Azərbaycan Prezidenti Heydər Əliyevin Dünya Bankının nümayəndəsi Cudi O`Konnorla söhbətindən - 18 yanvar 2001-ci il


Heydər Əliyev: Azərbaycana yenidən xoş gəlmisiniz. Sizinlə görüşümüz olmuşdur və onların hamısını xatırlayıram. Bilirəm ki, baş nazirlə və bizim başqa təşkilatlarla çox ətraflı fikir mübadiləsi aparmısınız. Baş nazir bu barədə mənə məruzə edibdir. Mən belə hesab edirəm ki, Dünya Bankı ilə Azərbaycan arasındakı əlaqələr normaldır və bundan sonra daha da yaxşı olmalıdır. Hesab edirəm, sizin bu səfəriniz də buna təkan verməlidir. Buyurun, mən sizi dinləyirəm.

Cudi O`Konnor: Cənab prezident, çox sağ olun. Ölkənizə bu dəfəki səfərimiz zamanı Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar proqramına Dünya Bankının dəstək verməsi və bu yardımın gələcəkdə də davam etdirilməsi məsələlərini müzakirə etməklə bərabər, Azərbaycan üçün önəmli olan iki məsələyə də toxunmaq istəyirəm.

Hər şeydən öncə Azərbaycanın həyatında iki mühüm hadisəni qeyd etmək istəyirəm. Birincisi, dünən Azərbaycanın Avropa Şurasına qəbul olunmasıdır. Hesab edirəm ki, bu, Azərbaycanın mədəniyyətinin daha geniş təbliğ olunmasında, sosial həyatın inkişaf etdirilməsində, habelə Azərbaycanın dünyaya açılmasında yeni bir imkandır.

Heydər Əliyev: Təşəkkür edirəm. Siz tamamilə doğru deyirsiniz. Biz də belə düşünürük. Çünki biz Avropanın bir hissəsiyik. Ona görə də biz Avropa Şurasında olmalıyıq. Amma Avropa Şurasına qəbul olmaq hansısa gəncin universitetə imtahan verməsindən çətindir. Biz bu imtahanları verdik. Eyni zamanda tapşırıqlar - ev tapşırıqları da aldıq. Ona görə yaxşı oxuyacağıq.

Cudi O`Konnor: Əminəm ki, Avropa Şurasının Avropanın digər dövlətləri kimi Azərbaycanı da öz sıralarında görməsi xeyirli və faydalı olacaqdır.

Heydər Əliyev: Elədir.

Cudi O`Konnor: Cənab prezident, xüsusi olaraq, ikinci qeyd etmək istədiyim məsələ 2000-ci ildə Azərbaycanda əldə olunan iqtisadi nəticələrdir. Bildirmək istəyirəm ki, bu nəticələr çox ürəkaçandır və Azərbaycan hökuməti Sizin rəhbərliyiniz altında iqtisadi tərəqqiyə nail olmaq üçün sabit və davamlı islahatlar, siyasət aparmışdır. Biz bu islahatları, bu iqtisadi tərəqqini dəstəkləmişik və 2000-ci ilin iqtisadi nəticələri bunu bir daha sübut edir.

Heydər Əliyev: Çox sağ olun. Biz özümüz öz nəticələrimizi bilirik. Yaxşı bilirik ki, bunları əldə etmək üçün Azərbaycanın mövcud olan şəraitində nə qədər çox işlər görmək lazımdır. Çünki bilirsiniz ki, bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyon vətəndaşımız yerindən-yurdundan çıxarılıbdır, əksəriyyəti köçkün vəziyyətində çadırlarda yaşayır.

