Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 30 yanvar 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram. Bilirəm ki, sizin çox görüşləriniz olubdur. İndi də yəqin ki, mənimlə danışmağa ehtiyac vardır.  

Beynəlxalq Valyuta Fondu ilə bizim əməkdaşlığımız, hesab edirəm, indiyə qədər uğurlu olubdur və bundan sonra da uğurlu olacaqdır. Biz Beynəlxalq Valyuta fondu ilə əməkdaşlığımıza böyük əhəmiyyət veririk və hesab edirik ki, bu, Azərbaycan üçün xeyirli olub – xüsusən keçən illərdə.

Jon Uekman - Lin (Beynəlxalq Valyuta Fondu nümayəndə heyətinin rəhbəri): Cənab Prezident, sağ olun. Sizinlə görüşmək mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşmək üçün gərgin iş cədvəlinizdə vaxt tapdığınıza görə çox sağ olun. Bu xoş sözlərə görə də Sizə təşəkkür etmək istəyirəm.

Ölkənizin Avropa Şurasına qəbul olunması münasibəti ilə Sizi təbrik etmək istəyirəm. Bu, ölkənizin demokratiya və insan hüquqları sahəsində qazandığı nailiyyətlərin tanınması, habelə bu proseslərin inkişafına Sizin şəxsi töhfənizin tanınması deməkdir.

Cənab Prezident, mən Azərbaycanın nail olduğu böyük iqtisadi uğurlara şəxsi töhfənizi də qeyd etmək istərdim. Son dövrdə inflyasiyanın aşağı səviyyədə, mübadilə məzənnəsinin sabit olması və iqtisadi artımın yüksək sürəti – Siz bu nailiyyətlərlə haqlı olaraq fəxr edə bilərsiniz. Buna görə də qazandığınız həmin nailiyyətləri artıra biləcək yeni üçillik proqramın müzakirəsi üçün nümayəndə heyətinin Bakıya gəlməsi barədə hökumətin xahişindən çox şad olduq. Azərbaycan Respublikasının hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığı Sizin kimi, biz də yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi cənab Maykl Meredi Sizə də təqdim etmək istəyirəm.

Azərbaycan üçün yeni üçillik proqramın məqsədlərini biz necə təsəvvür edirik? Bu məqsədlər üç əsas vəzifəni əhatə edir. Birinci məqsəd iqtisadi uğurlarınızın əsaslandığı makroiqtisadi sabitliyi dəstəkləməkdən, çox mühüm olan ikinci məqsəd kənd təsərrüfatında və iqtisadiyyatın digər qeyri-neft sektorlarında inkişafı sürətləndirmək yolu ilə yoxsulluğu azaltmaqdan və üçüncü məqsəd Azərbaycanda dövlət idarəçiliyini təkmilləşdirməkdən, gücləndirməkdən ibarətdir. Biz bunları çox mühüm məqsədlər sayırıq və onlara nail olmağa dair proqram işlənib hazırlanmasında Azərbaycan hökumətinə kömək etmək imkanına görə şadıq.

Burada işlədiyimiz iki həftədə biz həmin məqsədlərə çatmağa kömək edə biləcək konkret tədbirlərin hökumətlə və sizin icra aparatınızla müzakirəsində böyük uğurlara nail olduq. Əlbəttə, hələ bəzi məsələlər qalır, proqram üzərində işi başa çatdırmaq üçün bu məsələlərlə əlaqədar əlavə diskussiyalar aparmaq, əlavə iş görmək lazımdır. Lakin ümidvarıq ki, biz bunu növbəti səfərimiz zamanı edə biləcəyik.

Cənab Prezident, icazənizlə, bu məsələlərdən bəzilərinə çox qısaca toxunmaq istərdim. Əlbəttə, ən mühüm məsələ neft kompleksidir. Biz neft fondunun fəaliyyəti üçün çox yaxşı zəmin yaradan 29 dekabr tarixli fərmanı və müvafiq normativ aktları, xüsusən də neft sərvətinin müəyyən hissəsini gələcək nəsillərə saxlamaq haqqında qərarınızı böyük razılıq hissi ilə qarşıladıq. Biz bunu Sizin tərəfinizdən görülmüş mühüm dövlət tədbiri hesab edirik. Elə bir addım ki, regionda digər ölkələr üçün də model ola bilər. Neft fondunun iş qaydası müəyyənləşdikcə və işlənib hazırlandıqca, son illərdə ölkənizin fərqləndiyi sağlam və etibarlı makroiqtisadi siyasətə onun uyğun olmasını vacib hesab edirik. Biz bu məsələləri sizin aparatınızın rəhbərləri ilə, neft fondunun icraçı direktoru ilə müzakirə etdik və məmnunluqla bildiririk ki, onlar bu vəzifələrlə razıdırlar və gələcək normativ aktlarda bunların öz əksini tapmasına çalışacaqlar.

