Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlığı Parlament Məclisinin yeddinci sessiyasında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 12 iyun 1996-cı il


Hörmətli qonaqlar!

Möhtərəm xanımlar və cənablar!

Sizi - Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisinin yeddinci sessiyasının iştirakçılarını ürəkdən salamlayır və işinizdə uğurlar arzulayıram.

Qara dəniz iqtisadi əməkdaşlığı üç ildir ki, mövcuddur. Bu dövrdə dövlət, hökumət, parlament başçıları səviyyəsində, Parlament Məclisi səviyyəsində, xarici işlər nazirləri səviyyəsində xeyli iş görülmüşdür. Bizim görülmüş işdən razı qalmağa əsasımız var. Lakin bununla yanaşı, hesab edirəm ki, görülmüş işlər Qara dəniz iqtisadi əməkdaşlığının daha geniş inkişaf tapması üçün, bu çox mühüm regional təşkilatda birləşən ölkələrin öz qarşılarına qoyduqları məqsəd və vəzifələrin yerinə yetirilməsini əməkdaşlığımızın təmin edə bilməsi üçün yalnız başlanğıcdır.

Ötən il yayda Rumıniyanın paytaxtı Buxarestdə biz Qara dəniz iqtisadi əməkdaşlığı çərçivəsində görüşdük, orada dövlət və hökumət başçıları səviyyəsində görüş keçirildi. Biz bir çox məsələləri müzakirə etdik və fəaliyyət proqramını müəyyənləşdirdik. Bu proqram həyata keçirilir. Cari ilin aprelində yenə orada, Buxarestdə xarici işlər nazirlərinin görüşü oldu. Bu gün Bakıda isə Parlament Məclisinin VII sessiyası keçirilir. Bütün bunlar kompleks şəkildə onu göstərir ki, Qara dəniz iqtisadi əməkdaşlığı çərçivəsində əməkdaşlıq üçün birləşən ölkələrimiz bu imkandan istifadə etməyə çalışırlar. Lakin belə düşünürəm ki, biz keçmişdə görülmüş işləri layiqincə qiymətləndirərkən bilməliyik ki, qarşımızda hələ böyük iş durur və bu sessiya əməkdaşlığımızın daha da inkişaf etməsinə və möhkəmlənməsinə öz töhfəsini verməlidir.

Ölkələrimizin əməkdaşlığının səmərəli olması üçün bütün istiqamətlərdə, o cümlədən qanunvericilik, qanun yaradıcılığı sahəsində səy göstərmək gərəkdir. Əməkdaşlığın uğurlu olması üçün biz ölkələrimizin əsas prinsiplər haqqında qanunlarının qarşılıqlı surətdə əlaqələndirilməsinə çalışmalı, güclü qanunvericilik əsası yaratmalıyıq.

Bu birinci Parlament Məclisidir və zənnimcə, indiki sessiya da, Parlament Məclisinin məhz həmin məqsədlərə yönəldilmiş gələcək fəaliyyəti də bizə təşkilatımızın daha uğurlu inkişafını təmin etməyə imkan verəcəkdir. Məsələlər də çoxdur, problemlər də. Söhbət iqtisadiyyat, ticarət, texnologiya, ətraf mühitin mühafizəsi, təhsil, humanitar əlaqələr, elm, texnika sahəsində əməkdaşlıqdan gedir. Təbiidir ki, bütün bunlar regionumuzda sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaqdan ötrü əməkdaşlığımızın təmin edilməsi ilə bağlıdır.

Ümidvaram ki, bu sessiya öz diqqətini həmin məsələlər üzərində cəmləşdirəcək və daha müvəffəqiyyətlə irəli getməyimiz üçün yeni addım atacaqdır.

Azərbaycan Respublikası beynəlxalq təşkilatların, o cümlədən də regional təşkilatların fəaliyyətində iştiraka böyük əhəmiyyət verir. Bunu əsas tutaraq biz Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatında öz iştirakımıza da böyük əhəmiyyət veririk və bu əməkdaşlığın hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün və bütün regionumuz üçün səmərəli olmasından ötrü hər şeyi edəcəyik.

