İslam İnkişaf Bankının Beynəlxalq İnvestisiya Konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - "Gülüstan" sarayı, 21 sentyabr 1996-cı il


İslam İnkişaf Bankının prezidenti hörmətli cənab Əhməd Məhəmməd Əli, konfrans iştirakçıları, hörmətli qonaqlar!

İslam İnkişaf Bankının Azərbaycanda keçirilən bu konfransı münasibətilə məmnun olduğumuzu bildirirəm və Azərbaycan dövləti adından konfransın iştirakçılarına, İslam İnkişaf Bankına və onun prezidenti hörmətli cənab Əhməd Məhəmməd Əliyə hörmət və ehtiramımı bildirirəm. Hörmətli qonaqlar, mən sizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayır və işlərinizdə uğurlar arzulayıram.

İslam İnkişaf Bankının belə böyük tərkibdə, yüksək səviyyədə konfransının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirir və bunu Azərbaycan Respublikası ilə İslam ölkələri, İslam İnkişaf Bankı arasında mövcud olan sıx əlaqələrin təzahürü hesab edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, İslam İnkişaf Bankının Azərbaycanda ilk dəfə keçirdiyi yüksək səviyyəli, geniş tərkibli, mötəbər konfrans bundan sonra həm İslam İnkişaf Bankının bütün müsəlman ölkələrindəki fəaliyyətinə təkan verəcək, həm də İslam İnkişaf Bankı ilə və onun ətrafında olan iş adamları ilə Azərbaycan arasındakı əlaqələri daha da sürətləndirəcəkdir.

Azərbaycan gənc, müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi beş il bundan öncə əldə olunubdur. Xalqımız, ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra öz müstəqil yolu ilə gedir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Dünya Birliyi tərəfindən tanınıbdır, dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri var, dünyanın bütün beynəlxalq təşkilatlarında təmsil olunubdur. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının və bir çox başqa beynəlxalq təşkilatların üzvüdür, Azərbaycan bütün dünya ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı əlaqələr quraraq, eyni zamanda beynəlxalq təşkilatların, o cümlədən regional təşkilatların işində iştirak edir. Bu baxımdan Azərbaycanın İslam Konfransı Təşkilatının üzvü olması da ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir.

Azərbaycan keçmiş Sovetlər İttifaqına mənsub olan bir ölkədir. Bildiyiniz kimi, Azərbaycan 70 ildən çox müddətdə Sovetlər İttifaqı kimi böyük bir dövlətin tərkibində olubdur. Sovetlər İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini əldə edibdir. Keçmişdə bu İttifaqa daxil olan ölkələr bir-biri ilə sıx iqtisadi əlaqələrlə bağlıdır və bu, bugünkü iqtisadiyyatımız üçün çox əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan Müstəqil Dövlətlər Birliyinin də üzvüdür və həmin təşkilatda fəaliyyətini çox əhəmiyyətli hesab edir.

Bu ilin aprelində Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışdır. Biz Avropa Birliyi ilə əməkdaşlığa da xüsusi əhəmiyyət veririk. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə demokratik hüquqi, dünyəvi dövlət qurur və bu yolda da böyük nailiyyətlər əldə etmişik. Keçən ilin noyabr ayında ölkəmizdə ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub, demokratik seçkilər əsasında Azərbaycanın ilk parlamenti seçilibdir. Bunlar hamısı Azərbaycan Respublikasının demokratiya, tərəqqi yolu ilə getməsini nümayiş etdirir.

Biz neçə ay bundan öncə Azərbaycan Respublikası Avropa Şurasının Parlament Assambleyasına qonaq sifəti ilə dəvət olunubdur. Bildiyiniz kimi, Avropa Şurası da demokratiyanın inkişaf etməsi üçün çox böyük fəaliyyət göstərən bir təşkilatdır və biz burada da əməkdaşlıq etməyimizdən çox məmnunuq.

