Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının XVII plenar sessiyasının iştirakçılarına təbriki - Bakı şəhəri, 20 iyun 2001-ci il


Hörmətli assambleya üzvləri!

Sizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parla-ment Assambleyasının XVII plenar sessiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

On bir dövlətin parlamentlərini birləşdirən bu mötəbər beynəlxalq təşkilatın ən yüksək forumunun Azərbaycanın paytaxtı Bakı şəhərində ikinci dəfə keçirilməsindən məmnunluq duyuram və bunu əlamətdar hadisə kimi qiymətləndirirəm.

Bu gün respublikamız geniş beynəlxalq əməkdaşlığa inteqrasiya olunaraq siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə böyük önəm verir və bütün nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir. İri beynəlxalq qurum olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası region dövlətləri arasındakı münasibətlərin genişlənməsinə qüdrətli təkan verir və ölkələrimizin parlamentlərarası dialoquna geniş perspektivlər açır. Bu təşkilat coğrafi yaxınlığımızdan, tarixi keçmişimizdən və mədəni birliyimizdən irəli gələn üstünlüklərdən istifadə edərək region dövlətlərinin ikitərəfli və çoxşaxəli əməkdaşlıq etməsi üçün münbit şərait yaradır.

Dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd edən Azərbaycan Respublikası öz münasibətlərini bütün ölkələrlə mehriban qonşuluq, maraqların tarazlaşdırılması, digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq və onların daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurur. Biz hesab edirik ki, Qara dəniz regionunda irimiqyaslı iqtisadi əməkdaşlığın inkişafı üçün ilk növbədə mövcud olan münaqişələrin dinc yolla həll olunması lazımdır.

Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik etdiyi dövrdə qarşılıqlı inamın möhkəmlənməsi yolunda vacib meyar sayılan qanunun aliliyinə və siyasi sabitliyə xüsusi diqqət yetirmişdir. Ümidvaram ki, işiniz bundan sonra da məhz bu ruhda davam edəcəkdir.

Hörmətli assambleya üzvləri! Azərbaycanda olduğunuz günlərdə sizə səmərəli və məhsuldar iş, uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik, ölkələrinizə sülh, əmin-amanlıq, tərəqqi arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti