Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Aviasiya Təşkilatı (İKAO) Şurasının prezidenti Assad Kotaytı və təşkilatın Avropa və Şimali Atlantika Bürosunun regional direktoru Kristian Ayqlı qəbul edərkən söhbətindən - 5 iyul 1999-cu il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz, mən sizi salamlayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanla tanışlığınız Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə Azərbaycanın əlaqələrini daha da genişləndirəcəkdir.

Sizin təşkilatınız dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir. Təşkilatınızın çoxillik tarixi və böyük təcrübəsi var. Müstəqil dövlət kimi Azərbaycan gəncdir və şübhəsiz ki, Azərbaycanın mülki aviasiyası beynəlxalq təşkilatın köməyinə və məsləhətlərinə ehtiyaclıdır. Güman edirəm ki, sizin bu səfəriniz zamanı bir çox məsələlər müzakirə edilib və gələcəkdə də həll olunacaqdır.

Assad Kotayt: Zati-aliləri, çox sağ olun ki, bu gün bizi qəbul edirsiniz. Hesab edirəm ki, bugünkü qəbul ümumiyyətlə Beynəlxalq Mülki Aviasiya Təşkilatına və şəxsən mənə, eləcə də həmkarıma verilən böyük imkandır. Bizim üçün böyük şərəfdir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Sizin qəbulunuzdadır.

Mənə bu şərəf nail olub ki, ilk dəfədir Azərbaycanda, gənc müstəqil ölkədəyəm. Bu ölkə İKAO-nun üzvüdür. Buraya mülki aviasiyanın strukturu ilə tanış olmaq, onun gələcək planları haqqında söhbət aparmaq, eləcə də Azərbaycan hökumətinin və mülki aviasiyasının bu sahədə göstərdiyi səylərlə yaxından tanış olmaq və mümkünsə, əlaqələri genişləndirməklə məşğul olmaq üçün gəlmişəm.

Əlbəttə ki, Azərbaycanın mülki aviasiyasından danışarkən Sizin adınızı mütləq çəkmək lazımdır. Bu aviasiyanın formalaşmasında Sizin birbaşa xidmətləriniz var. Cənab prezident, bu mülki aviasiyanın formalaşdığı ilk gündən Siz bu sahəyə böyük diqqət və qayğı göstərmisiniz. Elə bunun nəticəsidir ki, bu yaxınlarda yeni hava terminalı istifadəyə verilmişdir. Cənab prezident, biz çox şadıq ki, Siz hava nəqliyyatına böyük fikir verirsiniz, - məlumdur ki, mülki aviasiya da hava nəqliyyatının bir hissəsidir, - və Sizin ölkənin gələcək böyük planları içərisində bu sahəyə xüsusi üstünlük verilir.

Cənab prezident, Sizi əmin edirəm ki, bizim təşkilatımız Sizin mülki aviasiyanın rəhbərliyinə lazımi kömək göstərəcək və bundan sonra İKAO ilə Sizin mülki aviasiya arasında mümkün olan bütün əlaqələr genişlənəcəkdir.

Heydər Əliyev: Mən dediyimi bir də təkrar edirəm, Azərbaycanın indiki aviasiyasının Beynəlxalq Təşkilatla - sizin təşkilatınızla əməkdaşlıq etməyə çox böyük ehtiyacı var. Şəxsən mən sizin təşkilatı çoxdan tanıyıram. 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman Azərbaycanın mülki aviasiyası sizin təşkilatla əlaqə saxlayırdı. Sonra, Moskvada işləyən zaman Nazirlər Soveti sədrinin birinci müavini kimi mən ümumiyyətlə, nəqliyyata, o cümlədən mülki aviasiyaya rəhbərlik edirdim.

Xatirimdədir, o vaxt sizin təşkilatla əlaqə daim vardı. Amma bir yerdə təyyarə qəzaya uğrayanda mütləq sizin təşkilat bu işə qarışmalı və sizin təşkilatla əlaqə yaradılmalı idi. Təəssüf ki, o illərdə - 80-ci illərdə Sovetlər İttifaqında təyyarələrin qəzaya uğraması faktı az deyildi. Sonra təyyarələrin ayrı-ayrı şəxslər tərəfindən qaçırılması faktı meydana çıxdı. Mənim xatirimdədir, bütün bu problemlərin həll olunmasında sizin təşkilatla sıx əməkdaşlıq edirdik.

Hesab edirəm ki, müstəqil Azərbaycanda mülki aviasiya bizim istədiyimiz miqyasda deyildir. Hesab edirəm ki, Sovetlər İttifaqı dağılan zaman və Azərbaycan öz müstəqilliyini əldə edən zaman Sovetlər İttifaqının mülki aviasiyasından Azərbaycanın payına az düşübdür. Şübhəsiz ki, bu, bizi həmişə narahat edir. Çünki Azərbaycana qarşı ədalətsizlik edilibdir. Amma buna baxmayaraq, bizim mülki aviasiyamız olan imkanlardan səmərəli istifadə etməyə çalışır. Bilirsiniz ki, son illərdə Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi və başqa əlaqələri genişlənibdir. Ona görə də dünyanın bir çox ölkələrindən Azərbaycana xüsusi təyyarələr gəlir, sərnişinləri daşıyırlar - Azərbaycana gətirir, Azərbaycandan aparırlar. Keçmişdə Azərbaycanda bu yox idi. Azərbaycanın mülki aviasiyası ancaq Sovetlər İttifaqının çərçivəsində uçuşlar aparır və fəaliyyət göstərirdi.

