Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Bankının Azərbaycan, Gürcüstan və Ermənistan üzrə direktoru Cudi O´Konnoru qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 iyul 2000-ci il


Heydər Əliyev:  Azərbaycana xoş gəlmisiniz! Biz Dünya Bankı ilə əlaqələrimizi çox əhəmiyyətli hesab edirik. Əməkdaşlığımız da Azərbaycan üçün çox faydalıdır. Təbiidir ki, biz bu əməkdaşlığı bundan sonra da davam etdirəcəyik. Ona görə də mən sizin səfərinizi bir daha əhəmiyyətli hesab edirəm.

Baş nazir mənə məlumat verdi ki, siz bir neçə dəfə nazirlərlə və başqaları ilə görüşmüsünüz. Bu, çox yaxşıdır. Sizə aid məsələlərin hamısını müzakirə etmisiniz. Yəqin ki, mənə qısa məlumat verə bilərsiniz.

Cudi O'Konnor:  Bəli, mən Sizə məlumat verə bilərəm. Cənab prezident, hər şeydən öncə, icazə verin, Dünya Bankının prezidenti cənab Vulfensonun salamlarını və xoş arzularını Sizə yetirim və Azərbaycanı yenidən ziyarət etməyimdən məmnunluq duyduğumu bildirim. Azərbaycan ilə Dünya Bankı arasındakı əlaqələri və əməkdaşlığı genişləndirməyin mühümlüyü barədə Sizin söylədiyiniz fikirlər, şübhəsiz ki, bizim üçün çox xoş və sevindirici xəbərdir. Həm Dünya Bankının üzvü kimi, həm də bu Beynəlxalq Maliyyə Təşkilatının sahiblərindən biri kimi Azərbaycanın Dünya Bankının nəzarətində və imkanlarında olan ən yaxşı ekspertizadan, məsləhətlərdən, tövsiyələrdən faydalanmaq hüququ vardır. Azərbaycan buna layiqdir.

Əməkdaşlığımıza dair məsələlərin müzakirəsinə başlamazdan əvvəl mən Dünya Bankı adından Sizi Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətilə təbrik etmək istəyirəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

Cudi O'Konnor: Mən hesab edirəm ki, bu, Azərbaycanın əhəmiyyətli coğrafi mövqeyinin bir daha təsdiq olunmasının əlamətidir. Azərbaycan Şərq ilə Qərb arasında yerləşən əhəmiyyətli ölkədir.

Mən fürsətdən istifadə edib Sizi bir də ona görə təbrik etmək istəyirəm ki, bu yaxınlarda məşhur "Piç" Beynəlxalq Kreditlərin Dərəcələrini Müəyyənləşdirmə Agentliyi Azərbaycana "B üstəgəl" qiyməti veribdir. Bu, Rusiya da daxil olmaqla MDB dövlətləri arasında ən yüksək göstəricidir. Bu, o deməkdir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə kredit almağa layiq ölkə kimi digərlərindən öndədir.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən bunu heç bilmirdim. Çox yaxşı xəbərdir.

Cudi O'Konnor: Mən də hesab edirəm ki, bu, çox yaxşı xəbərdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda aparılan makroiqtisadi islahatlara, valyuta məzənnəsinin müəyyənləşdirilməsi, pul-kredit siyasəti ilə bağlı həyata keçirilən islahatlara çox yaxşı qiymət verilir. Bunun ən böyük əhəmiyyəti həm də ondan ibarətdir ki, kredit almaq qiymətinin dərəcəsinin Sizə verilməsi beynəlxalq biznesmenlərə maliyyə qurumlarına, xarici ölkələrin investorlarına Azərbaycanda sərmayə qoymağa yaxşı işarədir və məsləhətdir.

Heydər Əliyev: Çox yaxşı. Bu, bizim nailiyyətimizdir, yoxsa sizinlə birlikdə apardığımız siyasətin nailiyyətidir?

Cudi O'Konnor: Tamamilə doğru buyurdunuz. Beynəlxalq Kredit Dərəcələrini Müəyyənləşdirən "Piç" Agentliyinin hesabatında da yazılıbdır ki, Azərbaycanın bütün göstəricilərə nail olmasında yüksək qiymət əsasən Sizə düşür. Eyni zamanda, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə riayət edilməsi məsələsi də qeyd olunur. Xoşbəxtlikdənmi və ya təsadüfənmi, bizim də adımızı çəkirlər və mən də o baxımdan həm özümün, həm də məndən əvvəl bu vəzifədə çalışmış adamların xidmətlərinin burada qeyd olunduğunu bildirirəm və bu qiyməti qəbul etdiyimi təsdiqləyirəm.

