Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 1 iyul 1996-cı il


Mən bu gün sizinlə görüşümdən çox məmnunam. Bilirsiniz ki, mən Almaniyaya iki saat bundan əvvəl gəlmişəm. Bu, mənim Almaniyada ilk görüşümdür. Bu da soydaşlarımızla, həmvətənlərimizlə, Almaniyada, Mərkəzi Avropada yaşayan azərbaycanlıların nümayəndələri ilə görüşdür. Məmnunam ki, siz ayrı-ayrı cəmiyyətləri bir-birinə yaxınlaşdırmısınız, birləşdirmisiniz və bu gün burada bəyan etdiyiniz federasiya artıq təşkil olunub. Hesab edirəm ki, bu çox əlamətdar bir hadisədir, sizin çox mühüm nailiyyətinizdir. Mən bu münasibətlə sizi təbrik edirəm.

Bilirsiniz ki, biz Azərbaycan Respublikasının müstəqilliyinin beşinci ilini yaşayırıq. İlin sonunda dövlətimizin müstəqilliyinin beş ili tamam olacaqdır. Ancaq bu beş il ağır, çətin olmuşdur. Bu gün bizim bir daha görüşümüz olacaq, mən bu barədə orada geniş danışacağam. Ona görə də indi bu mövzuya geniş yer vermək istəmirəm. Sadəcə demək istəyirəm ki, çox çətin, ağır illər idi. Ancaq nailiyyətimiz mövcuddur. Bu da ondan ibarətdir ki, biz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq. Azərbaycan ölkəsi, respublikası müstəqil dövlət kimi günü-gündən möhkəmlənir. Bu da bizi əmin edir ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və biz bundan sonra da müstəqillik yolu ilə gedəcəyik.

Problemlərimiz çoxdur, mən bu barədə sizə məlumat verəcəyəm. Ancaq nailiyyətimiz budur və bu da ən böyük nailiyyətdir. Xalqımızın çoxəsrlik tarixində XX əsrin sonunda Azərbaycanda müstəqil dövlət qurulub ki, bu da böyük nailiyyətdir. Eyni zamanda biz Azərbaycanda vətəndaşlarımızı müstəqillik yolu ilə apararkən respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız haqqında da düşünürük. Bu, bizim hüququmuz, vəzifəmizdir. Çünki Azərbaycan indi təkcə respublikamızda yaşayan azərbaycanlılardan ibarət deyil. Azərbaycanlılar dünyanın bir çox ölkələrində, o cümlədən, Avropada, Almaniya da yaşayırlar. Dünyanın hər bir ölkəsində, hər bir şəhərində, guşəsində, kəndində yaşayan soydaşımız müstəqil dövlətimiz üçün, Azərbaycan prezidenti kimi mənim üçün vətəndaşımız, soydaşımız, həmyerlimizdir.

Mən bunu sizə həm Azərbaycanın dövlət siyasəti kimi bildirirəm, ikincisi də bunu deyərkən ona əsaslanıram ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız özünü azərbaycanlı hesab edərək, ölkəmizi heç vaxt unutmamalıdır, öz Vətənini, torpağını, millətini, dilini unutmamalıdır. Ona görə də Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımıza bizim tərəfimizdən bu prinsiplər əsasında doğma münasibət var.

Bilirsiniz ki, indiki Azərbaycan keçmiş Sovetlər İttifaqının tərkibində bir müttəfiq respublika idi. O vaxt da Azərbaycan yaşayırdı. 1918-ci ildə ilk demokratik Azərbaycan Cümhuriyyəti yarandı. Bu cümhuriyyət 23 aydan sonra süquta yetdi. Ondan sonra Azərbaycanda Sovet hakimiyyəti mövcud oldu. Azərbaycanda Sovet Sosialist Respublikası yarandı. Bu Respublika da iki il yaşayandan sonra çar Rusiyasının əvvəlki ərazisində yaranmış respublikaları birləşdirən Sovetlər İttifaqının tərkibinə daxil oldu. Biz bütün bu mərhələləri yaşadıq. Nəhayət, 1991-ci ilə gəlib çatdıq. Azərbaycan XX əsrin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar və dünyada gedən ictimai-siyasi hadisələrdən bəhrələnərək öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət qurmağa başladı.