Bütün beynəlxalq təşkilatlarda, onların toplantılarında, xüsüsən Zirvə görüşlərində Azərbaycan daim iştirak edərək, eyni zamanda həm ölkəmizin həyatında baş vermiş dəyişikliklərlə əlaqədar, həm də dünyada gedən proseslərə münasibəti ilə əlaqədar öz fikirlərini, mövqeyini həmişə açıq bildirir. Keçən il Azərbaycan nümayəndə heyəti Mərakeşdə - Kasablankada İslam Konfransı Təşkilatının Zirvə görüşündə, dövlət başçılarının görüşündə iştirak etmişdir. Mənə həmin konfransda iştirak etmək və nitq söyləmək nəsib olmuşdur. Bu konfransda iştirak etməyimizdən və orada keçirdiyim görüşlərdən çox məmnun olduğumu bildirmək istəyirəm. Həmin konfransın işi nəticəsində Azərbaycanın İslam ölkələri ilə daha sıx əməkdaşlıq etməsi üçün, şübhəsiz ki, yaxşı imkanlar yaranıbdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkənin həyatının bütün sahələrində ciddi dəyişikliklər həyata keçirir. Bildirdiyim kimi, Azərbaycan demokratiya yolu ilə gedir, demokratik proseslər həyata keçirir, hüquqi dövlət gündən-günə formalaşır, inkişaf edir, iqtisadiyyat sərbəstləşdirilir. İqtisadiyyatın bazar prinsipləri əsasında qurulması üçün bir çox işlər görülüb və bundan sonra da görülməsi nəzərdə tutulur.

Bildiyiniz kimi, on illərlə Azərbaycanın iqtisadiyyatı sosialist iqtisadi sistemi prinsipləri əsasında qurulmuş, dövlət mülkiyyəti hakim olmuşdur. İndi biz iqtisadi islahatlar apararaq Azərbaycanı bazar iqtisadiyyatı yoluna keçiririk. İtqisadi islahatlar Azərbaycanda mülkiyyət formalarının dəyişdirilməsini təmin edir. Bundan ötrü Azərbaycan iqtisadi nöqteyi-nəzərdən ümumiyyətlə bütün ölkələr üçün açıqdır və onlarla sərbəst iqtisadi əlaqələr qurur, bunu daha da genişləndirmək istəyir. İqtisadi islahatların keçirilməsi hazırda iqtisadiyyatımızın əsas yoludur. Bu baxımdan biz mülkiyyətin özəlləşdirilməsi haqqında geniş proqram qəbul etmişik və onu ardıcıl surətdə həyata keçiririk. Kənd təsərrüfatında, yəni aqrar sektorda islahatlar aparmaq üşün xüsusi qanunlar qəbul olunubdur. Onlardan "Torpaq islahatı haqqında" qanun torpağın xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Bunların hamısının əsasında Azərbaycan iqtisadiyyatında ciddi dəyişikliklər aparılır.

Biz iqtisadi islahatlar apararkən sahibkarlığın inkişaf etməsinə, təşəbbüskarlığa geniş yer verilməsinə xüsusi əhəmiyyət yetiririk. Bunun üçün lazımi tədbirlər görür, sahibkarları həvəsləndirməyə çalışır, onların işləməsi üçün qanun çərçivəsində bütün şəraitin yaradılmasını təmin edirik.

Bu baxımdan biz ölkəmizə xarici sərmayənin gəlməsinə xüsusi fikir veririk, xarici şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaradırıq. Respublikamızda özəl sektorun inkişaf etməsi, xarici sərmayənin Azərbaycana gəlməsi, ölkənin iqtisadi imkanlarından, təbii sərvətlərindən, iqtisadi potensialından istifadə edərək müştərək iş görülməsi iqtisadiyyat sahəsində apardığımız siyasətin əsas qollarından biridir. İqtisadi islahatlar aparmaq, özəlləşdirməni həyata keçirmək üçün biz lazımi qanunlar qəbul etmişik, yəni iqtisadi dəyişiklikləri aparmaqdan ötrü lazımi normativ-hüquqi baza yaratmışıq. Qəbul olunmuş və bundan sonra qəbul ediləcək qanunlar Azərbaycanın sərbəst iqtisadiyyat yolu ilə getməsi üçün tam imkanlar yaradır və eyni zamanda xarici sərmayənin ölkəmizə gəlməsi, xarici şirkətlərin burada sərbəst fəaliyyət göstərməsi üçün də bütün imkanları yaradır.

Biz artıq bu sahədə bir çox işlər görmüşük. Dünən, sentyabrın 20-də Azərbaycanın dünyanın böyük neft şirkətləri ilə imzaladığı neft müqaviləsinin ikinci ili tamam oldu. Bildiyiniz kimi, bu müqavilə dünyada "Əsrin müqaviləsi" adı alıbdır. Bu müqavilə əsasında Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının dünyanın 11 böyük neft şirkəti ilə müştərək işlənməsi nəzərdə tutulur. Müqavilədə iştirak edən konsorsium üzvlərinin əksəriyyəti Qərb ölkələrinin neft şirkətləridir. Ancaq onların arasında Səudiyyə Ərəbistanının "Delta" şirkəti, Türkiyənin "Türk petrolları" şirkəti də var. Yəni biz həm qərb ölkələri, həm də Şərq ölkələri ilə bu sahədə əməkdaşlıq edirik.