Heydər Əliyev: Sizi təbrik edirəm.

Cudi O'Konnor: Sağ olun. Son bir neçə ayda Azərbaycanın neftdən əldə etdiyi gəlirlər gözlənildiyindən çox olubdur. Məhz buna görə gələcəkdə neftdən belə gözlənilməz, olduqca çoxlu miqdarda gəlirlərin əldə edilməsi nəticəsində yarana biləcək narahatlıqlar da bu hesabatda qeyd edilibdir. Mən əminəm ki, həm Siz, həm də Sizin həmkarlarınız gələcəkdə belə təhlükələrin qarşısının alınması barədə də düşünürsünüz.

Heydər Əliyev: Nəzərə gətirərsiniz, nəzərləyərsiniz. Çünki indi neftin qiyməti artıbdır. Biz istəyirik ki, həmişə belə olsun. Amma bəzi ölkələr istəmirlər ki, neftin qiyməti bu qədər yüksək olsun. O ki qaldı narahatçılığa, narahat olmayın. Biz öz məsuliyyətimizi yaxşı dərk edirik. Hər halda, onu deyim ki, neftdən əldə olunan həmin gəlirlərin heç bir senti də xərclənməyibdir.

Cudi O'Konnor: Son olaraq, onu da demək istəyirəm ki, axır vaxtlar Sizinlə ermənistanlı həmkarınız prezident Koçaryan arasında birbaşa təmaslar bizə ruh verir. Bunu deməyi mən özümə borc bilirəm. Ümid edirik ki, uzun müddətdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi mümkün olacaqdır.

Heydər Əliyev: Çalışarıq həll edilsin.

Cudi O'Konnor: Sizə onu da bildirmək istəyirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti, təşəbbüsü ilə beynəlxalq maliyyə qurumlarının, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, BMT-nin və digər təşkilatların iştirakı ilə Cenevrədə donorların görüşü keçirilmişdir. Bu görüşdə əsas məqsəd münaqişə həll edildikdən sonra işğaldan azad olunacaq zonalardakı dağıntıların aradan qaldırılmasına, yenidən qurulmasına və əhalinin məskunlaşmasına bizim töhfəmizi verməkdən ibarət olmuşdu.

Sizə bildirmək istəyirəm ki, Dünya Bankı bu proseslərdə yaxından iştirak edir. Biz Azərbaycan və Ermənistan hökumətlərindən, həmçinin Minsk qrupunun həmsədrlərindən dəvət gözləyirik ki, gələcəkdə bu bölgədə həyata keçiriləcək yenidənqurma və bərpa işlərinin qiymətləndirilməsi üçün, hansı ehtiyacların olduğunu müəyyənləşdirmək üçün buraya bir missiya göndərək. Ümidvarıq ki, bu işdə biz də yaxından iştirak edəcəyik.

Cənab prezident, mənim burada olmağımın bir inzibati səbəbi də vardır. Mən burada Sizinlə, Sizin hökumətin üzvləri ilə görüşlər keçirərkən təəssüfdoğurucu bir məqamı da bölüşürəm. Bu da ondan ibarətdir ki, Dünya Bankının son üç ildə Azərbaycanda təmsilçisi olmuş Tevfiq Yaprak - o, əvvəllər Beynəlxalq Valyuta Fondunun ölkənizdə təmsilçisi olmuşdur - Azərbaycandakı fəaliyyətini artıq başa çatdırır. Bazar ertəsi o, ölkənizi tərk edəcəkdir. Bundan sonra Dünya Bankının Gürcüstandakı daimi nümayəndəsi kimi çalışacaqdır.

Heydər Əliyev: Mən də çox təəssüf edirəm. Tevfiq Yaprakın burada işlədiyi beş il müddətində göstərdiyi xidmətlərə görə ona təşəkkür edirəm.

