Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinə müraciəti - 30 iyun 1995-ci il


Azərbaycan öz müstəqilliyinin və suverenliyinin təminatlarını tam şəkildə ancaq iqtisadi böhran aradan qaldırıldıqdan sonra əldə edə biləcək. Möhkəm və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan siyasi müstəqillik heç də real suverenliyin yeganə göstəricisi deyil. Buna baxmayaraq, Azərbaycanın müstəqil bir dövlət kimi bərqərar olunmasından sonra hakimiyyətə gələn müxtəlif qüvvələr tərəfindən iqtisadiyyatda köklü dəyişikliklər aparılması üçün heç bir şey edilməmişdir və nəticədə əhalinin həyat səviyyəsi olduqca aşağı səviyyəyə düşmüşdür. İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatların aparılması mümkün deyildir. "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununun 1993-cü il yanvarın 7-də qəbul edilməsinə və bu qanunun qüvvəyə minməsi haqqında qərarla Dövlət Əmlak Komitəsinin rəhbərliyinə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqramın təqdim edilməsi üçün 1993-cü il martın 1-dək vaxt verildiyinə baxmayaraq, nə göstərilən müddətdə, nə də sonra bu tapşırıqların öhdəsindən gələ bilmədilər.

1995-ci ilin yanvarında Dövlət Əmlak Komitəsinin rəhbərliyində dəyişikliklər aparılmış və 1995-ci ilin martın 3-də Azərbaycan Respublikası prezidenti tərəfindən dövlət özəlləşdirilməsi haqqında proqramın hazırlanması üçün xüsusi komissiya yaradılmışdır. 1995-ci il iyunun 24-də həmin komissiya öz işini yekunlaşdırmışdır. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqram hazırlanarkən əsas amil kimi əhalinin həyat səviyyəsinin qaldırılması götürülmüşdür. 1995-1998-ci illəri əhatə edən proqramın əsas mahiyyətini xüsusi mülkiyyətçilər təbəqəsinin formalaşdırılmasına və nəticədə səmərəli fəaliyyət göstərən bazarın yaradılmasına, xalq təsərrüfatının inhisarlaşdırılmasına və onun strukturunun yenidən qurulmasına, ölkənin iqtisadi dövriyyəsinə kapitalın cəlb olunmasına və kapitallaşma mexanizminin yaradılmasına, iqtisadi prosesə bütün növ istifadə olunmamış resurslarının cəlb edilməsinə, vətəndaşların sahibkarlıq və işgüzarlıq fəallığının artırılmasına, işgüzarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılmasına, inflyasiyanın qarşısının alınmasına və manatın alıcılıq qabiliyyətinin artırılmasına yönəldilmiş əməli tədbirlər təşkil edir.

Bu tədbirlərin nəticəsində maliyyə stabilliyinə, əhalinin əmanətlərinin artırılmasına və bu əmanətlərin investisiyalara çevrilməsinə, istehsalatın canlandırılmasına və iş yerlərinin artırılmasına, nəhayət, vətəndaşların həyat səviyyələrinin keyfiyyətcə yaxşılaşdırılmasına nail olmaq olacaq.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət proqramı təsdiq olunmaq üçün təqdim edilir. Eyni zamanda, qüvvədə olan qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zəruriyyətini nəzərə alaraq, "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər haqqında Azərbaycan Respublikasının qanun layihəsi müzakirə üçün təqdim edilir.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 iyul 1995-ci il.