Azərbaycan Respublikası öz xarici siyasətində dünyanın bütün ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr və münasibətlər yaradılmasına və onların inkişaf etdirilməsinə doğru istiqamət götürmüşdür. Bu baxımdan biz müstəqilliyimiz illərində xeyli iş görmüşük, məmnunuq ki, Azərbaycan Dünya Birliyində öz layiqli yerini tutmuş, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq və səmimi dostluq münasibətləri yaratmış və bir sıra regional təşkilatların, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının işində iştirak edir.

Bu regiona daxil olan ölkələrin təşkilatımız çərçivəsində bir çox ümumi vəzifələri, ümumi məqsədləri var və onların həyata keçirilməsi üçün biz səylərimizi birləşdirməliyik. Biz ötən il yayda Buxarestdə bu barədə danışdıq. Dövlət başçıları bir sıra təkliflər irəli sürdülər və bu təkliflər indi həyata keçirilməkdədir. Hesab edirəm ki, iqtisadi əməkdaşlığımız Xəzəryanı ölkələrin əməkdaşlığı ilə müəyyən dərəcədə əlaqələndirilərsə, onda Qara dəniz hövzəsində əməkdaşlıq daha uğurlu ola bilər.

Qara dənizlə Xəzər dənizi bir-birinin yaxınlığında yerləşir. Qara dəniz çox ölkələri əhatə edir, təşkilatımıza on bir ölkə daxildir və onların Qara dənizlə bilavasitə əlaqəsi var. Lakin beş Xəzəryanı ölkə də əməkdaşlıq üçün səmərəli zəmin tapmağa çalışır. Mən bu barədə Buxarestdə danışdım və bu gün demək istəyirəm ki, əgər biz Qara dəniz hövzəsi ölkələrinin əməkdaşlığını Xəzəryanı ölkələrlə qarşılıqlı surətdə əlaqələndirməyə müvəffəq ola bilsək, bu, hamımıza fayda gətirər. Xüsusən də ona görə ki, indi daha konkret nəqliyyat kommunikasiyaları yaratmaq nəzərdə tutulur. Onlar Mərkəzi Asiya, Qafqaz və Qara dəniz ölkələrini birləşdirəcəkdir. Bu yaxınlarda Türkmənistanda nəqliyyat kommunikasiyaları və bu sahədə əməkdaşlıq haqqında Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. Bu saziş Transqafqaz magistralı adlandırılan magistral yaradır və o, Mərkəzi Asiyadan yükləri Xəzər dənizi vasitəsilə Qara dəniz limanlarına və oradan Avropaya, Qara dəniz hövzəsinin digər ölkələrinə və əks istiqamətdə daşımaq üçün çox səmərəli işləyə biləcəkdir. Məhz bu, Qara dəniz iqtisadi əməkdaşlığı çərçivəsində əməkdaşlığı Xəzəryanı ölkələrlə əməkdaşlıqla əlaqələndirməyin, zəruriliyinə diqqəti bir daha yönəltmək üçün mənə əsas verir.

Təbii ki, işin gedişində yeni təkliflər irəli sürüləcək, ortaya yeni məsələlər çıxacaqdır. Odur ki sizli-bizli hamımızın vəzifəsi bütün bu təkliflərə çox diqqətlə yanaşmaqdan və çalışmaqdan ibarətdir ki, dəyərli, faydalı nə varsa, hamısı bütün ölkələrin mənafeləri naminə, bütün regionumuzun mənafeləri naminə həyata keçirilə bilsin.