Amma bu illərdə, sovet dövlətinin tərkibində, sosialist quruluşunun içində yaşayan respublikamızda biz azərbaycanlılığımızı heç vaxt unutmadıq. Bizim dilimiz də, dinimiz də yaşayıb, elmimiz, təhsilimiz də inkişaf edib. Əgər bunlar olmasaydı, respublikamız 1991-ci ildə özünü müstəqil dövlət kimi bütün dünyaya bəyan edə bilməzdi.

Bu illərdə çox böyük nailiyyətlər əldə olunub. Sovetlər İttifaqı dağılan kimi, məhz bunun nəticəsində biz öz müstəqilliyimizi bəyan etdik və respublikamız beşinci ildir ki, müstəqil dövlət kimi yaşayır.

Ancaq əvvəlki illərdə Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızla əlaqə saxlamağımız çox çətin idi, çox hallarda da mümkün deyildi. Yalnız görkəmli bir şairimiz, yazıçımız, bəstəkarımız xarici ölkəyə səfər edərkən arayıb axtarırdı ki, görsün orada azərbaycanlılardan kim var, onunla görüşsün, danışsın. Bütün bunları da qorxa-qorxa edirdi.

Bu barədə çox danışmaq olar. Yadımdadır, bəlkə də 60-cı illər idi. Biz Türkiyə ilə çox maraqlanırdıq ki, oradakı soydaşlarımız necə yaşayırlar. Bilirdik ki, Türkiyədə vaxtilə Azərbaycandan mühacirət etmiş soydaşlarımız da yaşayırlar. Mərhum bəstəkarımız, görkəmli dirijor, professor Niyazi çox böyük bir sənətkar idi. Bilirsiniz ki, o, dünya miqyasında məşhur bir insan idi. Yəni öz istedadına, yaratdığı əsərlərinə görə məşhur idi. Ona görə də onu Türkiyəyə dəvət etmişdilər ki, gedib oradakı opera teatrında tamaşalar hazırlasın. O, Türkiyəyə tez-tez gedib-gəlirdi və hər dəfə də mənimlə görüşürdü. Çünki o, mənimlə dost idi. Oturub saatlarla bu barədə söhbət edirdik. Soruşurdum ki, kimi gördün, onlar necə yaşayırlar? O, bütün bunlar haqqında mənə ətraflı danışırdı.

Mən bunları xatırlayaraq onu demək istəyirəm ki, o dövrdə də ürəyimiz Azərbaycandan xaricdə yaşayan soydaşlarımızla bir olub. Ancaq əlaqə saxlamaq imkanımız olmayıb. İndi isə Allaha şükürlər olsun ki, belə imkan yaranıb, var. Respublikamız müstəqil dövlətdir. Hər bir vətəndaşımız hansı ölkəyə getmək istəyirsə, oraya gedə bilər. Respublikamızın sərhədləri açıqdır. Hansı ölkədən kim istəyirsə, Azərbaycana qonaq gələ bilər. O cümlədən, respublikamızdan kənarda yaşayan soydaşlarımız gəlib, Azərbaycanı ziyarət edə bilərlər. İndi biz də hansı ölkəyə istəyiriksə, o ölkəyə gedirik, başqa işlərlə yanaşı, soydaşlarımız ilə görüşməyi özümüz üçün birinci dərəcəli vəzifə hesab edirik. Ona görə də mən bu gün buraya gəlmişəm. Sabah səhərdən mənim rəsmi səfərim başlanacaqdır. Almaniyanın dövlət, hökumət başçıları ilə görüşlərim, danışıqlarım olacaqdır. Ancaq mən bugünkü günü - respublikamızın buradakı səfirinə də bu barədə göstəriş vermişdim - yalnız və yalnız Avropada, Almaniyada yaşayan azərbaycanlılarla, onların nümayəndələri ilə görüşə həsr edirəm.

