Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM-ın üzvü olan ölkələrin və bir sıra digər dövlətlərin ticarət-sənaye palatalarının rəhbərləri ilə görüşdə söhbətindən - Prezident sarayı, 4 may 2001-ci il


Heydər Əliyev: Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz! Şadam ki, GUÖAM ölkələri və onlarla birlikdə Şərqi Avropanın digər ölkələri və Baltikyanı dövlətlər fikir mübadiləsi aparmaq, məsələləri müzakirə etmək və qarşılıqlı münasibətlərin, əlaqələrin daha da genişləndirilməsi imkanlarını araşdırmaq üçün ticarət-sənaye palataları səviyyəsində toplaşmağı qərara almışlar. Bu görüşü Azərbaycanda keçirmək barədə belə bir təşəbbüs olduğunu mənə deyəndə, buna böyük diqqətlə yanaşdım və onu alqışladım, mən sizi də alqışlayıram.

Mənə məlumdur ki, siz burada səmərəli işləmisiniz. Respublikamızın baş naziri Artur Rasizadə dünən sizin simpoziumun açılışında oldu. Ondan xahiş etdim ki, mənim salamımı sizə yetirsin. Yəqin ki, yetirib. İndi işiniz sona çatır və mənimlə görüşmək istədiyinizi bildirmisiniz. Sizinlə görüşə mən də şadam. İndi sizi dinləmək istərdim.

Süleyman Tatlıyev (Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti): Hörmətli prezident, hər şeydən öncə, icazə verin, qonaqlarımız adından Sizi ürəkdən salamlayım və bizimlə görüşməyə vaxt tapdığınıza görə təşəkkür edim. Bilirik ki, Siz dövlət işləri ilə çox məşğulsunuz. Sizin üçün hər dəqiqə qiymətlidir. Ona görə də bizi qəbul etməyə vaxt tapdığınız üçün Sizə səmimi qəlbdən minnətdarıq və təşəkkür edirik.

Bu simpoziumu keçirmək ideyası bizdə Siz - GUÖAM-ın üzvü olan ölkələrin rəhbərləri Nyu-Yorkda minilliyin zirvə toplantısı çərçivəsində görüşdüyünüz vaxt yaranmışdı. Orada siz regionda sülhün, təhlükəsizliyin təmin olunmasına, iqtisadi əlaqələrin genişləndirilməsinə dair çox mühüm məsələləri müzakirə etdiniz. Siz İpək yolunun bərpası ilə bağlı ətraflı söhbətlər apardınız. Bundan sonra bizdə belə bir ideya yarandı ki, biz, palatalar səylərimizi birləşdirib, bu əzəmətli proqramların yerinə yetirilməsi işinə nə üçün qoşulmayaq? Biz həmkarlarımıza müraciət etdik. onlar təklifimizə böyük məmnuniyyətlə cavab verdilər və biz iki gün ərzində iclas keçirdik. İş çox faydalı oldu, əvvəlcə ümumi iclaslar keçirdik, sonra isə baş sessiya - diskussiyada çox müxtəlif məsələlər müzakirə edildi. Bunlar ticarət-sənaye palatalarına aid sırf peşə məsələləri idi. Biz iqtisadi əlaqələrimizi genişləndirmək məsələlərini müzakirə etdik. Bu gün işimizə yekun vurduq, Litva Respublikası, Çexiya, Latviya Respublikası ilə gələcək əməkdaşlıq haqqında birgə sazişlər imzaladıq.

Ümidvaram ki, bugünkü simpozium bizə iqtisadi, ticarət əlaqələrimizi daha da genişləndirməyə imkan verəcəkdir ki, Sizin qarşınıza qoyduğunuz vəzifələrin yerinə yetirilməsinə təsir göstərə bilək.

Quram Axvlediani (Gürcüstan Sənaye-Ticarət Palatasının prezidenti): Zati-aliləri, çox hörmətli cənab prezident, bizə, GUÖAM ölkələri ticarət-sənaye palatalarının birinci simpoziumun iştirakçılarına Sizin tərəfinizdən qəbul edilmək kimi böyük şərəf nəsib oldu. Diqqətinizə görə Sizə təşəkkür edirik və bunu ittifaqımızın möhkəmlənməsinə və inkişafına maraq göstərməyinizin ifadəsi kimi qiymətləndiririk. Simpozium bizə bir çox iqtisadi məsələləri nəzərdən keçirməyə, onların həllində ticarət-sənaye palatalarının rolunu aydınlaşdırmağa imkan verdi. Ümidvarıq ki, diskussiyalarımız və imzalanmış rəsmi məlumat GUÖAM ölkələrinin biznesmenləri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəkdir.