İqtisadi əməkdaşlıq təşkilatımıza daxil olan ölkələrdən bir çoxu hərbi münaqişələrlə qarşılaşmışdır. Bir çox ölkələr daxili həyatla da bağlı çətinliklər çəkir. Təşkilatımıza daxil olan ölkələri təxminən iki hissəyə ayırmaq olar. Birinci qrup ölkələr artıq çoxdan suveren, müstəqil dövlətlərdir və öz yolu ilə çoxdan gedirlər. Digər qrup ölkələr isə Şərqi Avropa ölkələri və keçmişdə Sovet İttifaqına daxil olmuş ölkələrdir. Onlar keçid dövrü mərhələsini, iqtisadiyyatın, sosial-siyasi həyatın yenidən qurulması mərhələsini, milli dövlətçiliyin qurulması, milli müstəqilliyin təşəkkül tapması mərhələsini yaşayırlar.

Bu ölkələrin hər iki qrupunun öz daxili həyatına xas olan məsələləri və bizim oxşar, eyni cür vəziyyətimizlə bağlı olan və sıx inteqrasiya, sıx qarşılıqlı fəaliyyət tələb edən məsələlər var. Yeri gəlmişkən, bu gün Rusiya Federasiyasının Dövlət Suverenliyi günüdür, milli bayramıdır. Bu imkandan istifadə edərək, mən Rusiya Federasiyasının nümayəndə heyətini milli bayram - Dövlət Suverenliyi günü münasibətilə ürəkdən təbrik edir, bütün Rusiya xalqlarına səadət və tərəqqi arzulayıram.

Rusiya öz dövlət suverenliyinin ildönümünü qeyd edir. Qara dəniz iqtisadi əməkdaşlığına daxil olan və öz müstəqilliyini Sovet İttifaqının dağılmasından sonra qazanan ölkələr öz milli dövlətçiliyini qurur, problemlərini həll edir və onlar da şanlı tarixi günlərini qeyd edirlər, lakin ən başlıcası budur ki, dövlət müstəqilliyi əldə olunduqdan sonra, dövlət suverenliyi əldə edildikdən sonra qarşımıza çıxan problemlərlə mübarizə aparırlar. Odur ki, çoxdan, bəlkə də lap çoxdan suveren müstəqil dövlətlər kimi yaşayan ölkələrdəki problemlər, təşkilatımıza daxil olan Şərqi Avropa ölkələrindəki problemlər, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrdəki problemlər bir çox cəhətdən eynidir, bir-birinə oxşayır. Buna görə də birgə işimiz bizə bu problemləri daha müvəffəqiyyətlə aradan qaldırmağa kömək edə bilər.

Bizdə, Azərbaycanda keçid dövrü, yəni dövlət müstəqilliyi, suverenliyi qazandıqdan sonra yaşadığımız dövr çox mürəkkəb proseslərlə bağlıdır. Bizim üçün ən ağrılı-acılı, ağır problem Ermənistanla Azərbaycan arasında hərbi münaqişədir. Bu münaqişə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini Ermənistanın ilhaq etmək niyyəti ilə əlaqədar 1988-ci ildə yaranmışdır. O vaxtdan başlayan hərbi münaqişə güclənərək Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə çevrilmişdir. Bu təcavüz Azərbaycan Respublikasına olduqca böyük ziyan vurmuşdur. Biz çox itkilər vermişik, adamlar həlak olmuşdur. Biz olduqca böyük maddi ziyana, mənəvi zərərə məruz qalmışıq. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən başqa, Dağlıq Qarabağ ətrafında yeddi rayonun ərazisi də işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan - Dağlıq Qarabağın özündən vədigər rayonlarından bir milyondan çox Azərbaycan vətəndaşı zorakılıqla didərgin salınmışdır. Onlar son dərəcə ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır.

Öz yaşayış yerlərindən zorakılıqla qovulmuş və artıq dördüncü-beşinci ildir çadırlarda yaşayan Azərbaycan vətəndaşlarının başına gələn belə müsibətlərə dünyanın hər hansı digər ölkəsində çətin rast gəlmək olar. Buna yəqin ki, nə Afrikada, nə Orta və Yaxın Şərqdə, nə Fələstində, nə də Əfqanıstanda, heç yerdə rast gəlmək olmaz.

