Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının zirvə toplantısında çıxışı - Buxarest, 30 iyun 1995-ci il


Hörmətli cənab sədr, möhtərəm dövlət və hökumət başçıları, xanımlar və cənablar!

İcazə verin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yüksək səviyyədə ikinci görüşünün keçirilməsi ilə əlaqədar məmnunluğumu bildirim və görüşün işində iştirak edən hörmətli dövlət başçılarını, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini və üzvlərini, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini salamlayım. Cənab İliyesku, mən sizi görüşümüzün sədri seçilməyiniz münasibətilə təbrik edirəm və nümayəndə heyətimizin mehriban qarşılandığına və ona qonaqpərvərlik göstərildiyinə görə, Zirvə toplantımızın işi üçün Buxarestdə yaradılmış gözəl şəraitə görə sizə, Rumıniya hökumətinə və xalqına səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, indiki yüksək səviyyədə ikinci görüş Qara dəniz bölgəsində sülh, sabitlik və tərəqqi naminə ölkələrimizin sıx və səmərəli əməkdaşlığı yolunda mühüm mərhələ olacaqdır.

Hörmətli xanımlar və cənablar! Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan bir çox ölkələr kimi Azərbaycan da çətin keçid dövrünü yaşayır. Sovet İttifaqı dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra biz demokratik hüquqi dövlət quruculuğu, əsaslı bazar islahatları keçirilməsi yolu seçmişik.

Belə tarixi dəyişikliklər üçün səciyyəvi olan obyektiv çətinliklərə baxmayaraq, biz bu yolda müəyyən nailiyyətlər qazanmışıq. Vətəndaşların milliyyətindən, dilindən, dini mənsubiyyətindən, siyasi əqidələrindən asılı olmayaraq, Azərbaycanda onların insan hüquqları etibarlı surətdə təmin edilmişdir. Onlarca siyasi partiya, yüzlərlə müstəqil qəzet, informasiya agentliyi və teleşirkət tam azadlıq və plüralizm şəraitində fəaliyyət göstərir. Biz baş vermiş antikonstitusiya hallarını aradan qaldırmağa və respublikada daxili siyasi sabitliyi təmin etməyə müvəffəq olmuşuq. Gördüyümüz tədbirlər, dərin demokratik islahatlar aparılması əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir.

Biz bu il noyabrın 12-də çoxpartiyalı əsasda ilk azad parlament seçkiləri keçirilməsi haqqında qərar qəbul etmişik və əminik ki, seçkilər Azərbaycanda demokratik ənənələrin möhkəmlənməsində mühüm addım olacaqdır. Elə həmin gün biz müstəqil Azərbaycanın ilk demokratik konstitusiyasını ümumxalq referendumuna verəcəyik.

Biz sərbəst bazar münasibətləri yaradılmasına və bərabərhüquqlu tərəfdaş kimi Dünya birliyi ilə iqtisadi inteqrasiyaya yönəldilmiş iqtisadi islahatları da fəal surətdə aparırıq. Biz inflyasiyanın sürətini kəskin şəkildə azaltmağa müvəffəq olmuşuq. Aqrar bölmədə islahat uğurla gedir. Dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair genişmiqyaslı proqram təsdiq edilmiş və yaxın vaxtlarda həyata keçirilməyə başlanacaqdır.

Dünyanın ən iri neft şirkətlərinin konsorsiumu ilə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Xəzər dənizinin Azərbaycan sektorunda enerji ehtiyatlarının hasilatı sahəsində uzunmüddətli beynəlxalq əməkdaşlığa başlanmışdır. Məmnunluqla bildirmək istəyirəm ki, bu müqavilədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələri - Rusiyanı, Türkiyəni təmsil edən şirkətlər də fəal iştirak edirlər. Bir sıra digər üzv ölkələr Xəzər şelfinin enerji ehtiyatlarının nəql edilməsində potensial tərəfdaşlarımızdır. Əminəm ki, bu böyük layihənin həyata keçirilməsi Xəzər dənizi və Qara dəniz hövzələri ölkələrinin əsl və qarşılıqlı surətdə faydalı iqtisadi inteqrasiyası üçün etibarlı bünövrə yaradacaq, bizə XXI əsrin astanasında dünya iqtisadiyyatında mühüm amil olmağa imkan verəcəkdir.

Bununla yanaşı, biz həmin demokratik islahatların keçirilməsi, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi yolunda xeyli maneələrlə də qarşılaşırıq. Bizə zorla qəbul etdirilmiş başlıca maneə müharibədir. Bildiyiniz kimi, Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü yeddinci ildir davam edir. Bu təcavüz Azərbaycan ərazisinin 20 faizinin işğalına gətirib çıxarmış, bir milyon nəfərdən çox vətəndaşımız Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş torpaqlardan qovulmuşdur və indi onlar çadır şəhərciklərində çox ağır şəraitdə yaşayırlar.

Bütün bunlara, böyük itkilərə və qurbanlara baxmayaraq, biz münaqişənin siyasi vasitələrlə aradan qaldırılmasına, bölgəmizdə sülhün və mehriban qonşuluğun bərqərar edilməsinə çalışırıq. Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tamamilə təmin olunması şərtilə. Münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə təcavüz pislənilir və işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin Ermənistan tərəfi həmin qətnamələri yerinə yetirməkdən indiyədək imtina edir.

