Hörmətli xanımlar və cənablar!
Hörmətli Bakı sakinləri!
Məni bu gün buraya dəvət edərkən düşünürdüm ki, keçmiş illərdə ənənələrimiz ondan ibarət olubdur ki, biz adətən yeni zavodların, fabriklərin, məktəblərin, böyük xəstəxanaların, mədəniyyət saraylarının, yolların, körpülərin, su kəmərlərinin açılış mərasimlərində iştirak edirik. İndi isə məni yeni bir mağazanın açılışına dəvət ediblər. Keçmişlə müqayisə edəndə, bu, bir az uyğun gəlmir. Ancaq bugünkü günümüzün reallığı və iqtisadiyyatımızda, həyatımızda tutduğumuz yol ona dəlalət edir ki, biz artıq bu sahələrə də diqqət yetirməliyik, bu sahələrin yaranmasına, inkişaf etməsinə kömək göstərməli, dəstək verməliyik.
Azərbaycanda belə bir mağazanın açılması, ölkəmizin vətəndaşları, Bakı sakinləri üçün onun gələcək xidməti, şübhəsiz ki, böyük əhəmiyyət kəsb edir. Bu, respublikamızın dövlət müstəqilliyinin, ölkəmizdə gedən iqtisadi islahatların əlamətlərindən biri və həmin islahatlardan doğan hadisədir. Bu, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə dönmədən getməsinin nümayişidir, respublikamızda sərbəstliyin, təşəbbüskarlığın və sahibkarlığın artıq mövcud olmasını nümayiş etdirir. Bu, Azərbaycanın dünyanın bütün ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin yaranmasının və inkişaf etməsinin təzahürüdür.
Bunlar hamısı bizim həyatımızda yeniliklərdir. Bu yeniliklər lazımdır. Bunlar bizim həm dövlət müstəqilliyi siyasətinə, həm sərbəstlik, azadlıq prinsiplərinə, həm də iqtisadi siyasətimizin prinsiplərinə uyğun olan hallardır.
Biz iqtisadiyyatımızı daim inkişaf etdirməyə çalışırıq. Bunun qarşısında çox çətinliklər var. Bu çətinliklərin bir çoxu təbii, obyektiv xarakter daşıyır. Amma eyni zamanda bu çətinliklər, yəni iqtisadiyyatın inkişafının ləng getməsi müəyyən mənada insanların yeni formalara, yeni iqtisadi əlaqələrə hələ tam alışmamasının nəticəsidir. Belə bir mağazanın yaranması, belə bir təşəbbüskarlıq isə artıq onu göstərir ki, bizim sahibkarlarımız, iş adamlarımız tədricən, addımbaaddım yeni iqtisadi əlaqələrə, ticarət əlaqələrinə, formalarına alışıblar, onu mənimsəyiblər və ondan səmərəli istifadə edirlər.
Mağazada nümayiş etdirilən mallara baxarkən düşündüm: son illərdə bunların çoxunu vətəndaşlarımız xarici ölkələrdən alıb gətirirlər, ayrı-ayrı adamlar cürbəcür yollarla gətirib satırlar. Şübhəsiz ki, bu da insanlar üçün müxtəlif çətinliklər, maneələr yaradır. Əgər Bakıda belə böyük mağaza yaranıbsa və dünyanın çox məşhur şirkətlərinin istehsal etdikləri mallar buraya gətirilibsə, bunları almaq istəyən vətəndaş sərbəst surətdə alıb evinə aparacaqsa, elə bunun özü həm xalqımıza, vətəndaşlarımıza xidmətin nə qədər yaxşılaşmasıdır, eyni zamanda insanlarımızın hər bir vasitədən istifadə etməsi üçün böyük imkan yaranmasıdır.