Deyirlər ki, statistikaya görə dünyada 20 milyon qaçqın var. Azərbaycanda isə respublikanın 7 milyonluq əhalisinin bir milyonu qaçqındır. Bu, Azərbaycan xalqının, Azərbaycan Respublikasının qarşılaşdığı ağır bəladır. İşğal olunmuş torpaqlarda bu ellərin sakinlərinin, azərbaycanlıların bir çox nəsilləri tərəfindən yaradılmış nə varsa hamısı dağıdılmış, talan edilmişdir. Belə vəhşiliyə hər hansı digər yerdə çətin rast gəlmək olar.

Mən yaxşı bilirəm, hətta İkinci dünya müharibəsi, Böyük Vətən müharibəsi dövründə, faşist qoşunları tərəfindən keçmiş Sovet İttifaqının xeyli hissəsi işğal edildiyi dövrdə belə dağıntılar olmamışdır, belə vəhşilik törədilməmişdir. Bu, düşdüyümüz reallıqdır. Bu, elə bir həyəcan harayıdır ki, hamı üçün xəbərdarlıq olmalıdır. Separatçılığın, davakar millətçiliyin, şovinizmin inkişafına yol vermək olmaz, buna yol verilməməlidir. Nəticələr bax burada, gözlərimiz qarşısındadır. Nəticələr nəinki buradadır, həm də keçmiş Sovet İttifaqının bir çox regionunda, xüsusən Qafqazdadır.

Bu barədə biz Rusiya Federasiyası, Gürcüstan, Ermənistan və Azərbaycanın dövlət başçılarının iyunun 3-də Kislovodskda görüşü zamanı danışdıq. Bu, Azərbaycan üçün böyük bəladır və təbii ki, milli dövlətçiliyi möhkəmlətmək üçün göstərdiyimiz səylərə böyük zərər vuran amildir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn müqəddəs prinsipi pozulmuşdur. Bütün bunlara baxmayaraq, biz Azərbaycanda müstəqil demokratik hüquqi, sivilizasiyalı dövlət qururuq. Biz həyatımızın bütün sahələrini demokratikləşdirmək yolu ilə gedirik. Biz iqtisadiyyat sahəsində demokratikləşdirməyə doğru gedirik. Biz Azərbaycanın xüsusiyyətlərini nəzərə alaraq bazar iqtisadiyyatı prinsiplərinin tətbiq olunması yolu ilə gedirik. Biz bütün dünya ölkələri ilə öz iqtisadi əlaqələrimizi genişləndiririk və iqtisadi əməkdaşlıq üçün, iqtisadi inteqrasiya üçün açırıq. Biz birgə iqtisadi fəaliyyət üçün, milli iqtisadiyyatımızın inkişafı naminə Azərbaycana xarici sərmayələr gətirilməsini təşviq edirik. Biz Müstəqil Dövlətlər Birliyinin ölkələri ilə inteqrasiya əlaqələrinə böyük əhəmiyyət veririk. Bu ölkələrlə bizi çoxəsrlik dostluq telləri bağlayır, biz onlarla iqtisadi sahədə sıx bağlıyıq. Biz bu inteqrasiya proseslərini inkişaf etdiririk və etdirəcəyik.

Ermənistanın təcavüzünün respublikamıza olduqca böyük maddi, mənəvi zərər vurmasına baxmayaraq, biz atəşkəs haqqında saziş bağlanmasını lazım bildik və 1994-cü ilin mayında bu saziş əldə edildi. Artıq iki ildir ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar aparılmır, atəş açılmır, qan tökülmür, tələfat yoxdur. Bu, respublikamızda ümumən müsbət qarşılanmışdır, çünki Azərbaycan xalqının sülhsevər xarakterini, Azərbaycan dövlətinin sülhsevər siyasətini nümayiş etdirir. Biz regionumuzda sülhə tərəfdarıq, bütün dünyada sülhə tərəfdarıq, ölkəmizdə sülhə tərəfdarıq. Biz müharibə istəmirik. Hesab edirik ki, müharibə heç vaxt xoşbəxtlik, firavanlıq gətirmir və hər bir müharibə sülhlə qurtarır. Amma sonra müharibənin nəticələrini, hər hansı təcavüzün nəticələrini aradan qaldırmaq, müharibənin vurduğu yaraları sağaltmaq üçün çox vəsait, vaxt sərf etmək, çox səy göstərmək lazım gəlir. Biz bunu yaxşı başa düşürük. Buna görə də sülh mövqeyində dururuq. Elə iki il bundan əvvəl atəşkəsə razılaşarkən bunu əsas tutmuşduq və bu gün də əsas tuturuq ki, bu münaqişəni dinc yolla həll etmək olar. Biz bunu istəyirik.

