Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Devid Ouen ilə görüşdə söhbətindən - Prezident sarayı, 4 dekabr 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab Ouen, hörmətli qonaqlar!

Beynəlxalq Valyuta Fondunu salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasındakı əməkdaşlıq iqtisadiyyat və maliyyə sahəsində indiyə qədər gördüyümüz və gələcəkdə görüləcək işlərimizin böyük bir hissəsini təşkil edir. Hesab edirəm ki, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın indiyə qədər olan əməkdaşlığı uğurludur və ümid edirik ki, gələcəkdə bundan da uğurlu olacaqdır. Siz bizim maliyyə, iqtisadiyyat məsələlərimizi təhlil edirsiniz, araşdırırsınız və həmişə müstəqil fikir söyləyirsiniz, öz təkliflərinizlə, məsləhətlərinizlə bizə çox kömək edirsiniz. Güman edirəm, sizin bu dəfəki səfəriniz zamanı da bu barədə müəyyən iş görmüsünüz. Ona görə də sizi dinləmək istəyirəm.

Devid Ouen: Cənab prezident, bugünkü görüş üçün imkan yaratdığınıza görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Gec də olsa, təklif edərdim ki, bugünkü görüşü Sizə təbriklərlə başlayım. Prezident seçilməyiniz münasibətilə Sizi, gec də olsa, təbrik edirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Devid Ouen: Sizin qeyd etdiyiniz kimi, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında əlaqələr yaxşı səviyyədədir. Mən hətta qeyd etmək istərdim ki, lap əla səviyyədədir. İnanıram ki, Sizin yenidən prezident seçilməyinizdən sonra, Sizin liderliyiniz sayəsində əlaqələrimiz daha da yaxşılaşacaq, Sizdə makroiqtisadi sahədə və digər sahələrdə islahatlar daha sürətlə gedəcəkdir. Ölkədəki makroiqtisadi islahatlarla əlaqədar həm Sizə, həm də iqtisadiyyat sahəsində fəaliyyət göstərən komandanıza təbriklərimi yetirmək istəyirəm.

İqtisadi artım müşahidə olunur, inflyasiya məqbul səviyyədədir və ümumiyyətlə, iqtisadi sahədə uğur əldə etmisiniz. Manatın məzənnəsi sabit səviyyədə qalmaqdadır. Azərbaycan bütün bunların hamısına özündən asılı olmayan, öz nəzarətindən kənarda olan iki xarici şoka baxmayaraq, respublikada iqtisadi vəziyyəti sabit saxlamağa müvəffəq olmusunuz. İkinci şok isə Rusiyanın düşdüyü böhran vəziyyətidir.

Heç də demək olmaz ki, bu şokların heç bir təsiri olmamışdır. Təəssüf ki, onların müəyyən təsiri olmuşdur. Bu da qaçılmaz haldır. Ona görə bunun büdcə gəlirlərinə müəyyən təsiri olmuşdur. Həm də xarici ticarətdə Rusiya müəyyən yer tutduğuna görə, xarici ticarətə də təsir göstərmişdir.

Lakin eyni zamanda mən keçmiş SSRİ-nin digər respublikaları ilə Azərbaycanı müqayisə də etmişəm. Görmüşəm ki, keçmiş SSRİ-nin digər respublikaları ilə müqayisədə bu böhran Azərbaycanda faktiki olaraq baş verməmişdir. Azərbaycan faktiki olaraq bütün bu böhran fırtınalarına sinə gərə bilmişdir. Bu təzyiqlərə davam gətirmək bacarığı, böhran dövründə ehtiyatlardan az istifadə edilməsi Azərbaycanı keçmiş SSRİ səviyyəsində faktiki olaraq ən yüksək göstəricilərə malik respublikalardan biri etmişdir. Azərbaycan öz göstəricilərinə görə hazırda Baltikyanı respublikalarla müqayisə oluna bilər.

Heydər Əliyev (tərcüməçiyə): Sən tərcümədə bir az düzgün demədin. SSRİ səviyyəsində yox, keçmiş SSRİ-yə mənsub olan ölkələr içərisində.