Cənab Prezident, icazənizlə, mən hökumətlə müzakirə etdiyimiz proqramın xarakteri barədə bir neçə söz demək istərdim. Bu proqram BVF-nin əvvəllər Azərbaycanda həyata keçirdiyi proqramdan bir qədər fərqlənir, çünki BVF öz işinin istiqamətini bir qədər dəyişdirmişdir. İndi biz əsas diqqəti yoxsulluğun azaldılması üçün sizin hökumətinizə və dünyanın digər ölkələrinin hökumətlərinə kömək göstərilməsinə yönəldirik. Bütün dünyada, o cümlədən də Azərbaycanda biz bu tədbirləri yoxsulluğun azaldılmasına dair hökumətin irəli sürdüyü və tərtib etdiyi strategiya əsasında işləyib hazırlayırıq. Ona görə də yoxsulluğun azaldılması sahəsində hökumətin məqsədləri, strategiya və vəzifələri bizim üçün başlanğıc nöqtəsidir. Bu strategiya indi hökumətin hazırladığı və «yoxsulluğun azaldılması strategiyası haqqında sənəd» adlandırılan sənəddə öz əksini tapmalıdır. Hökumət bu sənədi qəti olaraq işləyib tamamladıqdan sonra ondan nəinki BVF və Dünya Bankı, həm də digər çoxsahəli təşkilatlar iki məqsəd üçün istifadə edəcəklər. Birinci məqsəd hökumətin məqsəd və vəzifələrini, həyata keçirəcəyi siyasəti başa düşməkdən, ikinci məqsəd maliyyə-texniki yardımımızı təşkil edə bilməyimiz üçün, beləliklə, bu strategiyanın məqsədlərinə çatmağa daha yaxşı kömək göstərmək üçün birgə işimizi istiqamətləndirməkdən ibarətdir. Ona görə də bu sənədin tamamlanması nəinki hökumətin BVF ilə proqramının hazırlanmasında, həm də ümumən, qarşıdakı dövr üçün hökumətin siyasətinin istiqamətlərini və çərçivəsini müəyyənləşdirməkdə mühüm addımdır.

Nəhayət, cənab Prezident, mən bu prosesdə atılmalı olan addımlardan danışmaq istərdim. Ötən iki həftə ərzində hökumətlə və Sizin icra aparatınızla aparılmış diskussiyalar əsasında biz proqramın layihəsini hazırladıq. İndi biz Vaşinqtona qayıdırıq və bu sənədi həmkarlarımızla birlikdə müzakirə edəcəyik. Eyni zamanda Sizin hökumətiniz, icra aparatınız bu proqramın layihəsini öz həmkarları ilə birlikdə müzakirə edəcəklər. Sonra biz martda buraya qayıtmaq və icra şurasına təsdiqə təqdim edilə biləcək proqram barəsində razılaşmanı imkan daxilində başa çatdırmaq ümidindəyik. Hər şey yaxşı olarsa, icra şurasının bu proqrama dair iclası mayın axırlarında, yaxud iyunun əvvəllərində keçirilə bilər.

Maykl Mered (BVF-nin Azərbaycandakı daimi nümayəndəsi): Cənab Prezident, gərgin iş cədvəlinizdə bu görüşə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Mən təxminən 6 aydır Azərbaycandayam və ölkənizdə azı daha iki il işləmək ümidindəyəm. Mən öz işimi, əslində, BVF ilə Azərbaycan hökuməti arasında körpü kimi təsəvvür edirəm, fikir ayrılıqlarını aradan qaldırmağa, mövcud münasibətləri möhkəmlətməyə çalışacağam. Ümidvaram ki, Siz bu işdə məni dəstəkləyəcəksiniz.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəlcə, Azərbaycanın Avropa Şurasına daxil olması münasibətilə təbriklərinizə görə və arzularınıza görə təşəkkür edirəm. Bu, Azərbaycan Respublikası, dövləti üçün, Azərbaycan xalqı üçün tarixi bir hadisədir. Siz tamamilə doğru qeyd etdiniz ki, bu, Azərbaycanda demokratiyanın və insan hüquqlarının bərqərar olmasının nəticəsidir. Amma biz demokratiyanı geniş mənada anlayırıq. Çünki iqtisadi əsas olmasa, demokratiyanı yaratmaq mümkün deyildir. Ona görə də bizim Avropa Şurasına getdiyimiz yolda həyata keçirilən iqtisadi islahatlar və bütün sahələrdə olan islahatlar Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın tənəzzülünün qarşısının alınması və nəhayət, makroiqtisadi inkişafın əldə olunması – bunlar hamısı birlikdə Azərbaycanda həqiqi demokratiyanın yaranmasının əsaslarıdır.