Təbiidir, siz bilirsiniz ki, keçid dövrünü yaşayan ölkələrin çox problemləri vardır. Bu problemlər bizdə də vardır. Belə bir şəraitdə biz iqtisadi inkişafı təmin etmişik və yaxşı nəticələrə nail olmuşuq. Bilirəm ki, rəqəmlər sizə məlumdur və baş nazir bu barədə sizə çox deyibdir. Ancaq biz əldə olunan bu nailiyyətlərlə də kifayətlənmirik. Hesab edirik ki, 2001-ci ildə bundan da yuxarı qalxmalıyıq, irəli getməliyik. Yəqin siz də belə bir fikirdəsiniz ki, əgər biz iqtisadi islahatları, sosial islahatları həyata keçirməsəydik, struktur dəyişiklikləri aparmasaydıq, bazar iqtisadiyyatı yolu ilə qətiyyətlə getməsəydik, bunları əldə edə bilməzdik. Onu da bilirik ki, bizim qarşıda görüləsi işlərimiz vardır. O cümlədən Dünya Bankı ilə görüləsi çox işlərimiz vardır. Əldə olunmuş bəzi razılıqlar hələ indiyə qədər yerinə yetirilməyibdir. Mən bunu əvvəlcədən deyirəm, çünki bilirəm ki, siz mənə deyəcəksiniz. Ancaq onlar da həyata keçiriləcəkdir.

Amma sizdən bir xahişim vardır. Sabah mətbuat konfransı keçirin və Azərbaycanda olan bütün müxalifət mətbuatını, yaxud partiya nümayəndələrini oraya dəvət edin. Sizin fikirləriniz haqqında məlumatlar verin. Yoxsa onlar hər şeyi inkar edirlər. Deyirlər, heç bir şey yoxdur, 7 ildir Azərbaycan heç bir şey etməyibdir. Təbiidir ki, onların bu boş sözləri bizi narahat etmir. Biz öz işimizlə ölkəmizə, xalqımıza, vətəndaşlarımıza sübut edirik ki, nə etmişik və nə də edəcəyik.

Mən bu təklifimlə sizə əziyyət vermək istəmirəm. Amma burada mətbuat nümayəndələri var, o cümlədən müxalifətdə olan özəl televiziya şirkətlərinin nümayəndələri vardır. Qoy, onlar da eşitsinlər və öz verilişlərində heç olmasa, bu barədə bir az danışsınlar. Buyurun, dinləyirəm.

Cudi O`Konnor: Cənab prezident, mənə belə bir təklif verdiyinizə görə və həm indi, yəni Sizinlə aparacağımız söhbətlərdə bu barədə danışmaq, həm də sabah mətbuat konfransı keçirib fikirlərimizi söyləməyə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Çalışacağam ki, o qədər dəqiq, sərrast danışım ki, məndən sitat gətirərkən səhvə maksimum dərəcədə az yol verilsin.

Heydər Əliyev: Çox sağ olun.

Cudi O`Konnor: Təşəkkür edirəm. Siz söhbətə başlayarkən özünüz etiraf etdiniz ki, hələ bəzi islahatlar keçirilməyibdir, müəyyən lənglik vardır. Sizə onu da deyim ki, burada apardığım danışıqlardan sonra belə qənaətə gəlmişəm. Əgər mən Azərbaycana bu dəfəki səfərimi bir-iki həftə sonra etsəydim, indi bizim söhbətimiz tamamilə başqa mövzuda ola bilərdi. Bildiyimə görə, lap yaxın zamanda Siz icra strukturunda ciddi dəyişikliklərin həyata keçirilməsi barədə qərarlar qəbul etmək əzmindəsiniz.

Heydər Əliyev: Bəli, hesab edirəm ki, baş nazir sizə danışıbdır. Biz bunun üzərində bir neçə aydır ki, işləyirik və çox radikal qərarlar qəbul edəcəyik. Mən Parisə gedim-gəlim, ondan sonra bunları edəcəyik.

Cudi O`Konnor: Cənab prezident, icazə verin, uzaqdan, bizim yerləşdiyimiz məkandan Azərbaycana baxarkən mövcud olan problemlərin, yəni islahatlarla bağlı problemlərin Azərbaycanın imicinə necə təsir etməsi barədə fikirlərimi sizə çatdırım.