Mən bu görüşdən məmnun olduğumu bildirmək istəyirəm. Səfirin verdiyi məlumatdan da göründü ki, bir-iki saatdan sonra bizim yeni bir görüşümüz olacaq, orada siz də, başqa soydaşlarımız da olacaqdır. Orada mən sizi maraqlandıran məsələlər barədə geniş məlumat verəcəyəm. Mən istəyirəm ki, respublikamızın bugünkü vəziyyəti haqqında geniş məlumatlar alasınız və bütün bunları Azərbaycan prezidentinin dilindən eşidəsiniz. Eyni zamanda, mən bunu ona görə etmək istəyirəm ki, siz Azərbaycanın bugünkü vəziyyətini daha yaxından öyrənərək, burada öz işlərinizi daha da yaxşı qura biləsiniz.

Bilirsiniz, xalqımıza birlik lazımdır. Vətəndə də, respublikamızdan kənarda da birlik lazımdır. Mən dedim ki, xalqımız dünyanın bir çox ölkələrinə səpələnibdir.

Burada çıxış edən dostlarımız dünya ölkələrində 40 milyon azərbaycanlının yaşamasından söhbət açdılar. Bəli, belədir, bu mənə də məlumdur. Həmin rəqəm bəlkə bundan da çoxdur. Amma hər halda, əgər dünyada 40 milyon azərbaycanlı yaşayırsa, onlar azərbaycanlı adı daşıyırlarsa, onlarda azərbaycanlı qəlbi, qanı varsa, bu, hamımızın fəxridir. Mən demirəm ki, bu 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu heç də lazım deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər və ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız bundan da yaxşı həm yaşaya, həm işləyə, həm də Vətənimiz, xalqımız üçün çox işlər görə bilərlər.

Ona görə də birlik adi bir şey deyil. Bəzən bu "birlik" sözünü o qədər işlədirlər ki, o, hörmətdən düşür. Çünki elə hər bir adam deyir ki, birlik olsun. Bilirsiniz, bir var ki, bu şüarı ayrı-ayrı məqsədlər üçün desinlər, bir də var ki, bu, həyatımızın tələbindən doğan sözlər olsun. Mən Azərbaycanın prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza başçılıq edən bir şəxs kimi bu gün deyirəm: Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir.

Əlbəttə, bu, asan məsələ deyil. İnsanlar bir-birindən çox fərqlidir. Dünyada eyni xüsusiyyətə malik iki insan tapmaq çətindir. Hətta qardaş-qardaşla eyni xasiyyətdə deyil. Bəzən görürsən, əkiz qardaş, bacı da bir-biri ilə eyni xasiyyətdə olmur. Bu, təbiidir. Biz təbiətə qarşı heç bir zor işlədə bilmərik. Təbiətin yaratdığı təbii qanunlar heç kəsin istəyindən, yaxud səyindən asılı olmayaraq işləyir. Amma bu təbii qanunlar içərisində də bir olmaq, daha da sıx olmaq, bir-birinə dayaq olmaq, əl uzatmaq üçün imkanlar çoxdur. Biz çalışmalıyıq ki, bu imkanlardan istifadə edək. Mən bu sözləri məhz sizin hüzurunuzda ona görə deyirəm ki, məlumat verdiniz ki, buradakı cəmiyyətlər birləşib bir federasiya yaratmışlar. Bu, çox gərəkli bir işdir.

Mən arzu edirəm ki, bu federasiyanız səmərəli işləsin, günü-gündən möhkəmlənsin və öz təsirini başqa ölkələrə də yaysın, göstərsin. Biz də çalışacağıq ki, yaranmış belə federasiyalarla bilavasitə əlaqə saxlayaq və sizə əlimizdən gələn köməyi edək, Azərbaycan həqiqətini dünyaya sizinlə birlikdə bəyan edək.

