Azərbaycan Prezidenti Heydər Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Valeri Çeçelaşviliilə söhbətindən - 16 fevral 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Qara dəniz hövzəsində iqtisadi əməkdaşlıq sahəsində birgə işimiz davam edir. İndi Siz, yeni baş katib olaraq, irəliləməyimiz üçün daha çox işlər görürsünüz.

Valeri Çeçelaşvili: Heydər Əliyeviç, sağ olun. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında işlərin vəziyyəti barədə fikir və ideyaları, məlumatı Sizinlə bölüşmək imkanına görə çox minnətdaram. Bildiyiniz kimi, təşkilatın bir qurum kimi formalaşması özünün yekun mərhələsinə daxil olub və indi təşkilatın əsas ideyası və əsas fəaliyyəti üzv ölkələrə nəzərə çarpacaq fayda gətirə bilən konkret iqtisadi layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üzərində cəmləşdirilməlidir.

Əlbəttə, katiblik yeni şəraitdə region ölkələrinin iqtisadi əməkdaşlığı üçün əlavə imkanlar yaradılması məqsədilə özündən asılı olan bütün tədbirləri görməyə hazırdır. Söz yox ki, regionda çoxsahəli əməkdaşlıq sistemində təşkilatın rolunun üzv ölkələr tərəfindən necə təsəvvür edilməsindən də çox şey asılı olacaqdır. Regional problemlərin - nəqliyyat infrastrukturunun inkişafı, energetika problemlərinin və ya ətraf mühitin mühafizəsi sahəsindəki mövcud problemlərin təşkilat çərçivəsində həlli və nəzərdən keçirilməsi üçün, onların həlli zamanı təşkilatın müxtəlif mexanizmlərindən istifadə olunması üçün ölkələrin öz üzərlərinə öhdəliklər götürməsi çox vacibdir.

Konkret iqtisadi layihələrdən danışarkən deməliyəm ki, biz müvafiq beynəlxalq təşkilatlardan olan təcrübəli mütəxəssisləri bu layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə cəlb etməyə çalışırıq. Çünki bu proqramların həyata keçirilməsinə maliyyə vəsaiti tapmaq üçün onlar lazımi dünya standartlarına uyğun olmalıdır. Bu baxımdan BMT-nin və QİƏT-in əməkdaşlığı haqqında Birləşmiş Millətlər Təşkilatının ötən il dekabrın 16-da qəbul etdiyi qətnamənin çox böyük əhəmiyyəti var. Bu, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış agentlikləri, onun təsisatları ilə əməkdaşlıq üçün qarşımızda yeni imkanlar açır. Deməliyəm ki, burada prinsipcə çox perspektivli istiqamətlər meydana gəlir. Məsələn, biz Birləşmiş Millətlər Təşkilatının Avropa üçün iqtisadi komissiyası ilə çox əlbir şəraitdə işləyirik. İndi yol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında birgə memorandum hazırlayırıq. Bu memorandum bizə həmin sahədə əməkdaşlığı genişləndirməyə imkan verəcəkdir. Biz gömrük və sərhəd prosedurlarımızı uyğunlaşdırmaq üzərində işləyirik, bundan məqsəd odur ki, biznesmenlər, o cümlədən Azərbaycan biznesmenləri bilsinlər ki, müəyyən sənədlər paketi ilə onlar regionda istənilən sərhədləri, məsələn, Gürcüstan-Türkiyə sərhədini keçərək öz mallarını Bolqarıstana satmağa apara bilərlər.

Mənə elə gəlir ki, bu, regionda qarşılıqlı surətdə faydalı ticarət üçün imkanları xeyli artıracaqdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşqlıq çox perspektivli istiqamətdir. Biz təşkilatın 9 ölkəsi üçün, - təəssüf ki, Rusiya və Ukrayna FAO-nun üzvü deyildir, - regional əsasda xüsusi texniki yardım proqramı işləyib hazırlamışıq. Bu proqram gələcəkdə vahid kənd təsərrüfatı bazarının formalaşmasına və regionun ərzaq sarıdan təhlükəsizliyinin təmin olunması proqramının hazırlanmasına kömək edəcəkdir. Bundan əlavə, həmin proqram bizim müvafiq dövlət orqanlarına və strukturlarına lazımi strategiyanı formalaşdırmağa imkan verəcəkdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarımız malları dünya ticarət təşkilatının standartlarına uyğun surətdə istehsal etsin və beləliklə, dünyanın bir çox bazarlarına çıxa bilsinlər.

