici investisiya üçün Azərbaycan açıqdır. Kim bu gün tez gəlib Azərbaycana sərmayə qoysa, o, beş-on ildən sonra udmuş olacaqdır. Mən bunu sizə açıq deyirəm. Azərbaycan daim belə vəziyyətdə qalmayacaqdır. Bir az uzaqgörən olmaq lazımdır. Gərək iqtisadçılar da, iş adamları da uzaqgörən olsunlar. Azərbaycanın qapıları açıqdır və müştərək iş görülməsi üçün biz çox imkanlar verəcəyik.

Hesab edirəm, bu konfransın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, iş adamlarımız, istehsalla, iqtisadiyyatla məşğul olan adamlarımız Türkiyənin təcrübəsi ilə daha yaxından tanış olacaqlar. Şübhəsiz ki, Türkiyənin iqtisadiyyatında böyük nailiyyətlər var. Bu ölkə çox uğurlu iqtisadi inkişaf yolu keçib, yüksək iqtisadiyyata, zəngin iqtisadiyyata malikdir. Avropada əldə edilən nailiyyətlərin Türkiyədə tətbiq olunması çox məharətlə həyata keçirilir. Ona görə də Türkiyənin bütün bu təcrübəsindən istifadə etmək Azərbaycanın iqtisadçıları, iş adamları üçün, iqtisadi islahatları həyata keçirmək üçün çox gərəkli, əhəmiyyətlidir. Hesab edirəm ki, Türkiyədən gələn qonaqlarımız bu sahədə öz biliklərini, təcrübələrini ictimaiyyətimizə, konfrans iştirakçılarına çatdıracaqlar və bu barədə bizə öz köməklərini əsirgəməyəcəklər.

Mən hesab edirəm ki, bu konfrans ilk belə konfransdır, hər halda xatirimdə belədir. Bu konfrans Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına çox böyük təkan verəcəkdir. Bunlar hamısı da Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Mən sizi, konfrans iştirakçılarını bir daha salamlayıram. Konfransın işinə uğurlar arzulayıram. Türkiyəli qonaqlarımıza bir daha "xoş gəlmisiniz" deyirəm. Ümidvaram ki, burada onların işləri səmərəli olacaqdır. Ümidvaram ki, bu konfrans yeni iqtisadi əlaqələr qurulmasına kömək edəcək və iqtisadi əlaqələr də əməli işə çevriləcəkdir. Sağ olun.