Azərbaycanın müstəqilliyini yaşatmaq, inkişaf etdirmək üçün həm respublikamızın daxilində, həm də ölkəmizdən xaricdə çox iş görmək lazımdır. Respublikanın daxilində görüləsi işlər bizim əlimizdədir. Düzdür, çətinliklər, problemlər də var. Amma xarici ölkələrdə görüləsi işlərin çoxu bizim əlimizdə deyil. Biz dünyanın bütün dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa çalışırıq və bu əlaqələr yaranmışdır. Artıq iki il yarımdır ki, mən Azərbaycanın prezidentiyəm. Bu iki il yarım içərisində biz dünyanın nə qədər ölkələri ilə əlaqələr qurmuşuq. Dünyanın beynəlxalq təşkilatlarının nəinki adi üzvüyük, həm də bu təşkilatlarda fəaliyyət göstəririk, ölkəmiz orada təmsil olunur. Biz bu təşkilatların imkanlarından istifadə edirik.

Mən Almaniyaya rəsmi səfərə gəlmişəm. Ancaq mənim Fransaya da, İngiltərəyə də, Rumıniyaya da rəsmi səfərim olub. Mən Amerikada iki dəfə Birləşmiş Millətlər Təşkilatının toplantılarında iştirak etmişəm, hər dəfə də ABŞ prezidenti cənab Bill Klintonla görüşmüşəm. Bu yaxınlarda Lüksemburqda oldum, Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzaladıq. Bu, böyük bir hadisədir. Yaxud Azərbaycan bir neçə gün bundan əvvəl Avropa Şurasına üzvlüyə namizəd, qonaq statusu ilə qəbul olundu. Bu, həddindən artıq böyük bir hadisədir. Bu o deməkdir ki, birincisi, Azərbaycan Avropa ölkəsi kimi qəbul edilir; ikincisi, Azərbaycanın bugünkü dövlət quruluşu və onun cəmiyyətinin vəziyyəti Avropa standartlarına uyğun və yaxud yaxın olduğuna görə ölkəmiz Avropa Şurasının üzvlüyünə namizəd kimi qəbul edilir. Bilirsiniz ki, Avropa Şurası Parlament Məclisinin Strasburq şəhərində keçirilən büro iclasında bu məsələni müzakirə etdilər və Azərbaycanı bu şuraya namizəd şəklində qəbul etdilər. Güman edirəm və tam əminəm ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olacaqdır.

Başqa faktlar da gətirə bilərəm. Məsələn, Çin kimi böyük bir ölkə ilə sıx əlaqələrimiz var. Mən orada rəsmi səfərdə olmuşam. Qonşularımız Türkiyə, İran ilə şübhəsiz ki, bizim dostluq əlaqələrimiz günü-gündən inkişaf edir. Mən Avropanın Rumıniya, Bolqarıstan kimi ölkələrində rəsmi səfərdə olmuşam. Bir çox ölkələr məni rəsmi səfərə dəvət ediblər, hələ getməyə imkanım yoxdur. Norveç Avropanın böyük ölkələrindən biridir. Məni oraya da dəvət etmişdilər, orada rəsmi səfərdə olmuşam. Bu yaxınlarda mən Fransanın prezidenti cənab Jak Şirakla telefonla danışırdım, o məni öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Bu telefon danışığımızdan əvvəl o, Fransaya rəsmi səfər barədə mənə dəvət göndərmişdi. Telefon danışığımız zamanı o, məni bir daha rəsmi səfərə dəvət etdi.

Ərəb ölkələri ilə bizim əlaqələrimiz çox sıxdır. Məsələn, mən Misirdə olmuşam və prezident Hüsni Mübarək ilə bizim çox yaxın dostluq əlaqələrimiz var. İki il bundan əvvəl biz Mərakeşdə İslam Konfransı Təşkilatının toplantısında iştirak etdik. Mən orada nitq söylədim və ərəb, islam ölkələrinin başçıları ilə görüşlər keçirdim, danışıqlar apardım.