Biz simpoziumun yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmək istərdik. Bu işdə köhnə dostumuz Süleyman Tatlıyevin, Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlarının böyük xidməti var. Mən Sizin gözəl şəhəriniz Bakı haqqında çoxdan qəlbimdə olan hissləri də ifadə etməyi özümə rəva görərdim.

Dünyada elə xalqlar tapmaq çətindir ki, etnos, dil və din arasındakı bütün fərqlərə baxmayaraq, öz mövcudluğunun bütün tarixi ərzində belə dost və mehriban qonşu olsunlar. Biz 1918-ci il mayın 26-da ilk dəfə Gürcüstanı müstəqil respublika elan etdikdən iki gün sonra, Fətəli xan Xoyski və onun silahdaşları Tbilisidə müstəqil Azərbaycan Respublikasını elan etdilər. Bizim həmyerlimiz Əlimərdan bəy Topçubaşov isə Azərbaycan parlamentinin ilk sədri oldu.

Dərk etmək bizə xoşdur ki, Azərbycanın tarixinin, elm və mədəniyyətinin bəzi əlamətdar hadisələri Gürcüstanla bağlıdır, eləcə də Gürcüstanın bir çox görkəmli xadimləri Azərbaycanla bağlıdırlar. Zati-aliləri, Siz və Gürcüstan prezidenti Eduard Şevardnadze ən parlaq siyasi liderlərdənsiniz. Millətin və dövlətin mənafelərini GUÖAM-ın əhatə etdiyi regionda iqtisadi siyasətlə və inteqrasiya prosesləri ilə necə əlaqələndirməyi Sizin timsalınızda öyrənə bilərik. Sizin təşəbbüsünüzlə başlanmış Bakı-Tbilisi-Ceyhan və Böyük İpək yolu kimi qlobal dövlətlərarası layihələrin gerçəkləşdirilməsi ölkələrimizin iqtisadiyyatına dinamika verəcək və xalqlarımızın həyatını dəyişdirəcəkdir.

Gürcüstan bu tarixi proseslərdə Sizin rolunuzu xüsusi qiymətləndirir. Zati-aliləri, diqqətə görə və belə mötəbər görüşdə çıxış etmək üçün verilmiş imkana görə Sizə, ev sahiblərinə, burada olanların hamısına bir daha təşəkkürümü bildirirəm.

Viktor Yanovski (Ukrayna Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti): Çox hörmətli Heydər Əliyeviç, hər şeydən öncə, dövlət fəaliyyətinizlə bağlı iş cədvəlinizin çox gərgin olmasına baxmayaraq, bizə vaxt ayırdığınıza və Sizinlə görüşmək imkanına görə mən də Ukrayna nümayəndə heyəti adından təşəkkür etmək istərdim.

Buraya bizim üçün çox maraqlı və mühüm simpoziumun - GUÖAM ölkələri arasında əməkdaşlığa həsr olunmuş və belə əməkdaşlığa maraq göstərən digər ölkələrin də cəlb edildyi simpoziumun işində itirak üçün Azərbaycan Ticarət və Sənaye Palayasının dəvəti ilə gəlmişik. Bizi Azərbaycanın Ticarət və Sənaye Palatası ilə çoxdan sıx dostluq telləri bağlayır. Əməkdaşlıq haqqında sazişimiz var və ilk növbədə işgüzar iqtisadi informasiya mübadiləsi aparırıq. Bu isə sahibkarlarımıza daha sıx əlaqələr yaratmağa kömək edir.

Bakıda biz, - çoxumuz buraya ilk dəfə gəlmişik, - Azərbaycanda iqtisadi vəziyyətin real surətdə yaxşılaşdığının, sənaye istehsalının artdığının, xalqın rifahının yüksəldiyinin şahidi olduq.

