Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun şöbə müdirinin müavini Con Uykman-Lini və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə çıxışı - 17 dekabr 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

Mən bilirəm ki, siz burada neçə gündür Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığa dair məsələlərlə məşğul olursunuz. Baş nazirin və dövlət müşaviri Vahid Axundovun mənə verdikləri məlumatlara görə, bu danışıqlar, əməkdaşlığımız uğurla həyata keçirilir. Mən bundan çox məmnunam. Bir daha bildirmək istəyirəm ki, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımıza biz çox böyük əhəmiyyət veririk və bunu çox yüksək qiymətləndiririk.

Mənə bildirdilər ki, bütün məsələlərdə qarşılıqlı razılığa gəlinibdir. Beynəlxalq Valyuta Fondu ilə bizim əməkdaşlığımız həmişə belə keçir: əvvəl məsələlər qoyulur, sonra müzakirə edilir, nə iləsə bizim tərəf razı olmur, nə iləsə sizin tərəf razılaşmır, sonra isə razılıq əldə edilir. Nəhayət, hər şey yaxşı qurtarır. Bunun da nəticəsində biz Beynəlxalq Valyuta Fondundan növbəti tranşı gözləyirik.

Mən Beynəlxalq Valyuta Fondunun Azərbaycana göstərdiyi qayğıya, diqqətə görə sizə təşəkkür edirəm. Biz bir çox illərdir ki, bu qayğının, diqqətin sayəsində və Beynəlxalq Valyuta Fondunun Azərbaycana etdiyi yardım nəticəsində çox işlər görə bilmişik.

Beynəlxalq Valyuta Fondunun məsləhətləri Azərbaycanda iqtisadi islahatların həyata keçrilməsində çox əhəmiyyətli olmuşdur. Bundan sonra da biz sizin məsləhətinizlə, birlikdə işləyərək bir çox işlər görəcəyik. Biz Azərbaycanda bütün iqtisadi islahatların, hər bir sahədə islahatın ardıcıl surətdə həyata keçirilməsini təmin edirik və edəcəyik. Bir daha deyirəm, siz burada bizə çox kömək edirsiniz. Çünki siz bizə dünya təcrübəsini gətirirsiniz. Bizim nöqsanlarımızı göstərirsiniz. Nailiyyətlərimizi də göstərərək, bizi ruhlandırırsınız. Ona görə də, mən yenə də deyirəm, bu əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir. Təşəkkür edirəm.

Con Uykman-Lin: - Cənab prezident, bu səmimi sözlərinizə görə çox sağ olun. Sizin dediyiniz kimi, burada olduğumuz müddət ərzində dövləti təmsil edən nümayəndələrlə çoxsaylı və maraqlı, əhəmiyyətli görüşlərimiz olmuşdur.

Cənab prezident, Sizə məlum olduğu kimi, bizim burada missiyamızın bir məqsədi illik göstəriciləri nəzərdən keçirməkdir. Bu, Beynəlxalq Valyuta Fondunun digər ölkələrdə də keçirdiyi bir prosesdir.

Missiyamızın ikinci məqsədi isə iqtisadi islahatların həyata keçirilməsi məsələsidir. Məlum olduğu kimi, hələ iyul ayında belə bir proqram qəbul olunmuşdu: İqtisadi islahatlar yoxsulluğun aradan qaldırılmasını və ölkənin bundan sonrakı inkişafını təmin etməyi nəzərdə tutur.

Cənab prezident, çox şadam ki, gördüyümüz nəticələr olduqca ruhlandırıcıdır və müsbət xarakter daşıyır. Bir çox sahələrdə biz nəzərə çarpacaq dərəcədə tərəqqi hiss edirik. Siz və eləcə də bütün Azərbaycan hökuməti əldə olunan nəticələrlə fəxr edə bilərsiniz. Büdcə sisteminin daha da gücləndirilməsində böyük nəticələr əldə olunmuşdur. Ölkədə əsas istiqamətlər sayılan sahələr üzrə böyük nəticələr əldə edilmişdir. Eyni zamanda Neft Fondunun fəaliyyətinin hamıya aşkarlanması sahəsində müəyyən işlər görülmüşdür. Eləcə də vergi sisteminin idarə olunmasında nailiyyətlər əldə edilmişdir.

Bankların nəzarəti və eləcə də ödənişlər üzrə nailiyyətlər nəzərə çarpacaq dərəcədədir. Özəlləşdirmə və digər sahələrdə müəyyən müsbət göstəricilər vardır. Bütün bu deyilənlərin nəticəsidir ki, Azərbaycanda böyük iqtisadi artım və makroiqtisadi sabitlik hiss olunmaqdadır. Bu da ki keçmiş SSRi ölkələri ilə müqayisədə ən yüksək nəticələrdən biridir.

Cənab prezident, bir sözlə, islahatlar çox uğurludur və biz onların nəticələrinə valeh oluruq.

Əlbəttə ki, çox sayda islahatlar hələ keçrilməlidir. Biz dövlət rəsmləri ilə söhbətlər zamanı həmin islahatların qarşıdakı 6 ay müddətində həyata keçirilməsinin vacib olduğunu vurğulamışıq. Əsas problem enerji sahəsində ödənişlərin kifayət qədər olmamasıdır.

Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik. Siz dediniz ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə münasibətlərini çox yüksək qiymətləndirir. Biz də bu münasibətləri və əməkdaşlığımızı yükəsk dəyərləndiririk. Ümid edirik ki, bundan sonra da bizim əməkdaşlığımız bu ruhda davam edəcək və ölkənizin qarşısında duran problemləri birlikdə həll edəcəyik.