Cənab prezident, Sizin rəhbərliyiniz altında son illər Azərbaycanda aparılan islahatlar, ilk növbədə neft və qaz sektorunda, makroiqtisadi sahədə, idarəçilik sahəsində həyata keçirilən islahatlar digər sahələrə, xüsusilə dövlət strukturlarında dəyişikliklərin həyata keçirilməsinə, dövlət xərclərinin istifadəsi və gəlirlərin toplanmasında şəffaflığın təmin olunmasına, o cümlədən Sizinlə keçən dəfə danışdığımız kimi, gömrük orqanlarında şəffaflığın təmin edilməsinə də tətbiq olunsaydı, hesab edirik, onda Azərbaycanın dünyadakı imici tamailə başqa cür olardı. Neft-qaz sektorlarına cəlb etdiyi investisiyalar eyni zamanda Azərbaycanın qeyri-neft sektorunun inkişafına yönələn böyük sərmayələrlə də müşayət edilərdi.

Heydər Əliyev: Olacaqdır. Əgər biz onları etmişiksə, bunları da edəcəyik. Amma sizə bildirmək istəyirəm ki, son illər Azərbaycana gələn ümumi investisiyada qeyri-neft sektoruna gələn investisiya neft sektoruna qoyulandan çoxdur. İnvestisiyaların 60 faizi qeyri-neft sektoruna, 40 faizi isə neft sektoruna qoyulubdur. Biz siz dediyiniz o nöqsanları da aradan qaldırmağa qadirik.

Cudi O`Konnor: Cənab prezident, hesab edirəm ki, Sizin bu sahədə göstərə bildiyiniz yaxşı nümunələr də vardır. Məsələn, Azərbaycanın indi əldə etdiyi neft gəlirlərinin hazırda bilavasitə istifadə olunmayıb Neft Fondunda toplanması və həmin fondun vəsaitinin əlavə faiz formasında yeni gəlirlər hesabına zənginləşməsi gələcəkdə bunların bir sıra istehsal sahələrinə yönəlməsinə kömək edəcəkdir. Bu, dediyim həmin yaxşı nümunələrdən biridir.

Heydər Əliyev: Bəli. Neft Fondu haqqında çox danışıqlar gedirdi. Dünya Bankında da, Beynəlxalq Valyuta Fondunda da, başqalarında da müxtəlif narahatlıqlar var idi. Düzü, mən o narahatlıqları eşidəndə əsəbiləşirdim. Mən sizinlə açıq danışıram. Çünki əgər biz 7 ildir çalışıb neftdən gəlir əldə ediriksə və ondan istifadə olunmasına nəzarət etməyəcəyiksə, bu, necə ola bilər? Neft Fondu yarandı. Mən onun əsasnaməsini təsdiq etdim. Mətbuatda dərc olundu. İndiyə qədər nə qədər vəsait gəlibdir, hamısı məlumdur və vaxtaşırı bu barədə məlumat veriləcəkdir. Mən fərmanda da yazmışam ki, bu, beynəlxalq auditorlar tərəfindən yoxlanılacaqdır.

Mənim fikrim budur: indi neftdən gələn gəliri Neft Fondunda saxlayıb gələcək işlərimizdə istifadə etmək lazımdır. İndi Azərbaycanda Neft Fonduna göz dikən çoxdur. Kimsə bir iş görmək istəyirsə, deyir ki, Neft Fondundan, nə bilim, 10 milyon, 15 milyon dollar verin. Mən isə deyirəm, yox, bunu unudun. Mən bunu Azərbaycanın gələcəyi üçün edirəm. Bəlkə də mənim kimi adam Neft Fondunun gələcəkdə gəlirlərinin hamısının istəfadə olunmasında iştirak etməyəcəkdir. Çünki bilirsiniz ki, insan həyatda daimi deyildir. Mən ancaq gələcək haqqında düşünürəm və indi neftdən gələn gəlirləri saxlayıb başqa sahələrdə gəlirlərin artırılmasına çalışıram. İndi bizim Neft Fondunda təxminən 300 milyon dollar vardır. Neft Fondunun başçısı da birbaşa mənə tabedir. O, bu gün mənə məlumat veribdir ki, bir gündə 44 min dollar qazanırlar. İndi görün, ildə nə qədər olacaqdır. Bizim işlərimiz budur və hər şey də açıqdır, şəffafdır.

