Bakıda Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Mişel Kamdessü ilə danışıqlar başa çatdıqdan sonra birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 12 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar, hörmətli mətbuat işçiləri!

Bilirsiniz ki, Beynəlxalq Valyuta Fondunun direktoru cənab Kamdessu Bakıya gəlibdir. Bu gün səhərdən bir çox görüşlər keçirilibdir. İndi isə biz çox uzunsürən danışıqlar apardıq. Bu danışıqlar Azərbaycan Respublikası ilə Beynəlxalq Valyuta Fondunun gələcək əməkdaşlığına həsr olunmuşdur.

Beynəlxalq Valyuta Fondu dünyanın ən böyük maliyyə mərkəzidir, 180-dən artıq ölkə bu fondun üzvüdür. Onun əsas vəzifələrindən biri dünyanın iqtisadi cəhətdən geridə qalmış ölkələrinə kömək və xüsusən bu ölkələrdə müasir iqtisadi islahatların həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.

Azərbaycan Beynəlxalq Valyuta Fondunun üzvüdür və qeyd edə bilərəm ki, bizim əməkdaşlığımız müvəffəqiyyətlə gedir. Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi islahatların aparılmasında, ölkəmizin bazar iqtisadiyyatı yolu ilə getməsi sahəsində çox dəyərli məsləhətlər verir və biz bu məsləhətlərdən istifadə etməyə çalışırıq. Eyni zamanda fond Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda struktur dəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün respublikamıza kreditlərlə maliyyə yardımı edir. Biz Beynəlxalq Valyuta Fondundan 100 milyon dollaradək kredit almışıq. Bu, çox güzəştli, uzunmüddətli kreditdir və gələcəkdə çox az faizlə ödəniləcəkdir.

Bu ayın axırında kreditin - buna stend-bay krediti deyirlər - təxminən 75 milyon dollar məbləğində ikinci hissəsi yəqin ki, Azərbaycana veriləcəkdir. İndi böyük bir proqram hazırlanır və gələcəkdə iqtisadi islahatların keçirilməsi üçün onun əsasında Beynəlxalq Valyuta Fondu bizimlə əməkdaşlıq edəcəkdir. Bu əməkdaşlıq da uzunmüddətli kreditlərlə təmin olunacaqdır. Bunlar hamısı Azərbaycanda bütün sahələrin, o cümlədən iqtisadiyyatın demokratiya yolu ilə getməsini bir daha sübut edir və gələcəkdə də bu yolla getməyimizə imkanlar yaradır.

Cənab Kamdessü on ilə yaxındır ki, Beynəlxalq Valyuta Fonduna rəhbərlik edir, dünyanın tanınmış iqtisadçılarından, maliyyəçilərindən biridir. Bu vəzifədə dünyanın bir çox ölkələri qarşısında böyük xidmətlər göstəribdir. Azərbaycana ilk dəfə gəlib, biz onu böyük hörmət və ehtiramla qarşılamışıq. Mən apardığımız danışıqlardan və bunların nəticələrindən məmnunam. Ümidvaram ki, bu danışıqlar, görüşlər əsasında Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcəkdir.

Sual: Cənab Kamdessü, bizə səxavətlə vaxt ayırdığınız üçün təşəkkür edirik. Əgər Azərbaycana maliyyə vəsaitini də belə səxavətlə ayırsanız, respublikamızın işləri çox yaxşı olacaq. Dediniz ki, Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin ilk maddəsinə görə ehtiyacı olan üzv ölkələrə özlərinə inam yaratmağı, habelə başqa ölkələrdə onlara inam yaratmağı nəzərdə tutursunuz. Azərbaycana inam yaratmaq istəyinizi buraya səfərinizdən və ölkəmizdə keçirilən islahatlar haqqında dediklərinizdən başa düşdük. Başqa ölkələrdə Azərbaycana qarşı inam yaratmaq üçün nə işlər görmüsünüz, görürsünüz və görəcəksiniz?

Mişel Kamdessü: Mən başqa ölkələri əmin etmək istəyirəm ki, Azərbaycan inama, etimada layiqdir. Bundan ötrü ən münasib məclisdən - 181 dövləti təmsil edən Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurasından istifadə edirəm. Onlar ölkənin vəziyyəti, uğurları barədə bizim verdiyimiz qiyməti nəzərə alırlar. Əgər müsbət qiymət veririksə - bu dəfə də belə fikirdəyik - həmin ölkənin maliyyələşdirilməsi təsdiq olunur. Əks halda belə qərar qəbul edilmir. Demək istəyirəm ki, biz başqa beynəlxalq məclislərdə də sizin nailiyyətlərinizə müsbət qiymət verəcəyik. Əgər siz ən yaxın gələcəkdə bu qiymətin nəticələrini görməsəniz, bu, məni çox təəccübləndirər.