Amma indi isə, - yenə də deyirəm, - bir çox ölkələrlə aviasiya əlaqələrimiz yaranıbdır. Bu da Azərbaycanı beynəlxalq miqyasda böyük bir hava limanına çeviribdir. Biz mülki aviasiyanı inkişaf etdirməyə çalışırıq. Bu baxımdan yeni terminalın tikilməsi və istifadəyə verilməsi böyük hadisədir. Xatirimdədir, hava limanının həmin binasının əsasını 1981-ci ildə qoymuşduq. Amma onun inşası çox uzanmışdır. Uzun müddət də orada inşaat olmamış, hər şey bağlanmışdı.

Maliyyə vəsaitimizin olmamasına baxmayaraq, son illər biz Bakıya, Azərbaycana layiq hava limanının binasını tikdik. Hazırladıq. Güman edirəm, siz onunla tanış olmusunuz.

Biz bundan sonra da çalışacağıq ki, Azərbaycanın mülki aviasiyasını genişləndirək. Sizin təşkilatla da daim əməkdaşlıq edəcəyik. Güman edirəm ki, siz Azərbaycanın bugünkü vəziyyəti ilə tanış olandan sonra Azərbaycana öz yardımınızı, diqqətinizi, qayğınızı daha da artıracaqsınız. Azərbaycanı ziyarət etdiyinizə görə, Azərbaycana göstərdiyiniz diqqətə görə sizə bir daha təşəkkür edirəm.

Assad Kotayt: Zati-aliləri cənab prezident, Siz 70-ci illəri xatırladınız. Bu, həqiqətən o illər idi ki, təyyarələrin qaçırılması son həddə çatmışdı, dünyada çox geniş yayılmışdı, SSRİ-də də bu hallar çox idi. O vaxtlar mən bu işə birbaşa qarışmalı olurdum. 1981-ci ildə Bakıya da gəlməli olmuşdum. Bu, həmin il idi ki, aerovağzal binasının inşasına başlanmışdı.

Ona görə də mən Azərbaycanın həmin dövrdəki problemləri ilə az da olsa tanış idim. Lakin indi Siz suveren, müstəqil dövlətsiniz, bizim təşkilatın üzvüsünüz. Bütün digər ölkələrlə bərabər eyni hüquqlarınız var və bunlardan istifadə edə bilərsiniz.

Cənab prezident, məlumdur ki, hazırda mülki aviasiyada təhlükəsizlik məsələsi ön planda durur. Bizim təşkilat "Dünyada narahatçılıq və təhlükəsizlik konvensiyası" deyilən bir sənədə imza atmışdır. Çox təəssüf ki, Azərbaycan hələ bu konvensiyaya qoşulmamışdır. Bu konvensiyanın əsas məqsədi təyyarələrin qaçırılması, təyyarədə sabotaj, eləcə də partlayıcı maddələrin daşınması kimi hallarla mübarizə aparmaqdır. Biz bu məsələni baş nazirlə və əlbəttə ki, Sizin Mülki Aviasiya İdarəsinin rəhbərliyi ilə də müzakirə etmişik. Onlar da bu fikirdədirlər və biz də bu fikirdəyik ki, Siz tezliklə öz xeyir-duanızı verəcəksiniz və Azərbaycan da bu konvensiyaya qoşulacaqdır.

Zati-aliləri, biz bu gün səhər Sizin Mülki Aviasiya xidməti ilə əməkdaşlıq haqqında razılaşmanı imzalamışıq. Həmin razılaşmaya əsasən biz təhlükəsizlik məsələləri sahəsində əməkdaşlıq olacaqdır. Noyabr ayında bizim ekspertlərimiz buraya gələcək və Sizin ekspertlərlə birlikdə işləyəcəklər ki, Sizin Mülki Aviasiya Xidmətiniz təhlükəsizlik baxımından bizim standartlara cavab versin. Əlbəttə, artıq Siz müəyyən standartlar əldə etmisiniz, lakin bunu daha da təkmilləşdirmək lazımdır.

Ümid edirəm ki, biz cənab Ercan Muratın dəstəyi ilə bütün bu layihələri həyata keçirə biləcəyik. Bizim planlarımızda bir layihə də var, bu da Naxçıvan hava limanının infrastrukturunun reabilitasiyası məsələsidir. Elə bilirik ki, bu layihəni həyata keçirəndən sonra Naxçıvanı təcriddən tamamilə çıxaracağıq və Naxçıvanın nəinki Bakı ilə, eləcə də bütün dünya ilə əlaqələri olacaqdır. Bu, bizim beynəlxalq təşkilatın gündəliyində olan bir məsələdir ki, elə bilirəm ki, onu həyata keçirəcəyik.

Heydər Əliyev: Çox gözəl, mən bu gün xeyir-duamı verirəm ki, indiyə qədər gecikdiyimiz o konvensiyaya imza atasınız. Mənə dedilər ki, guya bu, gecikdirilib, bu gün əmr verəcəyəm ki, tezləşdirsinlər. Naxçıvanın hava limanı haqqında sizin fikirləriniz bizim daxili istəklərimizdir, ölkəmiz üçün çox vacib bir problemdir. Bu problemin həll olunması üçün sizinlə sıx əməkdaşlıq edəcəyik. Güman edirəm ki, cənab Ercan Murat bu işlərə daha yaxından səy göstərəcək və biz bu məsələlərin həllinə nail olacağıq.

"Azərbaycan" qəzeti, 6 iyul 1999-cu il.