Həmin müqavilədən sonra biz Xəzər dənizindəki neft yataqlarından istifadə olunması üçün iki müqavilə də imzalamışıq. Bu müqavilələrdə də həm Rusiya, həm qərb şirkətləri var. Eyni zamanda bunların birində İran İslam Respublikasının neft şirkəti də iştirak edir. Neft və qaz yataqlarından istifadə olunması sahəsində dünyanın neft şirkətləri ilə danışıqlar aparırıq, bununla əlaqədar qarşıda planlarımız var. Yəqin ki, yeni müqavilələr də imzalanacaqdır. Bunlar hamısı Azərbaycanın iqtisadi cəhətdən açıq ölkə olmasını nümayiş etdirir, eyni zamanda ölkəmizə böyük sərmayə gətirir və burada müştərək işlər görülməsi üçün geniş imkanlar olduğunu göstərir.

Ancaq Azərbaycanın iqtisadi imkanları təkcə neft-qaz yataqlarından ibarət deyildir. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, təbiəti və yeraltı sərvətləri, böyük sənaye, intellektual potensialı ölkəmizin iqtisadi cəhətdən inkişaf etməsi üçün çox yaxşı əsas yaradıbdır. Eyni zamanda dünyanın, o cümlədən İslam ölkələrinin iş adamları ilə səmərəli əməkdaşlıq etmək üçün yaxşı imkanlar yaradıbdır.

Bütün bu işlər, tədbirlər nəticəsində dünyanın inkişaf etmiş ölkələri ilə Azərbaycanın əlaqələri genişlənibdir. İndi Azərbaycanda, Bakıda bir çox ölkələrin onlarca şirkətinin nümayəndələri var. Məsələn, ən şimalda olan Norveçin Azərbaycanda 45 şirkətinin, yaxud Böyük Britaniyanın təxminən 50 şirkətinin, Amerika Birləşmiş Ştatlarının 50-dək şirkətinin nümayəndəliyi var. Bunlar hamısı Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə və başqa ölkələrlə iqtisadi əlaqələrinin genişlənməsini nümayiş etdirir.

Biz iqtisadiyyatda islahatlar aparmaq, onu dünya iqtisadiyyatı ilə sıx bağlamaq üçün dünyanın böyük maliyyə mərkəzləri ilə də çox səmərəli əməkdaşlıq edirik. Məsələn, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığımızı mən çox müsbət qiymətləndirirəm. Keçən il Böyük Britaniyada, Londonda dünyanın çox məşhur institutu olan Adam Smit İnstitutunun təşəbbüsü ilə "Azərbaycanda investisiya imkanları" mövzusunda geniş konfrans keçirildi. Mən bu konfransda şəxsən iştirak edib Azərbaycan haqqında geniş məlumat verdim. Bu gün çox məmnuniyyətlə deyə bilərəm ki, həmin konfransa onlarca ölkənin, 200-dən artıq şirkətin nümayəndələri gəlmişdilər. Hesab edirəm ki, konfransda görülən işlər və Azərbaycan haqqında verilən məlumat nəticəsində həmin ölkələrin respublikamızla iqtisadi əlaqələri daha sürətlə genişlənir. Keçən ilin dekabrında Fransada, Parisdə Dünya Bankının təşəbbüsü ilə bu maliyyə mərkəzi çərçivəsində Azərbaycana həsr olunmuş daha bir iqtisadi konfrans keçirildi. Orada da dünyanın bir çox ölkələrindən çoxlu şirkətlərin nümayəndələri iştirak edirdilər. Biz həmin konfransda da Azərbaycanın iqtisadi imkanları haqqında geniş məlumat verdik.

Bilirsiniz ki, Azərbaycan qədim neft diyarıdır, dünyada neft ölkəsi kimi məşhurdur. Azərbaycanda keçən əsrin ortalarından neft istehsalı başlayıbdır. Ona görə də neft sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər, təcrübə dünyada çox yüksək qiymətləndirilir. Dalbadal üç ildir ki, Azərbaycanda may ayında böyük neft-qaz sərgisi keçirilir. Sonuncu sərgidə 150 şirkət öz eksponatları ilə iştirak edirdi. Bu, dünyanın neft şirkətlərinin Azərbaycana marağını göstərir, eyni zamanda respublikamızla həmin şirkətlər arasında olan əlaqələri daha da inkişaf etdirir.