Ölkəyə inamı gücləndirməyin çox mühüm cəhəti onun ətraf dünya ilə, o cümlədən qonşularla əməkdaşlığa hazır olması, regional səviyyədə ümumi məqsədlər irəli sürə bilməsi və bunu istəməsidir. Bununla əlaqədar bu günlərdə sizin prezidentin və Gürcüstan prezidenti cənab Şevardnadzenin Qafqaz təşəbbüsü haqqında imzaladıqları bəyannamənin - regionda sabitliyə və tərəqqiyə nail olmağa yönəldilmiş sənədin əhəmiyyətini qeyd etmək istəyirəm. Məsələyə belə ümumi baxışın regionda geniş yayılması çox mühümdür. Xüsusən ona görə ki, Qafqaz regionunun digər ölkələrinin də bu bəyannaməyə qoşulması üçün imkan var. Beynəlxalq birlik məhz belə təşəbbüsləri dəstəkləməyə hazır olacaqdır.

Sual: Azərbaycan prezidenti ilə hansı konkret razılaşmalar əldə olunmuşdur? Məsələn, siz üçüncü kreditin verilməsini respublikada özəlləşdirmənin keçirilməsi ilə bağlayırsınızmı?

Mişel Kamdessü: Bizim hansısa konkret danışıqlar apardığımıza əmin deyiləm, çünki bir çox məsələlərdə eyni fikirdə idik. Söhbətimiz əsasən ona həsr olunmuşdu ki, baxışlarımızı aydınlaşdıraq və həm də görək Azərbaycan öz gələcəyini necə təsəvvür edir. Stend-bay mexanizmi çərçivəsində razılaşmalara gəldikdə isə, deyə bilərəm ki, bu proqramın uğurla yerinə yetiriləcəyi təqdirdə biz dərhal struktur dəyişikliklərinin geniş müəyyənləşdirilməsinin üçillik proqramına keçməyə hazırıq. Özü də bu kreditlər daha güzəştli şərtlərlə, yəni daha az faizlə və daha uzun müddətə verilir. Şübhəsiz ki, özəlləşdirmə bu proqramın mərkəzində dayanacaqdır. Ona görə ki, sizin ölkəniz bazar iqtisadiyyatına, iqtisadi demokratiyaya keçmək istəyir. Biz də, sizin rəhbərlik və hökumət də gələcəyə bu cür baxırıq. Belə razılığa gəlmişik ki, stend-bay kreditləri üzrə nəzərdə tutulduğu kimi, əvvəlcə tam miqyasda kiçik özəlləşdirmə keçirilməlidir. İndiki halda təxminən səkkiz min kiçik müəssisədən söhbət gedir. Özəlləşdirmənin sonrakı mərhələsini isə biz hələlik konkret olaraq müzakirə etməmişik.

Sual: Cənab direktor, qeyd etdiniz ki, respublikada makroiqtisadi sabitlik yaradılması sahəsində böyük nailiyyətlər əldə olunubdur. Buna baxmayaraq, əhalinin sosial vəziyyəti olduqca ağırlaşır və bəzi qüvvələr bunu Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondunun şərtlərinə əməl etməsi ilə əlaqələndirirlər. Siz dediniz ki, əhalinin vəziyyətinin yaxşılaşdırılması, sosial təsisatların yaradılması üçün Azərbaycan hökumətinə kömək göstərəcəksiniz. Bu kömək nədən ibarət olacaqdır?

Mişel Kamdessü: Sabitləşdirmə proqramı yerinə yetirilərkən çox vaxt adamlar iddia edirlər ki, onların bütün məhrumiyyətləri və məqsədləri məhz bu proqramdan irəli gəlir. Biz belə iradları tez-tez eşidirik. Bu, xəstəxanada müalicə olunan xəstənin vəziyyətini xatırladır. O, öz əzablarına görə dərmanlardan, yaxud müalicə kursundan, şikayətlənir, xəstəxanaya nə səbəbdən düşməsini isə unudur. Lakin dərman gələcək sağlamlığın təməlidir. Bizim vəzifəmiz ölkənizi bu vəziyyətdən çıxaracaq və tərəqqiyə çatdıracaq yolu qısa bir müddətdə tapmaqdır. Ona görə də sizi tezliklə sağalmaq və tərəqqiyə nail olmaq naminə ağrılı hisslərdən qorxmamağa çağırıram.

Sual: Siz 1993-cü ildə Türkmənistanda olarkən, səhv etmirəmsə, belə bir bəyanat vermisiniz ki, əgər Ermənistan və Azərbaycan sülhə gələrlərsə, Beynəlxalq Valyuta Fondu dağıdılmış ərazilərin bərpasının maliyyələşdirilməsini öz üzərinə götürə bilər. Bu gün də həmin fikrinizdə qalırsınızmı?

Mişel Kamdessü: Həmişəkindən daha çox. Biz sizə kömək göstərməyə başlamışıq, Ermənistana da yardım edirik. Hər iki tərəfin öz ölkəsinin iqtisadiyyatını düzgün yola çıxarmağa səy göstərdiyini görürük. İqtisadiyyatı, onun sağlamlığını bərpa edərkən biz düşünürük ki, bu prosesin ən mühüm labüd, ilkin şərti, onun uğurla getməsinin rəhni sülh prosesinin sürətlənməsidir. Bu proses konkret nəticələrə gətirib çıxardıqda, biz beynəlxalq aləmdə katalizator, səfərbəredici vasitə rolunu yerinə yetirməyə şad olacağıq. Bu isə müharibənin dağıtdığı ərazilərin bərpası üçün zəruridir.