Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İqtisadi Əməkdaşlıq Komitəsinin üzvləri - işgüzar dairələrin nümayəndələri ilə görüşdə çıxışı - 1 noyabr 1994-cü il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar və qardaşlar!

Məni və mənimlə birlikdə Türkiyəyə gəlmiş nümayəndələri bu gün buraya dəvət etdiyinizə, bizə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Bu, sizinlə, yəni Türkiyənin iş adamları ilə mənim ikinci görüşümdür. Birinci görüşümüz bu ilin fevralında, mənim Türkiyəyə rəsmi səfərim zamanı olmuşdur. O zaman biz İstanbulda görüşmüş, geniş söhbət etmişik.

Bildiyiniz kimi, indi mən buraya Azərbaycan xalqının, bütün türk xalqlarının böyük şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi münasibətilə gəlmişəm. Yubiley Azərbaycanda geniş qeyd olunur və Türkiyədə də qeyd edilir. Bu, bizim bir kökdən olduğumuzu, eyni tarixə, eyni əbədi irsə malik olduğunuzu bir daha sübut edir. Mən bu yubiley münasibətilə Türkiyəyə gəlmişəm və sizin bu fürsətdən istifadə edərək təşəbbüs göstərib mənimlə belə görüş təşkil etməyiniz məni çox sevindirmişdir. Ona görə də sizə təşəkkür edirəm.

Hörmətli başqanımız Əli Hücət burada çox gözəl nitq söyləyərək, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin vəziyyətini təhlil etdi, olduqca maraqlı fikirlər ieərli sürdü. Doğrusu, xarici işlər naziri Həsən Həsənov bu görüşün keçiriləcəyini bildirərkən belə hesab edirdim ki, bizim bu sahədə işlərimiz çox normal vəziyyətdə, normal durumdadır və burada sadəcə olaraq görüşüb bəzi söhbətlər aparacaq, bir-birimizə suallar verəcəyik. Ancaq hörmətli Əli Hücətin, - iqtisadi əlaqələrimizlə bağlı işə qəlbdən, candan yanaşan bir insanın öz çıxışında bizə verdiyi məlumatlar, bilgilər, doğrusunu deyim, məni bir tərəfdən narahat etdi, ikinci tərəfdən, mənim üçün çox əhəmiyyətli oldu. Çünki Azərbaycan öz müstəqilliyini əldə etməkdən əvvəl də - artıq 90-cı illərdən başlayaraq xarici ölkələrlə, ilk növbədə Türkiyə ilə iqtisadi əlaqələr yaratmağa, bunları inkişaf etdirməyə çalışırdı.

Ancaq üç il öncə Azərbaycan müstəqil dövlət olduqdan sonra, şübhəsiz ki, bütün ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməyə ehtiyac duymuşdur. Lakin bu ölkələrdən həm milli köklərimizə, adət-ənənələrimizə, dilimizə, dinimizə görə, tarixi keçmişimizin eyniliyinə görə, həm də coğrafi baxımdan yaxınlığımıza, həmsərhəd olduğumuza görə Azərbaycan üçün ən doğması Türkiyədir. Azərbaycan öz əlaqələrini ilk növbədə Türkiyə ilə yaratmalı, inkişaf etdirməli idi və mən hesab edirəm ki, bu proses getmişdir. Lakin təəssüflər olsun, bu proses istənilən səviyyəyə qalxmamışdır və indi mənə aydındır ki, bunun təqsirinin çoxu sizdə deyil, Azərbaycandadır.

Doğrusu, buraya gələrkən düşünürdüm - sizə narazılığımı bildirəcəyəm ki, Türkiyənin iş adamları Azərbaycana maraq göstərmir, ölkəmizə gəlmir, sərmayə qoymurlar. Çünki mən bilirəm ki, Türkiyənin iş adamları bir çox ölkədə, yəni keçmiş Sovetlər İttifaqına daxil olan ölkələrdə, məsələn, Rusiyada, Orta Asiya respublikalarında böyük işlər görürlər.

Bir neçə gün öncə biz Türkiyənin cümhur başqanı, hörmətli dostum, əziz qardaşım Süleyman Dəmirəl ilə Aşqabatda idik, Türkmənistanın istiqlaliyyətinin üçüncü ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak edirdik. Mən orada hiss etdim ki, Türkiyənin iş adamları Türkmənistanda çox işlər görürlər. Türkmənistan və Azərbaycan dost, qardaş ölkələr olduğuna görə, mən buna çox sevindim. Eyni zamanda düşündüm ki, bəs nə üçün Azərbaycanda onların bu işləri görünmür? Ya bu işlər yoxdur, ya da bunları elə xəlvət görürlər ki, Azərbaycan prezidenti kimi mənim bundan xəbərim yoxdur.

