Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Ərzaq Təşkilatının (FAO) prezidenti Jak Düfü ilə görüşdəki söhbətindən- Tehran, 8 dekabr 1997-ci il


Heydər Əliyev: Hörmətli cənab Jak Düfü! Sizi səmimiyyətlə salamlayıram və bildirirəm ki, Beynəlxalq Ərzaq Təşkilatının Azərbaycanla əlaqələrə diqqət yetirməsindən razıyam və bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıram.

Jak Düfü: Hörmətli cənab prezident! Görməkli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığımı bildirirəm və Beynəlxalq Ərzaq Təşkilatının fəaliyyəti barədə Sizə məmnuniyyətlə məlumat verirəm: Dünyanın 175 dövlətinin üzv olduğu bu təşkilat ərzaq sarıdan çətinlik çəkən 86 ölkəsinin bu sahədəki problemlərinin həlli üçün geniş proqramlar hazırlayıb həyata keçirir. Biz dənli bitkilər və heyvandarlıq məhsulları istehsalının artırılmasına, həmin sahələrdə yayılmış xəstəliklərin qarşısının alınmasına ciddi diqqət yetiririk və kömək ehtiyacı olan ölkələrə 2-3 il müddətində işləmək üçün 100-ə yaxın təcrübəli mütəxəssis göndərməyə hazırıq.

Cənab prezident, biz öz fəaliyyətimizdə Dünya Bankının və İslam İnkişaf Bankının köməyinə arxalanırıq. Mən hər iki bankın prezidentləri ilə görüşmüşəm, onlar bizim Azərbaycanda görəcəyimiz işləri dəstəkləyirlər. Biz Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə həmişə hazırıq və ümid edirik ki, Avropa ölkələrinə səfərlərinizin birində vaxt tapıb Romaya gələcəksiniz, təşkilatımızın üzvlərinə müraciətlə çıxış edəcəksiniz.

Heydər Əliyev: Mən belə bir məlumatdan məmnun qaldım ki, Azərbaycan da Beynəlxalq Ərzaq Təşkilatının üzvüdür. Biz əminik ki, respublikamızda ərzaq məhsulları istehsalının daha da artırılmasında FAO-nun həyata keçirdiyi proqramlar mühüm rol oynayacaqdır.

Mən də Azərbaycan Respublikasının Prezidenti kimi öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan FAO-nun proqramlarında daha yaxından iştirak etməyə diqqəti artıracaq və orada öz yerinin dəqiq müəyyənləşdirilməsinə xüsusi fikir verəcəkdir.