Onun getməyi sizdən asılıdır. Bizdən asılı olsaydı, onu burada saxlayardıq. Bir halda ki, siz belə qərar qəbul etmisiniz, biz sadəcə olaraq, buna tabe olmalıyıq. Bir məsələ də vardır - bilmirəm, Gürcüstanla əməkdaşlığınıza siz necə baxırsınız. Hər halda Tevfiq Yaprak beş il ərzində burada yaxşı təcrübə toplayıbdır. Güman edirəm ki, siz onu Gürcüstana göndərirsiniz ki, burada topladığı təcrübəni orada tətbiq etsin. Gürcüstanla Azərbaycan çox dost ölkələrdir. Bəzən belə də olur: dost özündən kəsib dostuna verir. Biz də buna belə qiymət veririk.

Cudi O'Konnor: Cənab prezident, çox sağ olun.

Tevfiq Yaprak: Cənab prezident, icazə verin, mən Sizə öz minnətdarlığımı bildirim. Son beş il mənim bir maliyyəçi kimi peşəkar fəaliyyətimdə ən xoşbəxt illərdir. Bu dövrdə mənə göstərdiyiniz iltifata, köməyə görə Sizə təşəkkür etmək istəyirəm.

Heydər Əliyev: Sağ olun. Verdiyiniz məlumatlara görə sizə təşəkkürümü bildirirəm. Öncə Dünya Bankının hörmətli prezidenti cənab Vulfensondan mənə gətirdiyiniz salama görə sizə təşəkkür edirəm. Xahiş edirəm, mənim səmimi salamlarımı və ən xoş arzularımı cənab Vulfensona çatdırasınız.

Təxminən bir il bundan öncə biz onunla Antalyada görüşdük. Onda mən ABŞ-da üzərimdə aparılmış cərrahiyyə əməliyyatından sonra orada istirahət edirdim. Onun isə Azərbaycana səfəri əvvəlcədən planlaşdırılmışdı. Amma o, Azərbaycana səfərindən əvvəl Antalyaya gəldi. Biz orada çox ətraflı söhbət etdik, ondan sonra isə Bakıya gəldi. Mən onun bu xidmətini heç vaxt unutmaram. Xahiş edirəm, mənim hörmət və ehtiramımı ona yetirəsiniz. Sizin "Piç" Kredit Agentliyinin bizə və sizinlə bizim əməkdaşlığımıza verdiyi qiymətə görə mən bir daha öz sevincimi bildirirəm və sizə təşəkkür edirəm. Deməli, biz öz işimizdən nə qədər narazı olsaq da, nöqsanlarımız haqqında nə qədər çox danışsaq da, müvəffəqiyyətlərimiz yəqin ki, vardır və bu müvəffəqiyyətlərə görə belə qiymət almışıq.

Hər halda, siz bilirsiniz ki, MDB ölkələri içərisində Azərbaycan ən ağır vəziyyətdə olan ölkədir. Çünki torpaqlarımızın 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız, azərbaycanlılar işğal olunmuş torpaqlardan zorla çıxarılıblar və çadırlarda yaşayırlar. Onların əksəriyyəti işsizdir. Axır zamanlar, təəssüf ki, beynəlxalq humanitar təşkilatlar da onlara yardımı azaldıblar. Amma bunlara baxmayaraq, biz islahatlar aparırıq, bazar iqtisadiyyatı prinsiplərini həyata keçiririk, iqtisadiyyatımız inkişaf edir və MDB ölkələri içərisində, qeyd etdiyiniz kimi, birinci yerə çıxmışıq.

Təbiidir ki, biz bununla öyünməməliyik. Bu, sadəcə olaraq, bizim bundan sonra daha da yaxşı işləməyimiz üçün stimul olmalıdır. Biz bunu dəyərləndiririk. Yəni sizinlə - Dünya Bankı ilə, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımız və bizim ardıcıl surətdə apardığımız iqtisadi siyasət, xüsusilə iqtisadi islahatların və struktur dəyişikliklərinin həyata keçirilməsi və başqa bu kimi tədbirlər öz müsbət nəticəsini verir. Bu, bizi bir daha əmin edir ki, bu yolla daha da irəli gedə bilərik.

Ona görə də sizinlə əməkdaşlığımızı bir daha yüksək qiymətləndirirəm. Güman edirəm ki, indi biz gələcək işlər haqqında danışmalıyıq.

