Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan nümayəndə heyətini - sənaye naziri Badri Şaşitaşvilini və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiyanı qəbul edərkən söhbətindən - Prezident sarayı, 18 iyul 1999-cu il


Heydər Əliyev: Şadam ki, siz gəlmisiniz. Biz birgə işlərimiz barədə danışa bilərik.

Badri Şaşitaşvili: Sizi görməyimdən xoşbəxtəm. Çox sağ olun ki, bizi qəbul etdiniz.

İlk növbədə Sizə şəxsən Eduard Amvrosiyeviçin, xalqımızın səmimi salamlarını yetirmək istəyirəm. Vaxt tapıb Gürcüstan nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Siz bilirsiniz, indi bizdə seçkiqabağı dövrdür və mümkün qədər daha çox müəssisənin işə düşməsinin böyük əhəmiyyəti var. Bu, əlavə iş yerləri, sosial şəraitin təmin olunması və s. deməkdir. Ona görə də biz həmişə olduğu kimi, Sizə müraciət edirik, çünki belə məsələlərdə Sizdən daim dəstək gözləyirik. Sizin hökumətin bir sıra rəhbərləri ilə görüşmüş, ayrı-ayrı sahələr, müxtəlif zavodlar barəsində danışmışıq.

Sizə qısaca məruzə edirəm ki, bu il Gürcüstanda məhsul buraxılışı həcminin 100 faizi ötdüyü ilk ildir, Sənaye Nazirliyi üzrə isə bu artım 118-120 faiz təşkil etmişdir. İndiyədək belə sürət olmamışdır. Uzun illər dayanan bir çox müəssisələr, Sizə yaxşı məlum olan nəhəng müəssisələrimiz işə düşmüşdür. Məsələn, Sizin çox gözəl tanıdığınız və vaxtilə olduğunuz Tbilisi aviasiya zavodu bu il işə düşmüşdür. Bu, bizdən ötrü böyük işdir. Kutaisidə avtomobil zavodu işləyir. İndi bizdə ən böyük region Rustavidir, orada əsasən azərbaycanlılar yaşayır. Orada Rustavi metallurgiya kombinatı var. O, il yarımdır dayanıb və indi ümid var ki, Sizin köməyinizlə işə düşəcəkdir. Bu, hazırda bizim üçün son dərəcə mühüm müqavilədir. Sizin köməyinizlə müqaviləni rəsmiləşdirməyimizin elə ertəsi günü zavod işləməyə başlayacaqdır. Hamı gözləyir, bizə zəng edirlər. Ona görə də bizi qəbul etdiyinizə və xüsusən Sizin dəstəyinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Heydər Əliyev: Sizdə seçkilər nə vaxtdır?

Badri Şaşitaşvili: Oktyabrda. İndi seçkiqabağı kampaniyanın qızğın çağıdır. Oktyabrda bizdə parlament seçkiləri, gələn ilin yazında isə prezident seçkiləri keçiriləcəkdir. Belə çıxır ki, bizdə hər il seçkilərdir.

Heydər Əliyev: Yox, sonra bunlar uzun müddət olmayacaqdır. Siz parlament seçkilərini qurtaracaqsınız və dörd il bu seçkilər olmayacaqdır. Prezident seçkiləri keçiriləcək, sonra siz beş il gözləyəcəksiniz.

Heydər Əliyev: Baş nazir Artur Rasizadə mənə bu məsələ barədə danışıb, siz onun yanında olmusunuz. Əlbəttə, məsələ çox çətindir, özünüz bunu bilirsiniz. O, mənə izahat verdi, bunları təkrar etmək istəmirəm. Bununla belə, mənə dedilər ki, siz gəlmisiniz, neft şirkətində olmusunuz, mənimlə görüşməyi gözləyirsiniz. Mən sizi qəbul etməyi qərara aldım.

Bilirsiniz ki, bütün bu illər ərzində biz Gürcüstana həmişə kömək etmişik, baxmayaraq ki, özümüzün vəziyyəti çox ağır idi. Sizin Rustavi metallurgiya kombinatı, bizim isə Sumqayıt boru prokatı zavodu dayanmışdır. Orada on min adam işləyir. Bizim çoxlu belə nəhəng müəssisələrimiz dayanıbdır. Bizim də çətinliklərimiz çoxdur. Ona görə də təbii ki, neft şirkətində də, Nazirlər Kabinetində də sizə deyiblər ki, bu məsələdə problemlər var. İndi biz bu məsələni müzakirə edərik, baxarıq, vəziyyətdən hansı çıxış yolu tapmaq olar.

Təkrar edirəm, bütün bu illər ərzində biz bir-birimizə kömək etmişik, bir-birimizi dəstəkləmişik, bəzən özümüzdən kəsmişik. Biz Gürcüstanla münasibətlərimizə böyük əhəmiyyət veririk. Bizim dostluğumuz və qardaşlığımız ən yüksək səviyyədədir. Biz - mən də Eduard Amvrosiyeviç də bəyan etmişik ki, bunu gələcəkdə də dəstəkləyəcək, inkişaf etdirəcəyik. Əlbəttə, biz bundan sonra da irəliyə doğru getməliyik. Biz istəyirik ki, Gürcüstan bu çətin iqtisadi vəziyyətdən çıxsın, istəyirik ki, biz özümüz də bu vəziyyətdən çıxaq. Ona görə də indi fikirləşərik ki, nə etmək olar.

"Azərbaycan" qəzeti, 20 iyul 1999-cu il.