Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulda "Qara dəniz regionunda yeni imkanlar" mövzusunda keçirilmiş biznes konfransında nitqi - 28 aprel 1997-ci il


Hörmətli cənab sədr!

Xanımlar və cənablar!

Hörmətli dövlət və hökumət başçılarını, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı İşgüzar Şurasının Türkiyə Respublikası Xarici İqtisadi Əlaqələr Şurası ilə birlikdə təşkil etdiyi "Qara dəniz regionunda yeni imkanlar" biznes konfransının bütün iştirakçılarını ürəkdən salamlayıram.

Qonaqpərvərlik üçün və bizə əla iş şəraiti yaratdığı üçün hörmətli prezident Süleyman Dəmirələ, konfransın təşkilatçılarına təşəkkürümü bildirirəm.

Olduqca əlamətdardır ki, məclisimiz gözəl İstanbul şəhərində keçirilir. Beş il bundan əvvəl, 1992-ci ilin iyununda məhz burada Qara dəniz hövzəsinin on bir ölkəsi regionumuzu sülh, sabitlik və tərəqqi regionuna çevirməli olan, xalqlarımızın rifahını yüksəltməli olan yeni beynəlxalq təşkilat yaradıldığını elan etmişdir.

Məmnuniyyət hissi ilə qeyd etmək olar ki, ötən beş il bu qərarın düzgünlüyünü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zəruriliyini və yaşamağa qadir təşkilat olduğunu inandırıcı şəkildə sübut etmişdir. Həmin dövr ərzində bir çox sahələrdə əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi üçün xeyli iş görülmüş, regional ticarətdə və iqtisadi kooperasiyada müsbət nəticələr əldə edilmişdir.

Bütün bunlar bizim əməkdaşlığımızın yeni, daha yüksək səviyyələrinə və formalarına çıxmaq üçün əlverişli ab-hava və şərait yaranmasına kömək etmişdir. Qara dəniz İqtisadi Əməkdaşlığı ölkələrinin biznes konfransı da belə yeni formalardan biridir. Biznes konfransının işində Qara dəniz İqtisadi Əməkdaşlığının iştirakçısı olan ölkələrin biznesmenləri, işgüzar dairələrinin nümayəndələri iştirak edirlər. Şübhə yoxdur ki, bu, əməkdaşlığımızın müvəffəqiyyətinə, planlarımızın konkretləşməsinə, yeni birgə müəssisələr yaradılmasına, mövcud problemlərin həllinə kömək edəcəkdir.

Qara dəniz İqtisadi Əməkdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının, BMT nümayəndələrinin, Dünya Yenidənqurma və İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının və bir çox digər nüfuzlu beynəlxalq təsisatların rəhbərlərinin bu məclisdə iştirak etməsi Qara dəniz İqtisadi Əməkdaşlığına çox böyük əhəmiyyət verdiyini sübut edir.

Əminəm ki, konfransımız regionumuzun nəhəng iqtisadi potensialından daha yaxşı istifadə etməyə şərait yaradacaq, investisiyaların artmasına və bizim regional iqtisadi layihələrimizin əməli surətdə həyata keçirilməsinə kömək edəcəkdir.

Məsələn, nəqliyyat, energetika, rabitə sahələrində birgə fəaliyyət üçün, investisiya qoyuluşu üçün böyük imkanlar vardır. Qara dəniz iqtisadi əməkdaşlıq regionunun nəqliyyat infrastrukturunun layihələri böyük əhəmiyyət daşıyır. Bu infrastruktur Avropanın nəqliyyat sisteminə inteqrasiya olunacaqdır. Qara dəniz İqtisadi Əməkdaşlığının nəqliyyat layihələrinin "TRASEKA" layihələri ilə əlaqələndirilməsi Avropa və Asiya ölkələri arasında yük daşımaları üçün çox geniş imkanlar açacaqdır.

Qara dəniz İqtisadi Əməkdaşlığının üzvü olan ölkələrin elektroenergetika sistemlərinin birləşdirilməsi layihəsi perspektivli layihədir. Ona birləşmiş Avroasiya elektroenergetika sisteminin yaradılması istiqamətində atılan addım kimi də baxmaq olar. Qara dəniz regionu Xəzər dənizi regionundan enerji daşıyıcılarının nəql edilməsi üçün xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq həmin enerji daşıyıcılarının nəql edilməsinin ekoloji cəhətdən təhlükəsiz və etibarlı sistemini yaratmaq zərurəti meydana çıxır.

Azərbaycanın bu layihələrdə marağı vardır və o, bunların hazırlanıb həyata keçirilməsində fəal iştirak etmək niyyətindədir.

Hörmətli xanımlar və cənablar!

Qara dəniz İqtisadi Əməkdaşlığının əsas məqsədi regionumuzun çiçəklənməsini, xalqlarımız üçün sülhü və firavanlığı təmin etməkdir. Ona görə də bizim regionda mövcud silahlı münaqişələrin davam etməsi yolverilməzdir.

Məlumdur ki, Azərbaycan Respublikası Ermənistan Respublikasının təcavüzü nəticəsində çox böyük ziyan çəkmişdir - ərazimizin iyirmi faizi işğal edilmişdir, Azərbaycanın bir milyondan çox sakini qaçqına çevrilmişdir və olduqca ağır bir şəraitdə yaşayır.

1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon sammiti bu təşkilatın üzvü olan 53 dövlət adından Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasının aşağıdakı əsas prinsiplərini qəbul etmişdir:

- Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü;

- Azərbaycanın tərkibində Dağlıq Qarabağın geniş muxtariyyəti;

- Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik.

Bu prinsipləri Avropa Şurasının Parlament Assambleyası da 1997-ci ilin aprelin 22-də öz qətnaməsində təsdiq etmişdir.

Biz Lissabon sammitinin qərarlarının əməli surətdə həyata keçməsinə nail olmaq üçün öz tərəfimizdən bütün lazımi tədbirləri görürük və ümidvarıq ki, 1997-ci il sülh sazişinin əldə edilməsi üçün həlledici il olacaqdır. Biz uzun sürən bu münaqişənin aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin güclənəcəyinə, Minsk konfransının həmsədrləri olan Rusiyanın, ABŞ-ın və Fransanın birgə səylərinə, habelə Qara dəniz hövzəsi ölkələrinin köməyinə bel bağlayırıq.

Biz Ermənistanı ATƏT-in Lissabon sammitinin təsdiq etdiyi prinsiplər əsasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çağırırıq.

Bu tribunadan istifadə edərək mən Azərbaycan Respublikasının qəti fikrini bir daha təsdiq edirəm ki, respublikamız üç ildən bəri davam edən atəşkəs rejiminə sülh sazişi imzalanana qədər riayət etmək niyyətindədir.

Ümidvaram ki, əlbir səylərlə biz regionumuzda bütün münaqişələrin aradan qaldırılmasına nail olacaq, möhkəm sülhün, sabitliyin, xalqlarımızın tərəqqisinin və əməkdaşlığının təməlini qoya biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 29 aprel 1997-ci il.