Biz görürük ki, Azərbaycan iqtisadiyyatına sərmayələr, o cümlədən xarici sərmayələr qoyulur və bu, Azərbaycan prezidentinin müəyyənləşdirdiyi xəttin təsdiqinə və həyata keçirilməsinə əyani sübutdur.

Hörmətli Heydər Əliyeviç, görkəmli dövlət xadimi kimi, ölkələrimiz arasında dosluğun və əməkdaşlığın möhkəmlənməsinə şəxsən böyük töhfə verən insan kimi Ukraynada Sizə dərin ehtiram bəsləyir, hörmət edirlər. Ukrayna prezidenti Leonid Daniloviç Kuçma ilə şəxsi dostluğunuzu da yüksək qiymətləndirirlər. Dövlətlərin prezidentləri dostluq edirlərsə, təbii olaraq, nəinki Azərbaycanın və Ukraynanın, həm də ümidvaram ki, digər bütün üzv ölkələrin ticarət-sənaye palatalarının prezidentləri də dostluq edirlər. Regionumuzda əməkdaşlığı gücləndirmək üçün, biznesin yeni imkanlarını axtarmaq üçün ticarət-sənaye palatalarının nə edə biləcəklərini aşkara çıxarmağı qarşısına başlıca vəzifə qoyan simpoziumumuz da məhz bu cür dostluq və əməkdaşlıq mühitində keçdi. Müstəqilliyimizin 10 ili ərzində bir çox əlaqələr itirildiyindən onları bərpa etmək və eyni zamanda yeni iqtisadi əlaqələr yaratmaq lazımdır. Əlbəttə, ona görə də ticarət-sənaye palatalarının rolu informasiya mübadiləsində sahibkarlara hər cür kömək etməkdən, sərgi fəaliyyətində də, müxtəlif sertifikatlar - o cümlədən malların hərəkətinə dair, - verilməsində də bütün mümkün xidmətlər və bir çox digər xidmətlər göstərilməsindən ibarətdir.

Dünya təcrübəsi təsdiqləyir ki, 1999-cu ildə Parisdə özünün 400 illiyini qeyd etmiş ticarət-sənaye palatalarının çox böyük əhəmiyyəti var. Qeyri-dövlət təşkilatları olan, bununla yanaşı, sahibkarların mənafelərini təmsil edən palatalar hakimiyyət orqanlarının tərəfdaşlarıdır. Öz növbəsində bir çox ölkələrdə, o cümlədən Azərbaycanda hakimiyyət orqanları palataların fəaliyyətini dəstəkləyir, ticarət-sənaye palataları haqqında qanunlar qəbul edirlər. Şadıq ki, ölkəmizdə də Ticarət-Sənaye Palatası haqqında qanun var və o, dövlət iqtisadiyyatında təşkilatımızın statusunu müəyyənləşdirir. Bizim simpoziumun iştirakçıları ticarət-sənaye palatalarının əlaqələndirici orqanını - ölkələrimizin işgüzar dairələrinə yardım göstərilməsi sahəsində təşkilatlarımızın razılaşdırılmış fəaliyyətinə kömək edə biləcək orqan yaradılmasının zəruriliyini də bildirdilər. Ümidvarıq ki, belə bir orqan yaradıldıqdan sonra o, GUÖAM-da bu əməkdaşlıq çərçivəsində yaradılacaq digər əlaqələndirmə orqanları ilə sıx ünsiyyətdə işləyəcəkdir.

İcazə verin, diqqətə və çıxış etmək imkanına görə Sizə bir daha təşəkkürümü bildirim.

Georgi Kuku (Moldova Ticarət Palatasının prezidenti): Zati-aliləri, çox hörmətli Heydər Əliyeviç, bizim simpozium, işimiz başa çatdıqdan sonra Sizinlə görüşmək şəxsən mənim üçün, zənnimcə, burada olanların hamısı üçün də böyük şərəfdir. Demək istəyirəm ki, ticarət-sənaye palatalarının çoxtərəfli əlaqələri var, biz müxtəlif forumlarda görüşürük. Lakin Sizin hökumətin, xüsusən Azərbaycan Ticarət və Sənaye Palatası prezidentinin köməyi ilə burada, Azəərbaycanda təşkil edilmiş belə forumu, belə səmərəli, ciddi işi indiyədək olmayıbdır.