Mən bu fikirləri Strasburqda Avropa Şurasının sessiyasında Azərbaycanın Avropa Şurasına daxil olması münasibətilə söylədiyim nitqimdə çox ətraflı şərh etdim. Bunları sizə çatdıraraq bildirmək istəyirəm ki, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi və makroiqtisadi inkişafın əldə olunmasında, təbiidir ki, Beynəlxalq Valyuta Fondu ilə sıx əməkdaşlığımızın da böyük əhəmiyyəti olmuşdur. Sizin Azərbaycana yardımınız, birinci növbədə, verdiyiniz məsləhətlər və tövsiyələr, eyni zamanda ölkəmizin valyuta imkanlarını təmin etmək üçün yardımınız, təbiidir ki, Azərbaycanda son illərdə bu inkişafın əldə olunmasına xüsusi xidmət göstəribdir.

Azərbaycanda Neft fondunun yaranması haqqında sizin fikirləriniz bizim üçün çox əhəmiyyətlidir. Mənim fərmanım və yaratdığımız sənədlər Neft fonduna vəsaitin şəffaf, açıq-aşkar, xalqın gözü qarşısında həm toplanmasını, həm də ondan hansı istiqamətlərdə istifadə olunmasını göstərmək üçün şərait yaradıbdır. Siz düzgün dediniz, mən bunu imzaladığım fərmanda əks etdirmişəm və ümumiyyətlə, bəyan etmişəm ki, biz Neft fondunu gələcək nəsillər üçün toplayıb saxlamalıyıq. Biz bunu mütləq edəcəyik. Bizim Neft fondunda 300 milyon dollara qədər vəsait vardır. Onu deyə bilərəm ki, mən fərman verəndən sonra keçən 25 gün ərzində Neft fonduna aid olan vəsaitlərin çox yüksək səviyyəli müxtəlif banklarda saxlanmasından da 1 milyon dollardan artıq gəlir əldə edilibdir. Biz ölkəmizin, xalqımızın, millətimizin gələcəyi haqqında daha da çox düşünürük, nəinki bugünkü nəsillər haqqında, özümüz haqqında. Taleyimiz belədir ki, biz bu çətin dövrü yaşayırıq və yaşamalıyıq. Azərbaycanın prezidenti kimi, mən istəmirəm ki, nəvələrimiz və nəticələrimiz bizim gördüyümüz bu çətinlikləri görsünlər.

Bizim Baş nazirlə, nazirlərlə və mənim aparatımla sizin görüşləriniz, danışıqlarınız haqqında məlumatım vardır. Hesab edirəm, çox səmərəli iş görmüsünüz və sizin məhz bu münasibətlə buraya gəlməyinizi çox əhəmiyyətli hesab edirəm. Yeni üçillik proqramın hazırlanması bizim üçün çox əhəmiyyətlidir. Ona görə də sizə təşəkkür edirəm.

Beynəlxalq Valyuta Fondunun fəaliyyətində yoxsulluğun aradan qaldırılması məsələsinin birinci plana çəkilməsi çox böyük qiymətə layiqdir. Siz bilirsiniz və burada qeyd etdiniz ki, artıq biz bu barədə geniş dövlət proqramı hazırlayırıq. Bu proqramın hazırlanmasında sizin fikirləriniz, tövsiyələriniz, yardımınız və xüsusən onun həyata keçirilməsində yardımınız çox vacibdir. Beləliklə, Beynəlxalq Valyuta Fondu ilə bizim əməkdaşlığımız sürətlə irəliyə gedir. Hər mərhələnin öz xüsusiyyətləri vardır. Vaxt var idi ki, biz iqtisadi böhrandan çıxmalı idik, inflyasiyanın qarşısını almalı idik, iqtisadi inkişafı təmin etməli idik. Bunları etdik. Sizin köməyiniz bizim üçün çox xeyir verirdi. Mən çox məmnunam ki, siz bunun nəticələrini görürsünüz və yüksək qiymətləndirirsiniz. Güman edirəm, bundan sonra birgə işləməkdən topladığımız təcrübə daha da səmərəli birgə fəaliyyət göstərməyimiz üçün imkanlar yaradacaqdır.

Siz dediniz ki, mart ayında gələcəksiniz. Hesab edirəm ki, o vaxta qədər bizim tərəfimizdən lazım olan bütün sənədlər hamısı hazırlanacaq və mart ayındakı görüşümüzdə irəliyə yeni bir addım atacağıq. Bir daha sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, mən Beynəlxalq Valyuta Fondunun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Sağ olun.