Mən bu gün bir daha bəyan edirəm ki, biz Ermənistanla əbədi ədavət, düşmənçilik vəziyyətində olmağı təsəvvürümüzə belə gətirmirik. Ermənistanla bizim aramızda böyük sərhəd var, qədim zamanlardan bəri xalqlarımız yan-yana, qonşu kimi yaşayırlar. Regionumuzda, Qafqazda və xüsusən Zaqafqaziyada sülh ancaq onunla təmin edilə bilər ki, Qafqazın bütün ölkələri arasında, Zaqafqaziyada isə Gürcüstan, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri yaradılsın.

Bununla əlaqədar biz Rusiya ilə əməkdaşlığa da böyük əhəmiyyət veririk. Bizim Rusiya ilə böyük ümumi sərhədimiz və dərin tarixi əlaqələrimiz var.

Atəşkəs dövründə biz münaqişənin ədalətlə, dincliklə aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməyə çalışmışıq və bu gün də çalışırıq. Əsasən ATƏT-in Minsk qrupunun imkanlarından və təbii ki, dünyanın iri ölkələrinin - Rusiya Federasiyasının, Amerika Birləşmiş Ştatlarının, ATƏT-in Minsk qrupunun digər üzvlərinin, o cümlədən Türkiyə, Almaniya, Fransa və bir çox başqa ölkələrin imkanlarından istifadə olunur. Biz bu istiqmətdə səylərimizi davam etdirəcəyik. Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılması sahəsində Rusiyanın vasitəçilik səylərinin böyük əhəmiyyəti var. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və Rusiya bu problemlə fəal məşğul olur. Bu məsələnin ədalətlə, dincliklə nizama salınması üçün Rusiyanın böyük imkanları var.

Biz məqbul, ədalətli şərtlər təklif edirik, bu danışıqlarda özümüzü konstruktiv ruhda aparırıq, sülhə nail olmaq naminə güzəştlərə gedirik. Təkliflərimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığını təmin etmək lazımdır. Bundan ötrü Ermənistan silahlı birləşmələrini işğal olunmuş torpaqlardan çıxarmaq, bu torpaqların sakinlərinin öz doğma ocaqlarına, yurd-yuvalarına qayıtması üçün şəraiti təmin etmək gərəkdir, hərçənd orada ev-eşik yoxdur, hər şey dağıdılmışdır, lakin orada doğma torpaq var. Öz torpağından didərgin salınmış hər bir adamın yeganə bir arzusu var - öz torpağına qayıtmaq, əcdadlarının uyuduqları yerə qayıtmaq, əcdadlarının əsrlər boyu yaşadıqları yurda, öz Vətəninə, öz torpağına qayıtmaq. Bu, mühüm şərtdir.

Təbiidir ki, bununla eyni zamanda biz Dağlıq Qarabağdakı erməni əhalisinin, Azərbaycandakı erməni azlığın - orada təxminən yüz min erməni yaşayır, əsrlər boyu Dağlıq Qarabağda yaşamış bütün azərbaycanlılar isə oradan qovulmuşlar, - təhlükəsizliyinin təmin olunmasını, bundan ötrü Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində müasir dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət statusu verilməsini zəruri və mümkün hesab edirik. Təkliflər bax, bundan ibarətdir və onlar həm Ermənistan üçün, həm də Azərbaycan üçün tamamilə məqbuldur. Ərazimizin bir hissəsinin işğal olunmasından istifadə edərək, onların fikrincə, malik olduqları hərbi üstünlükdən istifadə edərək bizə təzyiq göstərilməsinə və Dağlıq Qarabağa zorakılıq yolu ilə dövlət müstəqilliyi verilməsinə, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə biz, əlbəttə, yol verə bilmərik.

