Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanda İkinci Beynəlxalq ticarət sərgisinin açılışı mərasimində çıxışı - Bakı İdman-Konsern Kompleksi, 3 sentyabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Azərbaycanda ikinci beynəlxalq ticarət sərgisinin açılması münasibətilə sizi təbrik edirəm. Sərginin bütün iştirakçılarına, bu sərgidə öz mallarını, öz işlərini, nailiyyətlərini nümayiş etdirən şirkətlərə uğurlar arzulayıram.

Azərbaycanda, respublikamızın paytaxtı Bakıda ikinci dəfədir ki, Ticarət-Sənaye Palatası və Böyük Britaniyanın "İnternəşnl treyd eksibişnz" şirkəti birlikdə ölkəmiz üçün, güman edirəm, bu sərgidə iştirak edənlərin hamısı üçün çox əhəmiyyətli olan belə bir sərgi təşkil ediblər. Son illər Azərbaycanda müxtəlif toplantıların, konfransların, görüşlərin keçirilməsi adi hal olubdur. Eyni zamanda, ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi Azərbaycanın bugünkü həyatının gerçəkliyidir.

Bu sarayda biz üç dəfə beynəlxalq "Neft-qaz" sərgisinin keçirilməsində iştirak etmişik. Bu sərgidə dünyanın müxtəlif ölkələrini təmsil edən neft şirkətləri, qaz istehsalı ilə məşğul olan şirkətlər və neft-qaz sənayesi ilə əlaqədar şirkətlər öz işlərini, eksponatlarını, nailiyyətlərini nümayiş etdirmək imkanı əldə ediblər.

Azərbaycanda, Bakıda beynəlxalq neft-qaz sərgisinin keçirilməsi təbiidir. Çünki Azərbaycan qədim neft diyarıdır. Respublikamız neft istehsalı sahəsində dünyada məşhur bir ölkədir. Bu gün də Azərbaycanın neft və qaz yataqları, böyük təbii sərvətləri dünyanın bir çox şirkətlərinin marağını özünə cəlb edir. Bildiyiniz kimi, Azərbaycanda böyük neft müqavilələri imzalanıbdır. Dünyanın böyük neft şirkətləri ilə neft-qaz yataqlarından müştərək istifadə olunması üçün artıq əməli iş gedir.

Bu gün açılan sərgi isə tamamilə başqa mövzuya həsr olunub. Azərbaycanda artıq ikinci dəfədir ki, belə sərgi açılır. Bu sərgi insan üçün istehsal edilmiş malların satışına, nümayiş etdirilməsinə həsr olunubdur. Şübhəsiz ki, bu da Azərbaycanda belə malların istehsalı üçün yaranmış şəraitlə, eyni zamanda burada təmsil edilən şirkətlərin respublikamıza olan marağı ilə bağlıdır.

Sərgidə 25 ölkədən yüzə qədər şirkətin iş nümunələri, nailiyyətləri, malları nümayiş etdirilir. Bu sərgidə bir çox xarici ölkələrdən iş adamları gəliblər. Sərgi, şübhəsiz ki, bu malların satılması, alınması, mal mübadiləsi və bu malların gələcəkdə istehsal edilməsi üçün, burada təmsil edilən şirkətlərlə müştərək iş görülməsindən ötrü yaxşı bir şərait yaradır.

Belə bir sərginin Azərbaycanda ikinci dəfə təşkil olunmasını və bu gün açılmasını mən yüksək qiymətləndirirəm. Bu sərgini təşkil edənlərə - Azərbaycan Ticarət-Sənaye Palatasına, Böyük Britaniyanın "İnternəşnl treyd eksibişnz" şirkətinə və bu sərgidə iştirak edən şirkətlərin hamısına bu münasibətlə təşəkkürümü bildirirəm.