Sizə həmçinin məlumat verməliyəm ki, biz ESKATO-dan - BMT-nin Asiya və Sakit okean regionu üzrə komissiyasından maraqlı təklif almışıq. Üç Cənubi Qafqaz dövləti, habelə Türkiyə və Rusiya bu komissiyanın üzvləridir. Komissiya Mərkəzi Asiya regionu ölkələri üçün təşkil olunmuş fond kimi bir fond yaradılmasını təklif etmişdir. Bu, regionlara yardım etmək üçün təsis olunmuş bir proqramdır və onlar həmin proqramı Qara dəniz hövzəsi regionu üçün işləyib hazırlamağı təklif edirlər. Zənnimcə, bu, bizim üçün çox faydalı olacaqdır. Ona görə ki, bu, region üçün əlavə vəsait, çoxsahəli əməkdaşlığın təşkilində bizə kömək göstərəcək əlavə mütəxəssislərin, peşəkarların cəlb edilməsi deməkdir.

Mən bizim Qara Dəniz Ticarət və İnkişaf Bankı barədə ayrıca bir neçə söz demək istərdim. Bu bank regionda getdikcə daha ciddi maliyyə qurumuna çevrilir. O, artıq fəaliyyət göstərir və bir sıra maraqlı layihələri maliyyələşdiribdir. Elə bu günlərdə mən Türkiyədə, İstanbulda bu ölkədə su elektrik stansiyasının tikintisi üçün kredit sazişinin imzalanması mərasimində iştirak etdim. Bütün layihə 12 milyon dollar məbləğində qiymətləndirilir və onun 4,5 milyon dollarını bizim bank verir. O, beynəlxalq maliyyə bazarının resurslarını regionun ehtiyacları üçün, uzun müddətli əməkdaşlıq proqramlarının maliyyələşdirilməsi üçün cəlb etmək sahəsində fəaliyyətə başlamışdır. Bununla əlaqədar mən ölkələrimizin bu bankın fəaliyyətinə öz töhfəsini verməsinin vacibliyini vurğulamaq istərdim. Mən bunu Eduard Amvrosiyeviçlə söhbətimiz zamanı da xahiş etdim. Çünki bizim banka müəyyən borcumuz var. Mən bunu Sizdən də xahiş etmək istəyirəm, ona görə ki, əgər bankın təsisçiləri öz öhdəliklərini yerinə yetirərlərsə, onda bu, banka öz reytinqini yüksəltməyə, beynəlxalq bazarın ciddi maliyyə ehtiyatlarını uzunmüddətli əsasda cəlb etməyə və bunlardan regionda istifadə etməyə imkan verər.

Heydər Əliyev: Ən çətin məsələ beynəlxalq təşkilatları maliyyələşdirməkdir. Müxtəlif beynəlxalq təşkilatlara nə qədər çox daxil olursansa, maliyyələşdirmənin zəruriliyi də bir o qədər artır. Maliyyələşdirmə məsələsində isə ölkələrimizdə hələlik hər şey rəvan deyildir, hər şey alınmır. Buna baxmayaraq, hesab edirəm ki, siz məsələni düzgün qoyursunuz. Biz maliyyələşdirmə üçün vəsait axtarıb tapmalıyıq. Bir halda ki, biz bankın yaradılmasını birlikdə qərara almışıq, birləşmişik, heç kəs bunun əleyhinə çıxmayıb, deməli, biz bankı dəstəkləməliyik.

Valeri Çeçelaşvili: Mən Gürcüstanın bu bankla münasibətlərini misal göstərə bilərəm. Biz banka 1,5 milyon dollar vəsait qoymuşuq və borcumuz da təxminən bir o qədərdir. Gürcüstan üçün indi bankın nəzərdən keçirdiyi layihələrin ümumi dəyəri təqribən 15-17 milyon dollar məbləğindədir. Layihələrdən biri, məsələn, Yunanıstan tərəfindən təqdim edilmişdir. Yunanıstan tərəfi kredit alır və sərnişin gəmilərinin buraxılması üçün zavodun tikintisini maliyyələşdirir. Yəni Yunanıstan həmin katerlərdən sonra öz ölkəsində istifadə etmək üçün kredit götürür və onların hazırlanmasını maliyyələşdirir. Yunanıstanda çoxlu ada var. Bu, olduqca sərfəli layihədir. Gürcüstan, əslinə qalsa, borc alan ölkə deyil, amma bundan bilavasitə fayda götürəcəkdir. Həmin layihələrin ümumi məbləği təqribən 17 milyon dollardır ki, bu da 1,5 milyon dolların banka qoyulmasının bizim üçün sərfəli olduğuna bilavasitə sübutdur. Buna görə də Azərbaycanın banka qoyduğu vəsaitlə yanaşı, maliyyələşdirilmək üçün təqdim edə biləcəyi layihələr üzərində də çox ciddi işləmək lazımdır.