Cudi O`Konnor: Cənab prezident, doğrudur. Bu gün biz Neft Fondunun rəhbərliyi ilə danışıqlar aparmışıq, onların gördükləri işlərlə tanış olmuşuq, bir sıra təkliflərimizi vermişik. Mən Sizinlə tamamilə razıyam ki, Neft Fondunu struktur baxımından elə bir hala gətirmək lazımdır ki, məsələn, gələcəkdə onun rəhbəri dəyişərsə, yaxud hökumət fondun vəsaitindən istifadə siyasətini dəyişdirərsə, vəsaitin ümumi istifadəsi, necə deyərlər, öz axarından çıxmasın.

Heydər Əliyev: Bu, doğru fikirdir. Yoxsa, sonra Azərbaycanda bir başqa adam gələr, bunu beş günün içində vurub dağıdar. Amma hələ yaxın vaxtda bu, olmayacaqdır. Mən Neft Fondunu bir neçə milyard dollara çatdırandan sonra, təbiidir ki, başqa bir adam gələ bilər.

Cudi O`Konnor: Gündə 44 min dollar qazanmaqla bir neçə milyard dollara çatmaq üçün xeyli müddət vaxt lazım olacaqdır. Hər halda, qarşıda vaxt vardır.

Heydər Əliyev: Yox, siz maliyyəçisiniz, bankirsiniz. Bu gün 44 min dollardır. Axı Neft Fondunun gəlirləri artır, satdığımız neftdən gəlirlər gəlir. Demək, onların faizi də artır. Biz keçən il neftin satışından Neft Fonduna təxminən 150 milyon dollar aldıq. Amma 2-3 ildən sonra bu, 500 milyon dollar olacaqdır. O vaxt sizinlə görüşərik, mən sizə deyəcəyəm.

Cudi O`Konnor: Doğrudur, amma Neft Fondunda vəsaitlər artdıqca, eyni zamanda vəsaitlərdən dərhal istifadə etməyə maraq, həvəs də artır. Həm hökumət üzvlərindən, həm də hökumətin dostları tərəfindən.

Heydər Əliyev: Məndə o maraq yoxdur. Mənsiz heç kəs bir şey edə bilməz. Bəlkə mən səhv buraxıram ki, sizə bu sözləri deyirəm. Sonra deyəcəksiniz ki, Dünya Bankı Azərbaycana kömək etməsin.

Cudi O`Konnor: Bilirsiniz, Neft Fondunda olan vəsaitlərin dərhal istifadə olunmamasına görə biz hökuməti bir tərəfdən alqışlasaq da, digər tərəfdən, şübhəsiz ki, Dünya Bankının Azərbaycana qısa müddət üçün yardımlarına hələ də ehtiyac vardır. Çünki ölkənizdə Neft Fondunda pulun bu qədər artmasına baxmayaraq, hələ də kasıb insanlar vardır, hətta onların bəzilərinin içməyə suyu yoxdur, təhsilləri yoxdur. Ona görə də indiki durumda, çətin vəziyyətdə Dünya Bankının Azərbaycana yardım etməsinə ehtiyac vardır.

Heydər Əliyev: Mən sizdən elə bunu eşitmək istəyirdim.

Cudi O`Konnor: Cənab prezident, Azərbaycan Dünya Bankının 180 sahibindən biridir. Ona görə də Siz Dünya Bankından həm maliyyə yardımı almağa, həm də ona məsləhətlər verməyə və gələcəkdə Dünya Bankına yardım göstərməyə layiqsiniz.