Bununla dünyanın heç bir dövləti də razılaşa bilməz. Heç bir beynəlxalq təşkilat beynəlxalq hüququn, beynəlxalq hüquqi münasibətlərin və dövlət münasibətlərinin bu cür tapdalanmasına yol verə bilməz. Biz bu istiqamətdə fəaliyyət göstərəcəyik. Mən bu gün bir daha bəyan edirəm ki, biz problemin dincliklə nizama salınmasına tərəfdarıq, hərbi əməliyyatlara yenidən başlanmasına yol verməyəcəyik, istər bu ilin aprelində Lüksemburq görüşü zamanı, istər mayın 17-də Moskvada MDB ölkələri dövlət başçılarının görüşü zamanı, istərsə də iyunun 3-də Kislovodskda Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycanın dövlət başçılarının görüşü zamanı qəbul olunmuş bəyanatda, bəyannamədə, biz münaqişənin dincliklə aradan qaldırılmasına və atəşkəs rejiminə əməl olunmasına sadiq qaldığımızı bir daha təsdiq etmişik.

Zənnimcə, sizə bu barədə məlumat vermək üçün vaxtınızı aldığıma görə məni başa düşərsiniz. Mən bunu zəruri hesab edirəm. Çünki bunun Qara dəniz hövzəsi regionunda təhlükəsizlik, sabitlik və sülh probleminə bilavasitə dəxli var. Mən bilirəm, siz də bilirsiniz ki, Qara dəniz hövzəsinin digər ölkələri də böyük problemlərlə, münaqişələrlə qarşılaşmışlar. Rusiya kimi böyük bir ölkə çeçen problemi ilə, çeçen separatizmi ilə qarşılaşmışdır. Artıq il yarımdır ki, müharibə gedir. Təbiidir ki, biz buna da biganə deyilik, məhz ona görə ki, Rusiya Federasiyasının öz ərazi bütövlüyünə nail olmaq haqqı var, Rusiyanın hər hansı formada separatizmin qarşısını almağa haqqı var. Biz də bu cür hüquqa malikik. Zənnimcə, biz hamımız zəmanəmizin davakar, separatçılıq, terrorçuluq kimi iyrənc hallarına və digər zorakılıq hallarına qarşı eyni cür yanaşmalıyıq.

Təkrar edirəm, biz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə gedirik. Biz öz milli dövlətçiliyimizi, dövlət müstəqilliyimizi möhkəmləndiririk və möhkəmləndirəcəyik. Biz bunu əsas tuturuq ki, bu zəmində dünyanın bir çox ölkələri ilə, ən əvvəl, qonşu ölkələrlə, Qara dəniz hövzəsinin ölkələri ilə ən səmərəli əməkdaşlıq ola bilər və dostluq münasibətləri yaradıla bilər. Dostluq, mehriban qonşuluq, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və xalqların hüquqlarına hörmət, hər bir dövlətin suverenliyinə hörmət prinsipləri zəminində.

Bizdə, Azərbaycanda demokratikləşmə prosesləri mürəkkəb daxili siyasi şəraitdə gedir. Burada təmsil edilmiş bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda biz Ermənistan tərəfindən hərbi münaqişə, hərbi təcavüz ilə yanaşı, mürəkkəb daxili siyasi problemlərlə də qarşılaşmışıq. Ölkəmizdə dövlət müstəqilliyi əldə edildikdən sonra bir çox illər sabitlik olmayıbdır. Həmin dövrdə Azərbaycanda hakimiyyət üç dəfə dəyişmişdir. Təəssüf ki, bundan ötrü silahlı dəstələrdən, qanunsuz silahlı birləşmələrdən istifadə edilmişdir. Üç il bundan əvvəl məhz bu günlərdə, 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi başlandı, hakimiyyət böhranı yarandı və Azərbaycan daxili qarşıdurmanın böyük fəlakəti qarşısında, vətəndaş müharibəsi ilə bağlı fəlakət qarşısında durdu.