Ancaq bir də qeyd edirəm, Azərbaycanın iqtisadi imkanları təkcə neft və qazla bağlı deyildir. Azərbaycanda güclü sənaye, kənd təsərrüfatı potensialı var, inkişaf etmiş kimya, maşınqayırma, metallurgiya və başqa sənaye sahələri var və biz bütün bu sahələrdə də geniş əməkdaşlıq edə bilərik. Azərbaycanın zəngin təbiəti, münbit torpaqları kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də geniş imkanlar yaradır. Bu sahədə indiyə qədər böyük nailiyyətlərimiz var. Amma "Torpaq islahatı haqqında" qanun qəbul olunandan və torpaq xüsusi mülkiyyətə veriləndən sonra hesab edirəm, bu imkanlar daha da genişlənəcək və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı da xarici investisiyalar üçün çox əhəmiyyətli olacaqdır.

Bu məlumatları sizə verərək, mən İslam ölkələrinin iş adamlarının, özəl sektorunun Azərbaycana gəlməsini arzulayıram və sizi ölkəmizə dəvət edirəm. İslam İnkişaf Bankının burada daha geniş fəaliyyət göstərməsini arzu edir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bundan sonra belə olacaqdır.

Azərbaycan tarixi köklərinə, adət-ənənələrinə, dini mənsubiyyətinə görə İslam ölkəsidir və İslam ölkələri ilə həm çoğrafi nöqteyi-nəzərdən yaxın olduğuna görə, həm də adət-ənənələrimiz bir-birinə bənzədiyinə görə daha da səmərəli əməkdaşlıq etmək imkanına malikdir. İslam ölkələri dünyanın elə məntəqələrində yerləşiblər ki, onların iqlimi də, torpaqları da, təbiəti də, insanları da, insanların xasiyyəti, adət-ənənələri də bir-birinə bənzərdir, bir-biri ilə bağlıdır. Bunlar hamısı ölkələrimiz arasında daha sıx əlaqələr saxlanmasını tələb edir və bunun üçün şərait yaradır.

Təsadüfi deyil ki, İslam ölkələri İslam Konfransı Təşkilatı yaradıblar. Bu təşkilat çox sahələrdə fəaliyyət göstərir və onun himayəsi altında İslam İnkişaf Bankı var. Şübhəsiz ki, bunlar çox əhəmiyyətli amillərdir və bizim də vəzifəmiz bunlardan səmərəli istifadə etməkdən ibarətdir.

İslam İnkişaf Bankı ilə Azərbaycanın əməkdaşlığı son illərdə, şübhəsiz ki, müəyyən nəticələr verir. Artıq müəyyən layihələr var, onların üzərində işləyib axıra çatdırmaq olar. Dünən axşam cənab Əhməd Məhəmməd Əli ilə görüşümüz, danışığımız zamanı bu barədə öz arzumu və xahişlərimi bildirdim. Bildiyimə görə, bu gün səhərdən bu sahədə əməli iş görülübdür və ümidvar olduğumu bildirmək istəyirəm ki, həmin iş davam etdiriləcək, İslam İnkişaf Bankı Azərbaycana daha çox diqqət göstərəcəkdir.

Bir daha qeyd etmək istəyirəm ki, bugünkü konfransın, sizin toplantınızın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Burada qeyd olunduğu kimi, 17 ölkədən 160 iş adamı, biznesmen iştirak edir, Azərbaycana gəlibdir. Güman edirəm ki, onlar ölkəmizlə hətta qısa tanışlıqdan sonra, respublikamızın imkanlarını daha da yaxından öyrəndikdən sonra konfransda iştirak edən, yaxud ümumiyyətlə, İslam ölkələrində fəaliyyət göstərən, İslam İnkişaf Bankı ilə əlaqə saxlayan özəl sektorla, iş adamları ilə əlaqələrimiz genişlənəcəkdir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edəndən sonra çox şərəfli, eyni zamanda çox mürəkkəb, ağır yol keçibdir. Bildiyiniz kimi, Azərbaycan səkkiz il öncə Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu təcavüz nəticəsində cürbəcür səbəblərdən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana çox ağır zərbələr vurulubdur. Azərbaycan ərazisinin 20 faizi zəbt olunub, indiyə qədər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı, müsəlmanlar yerindən, yurdundan didərgin düşüblər və ağır şəraitdə, qaçqın vəziyyətində, çoxları çadırlarda yaşayırlar.