Mənə məlumat verdilər ki, siz sabah Biləsuvara - qaçqınların yaşadıqları şəhərciyə getmək istəyirsiniz. Buna görə mən sizə əvvəlcədən təşəkkür etmək istəyirəm. Çünki ölkəmizə gələn adamların bəziləri Bakıda olurlar və deyirlər ki, çox gözəl şəhərdir, son illər burada xeyli dəyişikliklər baş vermişdir, hər şey yaxşıdır. Onlar elə bilirlər ki, Azərbaycanda hər şey yaxşıdır.

İndi burda ictimai-siyasi sabitlik tamamilə təmin olunubdur. İnsanlar istirahət edirlər. Bu gün istirahət günüdür, amma biz sizinlə işləyirik. Ancaq Bakı əhalisinin yarısı indi Xəzərin sahilindədir, dənizdə çimirlər. Bu da ona görədir ki, onların yaşayışı yaxşılaşıbdır. Ac adam gedib dənizdə çimməz, - o, çalışacaq ki, özünə yemək axtarsın.

Ancaq o çadırlarda yaşayanları, - bu gün görürsünüzmü, hava necə istidir və bundan sonra da isti olacaqdır, - sabah gedib görəndə siz hiss edəcəksiniz ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu məsələnin indiyə qədər həll olunmaması ölkəmizə nə qədər böyük zərbələr vurubdur.

Siz qeyd etdiyiniz kimi, mən də hesab edirəm ki, Ermənistan prezidenti Robert Koçaryanla görüşlərim bundan sonra da davam edəcək, bu danışıqlar məsələnin həll olunmasına yardım göstərəcəkdir.

Mən Minsk qrupu həmsədrlərinin fəaliyyətini də qiymətləndirirəm. Biz çox məmnunuq ki, onlar Cenevrədə, siz dediyiniz kimi, dünyanın ən böyük maliyyə mərkəzlərinin nümayəndələri ilə görüş keçiriblər, sülh yaranandan sonra həyata keçiriləcək bərpa işlərinə dair problemləri müzakirə ediblər. Bu da sevindirici haldır.

Bilirsiniz ki, son üç gün mən Avstriyada səfərdə idim. Avstriya indi ATƏT-də sədrlik fəaliyyətini həyata keçirir. Bu ölkənin xarici işlər naziri ATƏT-in sədridir. Siz onu tanıyırsınızmı?

Cudi O'konnor: Onunla heç vaxt görüşməmişəm.

Heydər Əliyev: O da sizin kimi gözəl xanımdır. Bu ayın 17-də Bakıya gələcəkdir, biz onu gözləyirik. O, əvvəlcə Ermənistanda olacaq, sonra Azərbaycana gələcəkdir. Mən Avstriyada olarkən onunla ətraflı danışıqlar apardım. Beləliklə, biz hər vasitədən istifadə etməyə çalışırıq ki, məsələnin həll edilməsinə nail olaq.

Avropa Şurasına qəbul olunmağımız haqqında Parlamentlərarası Assambleyanın qərarı ilə əlaqədar təbrikinizə görə sizə təşəkkür edirəm. Bunun özü də, sizin dediyiniz kimi, bizim Avropa dəyərləri, ümumbəşəri dəyərlər əsasında inkişaf etməyimizin göstəricisidir.

Bir sözlə, biz sizinlə bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik. Tevfiq Yaprakın yerinə də yəqin ki, bir yaxşı adam təyin edəcəksiniz.

Cudi O'konnor: Yeni təyin ediləcək şəxs mütləq kişi olmalıdır?

Heydər Əliyev: Əgər sizin kimi bir qadın olsa, daha yaxşı olar. Ancaq elə edin ki, Tevfiq Yaprakdan yaxşı olmasa da, ondan pis də olmasın.

Cudi O'Konnor: Ondan yaxşısını tapmaq çətin olacaq, amma çalışacağıq ki, ona bərabər yaxşı bir işçi tapa bilək.

Cənab prezident, bəzi narahatçılıqlar barədə fikirlərimi də sizinlə bölüşmək istəyirəm. Ümidvaram ki, onları dinləyərkən məyus olmayacaqsınız.

Heydər Əliyev: Dinləyəcəyəm.

"Azərbaycan" qəzeti, 9 iyul 2000-ci il.