Biz sahibkarlığa, təşəbbüskarlığa bundan sonra da şərait yaradacağıq, sərbəst iqtisadiyyat gündən-günə genişlənəcəkdir. Aparılan iqtisadi islahatlar, özəlləşdirmə, torpaq islahatı, torpağın xüsusi mülkiyyətə verilməsi - kompleks şəkildə bunlar hamısı Azərbaycanda iqtisadiyyatın dünya iqtisadiyyatına bağlanmaq yolu ilə, dünya iqtisadiyyatı yolu ilə getməsini, ölkəmizin bazar iqtisadiyyatı yolu ilə getməsini sübut edir.
Mən sahibkarlarla görüşərkən bu fikirləri geniş bəyan etdim və bu gün sahibkarlardan birinin təşəbbüsü ilə əlaqədar buraya gəlib bu hadisəni sizinlə bərabər qeyd edərkən bir də bəyan edirəm ki, Azərbaycanda sərbəstliyə, sahibkarlığa geniş imkanlar yaranacaq və sahibkarlıqla məşğul olan hər bir adam buna əmin ola bilər. Hesab edirəm, biz bu yolla həm iqtisadiyyatımızı inkişaf etdirəcək, həm ticarəti genişləndirəcək, həm də insanlara xidmətin keyfiyyətini, səviyyəsini yüksəklərə qaldıra biləcəyik.
Gözəl mağazadır, gözəl mallar var, müasir, dünya standartlarına uyğun bir ticarət ocağıdır. Keçmiş illərdə, məsələn, təxminən 15-20-25 il bundan öncə Azərbaycan vətəndaşları bəzən xarici ölkələrə gedərkən vətənə dönüb öz təəssüratları haqqında danışanda deyirdilər: mağazalar belədir, malların hamısı açıqdadır, heç kəs heç nə oğurlamır, cürbəcür şeylər var ki, adam baxıb heyran olur. Bizim mağazalarda isə yaxşı şeyləri piştaxtanın altında gizlədirlər, keyfiyyətli şeylər yoxdur, mağazada çalışırlar ki, oraya girən adam bir şey götürüb qaçmasın - bunların hamısı mənim xatirimdədir. Xaricə səfər zamanı gördükləri çoxlarına möcüzə kimi gəlirdi.
İndi artıq, bu, möcüzə deyil, həyatımızın reallığıdır və insanlara yaxşı xidmət etməklə bərabər, eyni zamanda onların mənəviyyatına, tərbiyəsinə, davranışına da çox təsir edir. Güman etmirəm ki, belə bir mağazaya gələn insan buradan müəyyən təəssüratla çıxmasın. Təəssürat da ki, şübhəsiz, müsbət olacaqdır. O mənada müsbət ki, burada hər şey gözəldir, yüksək səviyyədədir, zövqlüdür və bunlar hamısı insanların tərbiyəsinə, əxlaqına, şübhəsiz ki, müsbət təsir göstərir. Belə ticarət ocaqlarının bu xüsusiyyəti də əhəmiyyətlidir.
Burada olan malların hamısı xarici ölkələrdən, xüsusən iqtisadi cəhətdən çox inkişaf etmiş ölkələrdən gətirilmiş mallardır. Şübhəsiz ki, hər bir vətənpərvər insan, azərbaycanlı arzu edər ki, belə mağazalarda bu səviyyədə, bu keyfiyyətdə özümüzün istehsal etdiyimiz mallar da olsun. Güman edirəm ki, biz o günə də gəlib çatacaq, ona da nail olacağıq. Ancaq ona nail olmaq üçün bax, məhz bu cür addımlar atmaq lazımdır.
Bəli, bu malları burada görənlər, onlardan istifadə edənlər respublikamızda istehsal olunan aşağı keyfiyyətli malları almayacaqlar. Onları almayanda isə, aşağı keyfiyyətli malları istehsal edən adamlar məcbur olacaqlar ki, məhsulun keyfiyyətini qaldırsınlar, müasir texnikadan, texnologiyadan istifadə etsinlər. Şübhəsiz ki, bu rəqabət - ticarət rəqabəti istehsal rəqabətinə gətirib çıxaracaqdır. Ona görə də belə addımları bəyənirəm, məmnuniyyətlə qəbul edirəm və belə təşəbbüskarların, sahibkarların işinə yüksək qiymət verirəm.