Biz bunların hamısını aradan qaldıra, hadisələrin daha da kəskinləşməsinin qarşısını ala bildik. Lakin həmin qanunsuz silahlı birləşmələr və özlərini dövlət xadimi, siyasi xadim hesab edən, öz məqsədlərinə çatmaq, hakimiyyətə gəlmək üçün qanunsuz silahlı birləşmələrə arxalanan xadimlər öz psixologiyası, öz mənəviyyatı ilə yaşamaqda davam edirdilər. Ona görə də 1994-cü ilin oktyabrında biz silahlı dövlət çevrilişi cəhdi ilə qarşılaşdıq. Bütün xalqın dəstəyi, bütün xalqın gücü sayəsində bu cəhdin qarşısını almaq mümkün oldu. 1994-cü ilin oktyabrında prezidentin çağırışı ilə Prezident sarayının qarşısına, ertəsi gün isə Bakının Azadlıq meydanına toplaşmış bir milyon insanın, bütün xalqın hakimiyyəti dəstəkləməsi bu qarşıdurmanın daha da dərinləşməsinə imkan vermədi və biz silahlı birləşmələri zərərsizləşdirə bildik.

Amma eyni zamanda ətalət özünü göstərirdi, bir də təkrar edirəm, təxminən 1989-cu və 1990-cı illərdən başlayaraq Azərbaycanda yaranmış şərait, təəssüflər olsun ki, özünü göstərirdi. 1995-ci ildə biz yenidən iki dəfə XTPD-nin - Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış bu silahlı dəstənin, şübhəsiz ki, həm respublika daxilində, həm də onun hüdudlarından kənarda olan bir çox müxalifətçi qüvvələrlə birləşərək hakimiyyəti silahlı yolla devirmək cəhdi ilə qarşılaşdıq. Biz bunun da qarşısını ala bildik. Terrorçuluq əməlləri törətmək cəhdləri də olubdur.

Bütün bunlar son illərdəki həyatımızın reallığıdır. Eyni zamanda bunların hamısı ölkəmizdə gedən proseslərə mənfi təsir göstərir və şübhəsiz ki, demokratik dəyişiklikləri həyata keçirməyimizə mane olurdu.

Amma bütün bunlara baxmayaraq, biz seçdiyimiz yolla, demokratiya, demokratik hüquqi dövlət quruculuğu yolu ilə inamla gedirik. Bu yolla gedərək keçən ilin noyabrında ümumxalq səsverməsi, referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik və onu demokratiya prinsiplərini, milli dövlətçilik prinsiplərini, insan hüquqları prinsiplərini, dünyanın bir çox başqa ölkələrində olan demokratik quruculuq təcrübəsini əks etdirən konstitusiya sayırıq.

Elə o zaman, keçən ilin noyabrında demokratik seçkilər əsasında müstəqil Azərbaycan Respublikasının ilk parlamenti seçildi. İndi biz konstitusiya müddəalarının əməli surətdə həyata keçirilməsi mərhələsindəyik, parlamentimizin fəaliyyətini genişləndiririk. Biz çoxlu qanunlar qəbul etməliyik. İslahatlar proqramının, xüsusən özəlləşdirmənin həyata keçirilməsində, aqrar sektorda islahatların aparılmasında, torpaq islahatında və sairədə gecikmişik.

Ancaq hesab etmirəm ki, biz çox geri qalmışıq, yaxud çox şey itirmişik. Biz başqa ölkələrin, xüsusən MDB-yə daxil olan ölkələrin təcrübəsini izləmişik, çünki biz eyni problemlərlə qarşılaşırıq. Bu ölkələrdə müsbət nə varsa hamısını götürməyə, onların buraxdığı səhvlərə isə yol verməməyə çalışırıq.

