Azərbaycan Prezidenti Heydər Əliyevin Dünya Bankının nümayəndələri ilə görüşdə söhbətindən - 4 mart 2000-ci il


Heydər Əliyev: - Hörmətli xanım Okonnor!

Hörmətli Tevfik Yapraq!

Dünya Bankının nümayəndələrini səmimi qəlbdən salamlayıram.

Dünya Bankının Azərbaycan, Ermənistan və Gürcüstan üzrə direktoru xanım Cudi Okonnor: Çox sağ olun, cənab prezident. Həm öz adımdan, həm də həmkarım Tevfik Yaprağın adından və eləcə də Dünya Bankında olan bütün həmkarlarım adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Azərbyacana birinci dəfədir gəlirəm. Biz Azərbaycanla böyük məmnuniyyətlə işləyirik.

Heydər Əliyev: Biz də Dünya Bankı ilə əməkdaşlığımızdan çox məmnunuq və bunu çox əhəmiyyətli hesab edirik. Ölkəmizin iqtisadiyyatında əldə olunan nailiyyətlərin, təbiidir ki, Dünya Bankının məsləhətləri və köməyi ilə həyata keçirilməsini biz çox əhəmiyyətli hesab edirik. Sizin çox ciddi proqramlarınız var. Bəzən onları yerinə yetirmək çətin olur, amma eyni zamanda biz çalışırıq ki, hamısını yerinə yetirək. Təbiidir, bunu məcburən yox, amma dərk edərək, bilərək ki, bunlar bizim iqtisadiyyatın inkişaf etdirilməsi üçün çox lazımdır.

Mənə baş nazir məruzə etdi ki, siz bütün məsələləri ətraflı müzakirə etmisiniz. Güman edirəm, mənə də nəsə demək istəyirsiniz.

Cudi Okonnor: Cənab prezident, deməyə elə də çox sözüm yoxdur. Üç mövzuya toxunmaq istəyirəm. Hər şeydən əvvəl, demək istəyirəm ki, biz valeh olmuşuq və doğrudan da çox xoşumuza gəlir ki, Siz bu qədər böyük səylər göstərirsiniz, çoxlu cəhdlər edirsiniz ki, Dağlıq Qarabağda sülh prosesinə nail olasınız.

Sizə məlum olduğu kimi, - bilmirəm, bu, xoşbəxtlikdəndir, yoxsa bədbəxtlikdən, - Dünya Bankının belə bir təcrübəsi vardır: Biz Şərqi Avropada, eləcə də Cənubi Avropada müharibədən sonrakı vəziyyəti düzəltmək işinə qarışmışıq və müvafiq vaxt gələr ki, biz burada da eyni əməkdaşlığımızı, səylərimizi qoymağa hazırıq.

İkinci məsələ. Elə bilirəm ki, bu, bir qədər xoş xəbərdir və burada potensialdan danışmaq istəyirəm. Bu, o potensialdır ki, Sizə məlum olduğu kimi, dünya bazarında neftin qiymətləri qalxmışdır. Bu da, gözlənildiyi kimi, Azərbaycana daha çox imkanlar verəcək ki, neftdən daha artıq gəlir əldə etsin. Yəni Azərbaycan gözlənildiyindən daha çox gəlir əldə edə bilər. Neftdən gələcəkdə alınacaq gəlirlərin hansı sahələrə xərclənməsi üçün, əsas üstün sahələrin müəyyən edilməsi üçün Sizin hökumətinizlə birgə işləməyə, əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Cənab prezident, üçüncü məsələ isə budur ki, Dünya Bankı sizin ölkədə gedən islahatlardan çox məmnundur. Elə bilirəm ki, bunların hamısı Sizin ölkəniz üçün çox vacib islahatlardır. Biz çox şadıq ki, islahatlar yaxşı, hamar gedir və ona görə də Dünya Bankına bu sahədə yalnız texniki və maliyyə baxımından Sizə yardım etmək qalır.

Bu proqram çərçivəsində yalnız bir məsələ vardır ki, o, bizim ümid etdiyimizdən bir qədər yavaş gedir. Hesab edirəm ki, bir il bundan əvvəl Siz də bu məsələni təsdiq etmişdiniz ki, ölkənizdə dövlət strukturlarında islahatlar gedəcəkdir. Bu sahədə biz də müvafiq məsləhətlərlə Sizə müraciət etdik və Azərbaycanda, eləcə də Nazirlər Kabinetində, auditorluq sahəsində və xərclərə nəzarət sahəsində müəyyən tərəqqi əldə olundu. Xərclərə nəzarət sahəsində bir qədər tərəqqi əldə olunsa da, elə bilirəm ki, digər sahələrdə işlər bizim istədiyimiz kimi sürətlə getmir. Biz bu məsələləri həmkarlarımızla, baş nazirlə müzakirə etmişik və hesab edirik, əsas odur ki, bu dəyişikliklər getməkdədir. Sizdən xahiş etmək istəyirik ki, öz dəstəyinizi gələcəkdə də əsirgəməyəsiniz.

Əlbəttə ki, biz istərdik gələcəkdə Azərbaycana daha çox yardımçı olaq, Azərbaycana keçmişdəkindən daha çox kömək edək. Çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Birinci - Dağlıq Qarabağ haqqında. Bəli, biz çalışırıq ki, məsələni tezliklə sülh yolu ilə həll edək. Məlumdur, bu sahədə son dövrdə müəyyən cəhdlər göstərilibdir və təbiidir ki, orada çox böyük bərpa işləri getməlidir.

Mən bu yaxınlarda Vaşinqtonda idim. Mənə Dövlət Departamentində bildirdilər ki, Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və bir çox belə maliyyə mərkəzlərinin böyük bir nümayəndə heyəti Azərbaycanın işğal olunmuş torpaqlarının hamısını gəlib yoxlayacaqdır. Çünki onların bərpa olunması üçün nə etmək lazımdır və hansı müddətə etmək lazımdır - onu siz qiymətləndirməlisiniz. Oradan çıxmış insanlar - bir milyona yaxın insandır - öz yerlərinə qayıtmalıdır. Ona görə sizin keçmiş təcrübədən gərək səmərəli istifadə edəsiniz və bizə bu barədə yardım edəsiniz.

İqtisadi islahatların həyata keçirilməsi haqqında sizin fikirləriniz məni sevindirir. Biz çalışacağıq ki, bundan sonra bunu daha da sürətlə edək. Mən də razıyam ki, hökumət strukturlarının islahatlarında bəzi gecikmələr vardır. Mənə baş nazir dedi ki, siz bu barədə ətraflı danışmısınız. Əmin ola bilərsiniz ki, mən nəinki dəstəkləmək, hətta bu məsələnin tezliklə həyata keçirilməsi üçün çox ciddi tədbirlər görəcəyəm.

Təbiidir ki, bizim daim sizin köməyinizə ehtiyacımız vardır və hesab edirəm ki, biz bundan sonra bu sahədə daha da sıx əməkdaşlıq edəcəyik. Mən bizə göstərilən diqqətə, qayğıya və yardıma görə Dünya Bankına bir daha təşəkkür edirəm.