Yaltada "Baltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 9 sentyabr 1999-cu il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab sədr,

Hörmətli dövlət və hökumət başçıları,

Xanımlar və cənablar!

Beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayıram, Ukraynanın prezidenti möhtərəm Leonid Daniloviç Kuçmaya, Ukrayna hökumətinə və xalqına mehriban qəbula və qonaqpərvərliyə, işimiz üçün yaradılmış gözəl şəraitə görə səmimi minnətdarlığımı bildirirəm.

Yalta sammitinin ideyası - XXI əsrdə ayırıcı xətlər olmayan inteqrasiyalı Avropaya nail olmaq ideyası bütün iştirakçı ölkələr üçün, o cümlədən də Azərbaycan üçün çox mühüm və aktualdır.

Çoxtərəfli əməkdaşlığın inkişafı regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi, xalqlarımızın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, rifahının yüksəldilməsi üçün çox böyük əhəmiyyətə malikdir.

Regionumuzda mövcud olan və fəaliyyət göstərən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUÖAM kimi təşkilatlar və forumlar Baltik-Qara dəniz məkanındakı Avropa strukturları ilə yaxınlaşmağa meyl edirlər. Bu proses, şübhəsiz ki, Avropada gələcək təhlükəsizlik arxitekturasının yaradılmasına, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və inteqrasiyaya yönəldilmiş Ümumavropa prosesində səylərimizin sıx birləşdirilməsinə kömək edəcəkdir.

Azərbaycanın fəal iştirak etdiyi Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin, Xəzər regionundan Avropaya enerji daşıyıcılarının nəqlini təmin edən transmilli energetika kommunikasiyalarının yaradılması kimi layihələr bu ideyanın əməli surətdə həyata keçirilməsinə nümunədir.

XX yüzilliyin sonlarında yaranmış reallıqlar şəraitində biz yeni müstəqil dövlətlərdə demokratiyanın və qanunun aliliyinin bərqərar edilməsinə və inkişafına, insan hüquqlarının, sosial ədalətin təmin edilməsinə, bazar iqtisadiyyatının inkişafına və XXI əsrin yeni Avropası ilə bu dövlətlərin ahəngdar inteqrasiyasına hər cür kömək göstərməliyik. Biz bir sıra xalqlara onların sülh və sabitlik şəraitində yaşamaq, inkişaf etmək və əməkdaşlıq istəklərinə böyük ziyan vuran beynəlxalq və regional münaqişələrə, separatçılığa və terrorizmə qarşı birgə səylərlə mübarizə aparmalıyıq.

10 ildən artıqdır ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edir. Münaqişə nəticəsində dövlətimizin ərazisinin 20 faizi işğal edilmişdir, 700-dən çox kənd və şəhər dağıdılmışdır, milyona yaxın vətəndaşımız qaçqın vəziyyətinə düşmüşdür. Biz beynəlxalq prinsiplər və hüquq normaları əsasında bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün hər cür səylər göstəririk.

Biz istəyirik ki, münaqişə mümkün qədər tez aradan qaldırılsın, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və bütün qaçqınlar özlərinin daimi yaşayış yerlərinə qayıtsınlar. Biz xoş məram nümayiş etdirərək, münaqişəyə səbəb olmuş Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində ən yüksək səviyyədə özünüidarəetmə statusu verməyə hazırıq. Bu məqsədə nail olmaq üçün biz Minsk qrupu, Rusiyanın, ABŞ-ın və Fransanın simasında onun həmsədrləri ilə birlikdə gərgin işləməyə, 1994-cü ilin mayında əldə edilmiş atəşkəsə münaqişənin tam və hərtərəfli tənzimlənməsinə və sülhə nail olanadək əməl etməyə hazırıq.

Heç bir şübhə yoxdur ki, Azərbaycan Respublikası, habelə ərazisində belə münaqişələr baş verən başqa ölkələr münaqişələr tənzimləndikdən və onların dağıdıcı nəticələri aradan qaldırıldıqdan sonra Avropa qitəsində demokratiyanın inkişafı, iqtisadi tərəqqi və sabitlik işində öz potensialından daha tam istifadə edə biləcəklər.

Hörmətli konfrans iştirakçıları, 1945-ci ildə böyük dövlətlərin Yalta konfransı keçirilmiş və həmin konfrans Avropanı nüfuz dairələrinə bölmüşdü ki, bu da çoxillik "soyuq müharibə"yə səbəb olmuşdu. Əlamətdar haldır ki, əlli beş il sonra, məhz burada, Yaltada, Livadiya sarayında biz ayırıcı xətlər olmayan inteqrasiyalı Avropanın, sülh, sabitlik, əməkdaşlıq və tərəqqi Avropasının quruculuq yollarını müzakirə edirik.

Görüşümüzün bütün iştirakçı ölkələrinə belə nəcib məqsədlər naminə uğurlu iş arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.