Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin Sənaye İnkişafi Təşkilatının - YUNİDO-nun Baş Direktoru Karlos Maqarinos ilə görüşdəki söhbətindən - Vyana, 5 iyul 2000-ci il


Karlos Maqarinos: Hörmətli cənab Prezident! Xoş gəlmisiniz! Sizinlə görüşdən şərəf duyuram.

Səfər proqramınızın çox gərgin olmasına baxmayaraq mənimlə görüşə vaxt ayırdığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Onu da deməyi özümə borc bilirəm ki, rəhbərlik etdiyim təşkilat Azərbaycanla əlaqələri daha da sıxlaşdırmağa böyük maraq göstərir.

Heydər Əliyev: Cənab Maqarinos! Səmimi sözlərinizdən məmnun qaldım. Avstriyaya rəsmi səfər proqramı həqiqətən çox gərgindir. Mən Vyananı ancaq avtomobilin pəncərəsindən görürəm. Amma elə bu da məndə çox gözəl təəssürat yaradır. Vyana həqiqətən çox gözəl şəhərdir. Bu şəhərdə gözəl memarlıq abidələri, saraylarda çox gözəl təsviri sənət nümunələri vardır. Bu binanın özü də çox gözəldir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan BMT ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti məni qane edir. Lakin mən YUNİDO-nun ölkəmizlə daha geniş əlaqələr qurmağa böyük maraq göstərməsindən çox məmnun qaldım.

Bazar münasibətləri, demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində mühüm işlər görülmüş, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində əldə olunmuş uğurlar çoxdur. Son illər ölkəmizin iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənayedə çox müsbət irəliləyişlər baş vermişdir. Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında həm neft sahəsində, həm də qeyri-neft sahələrində çox faydalı əlaqələr qurulur. Zəngin iqtisadi potensialı olan Azərbaycanda bir sıra müəssisələr BMT-nin sənaye inkişafı təşkilatı ilə yaxşı əlaqələr yaratmaq üçün geniş imkanlara malikdir. Biz BMT-nin sənaye inkişafı təşkilatınin respublikamızda həyata keçirmək niyyətində olduğu proqramları geniş müzakirə etməli, Azərbaycanın bir çox iri sənaye müəssisələri ilə YUNİDO arasında qarşılıqlı surətdə faydalı əlaqələr qurulmasının perspektivləri və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi keçirməliyik.