Azərbaycan Respublikasının Prezidenti, GUAM təşkilatının sədri Heydər Əliyevin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün bəyanatı - Vaşinqton, 24 aprel 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Bu gün burada, Vaşinqtonda, Özbəkistan səfirliyində GUAM təşkilatına daxil olan ölkələrin dövlət başçılarının görüşü keçirildi. Mühüm hadisə baş vermişdir - bizim təşkilatımız Özbəkistanı böyük məmnuniyyətlə öz üzvlüyünə qəbul etdi. Özbəkistanın bizim təşkilatın üzvü olması münasibətilə mən prezidentlər adından Özbəkistanı və onun prezidenti İslam Kərimovu alqışlayıram.

Biz təşkilatımızın keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabiliyyətinə malik olduğunu göstərmişdir. Təşkilat hər şeydən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələrin iqtisadi əməkdaşlığı və daha çox Transqafqaz magistralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir. Transqafqaz magistralından ölkələrimizin iqtisadi mənafeləri naminə istifadə etmək üçün ötən vaxt ərzində çox iş görülmüşdür. Məsələn, ötən ilin sentyabrında Bakıda keçirilmiş beynəlxalq konfrans Böyük İpək yolunun gələcək inkişafının, TASİS proqramının reallaşdırılmasının əsas prinsiplərini işləyib hazırlamışdır.

Xəzər dənizindən çıxarılan Azərbaycan neftinin ixracı üçün bu yaxınlarda istismara buraxılmış Bakı-Supsa neft kəməri artıq işləyir. Aprelin 17-də Poti-İliçovsk dəmir yolu bərə keçidinin təntənəli açılışı olmuşdur və o, Transqafqaz magistralının imkanlarını genişləndirir. Bunlar hamısı bizim təşkilatımızın real nailiyyətləridir. Ancaq eyni zamanda bunlar yaxşı perspektivdən xəbər verir.

Biz inanırıq ki, təşkilatımız ölkələrimizin mənafeyinə xidmət edir. Biz inanırıq ki, təşkilatımız təkcə onun üzvlərinin deyil, ötən ilin sentyabrında Bakıda konfransa toplaşan 30-dan çox ölkənin də maraq göstərdiyi Böyük İpək yolunun bərpasına fəal surətdə kömək edəcəkdir. Bax, bu hisslərlə də biz öz görüşümüzü qurtardıq. Biz təşkilatımızın icraçı katibliyinin yaradılması haqqında razılığa gəldik. Diqqətinizə görə sağ olun.