Heydər Əliyeviç, demək istəyirəm, hiss edirəm ki, katibliyə inam artır. Bu, çox yaxşı faktdır və bizim üçün böyük şərəfdir. İndi bizdə sədr Rusiya Federasiyasıdır. Bu ölkə Qara dəniz əməkdaşlığının inkişaf etdirilməsi sahəsində çox fəal mövqe tutur. Bu sədrliyin əsas xüsusiyyəti olaraq mən Avropa Birliyi ilə keyfiyyətcə yeni münasibətlərimizin inkişaf etdirilməsinin mümkünlüyünü nəzərə çatdırmaq istəyirəm. Bilirsiniz ki, biz QİƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Tbilisidə keçirilmiş müşavirəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Avropa Birliyi arasında əməkdaşlığa dair platforma qəbul etmişik. Təəssüf ki, Avropa Birliyi ilə bağlı heç də hər şey baş tutmamışdır. Lakin indi bizim sədr İqor Sergeyeviç İvanov mənə məlumat verdi ki, Roman Prodi onun adına məktub göndərmişdir. Məktubda o, Avropa Birliyi ilə təşkilatımız arasında əməkdaşlığın imkanlarını müəyyənləşdirmək üçün təşkilatın baş katibini Brüsselə danışıqlara dəvət edir. Zənnimcə, bu, çox mühüm cəhətdir, ona görə də mən əlimdən gələni əsirgəməyərək Avropa komissiyasını inandırmağa çalışacağam ki, biz onların regionda məqsədlərinin həyata keçirilməsi üçün öz mexanizmlərimizlə faydalı ola bilərik. Çünki araşdırsaq görərik ki, məqsədlərimiz əslində uyğun gəlir. Heydər Əliyeviç, ona görə də əgər öz tövsiyyələrinizi versəniz, Sizə çox minnətdar olardım.

Heydər Əliyev: Mən bunu tamamilə dəstəkləyirəm. Bu təşkilatlar bir-birinə çox yaxındır. Nəzərə almaq lazımdır ki, Avropa Birliyinin həyata keçirdiyi proqram Qara dəniz hövzəsi regionunu əhatə edir, ona görə də Qara Dəniz Təşkilatının Avropa Birliyi ilə əməkdaşlığı çox mühüm amildir. Avropa Birliyinin nümayəndə heyəti yaxın günlərdə buraya gələcək, Gürcüstanda da, Ermənistanda da olacaqdır. Mən onlarla bu mövzuda mütləq danışacağam.

Valeri Çeçelaşvili: Heydər Əliyeviç, mən Sizə çox minnətdar olardım. Çünki əminəm ki, əgər əməkdaşlığımızın mövcud mexanizmlərini regional layihələrin həyata keçirilməsində Avropa Birliyinin təcrübəsi ilə, onların maliyyə imkanları ilə uyğunlaşdırsaq, onda daha böyük əyani və nəzərəçarpacaq səmərə əldə etmiş olarıq.

Təşkilatda növbəti sədr Türkiyə olacaqdır. Deməliyəm ki, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi artıq indidən öz sədrliyi dövründə əhəmiyyət veriləcək öncül istiqamətlər üzərində ciddi düşünür. Katibliyin tarixində ilk dəfədir ki, sədrliyin başlanmasına üç ay qalmış, Türkiyə XİN-in və bütün katibliyin nümayəndələrinin geniş görüşü keçirilmişdir. Görüşdə biz təşkilatın inkişafı, layihələrin gerçəkləşdirilməsi barədə öz mülahizələrimizi şərh etdik. Bu görüş protokollaşdırılıb və öncül istiqamətlər Türkiyə tərəfindən formalaşdırılacaqdır. Azərbaycan XİN-də görüş zamanı mən bu protokolu həmkarlarıma verdim ki, onların öz fəaliyyətini gələcək öncül istiqamətlərlə əlaqələndirməyə imkanı olsun. Düşünürəm ki, bu cür əlaqələndirmə gələcəkdə əməkdaşlığı daha yaxşı inkişaf etdirməyə imkan verəcəkdir.