Ancaq indi bildim ki, Azərbaycanda bu işlər çox zəif gedir. Əgər səbəblər doğrudan da Azərbaycanın qanunlarının buna imkan verməməsindən, ayrı-ayrı şərtlərin olmamasından ibarətdirsə, şübhəsiz ki, bunları tezliklə aradan qaldıra bilərik və mütləq aradan qaldırmalıyıq. Çünki siz bunu qəti bilməlisiniz, yəqin ki, məlumatınız var, - Azərbaycanın vəziyyəti keçmiş Sovetlər İttifaqına daxil olan digər türk cümhuriyyətlərinin durumundan çox fərqlidir. Bu fərq də ondan ibarətdir ki, Azərbaycan altı ildir müharibə şəraitindədir. Ermənistan silahlı qüvvələri Azərbaycana təcavüz etmişdir, torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Həmin ərazilərdən bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın düşmüşdür. Onların xeyli hissəsi çadırlarda yaşayır. Ümumiyyətlə, qaçqınlar çox ağır vəziyyətdədirlər. Bütün bunlar Azərbaycanın iqtisadiyyatının geriləməsinə səbəb olmuşdur.

Lakin Azərbaycanın uzun illər ərzində yaranmış böyük iqtisadi potensialı var. Əvvəla, Azərbaycanın təbii sərvətləri zəngindir, ikincisi sənaye potensialımız güclüdür. Azərbaycana gəlib-gedənlər bilirlər ki, bizdə neftayırma, neft kimyası, maşınqayırma, metallurgiya, elektrotexnika, elektronika, yüngül sənaye sahələrinin iri istehsal müəssisələri, digər fabrik və zavodlar var. İndi bunların çoxu tam gücü ilə işləmir. Azərbaycanın başqa imkanları da var. Ona görə də Azərbaycana kapital qoymaq, iş görmək üçün imkanlar çox genişdir. Ancaq hələlik buna nail ola bilməmişik. Bəzi ölkələrin iş adamları, guya Azərbaycan müharibə şəraitində olduğuna görə, bəziləri isə Azərbaycanın daxilində sabitlik olmadığına görə gəlmək istəmirlər.

Lakin bu, belə deyil, Azərbaycan müharibə vəziyyətindən çıxacaq. Beş aydan artıqdır ki, atəşkəs yaranmışdır. Biz çox çalışırıq ki, bu atəşkəs dövründə böyük sülh yaradaq, müharibəyə tamamilə son qoyaq. Ancaq bu da bir şərtlə bağlıdır ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, onun ərazi bütövlüyü təmin edilməlidir. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması müvəqqəti haldır.

Daxili sabitliyə gəldikdə isə, doğrudur, bəzi hadisələr var. Ancaq son hadisələri, yəni oktyabrın əvvəlində Azərbaycanda dövlət çevrilişi cəhdlərinin qarşısını Azərbaycan xalqının necə aldığını siz gördünüz. Dövlət çevrilişi etmək istəyən cinayətkar qüvvələr - həm Azərbaycanın daxilində, həm də onun xaricində olan bu qüvvələr bir gecənin içində məhv oldular. Bəziləri yaxalandı, bəziləri də qaçıb gizləndi.

Azərbaycanın iqtisadiyyatında çətinliklər yaranmasının bir səbəbi də odur ki, uzun müddət, yəni bir ildən artıq baş nazir vəzifəsində Surət Hüseynov kimi çox səriştəsiz adam olmuşdur. O, həm də cinayətkar ünsürlərlə əlaqədə idi. Ona görə də bəzi məsələlərdə bizdən ötrü məncə, əngəl idi. Son vaxt belə oldu ki, o, dövlət çevrilişi etmək istədi, lakin xalq onun cavabını verdi. Onu həmin gecə həbs etmək olardı, lakin mən ona rəhm etdim, insanpərvərlik göstərib həbs olunmasına imkan vermədim. Ancaq o, bunu da başa düşmədi, bir neçə gündən sonra bəzi cinayətkarları da başına toplayaraq qaçdı. İndi gizlənir. Azərbaycanın daxilində, yaxud xaricində olmasını arayıb tapacağıq.