Şübhəsiz ki, bütün bu məsələlərdə biz zəngin ənənələri olan demokratik ölkələrin nailiyyətlərini əsas götürürük. Biz bazar iqtisadiyyatı prinsiplərini həyata keçirərkən özlərinin indiki iqtisadi sistemini və bazar iqtisadiyyatı münasibətlərini nəinki onilliklər, hətta əsrlər ərzində formalaşdırmış ölkələrin təcrübəsindən çox şey götürürük. Biz Qərb ölkələrinin təcrübəsindən geniş istifadə edirik, lakin Azərbaycanın xüsusiyyətini nəzərə alırıq, gələcəkdə də həmin zəngin təcrübədən istifadə edəcəyik.

Mən sizə Azərbaycanın həyatının bəzi cəhətləri haqqında məlumat verdim. Ancaq dövlət başçısı kimi hər şeydən öncə belə hesab edirəm ki, bir-birimizin qarşılaşdığı problemləri bilərək, bu imkandan daha yaxşı əməkdaşlığa, daha yaxşı qarşılıqlı anlaşmaya, qarşılqlı fəaliyyətə nail olmaq üçün istifadə etmək bundan heç də az zəruri deyildir. Bir daha demək istəyirəm ki, bizim problemlərimiz - istər hərbi münaqişə ilə, istərsə də daxili siyasi vəziyyətlə bağlı olan problemlərimiz bu və ya başqa dərəcədə regionumuzun bir çox digər ölkələri üçün də xarakterikdir.

Hazırda Azərbaycanda sabit ictimai-siyasi vəziyyət yaranıbdır. İqtisadi əlaqələri daha da inkişaf etdirmək üçün, iqtisadi inteqrasiya, birgə layihələri həyata keçirmək üçün hər cür şərait və imkan var. Siz bilirsiniz ki, biz dünyanın iri neft şirkətləri ilə - həm Qərb neft şirkətləri ilə, həm də Rusiya neft şirkəti, Türkiyə neft şirkəti ilə neft yataqlarının istismarına dair birgə layihələrin həyata keçirilməsinə başlamışıq. Hesab edirəm ki, bu, bizim iqtisadiyyatımızın iqtisadi əməkdaşlıq üçün açıq olmasını səciyyələndirən misaldır. Ölkəmizdə sabitlik təmin olunubdur, konstitusiya var, birgə iqtisadi fəaliyyətə təminat verən bütün qanunlar var, birgə layihələrin həyata keçirilməsi üçün şərait var. Biz bunu Qara dəniz iqtisadi əməkdaşlığına daxil olan ölkələrlə də, dünyanın bütün başqa ölkələri ilə də edə bilərdik.

Hesab edirəm ki, Qara dəniz hövzəsi ölkələri çərçivəsində əməkdaşlıq ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf etməsi və möhkəmlənməsi üçün gözəl imkandır. Xalqlarımız arasında çox qədim əlaqələr - həm iqtisadi, həm mədəni, həm də insani əlaqələr var. Bu əlaqələr bizi həmişə zənginləşdirib və qarşılıqlı fayda gətiribdir. Biz bu ənənələrə qayğı ilə yanaşmalı və onlardan müasir həyatımız üçün, gələcək nəsillərin həyatının təməlini qoymaq üçün maksimum səmərəli istifadə etməyə çalışmalıyıq.

Ona görə də mən bu gözəl imkandan istifadə edərək, sizi dostluğa, əməkdaşlığa, geniş qarşılıqlı fəaliyyətə dəvət edirəm. Azərbaycan açıq ölkədir. Azərbaycan sülh istəyir və siz Azərbaycanın timsalında həmişə dostluq, əməkdaşlıq üçün, gələcək əlaqələr üçün etibarlı tərəfdaş tapa bilərsiniz. Hörmətli dostlar, hamınıza işinizdə uğurlar arzulayıram. Təşkilatımıza daxil olan bütün ölkələrə və xalqlara uğurlar və tərəqqi diləyirəm, regionumuza sülh, təhlükəsizlik və sabitlik arzulayıram.

Diqqətinizə görə sağ olun.