Eyni zamanda hər bir sahibkar, ticarətlə məşğul olan şəxs, şirkət bilməlidir ki, bunların hamısı ölkəmizin iqtisadiyyatına, yəni iqtisadi inkişafına kömək etməlidir, ona zərər gətirməməlidir. Şübhəsiz ki, hər bir sahibkar iş görərək qazanc əldə etmək və bunu yönəldib fəaliyyətini daha da genişləndirmək istəyir. Bu da təbiidir. Ancaq eyni zamanda hər bir sahibkar, iş adamı unutmamalıdır ki, o, həm öz mənafeyini, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır.
Həm də bütün bu işlər respublikamızın qanunları çərçivəsində olmalıdır, qanunlara riayət edilməlidir. Qaçaqmalçılıq yolu ilə mal gətirmək, xəlvəti iş görmək, yaxud da cürbəcür yollarla vergidən yayınmaq - bax, bu cür hallar hələ ki, bizdə mövcuddur və təəssüf ki, geniş yayılıbdır. Bunun qarşısı alınmalıdır.
Ona görə də mən sahibkarlığa, sərbəst ticarətə, alış-verişə, bizim iş adamlarının bütün ölkələrlə ticarət əlaqələrinə dəstək verərək, eyni zamanda xəbərdar edirəm ki, onların hamısı Azərbaycanın qanunları çərçivəsində işləməli, respublikamızın qanunlarına əməl etməli, ən əsası isə, şübhəsiz ki, öz mənafelərini təmin etməklə yanaşı, dövlətin, ölkənin, xalqın mənafeyini də unutmamalıdırlar. Çünki belə ticarət ocağı təkcə bir adama, yaxud şirkətə mənfəət gətirməməlidir, bundan dövlət də mənfəətlənməlidir. Dövlətin vergisi verilməli, bundan dövlətin payı çatmalıdır. Bu, heç vaxt unudulmamalıdır.
Təəssüf ki, bizim sahibkarların, iş adamlarının çoxu bunu unudubdur. Hesab edirəm ki, apardığımız iş və qanunların həyata keçirilməsinə nəzarət, qanunların icrasını təmin edən orqanların bundan sonra görəcəyi işlər, ən əsası isə, sahibkarların özlərinin məsələni bu cür doğru-düzgün dərk etmələri belə halların qarşısını alacaqdır.
Bir sözlə, bəzilərinə elə gələ bilər ki, belə gözəl, çox yüksək keyfiyyətli mallarla dolu olan mağaza yalnız şirkətə mənfəət verməlidir. Yox, həm şirkətə mənfəət verməli, həm Azərbaycan vətəndaşlarına xidmət etməli, həm də dövlətə mənfəət verməlidir. Bu prinsiplər daim yanaşı, bir-biri ilə bağlı olmalıdır.
Mən bildiyimə görə və burada deyildiyi kimi, "İmproteks" şirkəti Azərbaycanda beş ildir ki, fəaliyyət göstərir, yəni ölkədə sahibkarlıqla məşğul olan ilk şirkətlərdən biridir. Özü üçün artıq müsbət ad qazanıbdır. Mən arzu edərdim ki, onlar öz adlarını bundan sonra da qorusunlar və çalışsınlar ki, gördükləri iş, adları Azərbaycanda sağlam, azad sahibkarlıq prinsiplərinə uyğun olsun.
"İmproteks" şirkətinə, bu mağazanın kollektivinə uğurlar arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, mağaza Azərbaycan vətəndaşlarına, Bakı sakinlərinə yüksək səviyyəli xidmət göstərəcəkdir. Sağ olun.