Yəni demək istəyirəm ki, oktyabrın əvvəlində olan hadisələr Azərbaycanın daxilindəki sabitliyi pozmağın mümkünsüzlüyünü sübut etdi. Azərbaycan dövləti güclü, möhkəmdir. Xalq onu dəstəkləyir. Həmin gecə bütün dünya bunu gördü.

Ona görə də Azərbaycanda iş görmək imkanları var. Ancaq siz də, biz də əl-ələ verib bu imkanlardan istifadə etməliyik. İndi Azərbaycan öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlayır. Əgər dünyanın doqquz-on böyük neft şirkəti Azərbaycanda iş görmək üçün müqavilə bağladısa, 3 milyard dollardan çox kapital qoymaq qərarına gəldisə, demək, onlar Azərbaycanın bu gününə də, gələcəyinə də inanırlar. Elə buna görədir ki, daxildə və xaricdə olan düşmənlərimiz aranı qarışdırmaq istədilər. Lakin biz bunun qarşısını aldıq.

Yəni demək istəyirəm ki, neft müqaviləsini imzalamadığımız bütün iş adamları üçün, o cümlədən Türkiyənin iş adamları üçün həm böyük örnəkdir, həm də sübut edir ki, Azərbaycanda iş görmək, buraya çoxlu kapital qoymaq olar. Ancaq bundan ötrü Azərbaycan tərəfindən maneələr, əngəllər varsa, - mənim dostum Əli Hücət bunların bir neçəsi barədə burada məlumat verdi, mən onun nitqinin mətnini götürüb Azərbaycana qayıdandan sonra orada müzakirə edəcəyəm, - bu işlərin hamısını qaydaya salacağıq. Yəni, əgər xarici ölkələrin kapitallarının qorunması üçün qanun yoxdursa, qəbul edəcəyik, yaxud vergi məsələsindəki əngəlləri aradan qaldıracağıq.

Bir sözlə, Azərbaycanın prezidenti kimi mənim fikrim budur ki, Azərbaycanın qapıları bütün xarici ölkələrin iş adamları üçün, ilk növbədə Türkiyənin iş adamlarından ötrü açıq olmalıdır. Kim harada, nə iş görə bilirsə, gəlsin görsün. Hesab edirəm ki, bundan həm iş adamları, həm də Azərbaycan mənfəət götürəcək. Kimin nə qədər mənfəət götürməsi, şübhəsiz ki, aydınlaşdırılacaq. Çünki mən hesab etmirəm ki, iş adamları gəlib Azərbaycana zərər vura bilər, yaxud da respublikamızda onlara zərər vurula bilər. Ola bilməz. Əgər haradasa belə şey olarsa, biz bunun qarşısını ala bilərik. Ona görə də sizə müraciətim, sizdən ricam budur ki, qorxmayın, çəkinməyin, gəlin, Azərbaycanda birlikdə iş görək.

Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir. Mənim dostum burada dedi ki, biz bilmirik, - siz kapitalist sistemindəsiniz, yoxsa sosialist sistemində. Doğrudan da, indi biz keçid mərhələsindəyik. Siz kapitalist sistemi deyirsiniz, mən sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı deyirəm, - indi biz həmin bu sistemə keçirik. Bu o qədər də asan iş deyil, bunu bilirsiniz. Türkiyənin özündə 71 ildir ki, cümhuriyyət quruluşunda yaşayırsınız, lakin bu günlərdə özəlləşdirmə haqqında yeni bir qanun qəbul edirsiniz. Mən bunu eşidəndə fikirləşdim ki, əcəba, Türkiyədə hələ özəlləşdirilməmiş bir şey qalmışdırmı? Üstəlik, həmin qanunla bağlı məclisdə, mətbuatda çəkişmələr gedir ki, bu, olacaq, yaxud olmayacaq, bu işi kim görsə, Türkiyənin qəhrəmanı olacaq, görməsə, nə bilim nə olacaq.

