Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Çıraq-I" platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə nitqi - 12 noyabr 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Bu gün burada gördüyüm "Çıraq" platforması mənə və güman edirəm, burada toplaşanların hamısına çox böyük təsir bağışlayıbdır. Biz üç il müddətində görülən gərgin işin gözəl nəticələrini müşahidə edirik. Azərbaycan neftçiləri hələ 50 il bundan öncə Xəzər dənizində platformalar yaradıb və neft çıxarmağa başlayıblar. "Çıraq" neft yatağında olan platformanı da vaxtilə Azərbaycan neftçiləri yaratmışlar. Ancaq üç il bundan öncə, "Əsrin müqaviləsi" imzalanandan sonra bir konsorsiumun iştirakçısı olan şirkətlərlə birlikdə bu platformanı yenidən qurmuşuq və o, bugünkü müasir vəziyyətə gəlib çatıbdır.

Mən bu gün böyük iftixar hissi keçirirəm. Xəzərin ortasında, açıq dənizdə belə gözəl platforma yaranıb və o, dünyada dənizdən neft çıxarılması sahəsində ən yüksək standartlara uyğun platformadır. Bu platformanı tikən, quran və yaradanların hamısına, burada işləyənlərin hamısına, burada toplaşmış, bir çox ölkələrdən olan mütəxəssislərə - mühəndislərə, texniklərə, fəhlələrə, hamıya təşəkkür edirəm və "Çıraq-I" platformasının işə başlaması, neftin alınması münasibətilə hamınızı ürəkdən təbrik edirəm.

Biz böyük bir işin əsasını qoymuşuq. Heç şübhə yoxdur ki, Xəzər dənizində həm "Əsrin müqaviləsi" ətrafında toplaşmış şirkətlərin yaratdığı konsorsiumun fəaliyyətinin nəticəsində, həm də imzalanmış başqa müqavilələrin həyata keçirilməsi nəticəsində bir çox belə gözəl platformalar yaranacaq, Xəzərin neft və qaz ehtiyatları dünya iqtisadiyyatına böyük kömək edəcəkdir.

Bu gün bizim ölkəmizdə bayram günüdür, - müstəqil Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının qəbul olunmasının ikinci ildönümüdür. Bu gün eyni zamanda qədim neft diyarı olan Azərbaycan neft sənayesinin inkişafında yeni bir mərhələnin açılması günüdür. Bu iki bayram bir-birinə qarışmışdır. Ancaq bunlar bir-birilə sıx əlaqədə olan bayramlardır. Sizi bu bayramlar münasibətilə təbrik edir və zəhmət çəkib "Çıraq-I" platformasına gəlmiş xarici ölkələrdən olan qonaqlarımıza təşəkkür edirəm. Hamınıza səadət, xoşbəxtlik, əmin-amanlıq arzulayıram.

Xeyirli olsun, uğurlu olsun! Yeni-yeni uğurlar arzulayıram! Sağ olun.

Terri Adams: Cənab Prezident, Sizi bu gün burada, aramızda görməkdən böyük şərəf duyuruq. Bu gün işlərimizin zirvə nöqtəsidir. Yəqin xatırlayırsınız, mən ictimai yerlərdə çıxış edərkən həmişə cənab Çörçilldən sitatlar gətirirəm. Cənab Çörçillin məhz bu günə uyğun olan çox gözəl bir kəlamı var. Çörçill İkinci dünya müharibəsi zamanı döyüşdə ilk qələbədən sonra demişdir: bu, bizim işlərimizin sonu deyil, hətta sonun başlanğıcı da deyildir, başlanğıcın sonudur.

Cənab Prezident, xahiş edirik bu xatirə lövhəsini açasınız.

Heydər Əliyev: Mən sizin sözlərinizi və cənab Çörçillin sözlərini təsdiq edirəm və xatirə lövhəsini məmnuniyyətlə açıram.

Xatirə lövhəsində yazılmış sözlər:

"Zati-aliləri Prezident Heydər Əliyevin ilk neftin çıxarılması münasibətilə "Çıraq-I" platformasına rəsmi səfərindən xatirə. 12 noyabr 1997-ci il".

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 13-cü cild, Azərnəşr, Bakı - 2004, səh.178-180.