Biz fəaliyəytimizin bir çox məsələlərini və GUÖAM çərçivəsində gələcək işimizlə bağlı məsələləri iki gün ərzində, həqiqətən, səylə və çox ciddi şəkildə müzakirə etdik. Çox maraqlı təkliflər verildi, çoxlu mülahizələr söylənildi. Biz bunların hamısını götür-qoy etdik və görünür, sənədlər üzərində hələ xeyli işləməli olacağıq.

Çox hörmətli Heydər Əliyeviç, mən, bizim hamımız buradan Azərbaycan haqqında, ölkənizdə baş verən dəyişikliklər barədə çox səmimi, yaxşı təəssüratlarla ayrılırıq. Keçmiş prezientimiz Luçinski buraya gələrkən, mənə onun rəsmi nümayəndə heyətində olmaq şərəfi nəsib olmuşdur. Nə qədər irəlilədiyinizi, xarici və daxili siyasətdə nə qədər düzgün, müdrik addımlar atdığınızı görürəm. Hər şeyə görə, bu simpoziumun təşkilinə görə Sizə təşəkkürümü bildirmək və Sizi əmin etmək istəyirəm ki, ticarət-sənaye palataları GUÖAM-ın siyasətinin həyata keçirilməsində yol yoldaşı olacaqlar.

Müzəffərbəy Sabirov (Özbəkistan İstehsalçılar və Sahibkarlar Palatasının prezidenti): Hörməli cənab prezident, Sizin gözəl şəhərinizdə olmağıma və burada Özbəkistan sahibkarlarını təmsil etdiyimə çox şadam. Düşünürəm ki, bu günkü forum bütün GUÖAM ölkələrində və simpoziumun işində bilavasitə iştirak etmiş ölkələrdə biznesin inkişafına təkan verəcəkdir. Mənimlə birlikdə Özbəkistan sahibkarları da gəlmişlər. Onlar burada fəal işlədilər və elə indi də işləyirlər. Zənnimcə, bu nəticələr Özbəkistan iqtisadiyyatının inkişafı üçün yaxşı zəmin yaradacaqdır.

Özbəkistanda güclü inkişaf prosesi gedir. Siz yəqin ki, bunu müşahidə edirsiniz. Bu, dünən bölmə iclaslarında da qeyd olundu. Zənnimcə, bu, GUÖAM-ın üzvü olan bütün ölkələr üçün, bilavasitə Azərbaycan üçün qarşılıqlı surətdə faydalı olacaqdır. Bildiyiniz kimi, bizim öz limanımız yoxdur. Bir çox mallar Xəzərdəki liman vasitəsilə idxal və ixrac edilir və bu əməkdaşlıq qarşılıqlı surətdə faydalı olacaqdır.

Biz həmkarlarımızla birlikdə rəsmi məlumat qəbul etdik. Sənəddə malların bu nəqliyyat arteriyası ilə hərəkətinə maneələrin aradan götürülməsi üçün və bu mexanizmin bu gün bizim hamımıza bağışlanmış saat kimi ahəngdar işləməsi üçün öz ölkələrimizin hökumətlərinə müraciət var. Biz öz ölkələrimizin iqtisadiyyatının inkişafına xidmət edəcəyik, cənab prezident, Sizə isə müstəqil Azərbaycanın rifahı naminə işinizdə uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.

Heydər Əliyev: Sağ olun. Əvvəlla, çox məzmunlu çıxışlara görə təşəkkür edirəm. Mənə elə gəlir ki, bu çıxışlar təkcə burada olanların deyil, simpoziumun bütün iştirakçılarının da rəyini ifadə edir. Şadam ki, siz simpoziumun keçirilməsi faktından və görülmüş işdən razısınız. Ən başlıcası budur. Çünki hər hansı iş fayda gətirməlidir, formal xarakter daşımamalıdır. Bütün bu çıxışlardan belə başa düşdüm ki, tədbiriniz məhz belə olmuşdur. Burada təmsil olunan ölkələrin ticarət-sənaye palataları arasında daha sıx əlaqələr yaradılmasının çox böyük əhəmiyyəti var. Mən belə başa düşdüm ki, bunun təşəbbüsçüsü GUÖAM ölkələrinin - Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanın ticarət-sənaye palatalarıdır. Bununla bərabər, Şərqi Avropanın bir çox ölkələrinin və Baltikyanı dövlətlərin nümayəndələri bu simpoziumda eyni hüquqla iştirak etmişlər. Mən bunu tamamilə qanunauyğun, təbii hal sayıram, çünki regionlarımız bir-biri ilə çox sıx bağlıdırlar. Əlbəttə, dünyanın bütün ölkələri ilk növbədə öz iqtisadiyyatını inkişaf etdirməyə, möhkəmlətmək və öz xalqlarının rifahını yüksəltməyə çalışırlar. Bu isə dünya iqtisadi sisteminə inteqrasiya vasitəsilə, ticarət vasitəsilə, mal dövriyyəsi vasitəsilə və digər vasitələrlə baş verir.