Amma Azərbaycanın bütün iqtisadiyyatı hələlik sosialist iqtisadiyyatıdır. Bundan bazar iqtisadiyyatına keçmək üçün, şübhəsiz ki, vaxt lazımdır. Lakin ola bilər bu vaxtı uzadasan, bir də var ki, həmin mərhələni qısa müddətdə - bir ilə, iki-üç ilə keçəsən. Bundan ötrü isə siz bizə yardım etməlisiniz. Sizin yardımınız olmasa, sizin təcrübənizdən istifadə etməsək, çətin olacaq. Bilirsiniz, bizim adamlar sosializm quruluşunda doğulub həmin quruluşda da yaşamışlar. Mən 1923-cü ildə doğulanda sosializm quruluşu var idi. Mən o quruluşda yaşamışam. Bilirəm ki, sosializm quruluşu Azərbaycana nə verdi, orada nə yaratdı, sosializm quruluşunun yaratdığı potensialdan indən belə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yoluna keçərək nə əldə edə bilərik. Mən bunu bilirəm. Ancaq hamı bunu bilmir. Bəziləri mühafizəkardır, deyirlər ki, yox, elə bu yaxşıdır, onu əldən verməyəcəyik. Bəziləri yeni iqtisadiyyata keçməyin yolunu bilmirlər, yanlış yolla gedirlər.

Ona görə də sizin Azərbaycanda çalışmağınız həm iş olacaq, bir nəticə verəcək, həm də Azərbaycanın bu keçid mərhələsini daha sürətlə adlamasına kömək edəcəkdir. Mən sizi buna dəvət edirəm. Vaxtınızı çox almaq istəmirəm, prinsip sizə məlum olsun, əvvəla, Azərbaycan müstəqil dövlətdir, nə olursa-olsun, bu müstəqilliyi heç vaxt əldən verməyəcəkdir. Qırılsaq da, ölsək də müstəqilliyimizi əldə saxlayacağıq. Əgər bizi də qırsalar, balalarımız müstəqilliyimizi davam etdirəcəklər. İkincisi, Azərbaycan keçmiş sosializm quruluşuna bir daha qayıtmayacaq. Bunu da bilməlisiniz. Sosializm sisteminin ən böyük adamlarından biri mənəm, özü də təkcə Azərbaycanda yox, bütün keçmiş Sovetlər Birliyində. Mən vaxtilə Sovetlər dövləti kimi bir fövqəldövlətin başında duran adamlardan biriyəm. Əgər mən bu sözləri deyirəmsə, buna inanın. Kim bunu anlamırsa, prezident kimi, böyük siyasi təcrübəsi olan adam kimi mən Azərbaycanda onları anladacağam ki, Azərbaycan bir daha sosializm sisteminə qayıtmayacaqdır. Azərbaycanın yolu sərbəst iqtisadiyyat yoludur. Bu yolda bizim çətinliklərimiz olacaq. Heç bir ölkə, heç bir dövlət sərbəst iqtisadiyyata asanlıqla keçməmişdir. Ola bilər, bizim payımıza, şəxsən mənim payıma belə çətin dövr düşmüşdür. Mən bu dövrü yaşayacağam, amma məndən sonra gələn adamlar daha asan, daha sərbəst zəmanədə yaşayacaqlar. Ancaq hər kəs öz payına düşən vəzifəni yerinə yetirməlidir. Mən də öz vəzifəmi yerinə yetirəcəyəm, buna arxayın ola bilərsiniz.

Demək, bu şərtlər olduğu halda Azərbaycanın daxilində sabitliyi təmin edəcəyəm, bundan xatircəm ola bilərsiniz. Müharibədən də, inşallah, çıxacağıq. Ona görə də gecikməyin, gəlin Azərbaycanda iş quraq. Sizə bir də söz verirəm: mən dostumun bugünkü nitqinin mətnini özümlə götürürəm və Azərbaycana qayıdan kimi toplantılar keçirərək, sizdən ötrü əngəl törədən bütün məsələlərin aradan qaldırılmasını təmin edəcəyəm. Ancaq bir şərtlə ki, bu, bizim qanunlara uyğun olsun, eyni zamanda iqtisadiyyatımıza zərər vurmasın. Bunu da bilməlisiniz. Əməkdaşlıq həm iş adamları üçün, həm də Azərbaycan üçün qarşılıqlı surətdə faydalı olmalıdır. Bunu yaxşı təşkil etmək üçün qayda-qanunlar necə olmalıdırsa, elə də edəcəyik. Mən bunu sizə söz verir və sizi Azərbaycana dəvət edirəm. Xahiş edirəm cəsarətli olun, Azərbaycana gəlin, birlikdə onun iqtisadiyyatını qaldıraq, inkişaf etdirək. Sağ olun.

"Azərbaycan" qəzeti, 12 yanvar 1994-cü il.