Heydər Əliyeviç, sözümü tamamlayaraq Sizə bunu demək istəyirəm. Bilirəm ki, sabah Siz bizim qonşu İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşəcəksiniz. Deməliyəm ki, biz təşkilatlararası əsasda əməkdaşlığa hazırıq və səmərəli əməkdaşlığımız üçün çox ciddi zəmin var. Mən ilk növbədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsini göstərərdim. İndi biz İstanbulda mütəşəkkil cinayətkarlığa qarşı mübarizə mərkəzi yaradırıq və Cənub-Şərqi Avropa üçün sabitlik paktının himayəsi altında çox yaxşı əlaqələrə və ünsiyyətlərə malikik. Şimal-Qərb istiqamətində əməkdaşlığımıza gəldikdə, o da sahmana salınmaqdadır. Əgər biz bu xətti Cənub-Şərq istiqamətində də, - sirr deyil ki, narkotik və psixotrop maddələr Avropaya bu regiondan gəlir, - davam etdirsək, əməkdaşlığın bu məhvərini yaratsaq, onda, zənnimcə, bu məsələdə dəstəklənməyimiz üçün çox ciddi maliyyə vəsaiti tapıla bilər. Çünki Avropada yaxşı başa düşürlər ki, onlar bizə nə qədər çox kömək göstərərlərsə, Avropa Birliyinin özündə və ümumən Avropada problemlər bir o qədər az olar.

Sonda demək istərdim ki, baş katib olaraq mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycanın bundan sonra da fəal rol oynayacağına ümid bəsləyirəm və öz tərəfimdən sizi əmin etmək istəyirəm ki, baş katib kimi və Azərbaycanda bir çox insanlarla səmimi qarşılıqlı münasibətlərlə bağlı olan adam kimi var qüvvə ilə çalışacağam ki, təşkilat ölkələrimizin beynəlxalq əmək bölgüsü sistemində səmərəli iştirakına və öz iqtisadiyyatını inkişaf etdirməsindən ötrü əlavə imkanlar qazanmasına şərait yaratsın.

Heydər Əliyev: Məlumata görə, sağ olun. Zənnimcə, bu dövr ərzində baş katib kimi fəaliyyətiniz göstərir ki, təşkilatımız daha mütəhərrik olur, daha da təkmilləşir. Sözün düzü, biz bu təşkilatı yaradarkən çox da əmin deyildik ki, konkret, əməli nəticələr ola bilər. Lakin bu təşkilatın üzvü olan ölkələrin dövlət başçılarının hər zirvə toplantısından, xarici işlər nazirləri və digər nümayəndələrin görüşlərindən sonra, məsələn, şəxsən mən belə bir qənaətə gəlirəm ki, bu təşkilat həqiqətən gərəkli və faydalıdır, biz hamımız onun daha səmərəli fəaliyyət göstərməsinə kömək etməliyik.

Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə mənim görüşüm olacaqdır. Mən onunla bu mövzuda hökmən danışacağam. Əgər biz bu təşkilatları yaxınlaşdırmağa həqiqətən müvəffəq olsaq, onda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üçün də, EKO üçün də fəaliyyət sahəsi genişlənəcəkdir. Odur ki, mən bunu hökmən edəcəyəm.

Biz təşkilatımızın inkişafı üçün öz tərəfimizdən çox şey etmişik və edəcəyik. Bu ideyanı və əməli fəaliyyəti prinsipcə lap əvvəldən dəstəkləmişik.

O ki qaldı banka, mən bu barədə lazımi göstərişlər verməyə çalışacağam. Bacardığımızı edəcəyik. Əgər indi sədrlik Türkiyəyə keçirsə, bu, yaxşıdır. Çünki bu təşkilatın yaradılmasının təşəbbüsçüsü məhz onlar olmuşlar və onların imkanları daha böyükdür. Üstəlik, baş katibin iqamətgahı da Türkiyədə yerləşir. Bir sözlə, bu dövr digər dövrlərə nisbətən daha səmərəli ola bilər.

Mən Sizində görüşməyimə şadam. Əmin ola bilərsiniz ki, mən bu təşkilatın çərçivəsincə əməkdaşlığımızın inkişafına fəal surətdə kömək göstərəcəyəm.