Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının baş katibi zati-aliləri Həmid əl-Qabid cənablarına təbrik məktubu - 7 sentyabr 1995-ci il


Hörmətli cənab baş katib!

Əziz qardaşım Həmid əl-Qabid!

Sizi və başçılıq etdiyiniz İslam Konfransı Təşkilatının baş katibliyini bu təşkilatın 11 sentyabr 1995-ci ildə keçiriləcək 25 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

İslam Konfransı Təşkilatının müsəlman dünyasının bu günü və gələcəyi naminə etdiyi xeyirxah işlər dünyada mövcud olan bütün nüfuzlu təşkilatlara bir örnəkdir. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu təşkilatı yarandığı gündən nüfuzlu bir təşkilat kimi tanımış, bütün dünyada sülhün, əmin-amanlığın qorunması uğrunda gördüyü xidmətləri yüksək qiymətləndirmişdir.

Ümidvaram ki, bu təşkilatın uzun illər ərzində əldə etdiyi təcrübələrlə dolu zəngin fəaliyyəti bundan sonra da bütün dünya müsəlmanlarının rifahının daha da yüksəlməsinə, müsəlman xalqlarının həmrəyliyinə, onların xoşbəxt gələcəyinə və dünyada sülhün əldə edilməsi işinə xidmət edəcəkdir.

Əziz qardaşım!

Erməni təcavüzü nəticəsində Azərbaycan xalqının yaşadığı bu ağır günlər sizə məlumdur. Rəhbəri olduğunuz İslam Konfransı Təşkilatı tərəfindən Azərbaycan xalqına göstərdiyiniz mənəvi dəstəyə görə sizə öz təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək, bir daha sizə və İslam Konfransı Təşkilatının rəhbərliyinə öz adımdan və Azərbaycan xalqı adından uğurlar, cansağlığı, səadət arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.