Müstəqilliyinə bu yaxınlarda, on il əvvəl qovuşan ölkələrimiz mürəkkəb bir dövr yaşayır. Çünki biz bir sosial-iqtisadi, siyasi sistemdən digərinə keçirik. Amma bəzən kimlərsə deyir ki, bu keçid dövrü çox uzun çəkdi. Əlbəttə, onlar yanılırlar. Ona görə ki, 70 il ərzində sosialist iqtisadiyyatı şəraitində, bütün xarici aləmdən təcrid olunmuş şəraitdə yaşamış ölkələr indi, müstəqillik qazandıqdan sonra öz aralarındakı, keçmişdə Sovetlər İttifaqının tərkibinə daxil olmuş respublikalar arasındakı iqtisadi inteqrasiya əlaqələrini itirdiklərinə görə, əlbəttə, bir-iki ilin içində müstəqil, suveren dövlətlərini qura bilməzlər, öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək üçün iqtisadi islahatlar, digər islahatlar - həm siyasi, həm hüquqi, həm də ictimai-siyasi islahatlar apara bilməzlər. Bundan ötrü vaxt lazımdır.

Mən şadam ki, Sovetlər İttifaqının süqutundan sonra müstəqillik əldə edən ölkələrimizdən hər biri bu on ildə böyük yol keçmişdir. Bu, nümayəndələri burada iştirak edən keçmiş sovet respublikalarının da, Sovetlər İttifaqının tərkibinə daxil olmasalar da, sosialist iqtisadiyyatı qanunları və kommunist ideologiyası ilə yaşamış Şərqi Avropa ölkələrinin də timsalında aydın görünür. Şərqi Avropa ölkələrinin üstünlüyü, sadəcə olaraq, bundadır ki, onlar müstəqil dövlət idilər, biz isə yox. Amma onlar da, biz də kommunist ideologiyası şəraitində, sosialist iqtisadiyyatı şəraitində, ümumiyyətlə, sosializmin tələb etdiyi şəraitdə yaşayırdıq. Ona görə də fərq böyük deyildir, ancaq hər halda var. Sovetlər İttifaqına daxil olmuş ölkələrimiz barəsində də, o vaxtlar Qarşılıqlı İqtisadi Yardım Şurasına (QİYŞ) və hərbi ittifaqdan danışsaq, Varşava müqaviləsinə daxil olmuş ölkələr barəsində də deyirəm ki, biz eyni bir yol keçirik. Hesab edirəm ki, bu müddət ərzində biz Azərbaycanda böyük yol keçmişik. Əgər Azərbaycanın müstəqilliyə qovuşduğu dövrdə qonşu Ermənistanla müharibə vəziyyətində olduğunu nəzərə alsaq, Azərbaycan ərazisinin bir hissəsinin hətta Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini nəzərə alsaq, sonrakı hərbi əməliyyatların da, Azərbaycan ərazisinin ümumən 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına və oradan bir milyondan artıq azərbaycanlının qovulmasına gətirib çıxardığını nəzərə alsaq, onda görərsiniz ki, biz öz müstəqil dövlətimizi hansı şəraitdə qururuq, islahatları nə kimi şəraitdə həyata keçiririk. Azərbaycan hərbi münaqişə vəziyyətində idi və indi də bu vəziyyətdədir. Doğrudur, indi hərbi əməliyyatlar yoxdur. Bunlara görə Azərbaycanda daxili siyasi vəziyyət çox mürəkkəbləşmişdi. Burada hakimiyyət bir neçə dəfə dəyişmişdi, dövlət çevrilişi cəhdləri olmuşdu və s. Ona görə müstəqilliyimizi 1991-ci ilin axırlarında əldə etsək də, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsinə, adamların həyatının yaxşılaşdırılmasına və islahatlar aparılmasına, əslinə qalsa, yalnız 1995-ci ildə normal surətdə başlamışıq. 1991-ci ildən 1995-ci ilədək, - mən 1995-ci ilin axırlarını, daha dəqiq desək, 1996-cı ilədək olan dövrü nəzərdə tuturam, - bizim üçün çox ağır olmuşdur. Biz müharibəni dayandırmalı idik, onu dayandırdıq. Biz burada gah bu, gah da digər qruplara xidmət edən, hakimiyyət uğrunda mübarizə aparan qanunsuz silahlı dəstələri tərkisilah etməli idik. Bir neçə silahlı dövlət çevrilişi cəhdini, bir neçə terror cəhdini və xüsusən Azərbaycan prezidentinə qarşı terror cəhdini dəf etməli idik. Biz bunların hamısını edə bildik. Başlıcası isə, öz dövlət müstəqilliyimizi qoruyub saxlaya bildik. Bu, ən önəmlisidir. O illərdə isə, Azərbaycanın dövlət müstəqilliyi ciddi təhlükə qarşısında idi. Biz bu mərhələni keçdik. İndi siz Azərbaycanda çox yaxşı, sakit ictimai-siyasi vəziyəti görürsünüz. Yəqin ki, bu günlərdə şəhəri görmək imkanınız oldu, axşam və hətta gecə Bakı şəhərində gəzə bildiniz. Halbuki, vaxt var idi, burada axşam saat 7-dən sonra heç kim öz mənzilindən bayıra çıxmırdı, çünki çoxlu qanunsuz silahlı dəstələr var idi, onlar avtomat, tapança və s. ilə silahlanaraq reketlə, bir çox digər cinayətkar əməllərlə məşğul olurdular.