Bilirsiniz, qısa vaxtda görülən bütün bu işlər onu nümayiş etdirir ki, biz xarici ölkələrdə Azərbaycanın müstəqilliyini tanıtmaq, möhkəmləndirmək işini aparırıq və bundan sonra da aparacağıq. Amma yenə də deyirəm, xarici ölkələrdə görülən işlərin hamısı bizim ixtiyarımızda deyil.

Bilirsiniz ki, Azərbaycanın müstəqilliyinə zidd olan ölkələr, qüvvələr, cəmiyyətlər var. Bəli, dünyada elə qüvvələr var ki, Azərbaycanın müstəqil dövlət olmasını istəmirlər. Dünya da görür ki, səkkiz ildir Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal altında olan torpaqlarımızdan bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla çıxarılıbdır, əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır. Bu, dünyada nadir haldır.

Dünya statistikasının məlumatına görə yer üzərində iyirmi milyon qaçqın var. Bunun bir milyonu Azərbaycandadır. Yeddi milyon əhalisi olan ölkənin bir milyonu qaçqın vəziyyətindədir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir. Bu, misli görünməmiş bir şeydir. Ancaq bunu dünyaya sübut etmək ki, Ermənistan Azərbaycana bu cür təcavüz edib və Ermənistan təcavüzkardır - bu, asan məsələ deyildir. Çünki dünyada Ermənistanı dəstəkləyən, ona kömək edən, dayaq duran böyük ölkələr var. Bunların bir çoxu bizimlə də yaxşı əlaqədədir. Amma bunların Ermənistanla əlaqələri bizdən də yaxşıdır. Onların içərisində Ermənistanın dayağı o qədər böyükdür ki, dövlətlərarası əlaqələrin bizimlə yaxşı olmasına baxmayaraq, onlar Ermənistana kömək edirlər. Buna görə də Ermənistanın təcavüzkarlığının qarşısını almaq çətindir. Burada Ermənistan lobbisinin Azərbaycana qarşı fəaliyyəti çox mühüm rol oynayır. Bu lobbi hər yerdə - Amerikada da, Fransada da, Almaniyada da, başqa ölkələrdə də var - hamısında var.

Aydındır ki, erməni lobbisi çox güclüdür. Amerikada onların gücü çox böyükdür, başqa ölkələrdə də çox böyükdür. Amma bu o demək deyil ki, hər şey lobbinin əlindədir, yox. Biz öz siyasətimizi aparırıq, siyasətimizi apararaq Azərbaycanın hüquqlarını dünyanın hər yerində tanıdacağıq və onların qəbul edilməsinə nail olacağıq. Bax bunun üçün, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək üçün ölkəmizdən kənarda yaşayan soydaşlarımızın fəaliyyətindən də çox şey asılıdır.

Mən ümidvaram ki, sizin yaratdığınız federasiya bu məqsədlərə xidmət edəcəkdir, respublikamızla birlikdə siz Azərbaycanın xaricdə olan problemlərinin həll edilməsində yaxından iştirak edəcəksiniz. Biz sizinlə əlaqə saxlayırıq və bu əlaqələri daha da sıxlaşdırmaq istəyirik. Biz sizinlə bir olmaq istəyirik. Bizi, respublikamızın vətəndaşlarını, bir prezident kimi şəxsən məni ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı, onun həyatı, vəziyyəti maraqlandırır. Mən hər bir azərbaycanlı haqqında düşünürəm. Mən istəyirəm ki, Almaniyada yaşayan hər bir azərbaycanlı həm də yaxşı yaşasın, həm də hörmətli adam olsun, dövlətdə yer tutsun. Mən bunu istəyirəm, çünki bu nə qədər çox olsa, azərbaycanlıların dünya millətləri içərisində elm, bilik, zəka səviyyəsinin bir o qədər yüksək olduğunu göstərəcəkdir.

