Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının baş katibi İzzəddin Laraki ilə görüşdəki söhbətindən - Tehran, 8 dekabr 1997-ci il


İzzəddin Laraki: Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumu bildirirəm. Cənab prezident, vaxt tapıb İKT-nin VIII zirvə görüşünə gəldiyinizə görə Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab Laraki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü münasibətilə Sizi təbrik edirəm. Nəzərə çaprdırıram ki, bu toplantıya böyük maraq hissi ilə gəlmişəm və orada iştirak etməyə böyük əhəmiyyət verirəm.

Mən İslam Konfransı Təşkilatının işini müsbət qiymətləndirir və onun fəaliyyətini bəyəndiyimi vurğulayaraq deyirəm ki, cənab Laraki baş katib seçildikdən sonra bu təşkilatın işi daha da canlanmışdır.

İzzəddin Laraki: Cənab prezident Heydər Əliyev! Səmimi sözlərə görə minnətdarlıq edirəm. Məmnunluqla bildirirəm ki, yeni müstəqillik qazanmış bir sıra ölkələri İKT-yə üzv qəbul etmişlər. Cənab prezident, biz hesab edirik ki, Azərbaycanın İKT-yə üzv qəbul olunması təşkilatımızı daha da gücləndirəcəkdir. Təşkilatımız Azərbaycanın öz problemlərinin həlli sahəsində bizə bağladığı ümidləri doğrultmaq üçün köməyini əsirgəməyəcəkdir.

Heydər Əliyev: Vurğulayıram ki, müstəqil Azərbaycan Respublikası İslam Konfransı Təşkilatının işində daim yaxından iştirak edir. Biz İKT-ni islam ölkələrinin problemlərinin həllində və islam dünyasının həmrəyliyinin daha da möhkəmləndirilməsində çox əhəmiyyətli rol oynayan bir təşkilat hesab edirik.

İKT-nin 1994-cü ildə Mərakeşdə keçirilən zirvə görüşündə iştirak etmişəm və orada Azərbaycanın problemlərinə dair qərarlar da qəbul olunmuşdur. Bu təşkilatın 1996-cı ildə Cakartada Sizin rəhbərliyinizlə keçirilmiş konfransında da Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulub çıxarılması, qaçqınların ağır maddi vəziyyətdə yaşaması məsələsi müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Həmin konfrans bu məsələni daha dərindən öyrənib məruzə etmək barədə Sizə tapşırıq vermişdi.

Bütün bunlara görə, cənab Laraki, Sizə təşəkkür edirəm. Siz ATƏT-in sədrinə bu məsələ barədə xüsusi məktub göndərmisiniz və Cakarta konfransının tapşırığına əsasən məruzə hazırlayıb Tehran zirvə görüşünə təqdim etmisiniz. Mən Sizin məruzənizin mətni ilə tanış oldum. Hesab edirəm ki, o, çox dəyərli bir sənəddir. Ümidvaram ki, Sizin rəhbərliyiniz və səyləriniz nəticəsində İslam Konfransı Təşkilatının VIII zirvə görüşü Azərbaycanın problemlərinə dair xüsusi qərar qəbul edəcəkdir və qəbul olunacaq digər sənədlərdə də bu məsələ öz əksini tapacaqdır.

İzzəddin Laraki: Cənab Heydər Əliyev, İslam Konfransı Təşkilatının fəaliyyətinə verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm. Cənab prezident, Azərbaycanın qarşılaşdığı problem həmçinin bizim problemimizdir. Hər şeyə dözmək olar, ancaq torpağın qəsbkarlıqla zəbt edilməsinə dözmək olmaz. Siz əmin olun ki, İslam Konfransı Təşkilatı bütünlüklə Sizin tərəfinizdədir. Mən nə etmişəmsə, bu, yerinə yetirməli olduğum borcumdur. Əmin ola bilərsiniz ki, İKT-nin VIII zirvə görüşü öz işini məhz bu istiqamətdə aparacaqdır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2004, XIII cild, səh.323-325.