Ötən illər ərzində biz iqtisadi islahatlar apara bildik, çoxlu sərmayə, xüsusən energetika sektorumuz üçün sərmayə ala bildik. Dünyanın bir çox neft şirkətləri ilə iqtisadi əlaqələr yarada bildik. İndi burada dünyanın 32 ən iri şirkəti ölkəmizin, xüsusən Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının işlənilməsində bizimlə birlikdə iştirak edir. Bütün bunlar və iqtisadiyyatın yenidən qurulması son illər bizə iqtisadiyyatı dirçəltmək, daxili ümumi məhsulu, sənaye istehsalını, kənd təsərrüfatı istehsalını artırmaq imkanı verir. Məsələn, bizdə özəlləşdirmə çox uğurla gedir. Torpaq islahatı aparmışıq və demək olar, bütün torpaqları kəndlilərə paylamışıq. İndi bütün kənd təsərrüfatı məhsulunun 98 faizi özəl sektordan götürülür. Biz daha pambığı, üzümü necə əkib-becərməklə məşğul olmuruq.

Bunu ona görə deyirəm ki, keçmiş vaxtlarda mən burada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idim və daha çox bu işlə məşğul olurdum. Səpini necə aparmalı, məhsulu necə yığmalı, hər toyuqdan neçə yumurta almalı - yəqin, siz bunların hamısını xatırlayırsınız, axı Sovetlər İttifaqında yaşamısınız. Artıq indi adamlar özəl mülkiyyətə öyrəşiblər. Xüsusən də kənd yerlərində, çünki onlar torpaq almışlar. Bizdə mal-qaranın sayı olduqca çoxalmışdır, bütün kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır. Əlbəttə, bazar olmadığına görə bəzi gərəksiz məhsullar istehsalı azalıb. Məsələn, Sovet hakimiyyəti illərində biz Ukraynadan, Belorusiyadan və Rusiyadan ət, ət-süd məhsulları gətirirdik. İndi isə bizdə belə problemlər yoxdur. Özümüzün mal-qaramız kifayət qədərdir. Hətta ixrac etmək də olar.