Devid Ouen: Azərbaycanı və Baltikyanı respublikaları çıxmaq şərti ilə, digər keçmiş SSRİ respublikalarında valyuta məzənnəsində 40 faizə qədər fərq olmuşdur. Yəni, onların milli valyutalarının məzənnəsi 40 faizə qədər aşağı düşmüşdür.

Bu, Azərbaycanın həm makroiqtisadi islahatları vaxtlı-vaxtında keçirtdiyini, həm də büdcəyə nəzarətin lazımi qaydada keçirildiyini göstərir.

Bankların strukturunun dəyişdirilməsi sahəsində atdığınız addımları da tam dəstəkləyir, bu işdə əldə etdiyiniz tərəqqini vurğulamaq istəyirəm. Bu yaxınlarda Sizin Beynəlxalq Bankın özəlləşdirilməsi haqqında fərmanınızı oxudum və biz bunu çox gözəl qəbul edirik. Elə bilirəm ki, bu, vacib addımdır. Eyni zamanda inanmaq istəyirəm ki, bu, yalnız ilkin addımdır və ümumiyyətlə bank sisteminin dəyişdirilməsi üçün daha mühüm işlər görüləcəkdir.

İndi isə, icazə versəydiniz, Azərbaycana bu dəfəki səfərim haqqında danışardım. Bu səfər müddətində həmkarlarımızla çox yaxşı əməkdaşlıq etmişik, faydalı fikir mübadilələri olubdur. Eyni zamanda 1999-cu il üçün nəzərdə tutulmuş maliyyə siyasətini müzakirə etmişik və razılıqlara gəlmişik. Nazirlər Kabinetində keçirdiyimiz əla görüşləri də qeyd etmək istəyirəm. Bu görüşlər zamanı struktur islahatları proqramı qəbul etmişik. Elə bilirəm ki, Siz bu cür siyasət həyata keçirməklə ötən illərdə əldə etdiyiniz iqtisadi göstəricilərdən daha yüksək uğurlara nail olacaqsınız.

Heydər Əliyev: Mən Sizə razılığımı bildirir və təşəkkür edirəm. Azərbaycanın iqtisadi-maliyyə vəziyyəti haqqında söylədiyiniz fikirlər və Beynəlxalq Valyuta Fondunun rəyi məni çox sevindirir.

Məlumdur ki, Azərbaycan keçmişdə Sovetlər İttifaqına daxil olmuş, indi müstəqil dövlət olan digər ölkələrlə bərabər eyni problemlərlə, çətinliklərlə üzləşir. Hətta bizim problemlərimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin bir çoxunun problemlərindən daha da çoxdur. Mən birinci növbədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir qisminin işğal edilməsini və işğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyona qədər azərbaycanlının qaçqın-köçkün vəziyyətində, ağır şəraitdə, çadırlarda yaşamasını nəzərdə tuturam.

Bununla bərabər, Amerika Birləşmiş Ştatları Konqresinin Azərbaycana qarşı ayrı-seçkilik qərarı - 907-ci düzəliş var və altı ildir ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının keçmiş Sovetlər İttifaqına daxil olan indiki müstəqil dövlətlərə etdiyi maliyyə yardımından məhrumdur. Bilirsiniz ki, bizim qonşularımız Ermənistan və Gürcüstan Amerika Birləşmiş Ştatları hökumətindən ildə 100 milyon dollardan artıq bilavasitə maliyyə yardımı alırlar. Amerika Birləşmiş Ştatları başqa ölkələrə də yardımlar edir. Amma Azərbaycan bu yardımdan da məhrumdur. Mən bunlara görə deyirəm ki, biz öz iqtisadi-maliyyə vəziyyətimizə görə Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa respublikalardan daha da çətin vəziyyətdəyik.

Belə olan halda Azərbaycanın iqtisadiyyatının bugünkü vəziyyəti və onun haqqında xüsusən sizin, dünyanın böyük maliyyə mərkəzi olan Beynəlxalq Valyuta Fondunun fikirləri və rəyi, şübhəsiz ki, bizim gördüyümüz işlərin əyani nəticəsini göstərir. Onu göstərir ki, iqtisadi islahatlar ardıcıl şəkildə həyata keçirilən halda nə qədər çətinliklər olsa da, iqtisadiyyatda nailiyyət əldə etmək mümkündür. Biz isə, bəyan edirəm, indiyə qədər olduğu kimi, bundan sonra da iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Mən görüşün əvvəlində də qeyd etdim ki, biz bu işlərdə Beynəlxalq Valyuta Fondunun həm tövsiyələrinə, məsləhətlərinə, həm də maliyyə yardımına arxalanırıq. Buna görə də bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımız uğurlu olubdur. Mən Beynəlxalq Valyuta Fonduna bir daha Azərbaycan dövlətinin hörmət və ehtiramını bildirirəm.

