İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının doqquzuncu görüşünün iştirakçılarına Azərbaycan Prezidenti Heydər Əliyevin müraciəti - 21 may 1999-cu il


Hörmətli görüş iştirakçıları!

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan qardaş dövlətlərin nümayəndə heyətlərini, habelə nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini ürəkdən salamlayır və sizin hamınıza səmərəli və uğurlu iş arzulayıram.

Bakıda keçirilən indiki görüş dövlətlərimiz və xalqlarımız arasında çoxəsrlik tarixi proses nəticəsində yaranmış dostluq münasibətlərinin möhkəmləndirilməsi və genişləndirilməsi yolunda mühüm mərhələdir. İƏT üzvü olan ölkələr arasında çoxtərəfli əməkdaşlıq regionumuzda sülh və sabitlik üçün də son dərəcə vacibdir.

Müstəqillik əldə etdikdən az sonra İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olmuş Azərbaycan qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmləndirilməsində, İƏT çərçivəsində iri iqtisadi layihələrdə, xüsusilə nəqliyyat, ticarət, energetika və telekommunikasiya kimi sahələrdəki layihələrdə fəal iştirak edir. Şübhəsiz ki, bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verəcək, regionda inteqrasiya proseslərini sürətləndirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin xalqlarının rifahının yüksəlməsinə səbəb olacaqdır.

Əminəm ki, biz birgə səylərlə, qarşılıqlı maraqları nəzərə almaqla əməkdaşlığımızı xalqlarımızın potensialına, tələbatına və istəklərinə uyğun gələn səviyyəyə qaldıra biləcəyik.

Ümidvaram ki, XXI əsrin astanasında keçirilən Bakı görüşü İqtisadi Əməkdaşlıq Təşkilatının xalqlarımızın tərəqqisinə və çiçəklənməsinə yönəldilmiş fəaliyyətində mühüm mərhələ olacaqdır.

"Azərbaycan" qəzeti, 22 may 1999-cu il.