Heydər Əliyev: İnşallah.

Cudi O`Konnor: Dünya Bankına üzv olan dövlətlərin bankdan faydalandığı başqa bir cəhət də vardır. Baxmayaraq ki, bəzi ölkələr bunu fayda kimi qəbul etmirlər. Amma hər halda biz Dünya Bankından vəsait, kredit alan dövlətlərin hökumətlərinin həyata keçirdikləri iqtisadi və sosial siyasətlərin qiymətləndirilməsi barədə illik hesabat hazırlayırıq.

Məsələn, keçən ilin hesabatına görə, Azərbaycan təkcə bir sahədən savayı, bütün sahələrdə, demək olar ki, yaxşı göstəricilər nümayiş etdiribdir. Həmin bir sahə, bayaq dediyim kimi, əldə olunan gəlirlərin idarə edilməsi, dövlətdən vəsait alan strukturların idarəçiliyi məsələsidir. Bu il dərc edəcəyimiz hesabatı dövlət sektorunda idarəçilik və yaxud dövlət sektorunda islahatların nəticəsi kimi adlandırmaq olar. Ümidvarıq ki, builki qiymətləndirməmizdə müsbət amillərin olduğunu qeyd edə biləcəyik. Ona görə də biz çox təkidlə Sizin hökuməti ruhlandırırıq ki, bu sahədə, yəni struktur dəyişikliklərinin həyata keçirilməsində tezliklə ciddi addımlar atsınlar və bizim də bu sahədə müsbət fikirlərimizi açıqlamağa imkanımız olsun.

Heydər Əliyev: Siz yazın, amma biz edəcəyik. Arxayın olun.

Cudi O`Konnor: Cənab prezident, bu gün baş nazirlə belə bir razılığa gəldik ki, Dünya Bankının ölkənizdəki islahatların vəziyyəti ilə əlaqədar qiymətləndirmə hesabatını ilkin layihə şəklində yanvar ayının sonunda biz Azərbaycan hökumətinə təqdim edəcəyik və deyəcəyik ki, əgər bu qiymətləndirmə aprel-may aylarında yox, indi, yanvar ayında olardısa, Azərbaycana verəcəyimiz qiymət necə olardı. Biz orada təkliflərimizi verəcəyik ki, yanvar ayından aprelə qədər müəyyən irəliləyişləri təmin etmək üçün hökumət hansı addımları atmalıdır.

Heydər Əliyev: Yanvar ayı qurtarır. Amma fevral ayında olacaqdır.

Cudi O`Konnor: Biz o zaman, fevralın sonunda yenidən bir hesabat yazarıq. Şübhəsiz ki, bu cür qiymətləndirmə hesabatlarını hazırlayarkən bir tərəfdən, Azərbaycan kimi ölkələrdə həyata keçirəcəyimiz layihələrə nə qədər maliyyə vəsaiti ayıra biləcəyimiz barədə qərara gəliriksə, digər tərəfdən, hesab edirik ki, ildə bir dəfə hazırladığımız hesabatlar Azərbaycanın imici üçün bir siqnaldır. Ümidvarıq, bu hesabat mümkün qədər müsbət olacaq ki, Azərbaycan bunun əsasında beynəlxalq maliyyə bazarlarından Bakı-Ceyhan layihəsinin maliyyələşdirilməsi üçün, alüminium zavodunun yenidən qurulması üçün əlavə kreditləri daha yaxşı şərtlər əsasında ala bilsin.

Heydər Əliyev: Çox yaxşı. Mən çox məmnunam.

Cudi O`Konnor: Cənab prezident, mən Sizin baş nazirlə təfərrüatı ilə müzakirə etdiyim başqa bir məsələ barədə də məlumat vermək istəyirəm. Bu, Azərbaycan hökumətinin hazırladığı iqtisadi strategiya proqramıdır. Yəni Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin birgə hazırladıqları iqtisadi strategiyanın konsepsiyasıdır.