Şəxsən mən azərbaycanlıların ayrı-ayrı ölkələrdə yaşamasını təbii və lüzumlu hesab edirəm. Hamımız bir yerə yığışsaq nə olacaq? Lazımdır ki, Amerikada da, Almaniyada da, Fransada da, İngiltərədə də, Belçikada da, Hollandiyada da - hər yerdə azərbaycanlılar olsun. Amma azərbaycanlı sadə bir vətəndaş kimi yox, elə olsun ki, onun şəxsində Azərbaycan səslənsin, ölkəmizin bayrağı qalxsın, xalqımızın milli mədəniyyəti, dili, ədəbiyyatı, incəsənəti səslənsin.

Ona görə də şəxsən mən belə hesab edirəm ki, Almaniyada nə qədər çox azərbaycanlı yaşayırsa, bu çox yaxşıdır. Bundan sonra bundan da çox yaşayacaqsa, bu çox gözəl olacaq. Ümumiyyətlə, azərbaycanlılar say artımına görə Avropa millətlərindən üstündürlər. Mən bilmirəm, Almaniyada vəziyyət necədir. Azərbaycanda əhalinin artımı başqa ölkələrə nisbətən yüksəkdir. Son vaxtlar vəziyyətin ağır olmasına görə bu artım bir qədər azalıbdır. Amma nə qədər çox artsa, bir o qədər yaxşı olar.

Almaniyada nə qədər azərbaycanlı yaşayır? Yüz əlli min. Nə qədər türk yaşayır? İki milyon. Bilirsiniz, bir millətik, hamımız bir kökdənik. Ona görə də gərək azərbaycanlılar da, türkiyəlilər də bir-birinə dayaq olsun, əl-ələ versinlər. Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir. Yenə də deyirəm, biz hamımız bir kökdənik.

Federasiyanızın buradakı nümayəndələrindən biri dedi ki, İqdırdandır. Bu yaxınlarda İqdırın bələdiyyə başqanı və digər nümayəndələri respublikamıza gəlmişdilər. İqdır Türkiyənin çox gözəl bir guşəsidir, İqdırdan olan adamları mən Almaniyada da, İngiltərədə də, Amerikada da, Belçikada da, Fransada da, hər yerdə görmüşəm. Amma İqdır kiçik bir yerdir, o qədər də böyük deyil. İqdır iki il bundan əvvəl vilayət olub. İqdırlılar otuz il idi ki, vilayət hüququ almağa çalışırdılar. Vaxtilə mən Naxçıvanda yaşayarkən bu barədə öz fikrimi Türkiyənin prezidenti mərhum Turqut Özala da, əziz dostum, indiki prezident Süleyman Dəmirələ də deyirdim ki, İqdırın vilayət olması məsələsini həll etmək olar və onlar da həll etdilər. İqdırın vilayət olması ilə əlaqədar keçirilən mərasimdə o vaxt mən də iştirak etdim. Nəinki iştirak etdim, orada nitq söylədim. Oraya hörmətli Süleyman Dəmirəl, bir çox nazirlər də gəlmişdilər.

Yenə də deyirəm, türklər də, azərbaycanlılar da birdirlər. İqdırda da, İstanbulda da, digər yerlərdə də yaşayan türklər bizim üçün əzizdirlər.

Siz bir məsələni də bilməlisiniz ki, Azərbaycanda son illər bəzi adamlar deyirlər ki, biz türkük, dilimiz də türk dilidir. Biz bir kökdənik, amma bu bir kökdən neçə budaq gedib. Anadoluda yaşayanlar da, Özbəkistanda da, Qazaxıstanda da, Türkmənistanda da, Dağıstanda da, Qırğızıstanda da yaşayanlar türklərdir. Çində yaşayan uyğurlar da türklərdir. Amma onlar bir kökün hərəsi bir şaxəsidir. O şaxəni itirmək lazım deyil. Necə deyərlər, onların hamısını bir rəngdə rəngləmək lazım deyil. Yenə də deyirəm, kök birdir. Respublikamızda demişik, biz azərbaycanlıyıq.

