Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Sənaye İnkişafı Təşkilatının - YUNİDO-nun Baş Direktorunun müavini Nilmadxabon Moxanti ilə görüşdə söhbəti - Vyana, BMT nümayəndəliyinin binası, 5 iyul 2000-ci il


Nilmadxabon Moxanti: Sizi səmimiyyətlə salamlayıram. Bütün dünyada məşhur, görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən böyük şərəf duyduğumu bildirirəm. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə YUNİDO-nun xüsusi maraq göstərdiyini nəzərə çarpdırıram.

YUNİDO-nun Azərbaycanda həyata keçirdiyi proqram barədə məlumat verərək bildirirəm ki, bu təşkilatın geniş tərkibli nümayəndə heyətləri, ekspertləri Azərbaycanda olmuş, sənayenin müxtəlif sahələrinin inkişafına dair öz tövsiyələrini vermişlər. Biz Sumqayıtda ətraf mühitin təmizlənməsinə dair bir sıra proqramların həyata keçirilməsinə yardım göstərməyə hazırıq. Azərbaycanda kiçik və orta biznesin inkişafına dair bir sıra beynəlxalq təşkilatların ayırdığı maliyyə yardımları hesabına respublikanızda sənayenin inkişafı, ətraf mühitin qorunması proqramlarının həyata keçirilməsində YUNİDO-nun yaxından iştirak edəcəyini bildirirəm.

Onu da qeyd edim ki, BMT-nin sənaye inkişafı təşkilatı bir sıra çətinliklər, problemlərlə qarşılaşır. Dünyanın ən görkəmli şəxsiyyətlərindən, liderlərindən biri olan prezident Heydər Əliyevin dəstəyinə YUNİDO böyük ehtiyac duyur.

Heydər Əliyev: Səmimi sözlərə və verilən məlumata görə təşəkkür edirəm, BMT-nin Vyanadakı nümayəndəliyinə gəlməkdən çox məmnun oldum. YUNİDO-nun rəhbərləri ilə apardığım danışıqları Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

Müstəqil ölkəmizin ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilmişdir. Bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayır. Onların böyük bir hissəsi işləmir. Keçid dövrünü yaşayan ölkələrin problemləri ilə məşğul olan YUNİDO-nun məhz bu məsələlərə xüsusi diqqət yetirməsinin vacibliyini nəzərə çarpdırıram. YUNİDO-nun köməyi ilə ölkəmizdə həyata keçirilən proqramı yüksək dəyərləndirirəm. Gələcəkdə Azərbaycanla əməkdaşlıqda ətraf mühitin qorunması, ümumiyyətlə, görüləcək işin istiqamətlərinin düzgün müəyyənləşdirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməyi BMT-nin sənaye inkişafı təşkilatının rəhbərlərinə tövsiyə edirəm.

Respublikamızda xarici sərmayələrə ehtiyac duyulduğunu bildirirəm. Onu da xatırladıram ki, bu işdə Azərbaycana yardım göstərmək üçün YUNİDO ilə ölkəmiz arasında konkret sahələrdə əməkdaşlıq qurulmalıdır. YUNİDO ilə Azərbaycan arasında imzalanacaq sənəd barədə öz fikirlərimi bildirərək qeyd edim ki, biz bununla əlaqədar birgə proqram yaradıb onu həyata keçirə və ümumi işimizin, yəni sənayenin inkişafının real nəticələrini görə bilərik.

YUNİDO-nun fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

"Birləşmiş Millətlər Təşkilatının Vyana mərkəzində YUNİDO təşkilatı ilə əməkdaşlığımızı əhəmiyyətli hesab edirəm. Bu məqsədlə bu gün bu təşkilatın rəhbərləri ilə lazımi danışıqlar apardıq, gələcək müştərək fəaliyyətimiz üçün müvafiq memorandum imzaladıq. Biz bu əməkdaşlığı davam etdirəcəyik. Mən bu təşkilata əhəmiyyətli işində uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
5 iyul 2000-ci il"