Lakin bizim bir milyon qaçqınımız var, onların əksəriyyəti çadırlarda yaşayır. Bu, bizim üçün çox ağır yükdür. Əgər bu olmasaydı, əgər 7-8 il əvvəl işğal edilmiş bərəkətli torpaqlarımız məhz bu adamların ixtiyarında olsaydı, biz daha böyük nəticələr əldə edərdik. Əvvəla, biz bu torpaqlardan hələ istifadə edə bilmirik. İkincisi isə, bu torpaqlardan qovulmuş insanlar istədikləri kimi işləyə bilmirlər, çünki onların işləmək üçün lazımi şəraiti yoxdur. Axı çadırlarda yaşayırlar.

Buna baxmayaraq, tikinti işləri aparılır. Məsələn, Bakıda evlər tikilir, özü də onları biz tikmirik, özəl sektor tikir. İndi biz yaşayış evləri və ya inzibati binalar tikmək iqtidarında deyilik. Üstəlik, şərait də dəyişmişdir. Əvvəllər biz olduqca çox yaşayış evi tikir və onları adamlara pulsuz paylayırdıq. İndi isə, əvvəlla, bizim belə imkanımız yoxdur. İkincisi, indi bazar iqtisadiyyatıdır. Lakin səciyyəvi haldır ki, xarici sərmayəçilər də, yerli biznesmenlərimiz də 12 mərtəbəli, 14 mərtəbəli evlər tikir və mənzilləri satırlar. Bu mənzilləri alırlar.

Bəzən düşünürəm ki, iqtisadi vəziyyət, adamların rifahı, həqiqətən, lazımi səviyyədə deyildir. Bu, doğrudan da belədir. Bizdə yoxsullar da var. İndi biz BMT ilə birlikdə yoxsulluğun aradan qaldırılmasına dair proqram işləyib hazırlayırıq. Bizdə işsizlər çoxdur. Ona görə ki, Azərbaycanda iri sənaye müəssisələri nəinki tam gücü ilə işləyə bilmir, hətta cəmi 20 faiz gücü ilə işləyir. Vaxtilə 10 min adamın çalışdığı boruyayma zavodunda indi min adam işləyir. Gördüyünüz kimi, böyük fərq var. Onların çoxu işsizdir. Şübhəsiz ki, bütün bunlar sosial gərginlik yaradır.

Buna baxmayaraq, biz özəl biznesə yol açmışıq, bazar iqtisadiyyatı yolu ilə gedirik. Öz biznesmenlərimiz, mülkiyyətçilərimiz meydana çıxmışdır, onların vəsaiti var, bizneslə məşğul olur, evlər tikirlər və artıq bəzi sənaye müəssisələri tikməyə başlamışlar. Deməliyəm ki, çox yaxşı, müasir müəssisələrdir. Lakin qarşımıza qoyduğumuz vəzifələrin yerinə yetirilməsinə nail ola bilməyimiz üçün hələ vaxt lazımdır. Məqsədimiz isə odur ki, müstəqil dövlətimiz bütün əhalinin, bütün vətəndaşların tələbatını ödəməli və inkişaf etməli, iqtisadi cəhətdən qabaqcıl ölkələrin səviyyəsinə çatmalıdır.

Bu baxımdan bizim enerji sektorunda işlər yaxşı gedir. Burada xarici şirkətlər işləyirlər. Əvvəlla, onlar burada çoxdur, hər bir şirkətdə də çoxlu adamlarımız çalışırlar. İkincisi isə, artıq nəticələr var. Biz birgə müqavilələrdən neft alırıq və bu nefti onlarla birlikdə satırıq, mənfəət götürürük. Gürcüstana Bakı-Supsa neft kəməri çəkmişik. O bizim dost respublikalarımızı birləşdirir. Biz artıq bütün işi görüb qurtarmışıq, tezliklə Bakı-Tbilisi-Ceyhan iri neft kəmərinin inşasına başlayacağıq. Ceyhan Türkiyədə, Aralıq dənizində limandır. Boru kəmərinin uzunluğu təxminən 2 min kilometrdir. Bu kəmərlə ildə təqribən 50-60 milyon ton neft vurulacaqdır. Əlbəttə, bundan böyük gəlir götürüləcəkdir. Amma bunun üçün vaxt keçməlidir. Ancaq perspektivlər yaxşıdır. Bizim Ticarət-Sənaye Palatası bir ingilis firması ilə birlikdə hər il burada neft-qaz sərgisi keçirir. Mənə dedilər ki, indiyədək çoxlu sifariş alınmışdır. Nə qədər firma iştirak edəcəkdir?