Dünya Bankının üzvü olan müxtəlif ölkələr bu cür proqramları, konsepsiyaları hazırlayarkən onlara müxtəlif adlar verirlər. Məsələn, bəzi ölkələr bunu iqtisadi inkişaf proqramı, bəziləri iqtisadi və sosial inkişaf layihəsi, konsepsiyası adlandırırlar. Hesab edirik ki, bunu Azərbaycanda da doğru adlandırıblar. Azərbaycanda bu strategiya yoxsulluğun aradan qaldırılması və yoxsulluğun azaldılması strategiyasına dair konsepsiya, proqram adlandırılıbdır.

Ümidvarıq ki, belə bir proqramın həyata keçirilməsi, Azərbaycanın neft strategiyası nəticəsində və neft sektorunda apardığı islahatlar nəticəsində meydana gələn iqtisadi inkişaf digər, daha geniş sahələrə tətbiq ediləcəkdir. Bunun da nəticəsində kənd yerlərində işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, daha aztəminatlı ailələrin səhiyyə, təhsil sahəsində təminatının yaxşılaşdırılması, su təchizatı sahəsində irəliləyişlərin əldə edilməsi, ümumiyyətlə, əhalinin aztəminatlı və aşağı gəlirli hissəsinin faydalanması üçün imkan olacaqdır.

Ona görə də istərdik ki, bu proqramın həyata keçirilməsi üçün Sizin və yaxud baş nazirin göstərişi ilə xüsusi bir komitəyə həvalə olunaydı. Yəni yüksək səviyyədə xüsusi bir komissiya, yaxud komitə yaradılaydı və bunun həyata keçirilməsi üçün bilavasitə cavabdehlik daşıyardı. Onda bu layihənin həyata keçirilməsi təkcə iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin üzərinə düşməzdi. Bu, daha geniş dairələri əhatə edərdi, dövlət strukturlarının bu işə cəlb olunmasına kömək edərdi. Eyni zamanda müxalifətin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının və ölkədəki digər təbəqələrdən olan insanların bu proqram barədə məlumatı olardı. Ola bilər ki, kimsə bunu qəbul etməyəcəkdir. Amma hər halda, belə bir layihənin, konsepsiyanın həyata keçirilməsi barədə onlar məlumatlandırılardılar.

Heydər Əliyev: Sizin tövsiyəniz tamamilə doğrudur və biz də belə düşünürük. Görürsünüz, fikirlərimiz üst-üstə düşür. Elə də edəcəyik.

Cudi O`Konnor: İnşallah. Cənab prezident, mənim deyiləcək bir sözüm qalmadı. Sadəcə olaraq, bir daha arzumu ifadə edirəm ki, qarşıdakı illər ərzində də Azərbaycan ilə Dünya Bankı arasında daha dərin əməkdaşlıq mümkün olsun və inkişaf etsin. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Mən də sizə təşəkkür edirəm. Çox maraqlı söhbətimiz oldu. Sizin tövsiyyələriniz çox əhəmiyyətlidir. Məni sevindirdi ki, siz bizim gördüyümüz işləri obyektiv qiymətləndirirsiniz. Sizinlə bugünkü danışığımdan çox məmnunam. Nəzərə alsaq ki, mənim qarşımda gözəl bir xanım oturubdur, bu, bizim danışıqlarımıza daha da xeyir verir. Dünya Bankına deyin ki, işə sizin kimiləri götürsünlər. Onda işləri daha yaxşı gedəcəkdir.

Cudi O`Konnor: Cənab prezident, bunu Siz onlara desəniz, daha yaxşı olar.

Heydər Əliyev: Mən cənab Vulfonsona deyəcəyəm.

Məndən ona salam deyin.

Cudi O`Konnor: Bunu mütləq edəcəyəm.