Ümidvaram ki, bu sərgi Azərbaycan ilə burada təmsil edilən şirkətlərin mənsub olduqları ölkələr arasında və həmin ölkələrin, şirkətlərin öz aralarında iqtisadi əlaqələrin inkişaf etməsinə kömək edəcəkdir, bu da sərginin hər bir iştirakçısı üçün faydalı olacaqdır.

İqtisadiyyata, ticarətə həsr olunmuş belə görüşlərin, toplantıların, konfransların, sərgilərin Azərbaycanda keçirilməsi əyani surətdə onu sübut edir ki, respublikamız sərbəst iqtisadiyyat yolu ilə gedir, ölkəmizdə sərbəst iqtisadiyyat yaratmaq və inkişaf etdirmək üçün, Azərbaycanda iş görmək üçün daxili ictimai-siyasi sabitlik yaranıbdır. Azərbaycan dövlətinin, respublikamızın iqtisadiyyat sahəsində siyasəti ümumiyyətlə, bütün ölkələrin Azərbaycana marağını günü-gündən artırır.

Bildiyiniz kimi, Azərbaycan müstəqil, hüquqi demokratik dövlət olaraq iqtisadiyyatın inkişaf etdirilməsi üçün iqtisadi islahatlar aparmaqla məşğuldur, respublikamızı bazar iqtisadiyyatı yolu ilə aparmaq planlarını həyata keçirir. Azərbaycanda özəlləşdirmə proqramı geniş surətdə yerinə yetirilir. Ölkəmizdə aqrar sahədə torpaq islahatı aparmaq üçün çox əhəmiyyətli qanunlar qəbul edilib və onlar həyata keçirilir. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıbdır. Respublikamızda iqtisadiyyatın formalarının yenidən təşkil olunması, bütün iqtisadi formalardan səmərəli istifadə edilməsi və xüsusi mülkiyyətə geniş yer verilməsi üçün lazımi qanunlar qəbul olunub və onlar əməli surətdə həyata keçirilir.

Eyni zamanda bunlar hamısı respublikamızda sosial ədalətin təmin edilməsi ilə sıx bağlı olaraq həyata keçirilir. Bunlar hamısı son nəticədə Azərbaycan xalqının, vətəndaşlarımızın rifah halını yaxşılaşdırmağa yönəldilibdir.

Görülən bütün tədbirlər Azərbaycanı, onun iqtisadiyyatını dünya iqtisadiyyatı ilə günü-gündən sıx bağlayır, ölkəmizə xarici sərmayənin, xarici investisiyanın gəlməsi üçün gözəl şərait yaradır. Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycanın dünya iqtisadiyyatı ilə sıx əlaqələri günü-gündən inkişaf edir və respublikamıza xarici sərmayənin gəlməsi, xarici ölkələrin Azərbaycanla müştərək iş görməsi müvəffəqiyyətlə həyata keçirilir.

Bu məqsədimizə nail olmaq üçün belə sərgilərin çox böyük rolu var. Ona görə də mən bu gün açılan sərgiyə çox böyük əhəmiyyət verirəm. Verilən məlumatlara görə sərgidə çoxsaylı iş adamları iştirak edirlər. Şübhə etmirəm ki, onlar bu sərgidə iştirak edərkən, bir-biri ilə görüşərkən, sərgidə nümayiş etdirilən eksponatlarla tanış olarkən yeni-yeni işgüzar əlaqələr yaradacaqlar. Bunların hamısı da Azərbaycan ilə başqa ölkələrin iqtisadiyyatını daha sıx bağlayacaqdır.

Bu sərginin açılması münasibətilə sizi bir daha təbrik edirəm. Sizin hamınıza işlərinizdə uğurlar arzulayıram. Sizin hamınıza yeni-yeni iqtisadi əlaqələr qurmağı arzulayıram və bu əlaqələrin yaranmasında, inkişaf etdirilməsində sizə müvəffəqiyyətlər arzu edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 4 sentyabr 1996-cı il.