Biz məmnunuq ki, son vaxtlar ATƏT münaqişənin aradan qaldırılması məsələsi ilə fəal məşğul olmağa başlamışdır. Ötən ilin dekabrında ATƏT-in Budapeşt Zirvə toplantısı münaqişənin dincliklə aradan qaldırılması, bu məqsədlə çoxmillətli sülhyaratma qüvvələri təşkil olunması üçün mühüm qərarlar qəbul etmişdir. Bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların Moskvada və Helsinkidə iki dövrəsi keçirilmişdir. Biz ümidvarıq ki, danışıqlar davam etdiriləcək və səbirsizliklə gözlənilən sülh ilə başa çatdırılacaqdır. Bundan ötrü əlverişli şərait var və bu şəraitdən səmərəli istifadə etmək lazımdır.

Keçən ilin may ayında münaqişə zonasında atəşkəs haqqında saziş əldə edilmişdir. Bu saziş hər hansı xüsusi ayırıcı qüvvələrin iştirakı olmadan on üç aydan çoxdur ki, gözlənilir. Biz bildiririk ki, möhkəm və ədalətli sülhə nail olmaq naminə atəşkəs rejiminə bundan sonra da əməl edəcəyik. Bununla bərabər hesab edirik ki, danışıqlar prosesinin uzadılması yolverilməzdir. "Nə sülh, nə də müharibə" vəziyyəti əbədi olaraq davam edə bilməz. Biz Ermənistan tərəfinin danışıqlar prosesindən vəziyyətin həmişəlik belə qalması və Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı mövcud vəziyyətin saxlanması üçün istifadə etmək cəhdləri ilə razılaşa bilmərik.

Buna görə də mən nümayəndə heyətlərinin başçılarına münaqişənin tezliklə aradan qaldırılması üçün, habelə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və bir milyon azərbaycanlı qaçqının öz doğma ocaqlarına qayıtması haqqında BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Budapeşt Zirvə toplantısının qərarlarının təxirə salınmadan yerinə yetirilməsi üçün bütün öz imkan və nüfuzlarından istifadə etmələri xahişi ilə üz tuturam.

Hörmətli görüş iştirakçıları! Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi və regionlaşması XX əsrin son mərhələsinin fərqləndirici xüsusiyyətləridir. Bu meylin obyektiv səciyyə daşıdığı göz qabağındadır. O, dövlətlərin beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum fayda ilə bəhrələnmək marağını, istehsalda qarşılıqlı surətdə təkmilləşmə və kooperasiya meylini, irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi üçün maliyyə ehtiyatlarının və maddi ehtiyatların birləşdirildiyini əks etdirir.

Azərbaycan Respublikası bir neçə regional iqtisadi qurumun üzvü kimi regional iqtisadi əməkdaşlığın inkişafında yaxından iştirak edir, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlığına xarici iqtisadi siyasətdə xüsusi əhəmiyyət verir. Razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təşəkkül tapmaqda olduğu bu üç il hədər getməmiş və nəticəsiz qalmamışdır. Qara dəniz bölgəsi qarşılıqlı surətdə faydalı əməkdaşlıq, ölkələr arasında mehriban qonşulara xas tərəfdaşlıq münasibətləri yaranan əraziyə çevrilir, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının ölkələri arasında ticarət dövriyyəsi daim artır, bölgə ölkələrindən olan kapitalın iştirakı ilə müştərək müəssisələrin sayı çoxalır.

İqtisadi əməkdaşlığı daha da genişləndirmək üçün bu təşkilat ölkələrinin ən əvvəl regional ticarətə dair qanunvericilik bazasını inkişaf etdirmək və təkmilləşdirmək lazımdır, o cümlədən də işgüzar əməkdaşlığı təmin edən ikitərəfli və çoxtərəfli müqavilə və sazişlər bağlanması yolu ilə.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın bütün mexanizminin həyati əhəmiyyətli arteriyaları olan nəqliyyat kommunikasiyalarının və rabitənin inkişafı xüsusi diqqət tələb edir. Biz məmnunuq ki, ölkələrimizin nümayəndələri Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis olunması üçün təşkilat işini başa çatdırmışlar. Bu bankın fəaliyyəti istər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində, istərsə də digər tərəfdaş ölkələrlə münasibətdə maliyyə-bank hesablaşmaları sisteminin əsaslarından biri olmalıdır. Bu, artıq yaxın gələcəkdə bankın maliyyə yardımı ilə iri regional layihələrin həyata keçirilməsinə başlamağa imkan verəcəkdir.

Bölgənin kəskin problemlərindən biri Qara dənizin və ətraf mühitin ekologiyası problemidir. Bununla yanaşı, hesab edirəm ki, bu məsələlərə daha geniş səpkidə, Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən nadir ərazidə ətraf mühitin mühafizəsi ilə bağlı şəkildə baxmaq lazımdır. Çünki bu iki hövzə təbiətin özü ilə çox sıx şəkildə bağlıdır.

Xanımlar və cənablar! Buxarest görüşü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tarixində növbəti mərhələ olaraq, birgə işə yekun vurur və gələcək inkişaf yollarını müəyyənləşdirir. Biz görüşün əməli ruhunu məmnunluqla qeyd edir və bölgənin əmin-amanlığı, tərəqqisi və inkişafı naminə əməkdaşlıq prosesinin inkişafında çox yaxından iştirak etmək niyyətindəyik. Bu işdə Azərbaycan sizin həmişə etibarlı və layiqli tərəfdaşınız olacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 2 iyul 1995-ci il.