Azərbaycana indiyə qədər göstərilən yardımlara görə və bizimlə səmərəli əməkdaşlığa görə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, biz bu əməkdaşlığı davam etdirəcəyik. Birincisi, ona görə ki, biz bunun müsbət nəticəsini görürük. Eyni zamanda bizim üçün bu, kənardan məcburi tətbiq olunan bir şey deyildir. Biz özümüz, Azərbaycan dövləti iqtisadi islahatları həyata keçirməyi iqtisadi siyasətimizin strateji istiqaməti kimi qəbul etmişik. Sadəcə, bu sahədə bizim fikirlərimiz üst-üstə düşür, bu barədə məsələlərə münasibətimizdə ziddiyyətlər yoxdur. Əksinə, biz yaxşı əməkdaşlıq edirik və siz də əməkdaşlığımızın uğurlu olduğunu görərək bizə daha da çox yardım etməyə çalışırsınız.

Beynəlxalq Bankın özəlləşdirilməsi haqqında fərmanım barədə söylədiyiniz fikirlər məni sevindirir. Mən sizin tövsiyələrinizi də qəbul edirəm ki, ümumiyyətlə başqa banklarla da əlaqədar ciddi dəyişikliklər həyata keçirməliyik. Yəni, bank sistemi sahəsində sizin tövsiyələrinizi tamamilə qəbul edirik və sizinlə birlikdə bunları həyata keçirəcəyik.

Ümumiyyətlə biz özəlləşdirmə proqramını bundan sonra da həyata keçirəcəyik. Baxmayaraq ki, özəlləşdirmə müsbət nəticələrlə yanaşı, bizim üçün bir çox problemlər də yaradıbdır, ancaq güman edirəm ki, sizinlə birlikdə biz bu problemlərin də aradan qaldırılmasına nail ola biləcəyik.

Siz Rusiyadakı maliyyə böhranının başqa ölkələrə təsiri haqqında fikirlərinizi bildirdiniz. Yaxşı bilirsiniz ki, bu böhran bizim maliyyə-iqtisadi sistemimizə də təsir etdi. Ancaq gördüyümüz tədbirlər nəticəsində bu təsirin qarşısını ala bildik.

Siz dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi haqqında da söylədiniz. Bilirsiniz ki, Azərbaycanın iqtisadiyyatında neftdən əldə olunan gəlir böyük bir hissəni təşkil edir. Neftin qiymətinin şiddətli aşağı düşməsi iqtisadiyyatımıza çox böyük mənfi təsir edir. Biz bunların da qarşısını alırıq. Amma çətinliklərimiz də var, siz bunu bilirsiniz.

1999-cu ildə bu çətinlikləri aradan qaldırmaq üçün sizinlə əməkdaşlığa və sizin yardımınıza ümid bəsləyirik. İndi Azərbaycanda dövlət büdcəsini hazırlayırlar. Nazirlər Kabineti bunu mənə təqdim edibdir. Hesab edirəm ki, bu ay ərzində ona baxıb Milli Məclisə - parlamentə göndərəcəyik. Arzu edirəm ki, ilin axırına qədər büdcə qəbul olunsun.

Ancaq sizə məlum olan iki amil - Rusiyada maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsi bizim büdcənin təşkil olunmasında da və gələcəkdə onun yerinə yetirilməsində də böyük çətinliklər yaradır. Biz bu sahədə də sizin yardımınıza ümid bəsləyirik.

