Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Beynəlxalq Bankı arasında beynəlxalq bank kredit xətti açilması haqqında sazişin imzalanması mərasimində çıxışı - London, Azərbaycan prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il


Hörmətli cənab prezident!

Xanımlar və cənablar!

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın artıq müəyyən tarixi vardır. Mən 1994-cü ilin fevral ayında Birləşmiş Krallıqda ilk rəsmi səfərdə olduğum zaman Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə görüşlər keçirmişəm. Bundan sonar bizim görüşlərimiz Bakıda davam edibdir. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında ötən illər çox uğurlu əməkdaşlıq həyata keçirilibdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bir neçə tikintilərin, xüsusən Yenikənd Su Elektrik Stansiyasinın və başqa tikintilərin həyata keçirilməsi üçün kreditlər ayırıbdır. Biz indi bu kreditlərdən istifadə olunmasını birgə təmin edirik. Mən bu gün fürsətdən istifadə edərək bizim bu əməkdaşlığımızdan razı olduğumu bildirmək istəyirəm. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da genişlənməsinin tərəfdarı olduğumu bildirmək istəyirəm.

Bu gün imzalanmış kredit sazişi bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Çünki Avropa Yenidənqurma və İnkişaf Bankı bu sazişlə Azərbaycanda özəl sektorun inkişaf etməsinə öz münasibətini və yardımını göstərir. Bizim məqsədimiz isə Azərbaycanda bazar iqtisadiyyatmı bərqərar etmək, özəlləşdirmə prosesini aparıb başa çatdırmaq və respublikamızın iqtisadiyyatını sərbəst sahibkarlıq və bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək, ölkəmizin vətəndaşlarının rifah halını yaxşılaşdırmaqdan ibarətdir.

Ona görə də hesab edirəm ki, bugünkü saziş, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan Beynəlxalq Bankına kredit xəttinin açılması çox böyük gələcəkdən xəbər verir.

Cənab prezident, mən Sizin bu sazişi imzalamağınızı, eyni zamanda gələcəkdə bu işlərin daha da genişlənəcəyi haqqında verdiyiniz bəyanatı da nəzərə alıram və qiymətləndirirəm. Mən qeyd etdim ki, Azərbaycanda özəlləşdirmə proqramı ardıcıl surətdə həyata keçirilir. Bank sisteminin özəlləşdirilməsi bizim gündəliyimizdə duran əsas məsələlərdən biridir. Biz bu prosesə, birinci növbədə Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə başlayırıq.

Mən Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda bank sisteminin özəlləşdirilməsinə marağını bəyənirəm və Sizin bu işlərdə iştirak etməyinizə, şübhəsiz ki, gələcəkdə dəstək verəcəyəm.

Beləliklə, bizim ötən illərdəki əməkdaşlığımız müsbət qiymətləndirilməlidir. Bu gün imzalanan saziş bu əməkdaşlığın yeni bir nümunəsidir və gələcək üçün də çox dəyərli perspektivlər açılır.

Mən Avropa Yenidənqurma və İnkişaf Bankını Azərbaycanla gələcəkdə daha sıx əməkdaşlığa dəvət edirəm. Sağ olun.

***

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonar rəsmi səfərdə onu müşayiət edən jurnalistlərlə söhbəti.

Bu görüşlər həm sayına görə, həm də məzmununa görə çox yaxşıdır. Görürsünüz ki, bizim görüşlərimiz nə qədər səmimilik şəraitində keçir. Birləşmiş Krallıqda Azərbaycana çox böyük maraq vardır. Britaniya-Azərbaycan Cəmiyyətinin dünənki toplantısında iştirak etdiniz və onun nə olduğunu gördünüz. Mən dörd il bundan əvvəl Böyük Britaniyaya gələrkən bu cəmiyyətlə əlaqədar burada heç bir şey yox idi. Amma görürsünüz, bu dörd il müddətində nə qədər böyük bir cəmiyyət yaranıbdır. Bunlar hamısı Azərbaycanın bu dörd ildə apardığı xarici siyasətin nəticəsidir.

Birləşmiş Krallıq adi bir ölkə deyildir. Onun özünün xüsusiyyətləri, ənənələri vardır. Onlar özlərinin bəzi ənənələrindən narazıdırlar, amma bunlardan imtina edə bilmirlər. Bunların hamısına baxmayaraq, bizə burada çox böyük qayğı və diqqət, qonaqpərvərlik göstərilir. Qayğı, diqqət o qədər də böyük məsələ deyildir. Əsas məsələ ondan ibarətdir ki, Böyük Britaniyada Azərbaycana böyük maraq var. Birləşmiş Krallıq Azərbaycanla əməkdaşlıq etmək istəyir. Dünənki görüşdə çoxlu rəqəmlər gəti-rildi. Bunlar hamısı əyani sübutdur ki, bizim gördüyümüz işlər Azərbaycanın həyatı, iqtisadiyyatı, onun beynəlxalq aləmdə hörmətinin qalxması, imici üçün nə qədər əhəmiyyətlidir. Bunlar hamısı göz qabağındadır, siz də onun şahidisiniz.

Müxbir: Rəsul Quliyevin Türkiyədən qovulmağı münasibətilə Sizi təbrik edirik.

Heydər Əliyev: Bilirsiniz, məni təbrik etmək lazım deyildir. O, elə bir ləyaqətli adam deyil ki, mən onunla maraqlanım. Elə adamlar həmişə öz gördükləri əxlaqsız işlərin qurbanı olurlar. Mən bunu həyatımda çox görmüşəm. Mən 1987-ci ildən belə hadisələrə rast gəlirəm. Kim ki, yolunu azır, gec-tez Allah onun cəzasını verir.