Biz yeni Konstitusiya qəbul etdik. Orada yazıldı ki, biz azərbaycanlıyıq, dövlət dilimiz Azərbaycan dilidir. Azərbaycan dili türk dilləri qrupuna məxsus olan bir dildir. Türk dilləri qrupunun bir qolu Anadolu türklərinin, bir qolu azərbaycanlıların dilidir, biri özbəklərin, biri qırğızların, biri qazaxların və başqalarınındır. Ona görə də bu ümumi kökləri həmişə qorumaq lazımdır. Çünki kökümüz, dilimiz, dinimiz, milli adət-ənənələrimiz bizi bir-birimizə bağlayır və bağlamalıdır. Bunun əsasında da biz bir olmalıyıq. Amma eyni zamanda, bir dili başqasının içərisində əritmək lazım deyil.

Dünyada bir kökdən olan nə qədər millətlər var. Bu, öz rəngarəngliyini nə qədər göstərsə, o qədər də güclü olacaq. Amma bir dili başqa dilin içərisində əritsən, necə deyərlər, horra çıxacaq. Horradan da bir şey çıxmaz.

Dediniz ki, burada iki milyon türk var. Bir-birinizə dayaq olun. Mən bu gün Almaniyada yaşayan iki milyon türkün hamısı ilə görüşmək istərdim. Mən onların hamısını özüm üçün doğma hesab edirəm. Onlar sizin üçün də doğma olmalıdır. Almaniyada 150 min azərbaycanlının yaşaması da yaxşı haldır. Çalışın azərbaycanlılığınızı bundan sonra daha da möhkəmləndirin.

Bilirsiniz, Anadoluda, Özbəkistanda, Azərbaycanda yaşayanların hərəsinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, mən fəxr edirəm ki, Azərbaycan dili Sovet hakimiyyəti dövründə çox inkişaf etdi, daha da dərinləşdi. Adətən Sovet hakimiyyəti dövrünü çox tənqid edirlər. Amma olan həqiqətləri də unutmaq, qaralamaq olmaz. Bizim dilimiz məhz o illərdə inkişaf etdi. Dilimizin qrammatikası, qanunları haqqında o dövrdə nə qədər əsərlər yazıldı. Azərbaycan dili haqqında harada belə əsərlər yazılıb? Bəli, belə əsərlər sovet hakimiyyəti dövründə yazıldı. Yenə də deyirəm, tarixi qaralamaq olmaz.

90-cı illərdə Azərbaycanda istiqlal əhval-ruhiyyəsi çox güclü olan zaman bəziləri belə hesab edirdi ki, bundan qabaq nə olubsa, onun üzərindən xətt çəkmək lazımdır. Xalqımız yaşayıb, yaradıb, qurub. Xalqımız öz incəsənətini, mədəniyyətini, ədəbiyyatını inkişaf etdirib və bütün bunların üzərində indi müstəqil Azərbaycan Respublikası var. Müstəqil Azərbaycan deyəndə tək ərazi nəzərdə tutulmur. Dövlət quruluşu təkcə dövlətdən ibarət deyil, onun mədəniyyəti, elmi, ali təhsili böyük iqtisadi potensialı var, hər şeyi var. Mən onu da deyirəm ki, Azərbaycan dünyanın çox-çox ölkələrindən heç də geridə deyil.

Doğrudur, indi respublikamız böhran dövrünü yaşayır. Bu keçib gedəcək. Əgər biz Ermənistanın təcavüzündən qurtara bilsək, bir neçə ildən sonra Azərbaycanın iqtisadi vəziyyəti çox yaxşı olacaqdır. Mən hesab edirəm ki, biz buna da nail olacağıq, torpaqlarımızı da azad edəcəyik, Azərbaycanın ərazi bütövlüyünü də təmin edəcəyik. Azərbaycan müstəqil dövlət kimi bütün ərazisinin sahibi olacaqdır.

Sizinlə görüşümdən mən bir daha məmnun olduğumu bildirirəm. Görüşlərim bu gün davam edəcək. Yaratdığınız federasiyanın bundan sonra da yaşaması, möhkəmlənməsi naminə sizin hamınıza cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 iyul 1996-cı il