Xatirinizdədir, bir il, iki il bundan öncə Beynəlxalq Valyuta Fondunda və Dünya Bankında belə fikir yaranmışdı ki, Azərbaycanda xarici şirkətlərlə neft istehsalına artıq başlanıb, Azərbaycanın neft məhsulları çoxalır, ona görə də Azərbaycan iqtisadi cəhətdən zənginləşir və Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycana yardımını azaltmaq lazımdır. Ancaq Beynəlxalq Valyuta Fondunda və Dünya Bankında bu barədə proqnozların vaxtı düzgün müəyyən olunmamışdır. Biz o vaxt da sizə deyirdik və indi də görürsünüz ki, Azərbaycanın xarici şirkətlərlə birlikdə gördüyü işlərdən böyük gəlir götürməsi üçün hələ bir müddət lazımdır. Təəssüflər olsun ki, bunu siz də, Dünya Bankı da, Avropa Birliyinin İqtisadi Komissiyası da nəzərə almadı. İndi isə görürsünüz, biz hələ xarici şirkətlərlə birlikdə çox neft hasil etməmişik, hasil etdiyimiz neftin də qiyməti iki dəfə aşağı düşübdür. Belə bir vəziyyəti yəqin ki, siz də proqnozlaşdıra bilməzdiniz.

Amma sizdən fərqli olaraq, biz bir şeyi dəqiq bilirdik ki, imzaladığı müqavilələrdən Azərbaycanın hələ qarşıdakı illərdə gəliri olmayacaqdır. Bilirsiniz ki, bir il bundan öncə biz ilk konsorsiumla iş gördüyümüz "Çıraq" neft yatağından hasilata başlamışıq. 2 milyon ton neft hasil olunub və dünya bazarına çıxardılıbdır. Ancaq bundan Azərbaycanın büdcəsinə heç bir gəlir gəlməyibdir. Çünki siz bilirsiniz, müqavilənin şərtlərinə görə, əldə olunan gəlir hələ qoyulmuş xərclərin ödənilməsinə getməlidir.

Bax, belə yanlış fikirlərlə Avropa Birliyi vaxtilə, 1994-cü ildə özünün bizə təklif etdiyi krediti, - hansı ki, heç biz başa düşmürük, bunu bizə kredit verirlər, yaxud sadəcə kömək, qrant kimi verirlər, - keçən il bizdən tələb etdi və biz Avropa Birliyinə 57 milyon dollar qaytarmalı olduq. Gürcüstan, Ermənistan da bizim aldığımız qədər bu kreditdən almışdı. Ancaq onlar o kreditləri qaytarmayıblar. Çünki Avropa Birliyi də, siz də hesab edirsiniz ki, Gürcüstanın, Ermənistanın o kreditləri qaytarmağa imkanı yoxdur, amma Azərbaycan neft ölkəsidir, onun imkanı var. Ona görə biz Avropa Birliyinə 57 milyon dollar qaytardıq.

İndi də Rusiyadakı böhranın təsirinin qarşısını öz imkanlarımızla aldıq. Amma siz deyirsiniz ki, Baltikyanı ölkələrdən və Azərbaycandan başqa qalan ölkələrə bu böhran təsirini göstərib və onlarda maliyyə problemləri yaranıbdır. Belə düşünmək olar ki, siz yenə onlara maliyyə köməyi etməyə başlayacaqsınız, amma Azərbaycana kömək etməyəcəksiniz. Belə bir nəticə çıxarmaq olar ki, yaxşı kömək almaq üçün gərək pis işləyəsən. Yaxşı işləyənə kömək etmirlər. Mən görürəm, indi Beynəlxalq Valyuta Fondu Rusiyaya nə qədər kömək etməyə çalışır və Beynəlxalq Valyuta Fondu ilə hər gün danışıqlar aparılır. Şübhəsiz ki, bizim buna etirazımız yoxdur. Amma istəyirik ki, bizə də bu qədər diqqət yetirilsin.

Şübhəsiz ki, mən bu sözlərlə bizə indiyə qədər olan diqqət və qayğını, Beynəlxalq Valyuta Fondunun Azərbaycana yardımını inkar etmirəm. Əksinə, bununla bir daha bildirmək istəyirəm ki, biz sizinlə çox ciddi əməkdaşlıq edirik, Beynəlxalq Valyuta Fondunun fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, ümumiyyətlə, dünya maliyyə problemlərinin həll olunmasında Beynəlxalq Valyuta Fondunun böyük xidmətləri var. Ümid edirik ki, bizim əməkdaşlığımız gələcəkdə daha da uğurlu olacaqdır.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 18-ci cild, səh.317.