Azərbaycana qarşı olan bu hərbi təcavüzlə yanaşı, keçmiş illərdə ölkənin daxilində də çox mürəkkəb proseslər getmişdir. Ayrı-ayrı qanunsuz silahlı qüvvələr hakimiyyət uğrunda mübarizə aparmış, keçmiş illərdə hakimiyyət silah vasitəsilə devrilmişdir. 1993-cü ildə, Azərbaycanda vətəndaş müharibəsi baş vermiş, ölkə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Azərbaycanın daxilindəki gərgin proseslər, şübhəsiz ki, həyatımıza, o cümlədən iqtisadiyyatımıza öz mənfi təsirini göstərmişdir.

Ancaq Allaha şükürlər olsun ki, 1993-cü ilin yayından, yəni iyun ayından Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi sahəsində çox əhəmiyyətli işlər görülmüşdür. Daxili vəziyyəti sabitləşdirmək, qanun-qaydanı bərqərar etmək sahəsində görülən işlər öz nəticəsini vermişdir və nəhayət, indi Azərbaycanda ictimai-siyasi vəziyyət, daxili vəziyyət sabitdir, dövlət bütün Azərbaycanı idarə edir və ölkənin bütün bölgələrinə nəzarət edir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində biz böyük itkilər vermişik. Ancaq ondan öncə də Azərbaycana hərbi təcavüz olmuşdur. Azərbaycan xalqının iradəsini boğmaq, qırmaq üçün 1990-cı ilin yanvarında keçmiş Sovetlər İttifaqının rəhbərləri tərəfindən respublikmıza böyük miqdarda silahlı qüvvə yeridilmiş, günahsız adamlar şəhid olmuşdular. Onlar bu gün sizin ziyarət etdiyiniz Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ermənistanın təcavüzü nəticəsində gedən döyüşlərdə, müharibədə Azərbaycanın dəyərli insanları şəhid olmuşlar, onlar da Şəhidlər xiyabanında dəfn ediliblər. Onların hamısı Azərbaycan xalqının müstəqillik, milli azadlıq yolunda, öz ölkəsinin suverenliyi , ərazi bütövlüyü, torpaqlarının müdafiəsi yolunda verdiyi qurbanlardır.

Bütün bu itkilərə, qurbanlara baxmayarq, Azərbaycan Respublikası sülhsevər dövlət kimi, bölgədə sülhün bərqərar olmasını, Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ona görə də iki il bundan öncə, 1994-cü ilin mayında Ermənistan ilə Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalanıbdır və biz ona indiyə qədər riayət edirik. İki ildən artıqdır ki, döyüşlər yoxdur, qan tökülmür, insanlar həlak olmur. Ancaq hələ ki, böyük sülh də yoxdur, qeyd etdiyim kimi, torpaqlarımız Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Azərbaycanla həmrəy olduğunuza görə mən sizə təşəkkür edirəm. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə əlaqədar cənab Əhməd Məhəmməd Əlinin bu gün söylədiyi fikirlərə görə təşəkkür edirəm. Siz Ermənistanın təcavüzkar olduğunu bəyan etdiyinizə görə təşəkkür edirəm. Keçən il Kasablankada İslam Konfransı Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qətnamə qəbul olunmuş və Ermənistan bir təcavüzkar kimi pislənmişdir. Bunlara görə İslam Konfransı Təşkilatına təşəkkür edir və əmin olduğumuzu bildirmək istəyirəm ki, ədalətli mübarizədə bundan sonra da bizimlə həmrəy olacaqsınız.

Bütün bu itkilərə baxmayaraq, qeyd etdiyim kimi, biz məsələni sülh yolu ilə həll etmək, torpaqlarımızın sülh yolu ilə azad olunmasına nail olmaq istəyirik. Bizim bu barədə şərtlərimiz məlumdur. Ermənistan ilə Azərbaycan arasında sülh yaranması üçün Ermənistanın silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz elinə-obasına qayıtmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərə, - orada Azərbaycan vətəndaşı olan yüz minə qədər erməni yaşayır, - bu çərçivədə Azərbaycan dövlətinin tərkibində yüksək səviyyəli muxtariyyət statusu verilməsi mümkündür.

Respublikamızın bu günü, iqtisadiyyatı, daxili və xarici vəziyyəti haqqında sizə məlumat verərək, eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf edir, ölkədə ictimai-siyasi vəziyyət sabitdir, biz dünyanın bütün ölkələri ilə əməkdaşlıq etmək əzmindəyik.

Sizi bir daha əməkdaşlığa dəvət edirəm. Bir daha konfransa işində müvəffəqiyyətlər arzu edir, İslam İnkişaf Bankına gələcək fəaliyyətində uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, İslam ölkələrinin iş adamları, İslam İnkişaf Bankı ilə Azərbaycanın əlaqələri bundan sonra sürətlə inişaf edəcəkdir. Sağ olun.