Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarına - Bakı şəhəri, 4 dekabr 2000-ci il


Hörmətli toplantı iştirakçıları!

Sizi, Ümumdünya gömrük siyasətinin hazırlanmasında və həyata keçirilməsində fəal rol oynayan Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının üzvlərini və sessiya iştirakçılarını salamlayır, işinizdə uğurlar diləyirəm!

Bu gün dünya iqtisadiyyatında gedən qloballaşma prosesləri Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiya olunmasını sürətləndirmiş, qədim “İpək yolu”nun bərpası və Xəzər dənizi hövzəsinin enerjidaşıyıcılarının nəqli kəmərləri layihələrinin gerçəkləşdirilməsi regional iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmişdir. Bunu nəzərə alaraq, Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 2000-ci il dekabr sessiyasının müstəsna hal kimi, Brüssel şəhərindən kənarda - Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsini bu təşkilatın, onun Baş katibi hörmətli cənab Mişel Danenin ölkəmizə xüsusi diqqətinin ifadəsi kimi qiymətləndirirəm.

Güman edirəm ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin belə mötəbər beynəlxalq təşkilatın Maliyyə Komitəsinə, onun siyasi komissiyasına üzv seçilməsi və iclaslarında iştirakı ölkəmizin gömrük orqanının beynəlxalq nüfuzunu artıracaq və Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsində səmərəli fəaliyyət göstərən mexanizmlərin qurulmasına kömək edəcəkdir.

Bakıda olduğunuz müddətdə Siz bazar iqtisadiyyatı və demokratik inkişaf yolu seçmiş Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin, iqtisadi inkişafın və tərəqqinin, qədim Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi olacaqsınız.

Sessiyanızın işinə uğurlar, hər birinizə möhkəm cansağlığı və səadət, təmsil etdiyiniz ölkəyə və onun xalqına firavanlıq arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 dekabr 2000-ci il.