Süleyman Tatlıyev: 15 ölkədən təxminən 300 firma.

Heydər Əliyev: Biz bu sərgini hər il iyunda keçiririk. Bu, beynəlxalq sərgidir, çox ölkələr iştirak edir, bir çox neft və qaz şirkətləri öz işlərini nümayiş etdirirlər. Sərgi artıq ənənəyə çevrilmişdir və artıq 8 ildir keçirilir. Bu, böyük hadisədir. Odur ki, mən gələcəyin çox yaxşı olacağını görürəm. Bu gün də nəticələr var. Amma istərdim ki, daha çox olsun.

Bütün bunlarda isə iqtisadi inteqrasiya çox mühüm yer tutur. Ticarət-sənaye palataları bir ölkənin digər ölkə ilə iqtisadi əlaqələrindən fayda götürməsi üçün, təbii olaraq, öz iqtisadi vəziyyətini yaxşılaşdırması üçün çox işlər görə bilərlər. Ona görə də sizin buraya toplaşmağınız, fikir mübadiləsi aparmağınız, bir-birinizi görməyiniz, bir-birinizlə şəxsən tanış olmağınız çox önəmlidir. Mənim üçünsə çox önəmlidir ki, siz xalqımızla, respublikamızla, şəhərimizlə tanış oldunuz. Bu, mühüm hadisədir. Mən buna şadam və sizə, əvvəlla, uğurlar diləyirəm. İkincisi, burada təmsil olunmuş ölkələrin ticarət-sənaye palataları arasında qarşılıqlı münasibətlərin daha da genişləndirilməsini, üçüncüsü isə, təmsil etdiyiniz hər bir xalqa, hər bir ölkəyə bu keçid dövrünün çətinliklərini tezliklə aradan qaldırmağı, ayaq üstündə möhkəm durmağı və inkişaf etməyi arzulayıram. Hesab edirəm ki, burada təmsil olunmuş ölkələrin hər birinin buna imkanları var.

Burada Böyük İpək yolundan danışdılar. Bu, həqiqətən, epoxal əhəmiyyətli proqramdır. Axı Böyük İpək yolu orta əsrlərdə çox böyük rol oynamışdır. İndi, Avropa Birliyinin bu işə girişdiyi və TRASEKA proqramını irəli sürdüyü, sonra da Böyük İpək yolunun bərpasına dair hamımız birlikdə proqram irəli sürdüyümüz vaxtda isə bunun nə kimi nəticələr verdiyini bilirik. Özbəkistan nümayəndəsi çıxış etdi və indi onlarda yolun nə qədər qısaldığından və təbii olaraq, daşımaların dəyərinin xeyli azaldığından danışdı. Artıq onlar öz yüklərini bu yolla daşıyırlar.

Bu, yalnız başlanğıcdır. 1998-ci ildə biz burada geniş konfrans - Böyük İpək yolunun bərpasına dair ilk beynəlxalq konfrans keçirdik. Konfransda Yaponiya və Çindən tutmuş Avropada İspaniyaya qədər 32 ölkə təmsil olunmuşdu. 15 beynəlxalq təşkilat saziş imzaladı, bu təşkilatın daimi katibliyi var, o, Bakıda yerləşir. Bu da çox perspektivli proqramdır. Yeri gəlmişkən, mən burada Bolqarıstan, Rumıniya və başqa ölkələrin nümayəndələrini görürəm. Bolqarıstan, Rumıniya prezidentləri də burada idilər. Biz bu konfransı birlikdə keçirdik.

Bir sözlə, böyük imkanlar açılıbdır. Bu imkanlardan səmərəli istifadə edilməsi ilə çox fəal məşğul olmalıyıq. Sizə cansağlığı arzulayıram. Xahiş edirəm, mənim ən xoş arzularımı xalqlarınıza, dövlətlərinizə və ölkələrinizin prezidentlərinə yetirəsiniz. Görüşə görə sağ olun. Xudahafiz.